Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-75/2024 21.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, ad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Göytəpə şəhəri İ.Niftullayev küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində idarə etdiyi VAZ-2104 markalı, K 132 TT 36 dövlət qeydiyyat nişanlı avtomobillə baş yolda hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi «İVEKO» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ tərəfindən ikinci dərəcəli yoldan gözləməyib onun hərəkət yoluna çıxaraq ona təhlükə yaratdığı üçün Zərərçəkmiş şəxs saxlatdırıb ona irad bildirərək mübahisə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, onu nalayiq söyüşlərlə söyüb qolundan tutub başı ilə onun sol qaş nahiyəsindən bir dəfə vuraraq ona sol qaşüstü nahiyədə əzilmiş yara və sol gözyuvası ətrafında qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayaraq avtomobil təmir sexində çilingər işləyir. Onun VAZ-2104 markalı, K 132 TT 36 dövlət qeydiyyat nişanlı avtomobili olmaqla avtomobilini etibarnamə əsasında idarə edir. 11 oktyabr 2023-cü il tarixdə avtomobilini Göytəpə şəhərində avtomobil yuyucu sexində yuduzduraraq saat 15 radələrində avtomobil yuyucu sexindən çıxıb evlərinə gedərkən Göytəpə-Privolnoye avtomobil yolunda Privolnoye kəndi istiqamətində təxminən saatda 60 km sürətlə idarə edərkən yolun sağ tərəfindən 2-ci dərəcəli yoldan «İVEKO» markalı yük avtomobili qəflətən onun hərəkət yoluna çıxaraq hərəkəti üçün təhlükə yaradaraq sonra həmin avtomobil Göytəpə istiqamətinə hərəkət etməyə başlamışdır. Həmin avtomobilin sürücüsü yola çıxarkən ona təhlükə şəraiti yaratması və saymamazlıq edib hərəkətini davam etməsi onu əsəbləşdirmişdir.Ona görə də o, avtomobilini geri döndərib həmin yük avtomobilinin arxasınca hərəkət edib ötmə əməliyyatı apararaq onun qarşısına keçib avtomobilini yolun kənarında saxlamış, yük avtomobilinin sürücüsü onun dayandığımı görüb o da avtomobilini saxlamışdır. Sonra o, avtomobilindən düşüb həmin “İVEKO” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşdığı vaxt sürücü onu görüb özünə bəraət qazandırmağa və onu günahkar çıxarmağa başlamış, sürücünün öz səhvini başa düşməməsi və onu günahkar çıxartması onu dahada əsəbləşdirərək özünü saxlaya bilməyib əsəbindən başı ilə həmin sürücünün sol gözünün üstündən bir dəfə zərbə vurmuşdur. Sürücünü vurandan sonra sürücünün avtomobilində olan sərnişin düşüb ona tərəf gəldiyini görüb onlar onu döyəcəylərindən qorxaraq ona görə də gedib avtomobilinin yük yerində olan köhnə avtomobil amartizatorunu götürüb onları qorxutmaq üçün yuxarı qaldırmış, sürücü və sərnişin onun avtomobilinin yük yerindən amartizatoru əlinə götürdüyünü görəndən sonra avtomobillərinə tərəf qayıtmış, sonra o da avtomobilinə əyləşərək çıxıb evlərinə getmiş, 13 oktyabr 2023-cü il tarixdə də polis işçiləri onun işlədiyi avtomobil təmir sexinə gələrək onu Göytəpə polis bölməsinə dəvət etmiş, ona görə də o polis bölməsinə getmiş, polis bölməsində ona vurmuş olduğu şəxs Cəlilabad şəhər sakini Nicat adlı şəxs olmaqla onun barəsində polis bölməsinə şikayət ərizəsi yazdığını bilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayaraq «Bren Store» marketin «İVEKO» yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək avtomobillə işlədiyi marketin anbarından mağazalara ərzaq malları daşıyır.11 oktyabr 2023-cü il tarixdə marketin fəhləsi Şahid ilə birlikdə Göytəpə şəhərində Mehbara adlı qadının həyətində olan mağazasına ərzaq malları aparmış, ərzaq mallarını boşaldandan sonra saat 15 radələrində qayıdıb Cəlilabad şəhərinə gələrkən idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxarkən tələsidiyi üçün gözləmədən yola çıxmış, həmin vaxt Göytəpə şəhəri tərəfdən Privolnoye kəndi istiqamətində tanlmadığı göy rəngli VAZ-2104 markalı avtomobil hərəkət etmiş, ikinci dərəcəli yoldan baş yola çıxarkən həmin avtomobil keçəndən sonra yola çıxmalı olduğu halda gözləməyib çıxdığı üçün həmin avtomobilə təhlükə yaratmış, təhlükə yaratsa da heç bir qəza baş verməmişdir. Lakin buna baxmayaraq VAZ-2104 markalı avtomobilin sürücüsü avtomobilini geri döndərib onun ardı ilə gələrək ötmə əməliyyatı aparıb qarşıda yolun kənarında avtomobilini saxlayıb yerə düşmüş, təhlükə yaratdığı üçün sürücünün qayıdıb gəldiyini başa düşmüşdür. Ona görə o da avtomobilini yolun kənarında saxlayıb sürücüdən üzür istəməsi üçün yerə düşmüş, sürücü ona yaxınlaşaraq onun sol qolundan tutaraq qəflətən başı ilə onun sol qaş nahiyəsindən bir dəfə vurmuşdur. O, xəsarət alaraq qaş nahiyəsindən qan axmağa başlamış, avtomobilində olan Kamran sürücünün onu vurduğunu görüb avtomobildən yerə düşüb sakitçilik yaratmaq məqsədilə onlara yaxınlaşmaq istəyərkən sürücü Kamranın düşüb gəldiyini görərək gedib avtomobilinin yük yerini açaraq oradan əlinə amartizator götürdüyünü görmüşlər. Sonra sürücü onun ünvanına nalayiq söyüşlər işlətmiş, elə bu zaman yoldan keçən tanımadığları avtomobil sürücüləri görüb dayanaraq sürücünü sakitləşdirmiş, bundan sonra onu vurub xəsarət yetirən sürücü avtomobilinə əyləşərək çıxıb getmiş, sonra o da Kamranla avtomobilinə əyləşib Cəlilabad şəhərinə gələrək xəstəxanaya gedib tibbi yardım almışdır. Həmin gününün səhəri isə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gedərək şikayət ərizəsi ilə müraciət etmiş, sonradan da onu döyüb xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunduğunu, həmin şəxsin Göytəpə şəhərində yaşayan Şahin adlı şəxs olduğu ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Muğan kəndində yaşayaraq Cəlilabad şəhərində yerləşən «Brend Store» marketin topdansatış anbarında fəhlə işləyir. Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs həmin marketin «İVEKO» markalı avtomobilini idarə edərək marketin mallarını daşıyır. Nicat avtomobillə yük apararkən o da onunla gedərək malları boşaldmışdır. 11 oktyabr 2023-cü il tarixdə o və Nicat Cəlilabad rayonunun Göytəpə şəhərində Mehbara adlı qadının həyətində olan ərzaq mağazasına ərzaq malları apararaq ərzaq mallarını verib Cəlilabad şəhərinə qayıdarkən saat 15 radələrində Nicat idarə etdiyi avtomobillə ara yoldan mərkəzi asfalt yola çıxarkən Göytəpə şəhəri tərəfdən Privolnoye kəndi istiqamətində tanlmadığları göy rəngli VAZ-2104 markalı avtomobil hərəkət etmiş, Nicat tələsdiyinə görə həmin avtomobilin keçib getməsini gözləməyərək asfalt yola çıxdı və həmin avtomobil üçün təhlükəli şərait yaratmış, ona görə də VAZ-2104 markalı avtomobilin sürücüsü yolda avtomobilini geri döndərib onların ardı ilə gələrək Nicatın avtomobilini keçib onları saxlatdıraraq sürücü avtomobilindən düşüb Nicatın avtomobilinə tərəf tərəf gəldiyini görmüşlər. Nicat səhvini başa düşərək avtomobilindən düşüb həmin sürücüyə tərəf gedib yola çıxarkən təhlükə yaratdığına görə üzür istəmək istəmiş, həmin vaxt həmin sürücü Nicatın sol qolundan tutaraq qəflətən başı ilə onun sol göözünün üstündə bir dəfə zərbə vurmuşdur. O, sürücünün Nicatı vurduğunu görüb avtomobildən düşərək sakitçilik yaratması üçün onlara yaxınlaşmaq istəmiş, həmin sürücü qorxusundan qayıdıb avtomobilinin yük yerindən dəmir parçası əlinə götürdüyünü görmüşlər. Həmin vaxt yoldan keçən tanımadığları avtomobil sürücüləri dayanaraq sakitçilik yaratmış və sürücü avtomobilinə əyləşib Privolnoye kəndi istiqamətinə getmişdir. Sonra onlar da avtomobilə əyləşib Cəlilabad şəhərinə gəlmiş, sürücü başı ilə Nicatı vurduğu üçün Nicatın sol qaş nahiyəsindən xəsarət alaraq qan axmış, onlar gəlib Cəlilabad şəhərinə çatandan sonra Nicat xəstəxanaya gedərək ona tibbi yardım göstərilmiş, sonra o Nicatdan ayrılıb evlərinə getmişdir. 12 oktyabr 2023-cü il tarixdə də Nicatın Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gedib orada ərizə ilə müraciət etdiyini bilmiş, sonradan da Nicatı döyən şəxs Göytəpə şəhərində yaşayan Şahin adlı şəxs olduğu onlara məlum olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1142 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol qaşüstü nahiyədə əzilmiş yara və sol gözyuvası ətrafında qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 11 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmay aiddir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş həmin sübutlar mötəbər olmaqla təqsirləndirilən şəxsin təqsirinin təsdiq edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək qeydiyyatda olduğu və yaşaydığı ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-75/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-75/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver