Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-8/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsın nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Cəlilabad rayonunun Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Abazallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Cəlilabad rayonu Abazallı kəndində yerləşən məscidin qarşısında insanların sıx toplaşdığı yerdə həmin məscidin təmirində iştirak edən insanlara heç bir əhəmiyyət verməyib heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədərək, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, əmisi arvadı və həmkəndlisi Zərərçəkmiş şəxs 3 yaşlı bacısı qızı Təhminəni əlindən alıb götürüb getmək istəməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, qəsdən təpiklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə vurmuş, xuliqanlıq hərəkətləri etmiş, yenidən həmin hərəkətləri davam etdirərək, Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla və istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi daş parçası ilə 2 (iki) dəfə vuraraq, qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsində və sağ bel-oma nahiyəsində şişkinlik və qançırla nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Abazallı kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun əmisi arvadıdır. Həm də Zərərçəkmiş şəxs onun bacısı Şahid1 keçmiş qaynanasıdır. Hadisə baş verən gün araba ilə məscidə gedib oradan şifer götürmək istəmiş, bu zaman bacısı qızı da onu özü ilə aparmasını xahiş etmişdir. Məscidin həyətinə yaxınlaşarkən zərərçəkmişin məscidin yaxınlığında qonşu həyətdə olduğunu görmüş, zərərçəkmiş də onları görüb kinayəli şəkildə gülmüşdür. Bir az keçdikdən sonra zərərçəkmiş arabaya yaxınlaşıb nəvəsi ilə görüşmək istəmiş, bu zaman uşaq nənəsini istəməyərək onun (təqsirləndirilən şəxsin) yaxasından bərk tutub yapışmışdır. Buna görə də uşağı ona verməmək qərarına gəlmişdir. Həm də zərərçəkmiş şəxsin uşağı nəyə görə istədiyini də bilməmişdir, ola bilərdi ki, uşağı qaçırmaq istəyirdi, çünki əvvəl də oxşar hal baş vermişdi. Uşağı ona vermədiyinə görə zərərçəkmiş şəxs onu ağır söyüşlərlə söymüş, onun yaxasından tutub cırmaqlamış, yerdən taxta parçası götürüb onu vurmuş, sonra isə daş atmış və daş onun boyun nahiyəsindən dəymişdir. O isə (təqsirləndirilən şəxs) zərərçəkmişi vurmamış, başa düşmüşdür ki, zərərçəkmiş onu cinayət törətməyə təhrik edir. Sonradan səs-küyə Sərrast (şahid) gəlmiş, hasardan tullanaraq zərərçəkmişi sakitləşdirmiş, habelə ona (təqsirləndirilən şəxsə) sillə vurmuşdur. Daha sonra isə Museyib (şahid) gəlmişdir. Hadisə baş verən zaman təxminən 10-15 metr məsafədə ustalar var idi, onların heç birini tanımır, hadisə baş verərkən isə hər hansı biri müdaxilə etməmiş, hətta ümumiyyətlə reaksiya verməmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gün namaz qılmaq üçün məscidə getmək qərarına gəlmişdir. Dəstəmaz almaq üçün qonşunun həyətinə keçmişdir və məscidə də qonşusu ilə birlikdə getmək qərarına gəlmişdir. Bu zaman qapının ağzından araba keçdiyini görmüşdür. Arabada təqsirləndirilən şəxsin və nəvəsinin olduğunu görmüş, lakin zənn etmişdir ki, kəndin aşağı tərəfində yaşayan qohumlarının evinə gedirlər, bilməmişdir ki, məscidə gedirlər. Məscidə çatanda arabanın orada olduğunu görmüşdür. Başa düşmüşdür ki, təqsirləndirilən şəxs şifer almaq üçün məscidə gəlib, məscid təmirdə idi, lakin bunun üçün uşağı da niyə gətirdiklərini başa düşməmişdir. Bu zaman həqiqətən özünü saxlaya bilməmiş və uşağa tərəf getmişdir. Uşaq və təqsirləndirilən şəxs arabada əyləşmişdilər. Həmin vaxt təqsirləndirilən şəxs uşağı qucaqlayıb durmuşdur ki, uşağı ona verməsin. Təqsirləndirilən şəxsə demişdir ki, uşağı versin, öpsün və qaytarsın, bu zaman təqsirləndirilən şəxs ona demişdir ki, “uşaq nə vaxtdan yadına düşüb” və təpik ilə qarın nahiyəsindən vuraraq onu itələmiş, lakin zərərçəkmiş şəxs yıxılmamışdır. Bu zaman zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi vurmaq istəmiş, lakin təqsirləndirilən şəxs onun qolunu göydə tutmuşdur. Bundan sonra isə təqsirləndirilən şəxs ona yumruqla boyun nahiyəsindən iki dəfə zərbə vurmuş, zərərçəkmişin gözləri qaralmışdır. Bu zaman Sərrast gəlmiş və onları ayırmışdır. Sonradan Rusiyada yaşayan, həmin vaxt Cəlilabadda olan bacısı gəlmişdir. Daha sonra təqsirləndirilən şəxs ona daş atmış, daş onun böyründən sürtüb keçmişdir, ona dəysəydi qabırğaları sınardı. Sonra isə təqsirləndirilən şəxs sakitləşməyərək onu taxta parçası ilə vurmaq istəmiş, bu zaman taxtanın üzərindəki mismar onun əlinə dəymiş və əli qanamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X12 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermiş və məhkəmədən ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Qarakazımlı kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Abazallı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, 2 övladı var. Evdar qadındır. Zərərçəkmiş şəxs onun əmisi arvadıdır. Həm də Zərərçəkmiş şəxs onun keçmiş qayınanasıdır. Təqsirləndirilən şəxs onu qardaşıdır. Mahiyyəti üzrə bildirir ki, o, əmisi Kamranın oğlu Sadiq Şükürov ilə 2018-ci ilin aprel ayının sonlarında ailə həyatı quraraq evlənmişdir, 6 il zərərçəkmiş şəxsin gəlini olub. Lakin qaynanası Zərərçəkmiş şəxs onun ailə işlərinə qarışaraq ailəsini dağıtmışdır. 23 iyun 2023-cü il tarixdə o, Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək, qaynanası Cəmilə və əri Sadiq tərəfindən döyülməyini bildirmişdir. Həmin tarixdən o, övladları ilə birlikdə atası evinə qayıtmışdır. Həmin müraciətlə bağlı araşdırma aparılmış və inzibati tənbeh tədbiri görülmüşdür. Qayınanası Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı bildirir ki, Cəmilə şər, böhtan atmağa meyilli insandır. Nə atası Ağalar, nə də ki qardaşı Amil Cəmiləni döyüb xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs atası Ağalar və qardaşı Amilə şər atır. Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması barədə deyə bilər ki, 3-4 il qabaq qaynanası Cəmiləni erkək dana təpiklə vuraraq tövlədə yıxmış, nəticədə Cəmilənin baş nahiyəsi tövlənin divarına dəymişdir. Həmin vaxtdan Cəmilənin baş nahiyəsində şiş qalmışdır. Bel nahiyəsi ilə bağlı bildirir ki, Cəmilənin belində skolioz xəstəliyi var idi. O, gəlin olanda Cəmilənin bel nahiyəsinə krem çəkəndə şiş olmasını görmüşdür. Uşaqla bağlı bildirir ki, uşaq heç vaxt nə nənəsini (zərərçəkmiş şəxsi), nə də atasını görmək istəməyib, çünki həmin şəxslər uşaqda psixoloji travma yaradıblar. Həmçinin hadisə baş verən 04 yanvar 2024-cü il tarixdə məhkəmədə uşaqla ünsiyyətlə bağlı iş gedirdi, bunu bilə-bilə zərərçəkmiş qəsdən yaxınlaşıb qardaşının razılığı olmadan uşağı götürmək istəmişdir, halbuki bu barədə sonradan məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Abazallı kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Fəhləlik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanıyır. Cəmilə ilə arasında münaqişə və nifaq olmamışdır. Təqsirləndirilən şəxs da həmkəndlisi olaraq tanıyır. Mahiyyəti üzrə bildirir ki, 04 yanvar 2024-cü il tarixdə saat 14 radələrində o, Məscidin arxa hissəsində işləyərkən qarşı tərəfdən səs-küy gəldiyini eşitmişdir. O, təcili Məscidin qarşı tərəfinə keçmiş, orada Cəmilə ilə Amilin mübahisə etdiyini, Cəmilənin baş nahiyəsini tutaraq qaz borusunun üzərində oturduğunu və ağladığını görmüşdür. Ona sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs nəvəsi Təhminəni qucağına almaq istəyərkən Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Amil Cəmiləni vurmuşdur. Dava baş verməsinə imkan vermədi. Amilin Cəmiləni vurmasını görməyib. Cəmilənin bədənində həmin vaxt hər hansı xəsarət görməmişdir. Sonra Cəmilənin qolundan tutub evinə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gün məsciddə fəhlə kimi işləyirdi. Qəfil səs-küy eşitdi. Getdi gördü ki, uşağa görə Amil və Cəmilə arasında mübahisə var. Amil Cəmiləni vurmaq istəyəndə qoymadı, qarşısını aldı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gün evində yatmışdı. Evləri məscidin yaxınlığındadır. Səs-küy eşitdi və məscidə tərəf getdi, gördü ki, Cəmilə oturub qapının ağzında, pis vəziyyətdədir. Ora gedəndə heç kim yox idi, yalnız Museyib orda idi. Museyibin də köməkliyi ilə Cəmiləni evlərinə apardılar. Hər hansı dava-dalaş görməyib. Zərəçəkmiş şəxsin vəsatəti əsasında məhkəmə iclasında təkrar dindirilmiş Şahid3 bildirmişdir ki, Amil Cəmilənin çiyin nahiyəsindən taxta parçası ilə iki dəfə vurmuşdur. Bundan sonra o (şahid), Amili və Cəmiləni sakitləşdirmiş, mübahisənin qarşısını almışdır. Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatəti əsasında şahid qismində dindirilmiş ekspert X17 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin müstəntiqi Mətin Qənbərovun 04 yanvar 2024-cü il tarixli qərarı əsasında həmin gün vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasını keçirmişdir. Zərərçəkmiş şəxs deməsinə görə, 04 yanvar 2024-cü il tarixdə qaynı oğlu Təqsirləndirilən şəxs tərəfindən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra ona Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsində və sağ bel-oma nahiyəsində şişkinlik və qançır aşkar edilmişdir. Həmin xəsarətlər tərəfindən ölçülmüşdür. Dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyyəsində şişkinlik və qançır vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ bel-oma nahiyəsindəki şişkinlik və qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcləri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilmişdir. Şəxs müayinədən qabaq rayon xəstəxanasına yerləşdirilmiş, ona zəruri müalicə və müayinə tədbirləri tətbiq edilmiş və xəstəlik tarixçəsi ilə birlikdə ekspertizaya təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Abazallı kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qaynı arvadı, Təqsirləndirilən şəxs isə qaynı oğludur. Şahid3 onlara qonaq gəldiyi zaman söhbət əsnasında Sərrasta demişdir ki, məhkəmədə bildiyini danışsın. Evlərində çəkilən videodan xəbəri yoxdur. Söhbət onun yanında olmuşdur. O da bir böyük kimi söhbətə müdaxilə edib Sərrasta məhkəmədə həqiqəti deməsini söyləmişdir. Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş ibtidai istintaq vaxtı hal şahidi kimi iştirak etmiş X1 məhkəməyə teleqram vuraraq hadisə vaxtı Cəlilabad rayonunda olmadığını, iş üzrə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımadığını, heç nəyə hal şahidliyi etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş ibtidai istintaq vaxtı hal şahidi kimi iştirak etmiş X9 məhkəməyə ərizə göndərərək hadisə vaxtı Cəlilabad rayonunda olmadığını, cinayət iş üzrə tərəfləri tanımadığını, heç nəyə hal şahidliyi etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Cəlilabad rayonu Abazallı kəndində yerləşən Məscidin qarşısında olması müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 xx.xx.2024-cü il tarixli 23 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsində və sağ bel-oma nahiyəsində şişkinlik və qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə qapalı kəllə beyin travması baş beyin silkələnməsi, başın təpə nahiyyəsində şişkinlik və qançır vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ bel-oma nahiyəsindəki şişkinlik və qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər başın təpə nahiyyəsinin qançırı və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ bel-oma nahiyyəsinin şişkinlik fonunda qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində gpstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Cəlilabad rayon İHB-nin Təklə kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İşdə olan ambulator kitabçadan çıxarışdan görünür ki, təqsirləndirilən şəxs “digər dəmir defisitli anemiya” xəstəliyindən əziyyət çəkir və X21 qeydiyyatdadır; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 iyul 2023-cü il tarixli Qərardan görünür ki, X2 (təqsirləndirilən şəxsin bacısı, iş üzrə şahid) müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində İXM-in 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin İTBnə göndərilmişdir; Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X13 İXMin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 300 manat inzibati qaydada cərimə edilmişdir; Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh X5 hər ay hər uşağa görə 170 manat olmaqla 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şahid1 verilməsi qət edilmişdir; Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X13 uşaqla ünsiyyət tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 04 yanvar 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 04 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonunun Abazallı kəndində yerləşən məscidin qarşısında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs və zərərçəkmiş faktiki qohum münasibətlərində olmuş, münaqişə də bu münasibətlərdən irəli gəlmişdir. Belə ki, təqsirləndirilən şəxsin bacısı əvvəllər zərərçəkmişin oğlu ilə nikahda olmuş, nikah dövründə ailədaxili münaqişələr baş vermiş, zərərçəkmiş şəxsin oğlu gəlini olan təqsirləndirilən şəxsin bacısını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilmiş, habelə boşanma məhkəmə qaydasında baş tutmuş və bu vaxt tərəflər arasına uşaqlarla bağlı mübahisə olmuşdur. Hadisə baş verən vaxt zərərçəkmiş nəvəsini görməyi təqsirləndirilən şəxsdən tələb etmiş, təqsirləndirilən şəxs zərərçəkmişə nəvəsini göstərməmiş, beləcə aralarında münaqişə yaranmış, təqsirləndirilən şəxs zərərçəkmişə şəxsə yerdən götürdüyü taxta parçası ilə boyun nahiyəsindən zərbələr vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Məhkəmə istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edərək belə qənaətə gəlmişdir ki, iş materiallarında yer alan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokol sübutlar siyahısından xaric edilməlidir. Belə ki, yuxarıda da göstərildiyi kimi, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, protokolda göstərilən hal şahidlərinin heç biri baxış keçirilən zaman ərazidə olmamış və protokolu imza etməmişdir. Bu hal həmin hal şahidləri tərəfindən məhkəməyə göndərilmiş teleqramlar ilə müəyyən edilmişdir. İstintaq orqanının əməlin xuliqanlıq cinayəti kimi tövsif edilməsi zamanı istinad etdiyi yeganə hal hadisənin ictimai yer hesab edilə biləcək məscidin ərazisində baş verməsi olmuşdur ki, bu hissədə məhkəmə qeyd etməyi zəruri bilir ki, hadisənin ictimai yer hesab ediləcək ərazidə baş verməsi, məscidin həmin vaxt təmirdə olması və hadisəni görmüş yeganə şahidin Sərrast olması da xüsusilə nəzərə alınmaqla əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün mütləq yetərli əsas hesab edilə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən istinad etdiyi sübutlarla müyyən etdiyi hallar məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulması, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. İstintaq oranı tərəfindən, həmçinin hadisənin baş vermə səbəbi düzgün qiymətləndirilməmişdir. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin əmisinin arvadı, habelə bacısının keçmiş qaynanası olması, zərərçəkmiş şəxsin oğlu tərəfindən təqsirləndirilən şəxsin bacısının nikahda olduğu dövrdə döyülməsi və bununla bağlı zərərçəkmiş şəxsin oğlunun İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, təqsirləndirilən şəxsin bacısının aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsi və məhkəmə qətnaməsinin mövcudluğu, yəni tərəflərin gərgin və barışmaz qohumluq münasibətlərində olması nəzərə alınmamışdır. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən zərərçəkən şəxsi vurması və davam edən mübahisənin məscidin ərazisində olmasına əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Lakin müstəntiq yaranmış mübahisənin hansı səbəbdən baş verdiyini və əvvəllər tərəflər arasında münaqişəli vəziyyətin olmasını araşdırmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar, habelə 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən və ya azadlığı məhdudlaşdırılmadan mümkün olduğuna görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 04 yanvar 2024cü il tarixdə saat 15 radələrində Cəlilabad rayonu Abazallı kəndində yerləşən Məscidin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi taxta parçası ilə 2 (iki) dəfə boyun nahiyəsindən vuraraq başın təpə nahiyəsinin qançırı və baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, sağ bel-oma nahiyəsinin şişkinlik fonunda qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Abazallı kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-8/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-8/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver