Məhkəmə qərarları › İş №1(073)-8/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-8/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-8/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayətoğlunun sədrliyi, Məhkəmə iclasının katibi FeyzullazadəƏli Elşən oğlunun, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad şəhərindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(073)-92/2022 saylı qərarı ilə barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(073)-130/2020 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2023-cü il tarixə həmin hökm üzrə 7 (yeddi) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzası qalan, Cəlilabad şəhəri N.Tusi küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdəümumi təmiz çəkisi -1,243 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad Rayon Polis əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib Cəlilabad şəhəri, Ə.Cavad küçəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib, onun üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2 ildən artıq müddətdir narkotik vasitə istifadə edir, lakin hazırda istifadə etmir. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. 27 iyul 2022-ci il tarixdə saat 15 radələrində ərzaq almaq üçün Cəlilabad şəhərində yerləşən “Bazarstora” gəlmişdir. Həmin vaxt oradan çıxıb Cəlilabad şəhəri, Ə.Cavad küçəsindən piyada keçən zaman yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun narkotik vasitə olan heroin olduğunu müəyyən etmiş və həmin bükümü nə vaxtsa istifadə etmək üçün cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Həmin gün saat təxminən 18 radələrində yaşadığı evdən çıxıb Cəlilabad şəhərinə gələrək tanışları ilə çay içmək üçün Cəlilabad şəhəri, N.Tusi küçəsi ilə Cəlilabad şəhəri, Ə.Cavad küçəsinin kəsişməsində piyada olaraq hərəkətdə olan zaman bir nəfər mülki geyimdə və bir nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt narkotik vasitə heroin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və onlara etiraz etməyərək birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansısa əşya olub-olmamasını soruşmuşlar. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O, da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədəəməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsi ilə əlaqədar olaraq Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, Ə.Cavad küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Ə.Cavad küçəsində hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan bir ədəd bükümdə heroin olmasını bildirmişdir. Buna görə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansıəşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə təqdim edərək “heroin” olduğunu, 27 iyul 2022-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapdığını və istifadə etmək məqsədi iləüzərində gəzdirdiyini bildirmişdir. Həmin maddə elektron tərəzidəçəkilən zaman 1,49 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 19/819 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmişüzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 1,243 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,193 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1040 saylı rəydən görünür ki, müayinəzamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BaşƏməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli, 1(073)- 130/2020 saylı hökmündən protest verildiyindən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsi xx.xx.2021-ci il tarixdə açılaraq hökm və göstərişin icrası dayandırılmış və Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkum Nəcəfov X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(073)-130/2020 saylı hökmü ilə ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2021-ci il tarixə kimi 10 (on) ay 2 (iki) gün cəza çəkmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(073)-92/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(073)-130/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 27 iyul 2022-ci ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan hazırki iş üzrə “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olduğu nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,193 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 7 (yeddi) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 8 (səkkiz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 6 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad şəhəri N.Tusi küçəsi ev 13də yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olduğu nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,193 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar