Məhkəmə qərarları › İş №1(073)-77/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-77/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-77/2025 31.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 15:20 X10 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.M.Axund küçəsi ev 92-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 1,311 qram çəkidə psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2025-ci il tarixdə saat 12:00 radələrində Cəlilabad şəhəri, Babək küçəsində “Petrovka” adlanan ərazisində “KİA RİO” markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəlcədən tanıdığı, avtomobildə dayanmış vəziyətdə olan zaman sərnişin qismində əyləşmiş, cinayət barədə xəbərsiz olan X6 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılmış, həmin psixotrop maddə metamfetamin 1 ədəd şaffaf rəngli sellofana bükülmüş şəkildə olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, psixotrop maddə olan metamfetamin istifadə edir. 29 aprel 2025-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhər “Böyük bazar” adlanan ərazidə piyada gəzərkən piyada yolunun üstündə olan zibil yeşiklərinin töküldüyü ərazidən yerdən bir ədəd şəffaf solefana bükülmüş şəkildə bükülü görmüşdür. Həmin vaxt ətrafda kiminsə olmadığı görüb həmin ağ rəngli bir ədəd şəffaf rəngli bükümü yerdən götürüb içinə baxanda, həmin şəffaf selofanın bükümün içində yerləşdirilmiş psixotrop maddəyə banzər metamfetaminə oxşar kütləni görmüş və həmin kütləni götürüb gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün yaşadığı Lənkəran şəhər M.M.Axundov küçəsində yerləşən ünvanına gəlmişdir. Daha sonra isə 30 aprel 2025-ci il tarixdə istifadəsində olan “Kia Rio” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomaşınla Cəlilabad şəhər ərazisində yaşayan, nənəsi Firuzə Rəhimovaya baş çəkmək üçün gəlməyi planlaşdırmışdır. Həmin tarixdə üzərində olan 29 aprel 2025-ci il tarixdə Lənkəran şəhər “Böyük bazar” ərazisindən tapdığı şəffaf selofan bükümün içində yerləşdirilmiş psixotrop maddəyə bənzər metamfetaminə oxşar kütləni özü ilə götürmüş, Cəlilabad şəhər ərazisində istifadə etmək niyyətində olmuşdur. Daha sonra isə idarə etdiyi avtomaşınla tək getməmək qərarına gəlib, tanıdığı Lənkəran şəhər sakini X6 ilə telefon əlaqəsi saxlamış və həmin vaxt sonuncuya Cəlilabad şəhər ərazisinə onunla getməsi üçün xahiş etmişdir. Lənkəran şəhər sakini Qurban Hüseynov telefonda ona bildirmişdir ki, onunda qohumları Cəlilabad şəhər ərazisində yaşayır və onlara baş çəkmək niyyətindədir. Sonra isə o, Qurban Hüseynovla birlikdə idarə etdiyi avtomaşınla Cəlilabad şəhər ərazisinə gəlmişlər. Həmin tarixdə o, idarə etdiyi avtomşınla Qurban Hüseynovla birgə Cəlilabad şəhər Babək küçəsinə gəlmiş, əvvəlcə çörək yemək məqsədi ilə hara getməli olduğunu fikirləşmək üçün avtomobili saxlamışdır. Az sonra idarə etdiyi avtomaşına mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmet olduğunu bildirmişdir. Bundan sonra o, üzərində 1 (bir) ədəd şəffaf selofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində yoxlanış keçirilmiş və bir ədəd şəffaf selofana bükülmüş pisixotrop maddə olan metamfetaminə bənzər kütləni onlara təqdim etmişdir. Üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra o polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Orada təqdim olunan videogörüntüyə və 1 ədəd diskə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi bir ədəd şəffaf rəngli selofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi üçün onun iştirakı ilə qablaşdırılmışdır. O, narkotik vasitə istifadə etmir, lakin ara-sıra pisixotrop dərmanlardan olan metamfetamin istifadə edir. Onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Üzərində metamfetaminə bənzər kütlənin olmasından heç kimin, həmçinin avtomobilində sərnişin kimi olan Qurban Hüseynovun məlumatı və xəbəri olmamışdır. Polis əməkdaşları onu saxlayan, habelə Cəlilabad RPŞ-nə gətirdikləri zaman ona qarşı heç bir zor tətbiq etməmişlər. Həmin psixotrop maddəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində xəstə valideynləri var, əgər o, həbs olunsa valideynlərinə baxan olmayacaq, həmçinin özü «Aprel döyüşləri»ndə iştirak etmişdir. Odur ki, bunları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 30 aprel 2025-ci il tarixdə, saat 12 radələrində Cəlilabad şəhəri, Babək küçəsində, “Petrovka” adlanan ərazinin yaxınlığında “KİA RİO” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşınının dayanıqlı vəziyyətdə olmasını görmüşlər. Həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə Təqsirləndirilən şəxs və Qurban Hüseynov olmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və Qurban Hüseynova onları nə üçün saxladıqlarını izah etmişlər və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərlərinə yoxlanış aparacaqlarını bildirmişlər. Onlara həmçinin müdafiəçi ilə təmin olunmaq hüquqlarının olmasını izah etmişlər. Sonra həmin ərazidə hər iki şəxsin üzərində yoxlama keçilmişdir. Yoxlama keçirilməmişdən əvvəl onlara təklif edilmişdir ki, üzərlərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Qurban Hüseynov üzərində heç nə olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 1,47 qram olması müəyyən edilmişdir. Hüseyn Qurbanovun üzərindən və avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs ilə birlikdə zərf RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. X7 şübhəli şəxs Bıxtiyar Qafarlı və içərisində psixotrop maddə metamfetamin olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəkildə olan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəkildə olan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin maddəyə baxış keçirilmiş, elektron təzəridə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 19/177 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,311 qram olan ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,261 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 06 may 2025-ci il tarixli 251 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Qafarlı X2 rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılmış, Salyan Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 24 oktyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan, təqsirləndirilən şəxsə aid hərbi biletin, təşəkkür məktubunun və xidməti xasiyyətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdən 11 iyul 2017-ci il tarixlərdə hərbi xidmətdə olarkən N nömrəli hərbi hissənin artilleriya divizionunun 3-cü artilleriya batareyasının tərkibində 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, ona həvalə edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyi üçün ailəsinə hərbi hissə komandiri tərəfindən təşəkkür məktubu göndərilmişdir. İş materiallarında olan, Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, xx-xx/1049 nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs Qafarlı X2 şəhəri M.M.Axund küçəsi ev 92-də qeydiyyatdadır, atası X5 və X8 ilə birlikdə həmin ünvanda yaşayır. İş materiallarında olan, Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 30 iyun 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs anası X3 diz oynaq artrozu və adenomioz, intramural düyün və endometriumun hiperplaziyası diaqnozu ilə xəstədir və müalicə alır. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X1 ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, 2016-cı ilin «Aprel döyüşləri»ndə iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunun mənasına görə, cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya bu cür halların məcmusu o halda müstəsna hal hesab edilə bilər ki, onlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış olsun. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş ümumi təmiz çəkisi 1,311 qram olan psixotrop maddə metamfetamini təsadüfən yerdən tapmış və məhkəmə-narkoloji ekspertizasının 06 may 2025-ci il tarixli 251 saylı rəyindən də göründüyü kimi toksikomaniya xəstəliyindən əziyyət çəkdiyindən özü istifadə etmək üçün qanunsuz olaraq üstündə saxlayaraq daşımışdır. 30 aprel 2025-ci il tarixdə polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda könüllü olaraq üzərində psixotrop maddə olan metamfetamin olmasını etiraf etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayətin məqsədi və motivi, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Məhkəmə bütün bu halları, habelə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, 2016-cı ilin «Aprel döyüşləri»ndə iştirak etməsini, bununla bağlı təşəkkür məktubu almasını, hər iki valideyninin xəstə olmasını və onun himayəsində yaşamalarını müstəsna hal qismində nəzərə alaraq ona Cinayət Məcəlləsinin 65.3-cü maddəsinin tətbiq olunmaqla cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə olunmuş, 30 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə saat 12:11-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 01 may 2025-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MYS-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 18:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin 65.3-cü maddəsini tətbiq etməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,261 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 aprel 2025-ci il tarixdən 01 may 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Lənkəran şəhəri M.M.Axund küçəsi 92 nömrəli evi tərk etməmək, Lənkəran rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,261 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar