Məhkəmə qərarları › İş №1(073)-75/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-75/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-75/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,353 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri M.Cəfərov küçəsində yerləşən “Turist” kafesinin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd bükülüdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11radələrində Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən H.Əliyev parkının ərazisində piyada hərəkət edərkən, həmin ərazidə üzərində şəffaf sellefona bükülmüş vəziyyətdə olan kütləni yerdə görmüş, həmin vaxt ətrafda kiminsə olmadığını görüb həmin şəffaf sellofanı götürüb baxanda, həmin sellofanın içərisində yerləşdirilmiş “nəşə” (marixuana) adlanan narkotik vasitəyə bənzər kütlə görmüş və həmin sellefana bükülmüş vəziyyətdə götürüb gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad şəhəri M.Cəfərov küçəsi ilə piyada hərəkətdə olan zaman, “Turist” kafesinin həyətində mülki geyimdə 3 nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı predmetin və ya əşyanın, həmçinin narkotik vasitənin olduğunu soruşmuşlar, o, isə polis əməkdaşlarına demişdir ki, üzərində narkotik vasitə olan qurudulmuş marixuana var. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində qurudulmuş marixuna olduğunu, həmin narkotik vasitə olan qurudulmuş marixunanı xx.xx.2025-ci il tarixdə, saat 11-radələrində Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən H.Əliyev parkının ərazisində yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək çəkisinin 9,66 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış və daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquqları izah olunmuşdur. Üzəridən aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılmış bir ədəd büküm yenidən açılaraq baxış keçirilmişdir. Həmçinin komputer vasitəsilə DVD diskə baxış keçirildi. Bundan sonra ona Müdafiəçi təyin edilmişdir. O, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmişdir. O, həmin kütlədən istifadə etməmiş, bu barədə heç kimin məlumatı və xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır, özü istifadə etmək üçün üzərində saxlamışdır. Bildirir ki, onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qurudulmuş marixuana şəffaf rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkmişdilər, ona görə də rəydə olan çəki düz olmasını bildirmişdir. Nə saxlanılan zaman, nə də ki, üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 04 mart 2025-ci il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə Cəlilabad rayonu Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən və Cəlilabad RPŞ-nin Göytəpə PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 04 mart 2025-ci il tarixdə, saat 14:26 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad rayonu Göytəpə şəhəri, M.Cəfərov küçəsində yerləşən “Turist” kafesinin həyətində piyada gəzərkən polis əməkdaşları tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Rasimə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Rasimə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri onun tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Həmin büküm açıldıqdan sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 04 mart 2025-ci il tarixdə səhər saatlarında Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən “Heydər Əliyev” adına olan parkda yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Cəlilabad RPŞ-nin Göytəpə PBnə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Elnur Kazımova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı X1 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış, 04 mart 2025-ci il tarixdə saxlanıldıqda və üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid1 və X1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 19/98 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 9,353 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,1 qram, qalıq 9.253 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 165 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, narkotik vasitənin növü və miqdarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:36da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə, saat 11:10-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 9,253 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı 04 mart 2025-ci ildən 06 mart 2025-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1-də yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın, bu məqsədlə hökmün surəti Cəlilabad Rayon Mərkəzi X3 Şəxsə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 9.253 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar