Məhkəmə qərarları › İş №1(073)-76/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-76/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-76/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2001-ci il tarixdə Cəlilabad rayonu, Qarğılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Qarğılı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, Səttərxan küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində, Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən «Rizvan Şirkəti» ticarət mərkəzində işlədiyi bərbərxananın qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, tanışı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək sonra onun sifətinə və ağızına yumruqla vuraraq ona sağ gözaltı nahiyədə qançır, üst dodağın selikli qişasında əzilmiş yara və üst çənədə sağ 3-cü dişin tac hissəsinin sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olam sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad şəhərində yaşayaraq Cəlilabad şəhərində yerləşən «Rizvan şirkəti» ticarət mərkəzində bərbər işləyir. O, 44 günlük Qarabağ müharibəsi iştirakçısı olmaqla döyüşlərdə yaralndığı üçün 3-cü dərəcəli əlildir. Döyüşlərdə fərqləndiyinə görə də 4 medalı var. Zərərçəkmiş şəxs təxminən 3- 4 il əvvəldən tanımış, 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində işlədiyi bərbərxanada olarkən Zərərçəkmiş şəxs bərbərxanasına gələrək onunla salamlaşıb görüşmüş, sonra Elsevər ondan 19 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi zonasında keçirilən lokal xarakterli antiterror əməliyyatında şəhid olmuş qonşuları Davud Qiyaslının yas məclisində iştirak edib-etmədiyini xəbər almışdır. O da Elsevərə yas mərasimində iştirak etdiyini demiş, lakin buna baxmayaraq Elsevər yenə ona eyni sula vermişdir. O, Qarabağ müharibəsi zamanı aldığı travmalara görə tez əsəbiləşmiş, ona görə də Elsevərə bərbərxnadan çölə çıxmasını və onu narahat etməməsini demişdir. Lakin Elsevər onun üzünə baxaraq çölə çıxmamışdır. Elsevərin bərbərxandan çıxmaması onu daha da əsəbiləşdirmiş, onun qolundan tutub bərbərxanadan çıxardaraq çıxıb getməsini demişdir. Lakin Elsevər getmək istəməyərək bərbərxanaya qayıtmaq istəmiş, ona görə də əsəblərinə hakim olmayaraq Elsevərin sifətindən və ağızından yumruqla vurmuşdur. Halhazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzr istəmiş, lakin Zərərçəkmiş şəxs onunla barışmamışdır. Özü 44 günlük Qarabağ müharibəsi iştirakçısıdır, 3-cü dərəcəli müharibə əlilidir. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində yaşayan Təqsirləndirilən şəxs təxminən 5 il əvvəldən tanıyaraq həmişə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Cəlilabad şəhərində yerləşən bazarda bərbər işlədiyindən, bəzən saçını ona qırxdırmışdır. O, 01 oktyabr 2023-cü İİ tarixdə bazara gəlmiş, Təqsirləndirilən şəxslə münasibəti yaxşı olduğu üçün bazarda olarkən saat 11:30 radələrində Mustafa ilə görüşmək üçün onun bərbərxanasına getmişdir. Bərbərxanaya daxil olaraq Mustafa ilə salamlaşıb görüşmüş, həmin vaxt Mustafa bərbərxanasında tək olmuşdur. Təqsirləndirilən şəxslə təxminən 10-15 dəqiqə söhbət edəndən sonra Mustafa ondan saçını kimə qırxdırdığını xəbər almış, o da Mustafaya saçını evlərində atası qırxdığını demişdir. Sonra Təqsirləndirilən şəxs Qarabağ döyüşlərində şəhid olan Davud Qiyaslının yas mərasiminə gedib-getmədiyini xəbər almış, Mustafa da ona yas mərasiminə getdiyini demişdir. Həmin vaxt Mustafanın bərbərxanasına tanımadığı bir nəfər şəxs də gəlmişdir. Sonra o, Mustafaya yas mərasiminə getmək istədiyini və bir yerdə getmələrini demişdir. Mustafa da ona yas mərasiminə getdiyinə baxmayaraq onunla da gedəcəyini demiş, bundan sonra o, yenə də Mustafaya təkrarən yasa bir yerdə getməylərini deyərkən Mustafa ona bərbərxanadan çölə çıxmasını deyərək onun qolundan tutaraq onu bərbərxandan çölə çıxartmışdır. Mustafa onu çölə çıxardandan sonra nalayiq söyüşlərlə söyərək qəflətən yumruqla onun sifətinin sağ tərəfindən, sonra isə yumruqla ağız nahiyəsindən vurmuş, o aldığı zərbənin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs onu vurduğunu görən tanımadığı iki nəfər şəxs Mustafanı ondan kənarlaşdırmışlar. Mustafa yumruqla onun ağız nahiyəsindən vurduğu üçün dodağı partlayaraq qanamışdır. Sonra o, yerdən qalxıb oradan kənarlaşmış, bundan bir neçə dəqiqə sonra isə DİN-nin 102 xidmətinə zəng edərək Mustafa tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayır. 01 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Cəlilabad şəhərində bazarda olarkən saçını qırxdırmaq üçün bazarda bərbər işləyən tanışı Təqsirləndirilən şəxs yanına getmiş, bərbərxanaya daxil olarkən bərbərxanada Mustafadan başqa bir nəfər şəxs olduğunu görmüş, sonra həmin şəxsin adının Elsevər olduğu ona məlum olmuşdur. O, Mustafa və Elsevərlə görüşəndən sonra onların arasında narazılıq yarandığını bilmiş, bərbərxanada Təqsirləndirilən şəxs Elsevərə 2-3 dəfə bərbərxanadan çıxıb getməsini demiş, Elsevər isə içəridən çıxmaq istəməmişdir. Ona görə də Mustafa Elsevərin qolundan tutub onu ölə çıxartmış, lakin Elsevər yenə də bərbərxanaya girmək istəmiş, ona görə də Mustafa əsəbiləşib yumruqla Elsevəri vurmuşdur. Mustafa Elsevəri vurandan sonra Elsevər oradan biraz kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji X1 X2 rayon şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli 1062 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyədə qançır, üst dodağın selikli qişasında əzilmiş yara və üst çənədə sağ 3-cü dişin tac hissəsinin sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 01 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli müharibə əlilidir. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Cəlilabad RİHB-nin Mikayıllı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, “Vətən müharibəsi iştirakçısı” olması, 3-cü dərəcəli müharibə əlili olması və yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar