Məhkəmə qərarları › İş №1(073)-81/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-81/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-81/2023 01.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ saat 16:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Cəlilabad rayonu Mədətli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Mədətli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 yanvar 2023-cü il tarxidən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -1,278 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Azərbaycan küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 il öncə psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 16 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkətdə olan zaman yerdə şəffaf sellofana bükülmüş bükülü olduğunu görmüşdür. Həmin bükülünün içərisində narkotik vasitə olmasını ehtimal edərək bükülünü götürüb içərisinə baxmış və orada psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin kütləni gələcəkdə istifadə etməkdən ötrü üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində yaşadığı Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkətdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərində hər hansı qanunsuz predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu söyləmişdir. Bu səbəbdən polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin sellofana bükülmüş halda olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilərək, ekspertizaya təqdim edilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərinə o, vəkili və baxışda iştirak edən polis əməkdaşları imza etmişdir. Üzərindən aşkar edilmiş həmin metamfetamindən istifadə etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, Azərbaycan küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçirildikdə onun içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni həmin gün, saat 16 radələrində yaşadığı Azərbaycan küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli 19/73 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,278 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,228 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli 65 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli 1(099)- 282/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 28 fevral 2023cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Məmişov X2 Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş 5 (beş) ay 13 (on üç) gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 17 yanvar 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 18:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 4(073)-7/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,228 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Ağır Cinayət Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 13 (on üç) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,228 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar