Məhkəmə qərarları › İş №1(073)-84/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-84/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-84/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 17:05 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxs - “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Cəlilabad rayonu Məlikqasımlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda saxta sənəd əsasında özəl tibb müəssisəsi olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətini aldadıb qulluq mövqeyindən istifadə etməklə sonuncuya məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək üçün həmin tibb müəssisəsində həkim-dermatoveneroloq kimi işə düzəlib hər ay əmək haqqı almasına hüquq verən rəsmi sənədi - Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından verilmiş şəhadətnaməni kompyuterdən istifadə etməklə (“Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəhadətnamə Bununla təsdiq edilir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il Beynəlxalq Ekologiya və Tibb Akademiyası verilmiş ali təhsil haqqında Bakalavr diplomu, Dİ № 007035 Azərbaycan Respublikasında 05080 Müalicə işi ixtisas/istiqamətinin Dermatoveneroloq Bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir) Nazir M.Y Qeydiyyat № 018595 Bakı şəhəri 2020-ci il (Bu şəhadətnamə təhsil haqqında sənədin əsli və notarius tərəfindən təsdiq edilmiş tərcüməsi ilə birlikdə etibarlıdır)” kimi saxta məlumatlarla doldurub qanunsuz hazırlayaraq çap etmiş və həmin şəhadətnamədə Azərbaycan Respublikası Təhsil Nazirinin adının qarşısında saxta imzanı icra edib istintaqa məlum olmayan şəraitdə hazırladığı saxta möhürlə möhürləyərək hüquq verən 2020-ci il tarixli 018595 qeydiyyat nömrəli saxta şəhadətnaməni istifadə etmək məqsədilə ilə hazırlayıb saxta olduğunu bilə-bilə 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etmiş, həmin saxta şəhadətnamənin əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 13 yanvar 2022-ci il tarixli, 3153 saylı şəhadətnaməni əldə etdikdən sonra, 17 yanvar 2022-ci ildə həmin şəhadətnaməni, özünün adına verilmiş diplomun apostel olunmuş əslini və saxtalaşdırdığı hüquq verən rəsmi sənədi - Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından verilmiş şəhadətnaməni saxta olduğunu bilə-bilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmiş, o, bununla da, istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırladığı saxta şəhadətnamədən saxta olduğunu bilə-bilə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 13 yanvar 2022-ci il tarixli 3153 saylı şəhadətnaməni əldə etmiş, nəticədə həmin sənədlərlə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətini aldadıb həkim dermatoveneroloq vəzifəsinə yiyələndikdən sonra qulluq mövqeyindən istifadə etməklə 2022-ci ilin yanvar-dekabr ayları ərzində sonuncuya məxsus cəmi 4178,82 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 320.1, 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, 2006-cı ildə Məlikqasımlı kənd tam orta məktəbini bitirmişdir. Həmin ildə X3 müalicə işi fakültəsinə daxil olmuşdur. 2009-cu ildə kolleci bitirmişdir. Elə həmin ildə Cəlilabad rayon mərkəzi xəstəxanasına tabe olan Cəlilabad rayonu Məlikqasımlı kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. 2021-ci ilin noyabr ayınadək həmin vəzifədə çalışmışdır. 2014-cü ildə sosial şəbəkələrin birində Ukrayna Respublikasında fəaliyyət göstərən X2 və Tibb akademiyasının xarici ölkə vətəndaşları üçün müsabiqə elan etdiyini görmüşdür. Həmin akademiya ilə maraqlanmış, tam ətraflı öyrəndikdən sonra onlayn qaydada şifariş göndərmişdir. Dəvət aldıqdan sonra Ukrayna Respublikasına yola düşmüşdür. 2014-cü ilin sentyabr ayının əvvəllərində X2 və Tibb akademiyasına getmişdir. Lazimi sənədləri verdikdən sonra onu müsabiqəyə salmışlar. Müsabiqədən keçdikdən sonra isə X2 və Tibb akademiyasına dermatoveneroloq ixtisası üzrə distant təhsilə qəbul olunmuşdur. 2019-cu il tarixədək imtahanlarda əyani iştirak etmişdir. 2019-cu ildə pandemiya ilə bağlı akademiyada distant, yəni məsafəli şəkildə internet portalı vasitəsilə görüntülü təhsil alacağı və imtahan verəcəyi ona bildirilmişdir. O, razılaşmış və 2019-cu ilin iyun ayında ali təhsilini başa vurmuşdur. İmtahanlarını onlayn qaydada verdikdən sonra ali təhsil haqqında olan diplom poçt vasitəsilə ona göndərilmişdir. Həmin diplomu hazırda xatırlamadığı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən poçt filialından götürmüşdür. Daha sonra xarici ölkə tərəfindən verilən ali təhsil haqqında sənədin Azərbaycan Respublikası ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməli olmuşdur. Lakin Təhsil Nazirliyindən şəhadətnamə almaqda çətinlik yaranmışdır. O da Ukrayna Respublikasında yerləşən Ekologiya və Tibb akademiyasında aldığı ali təhsil haqqında diplomu üzrə ixtisasının tanınması ilə bağlı şəhadətnaməni kompyuter vasitəsi ilə hazırlamaq qərarına gəlmişdir. Bu məqsədlə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından şəhadətnaməni kompyuterdən istifadə etməklə adına xx.xx.2019-cu ildə Ukrayna Respublikasında yerləşən Beynəlxalq Ekologiya və Tibb Akademiyası tərəfindən verilmiş ali təhsil haqqında Bakalavr diplomu üzrə Azərbaycan Respublikasında 05080 Müalicə işi və ixtisas istiqamətinin Dermatoveneroloq Bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması barədə 2020-ci il tarixli 018595 qeydiyyat nömrəli saxta şəhadətnamə hazırlayaraq çap etmişdir. Şəhadətnamənin hazırlamasında heç kim ona köməklik etməmişdir. O, 2022-ci ilin yanvar ayında Ukrayna Respublikasında yerləşən Ekologiya və Tibb akademiyasında aldığı ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində olan əvvəlki adı Nostrifikasiya, hazırki adı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin ali təhsil ixtisasının ölkə ərazisində tanınması ilə bağlı hər hansı imtahan, müsabiqə və ya qəbulda olmamışdır. 2021-ci ilin noyabr ayında öz təşəbbüsü ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Məlikqasımlı tibb məntəqəsində işdən azad olunmuşdur. 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müvafiq sənədləri təqdim etməklə tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmağı barədə 3153 saylı şəhadətnamə almışdır. 2022ci ilin yanvar ayında Cəlilabad şəhərində yerləşən “X5” MMC-nə müraciət etmiş, həkim kimi işə qəbul olunmaq üçün şəxsiyyət vəsiqəsini, xarici dövlətin ali təhsil sahəsində ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı hazırladığı 018595 qeydiyyat nömrəli şəhadətnaməni, tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmağı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 3153 saylı şəhadətnaməni və diplomun apostel olunmuş əslini təqdim etmişdir. Həmin sənədlər əsasında “X5” MMC ilə əmək müqaviləsi bağlamış və həkim dermatoveneroloq kimi işə başlamışdır. Həmin klinikada tərəfindən Biorezonans cihazı vasitəsilə müayinələr aparılmışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində isə onun barəsində Azərbaycan Respublikası Baş prokurorluğuna kollektiv müraciət edildiyini bilmişdir. Müraciətdə adları qeyd olunan şəxsləri bir rayon sakini kimi tanımışdır. Həmin şəxslərlə arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Hansı səbəbdən onun barəsində şikayət etdiklərini bilməmişdir. Həkim kimi fəaliyyəti əsasən terapevtik və fermatoloji xəstələri müayinə etmək olmuşdur. Həmin müayinələr zamanı biorezonanas müayinə aparatından istifadə etmişdir. Bir qrup Cəlilabad rayon sakinlərinin barəsində etdikləri müraciət ilə tanış olmuşdur. “X5” MMC özəl klinikadır. Orada hər qəbul 30 manat məbləğində aparılır. Bundan əlavə pasiyent 3 manat qan analizi üçün pul ödəyir. Yəni bir qəbul 33 manatdır. Həmin pul məbləği kassada rəsmi ödənilir. 05 yanvar 2022-ci il tarixdən 05 dekabr 2022ci il tarixdən hər ay 350 manat sabit pul məbləğində məvacib almışdır. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət törədir, himayəsində 4 az yaşlı uşağı vardır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir və hazırda zərərçəkmiş hüquqi şəxsin ondan şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, hal-hazırda “X5” MMC-nin direktoru işləyir. “X5” MMC iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Təqsirləndirilən şəxs müəssisədə 05 yanvar 2022-ci il tarixdən həkim-dermatovenerloqiya işinə qəbul olunmuşdur. Həmin dövrdə müəssisədə direktor Şahid1 olmuşdur və Təqsirləndirilən şəxs işdə o, qəbul etmişdir. Sonradan cinayət işinin ibtidai istintaqı zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxsun işə qəbul zamanı müəssisəyə təqdim etdiyi ali təhsil haqqında sənədi saxta olmuşdur. Təqsirləndirilən şəxs müəssisədə işlədiyi dövr ərzində müəssisədən cəmi 4172,82 (dörd min yüz yetmiş iki manat, səksən iki qəpik) manat əmək haqqı almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər, yəni 4172,82 (dörd min yüz yetmiş iki manat, səksən iki qəpik) manat tam olaraq müəssisəyə ödənilmişdir. “X5” MMC-nin hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Ş.Soltanov” adına Qarazəncir kənd tam orta məktəbində tarix müəllimi vəzifəsində işləyir. “X5” MMC-nin qanuni təsisçisi Nümayəndə uzun müddətdir tanımışdır. 2021-ci ilin iyun ayında Sakit həkim onunla söhbət edərək səhhəti ilə bağlı müvəqqəti olaraq “X5” MMC-nin rəhbərliyində ola bilməyəcəyini, güvəndiyi adam olmadığından onun müvəqqəti olaraq əvəz etməyini istəmişdir. O, təhsil şöbəsinin rəhbərliyi ilə maraqlanmış, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul ola biləcəyini bildirdikləri üçün Sakit həkimlə razılaşmışdır. Həmin tarixdən rəsmi olaraq “X5” MMC-nin icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. İcraçı direktor kimi vəzifə səlahiyyətlərinə ştat üzrə işə qəbul və işdən azad etmə daxil olmuşdur. Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs həkimlik fəaliyyəti ilə məşğul olmuşdur. Onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamış, normal münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs müraciət edib rəhbərlik etdiyi tibb müəssisəsində işləmək arzusunu bildirmişdir. O, dərhal Sakit həkimlə əlaqə saxlamış, Nümayəndə Vüqarın Şükürovun sənədlərini yoxlamağını, əgər sənədləri qaydasındadırsa işə qəbul edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ali təhsil haqqında diplomun əslini, şəxsiyyətini təsdiq edən sənədi və işə qəbul zamanı lazım olan digər sənədləri tələb etmişdir. Bundan bir gün sonra Təqsirləndirilən şəxs sənədlərlə birlikdə onun yanına gəlmişdir. Sənədləri yoxlayan zaman Təqsirləndirilən şəxs xarici ölkədə ali təhsil aldığını görmüşdür. Təqsirləndirilən şəxs həmin diplomu “apostel” olunmuş sənədlərlə birlikdə ona təqdim etmişdir. Bundan əlavə diplomun ölkə ərazisində tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamənin əslini və onun ölkə ərazisində tibbi fəaliyyətlə məşğul olmasını təsdiq edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən şəhadətnamənin əslini təqdim etmişdir. O, həmin sənədləri nəzərdən keçirmiş, Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamədə təhsil nazirinin imzasının möhürlə təsdiq olunduğunu, Səhiyyə Nazirliyi tərəfindən verilən şəhadətnamədə səhiyyə nazirinin müavininin imzasının möhürlə təsdiq olunduğunu görmüşdür. Bundan sonra, Vüqarın təqdim etdiyi sənədlər əsasında onu işə qəbul etmiş və ona hər ay sabit pul məbləğində 350 manat əmək haqqı təyin olunmuşdur. Özəl klinika olduğundan bəzi aylarda əlavə ödənişlər olmuşdur. 2022-ci ilin iyul ayında isə Sakit həkimin səhhəti düzəldiyi üçün işə qayıtmış və o, işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədlərin saxta olduğundan məlumatı olmamışdır. Həmin vaxt Səhiyyə Nazirliyi ilə şifahi əlaqə saxlamışdır. Nazirlikdən Təqsirləndirilən şəxs həqiqətən müraciət etdiyini və ona şəhadətnamə veriləcəyini bildirmişlər. O, Səhiyyə Nazirliyi tərəfindən şəhadətnamə veriləcəyini düşündüyü üçün Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamənin saxta olmadığını düşünmüşdür. İş üzrə Şahid2 məhkəməyə elektron ərizə göndərərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ali təhsil müəssisəsini bitirdikdən sonra 2014-cü il tarixdə Cəlilabad rayon mərkəzi xəstənasında həkim-dermatoloq kimi fəaliyyətə başlamışdır. 2021-ci ilin aprel ayından isə hazırda tutduğu vəzifəyə təyin olunmuşdur. Təqsirləndirilən şəxs bir müddət bundan öncə tanımışdır. Onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs onun işlədiyi xəstəxanaya tabe olan Məlikqasımlı kənd həkim məntəqəsində feldşer kimi fəaliyyət göstərmişdir. Eyni zamanda özlərinə məxsus olan aptek olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin son aylarınadək həmin vəzifədə çalışmışdır. Həmin ərəfələrdə onun yanına gələn hazırda adını xatırlamadığı pasiyent uzun müddətdir müalicə aldığını, lakin səhhətində irəliləyiş olmadığını bildirmişdir. O, həmin pasiyentdən onu kimin müayinə və müalicə etdiyini soruşanda onu müayinə edən həkimin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun müalicə prosessinə baxıb düzgün müalicə getmədiyini görmüşdür. Təqsirləndirilən şəxs işdən azad olunduqdan bir müddət sonra Cəlilabad şəhəri ərazisində fəaliyyət göstərən və özəl tibbi müəssisə olan “X5” MMC-də həkimdetrmatoveneroloq kimi fəaliyyətə başladığını eşitmişdir. Hazırda xatırladığı şəxs Təqsirləndirilən şəxs guya Ukrayna Respublikasında tibbi ali təhsil aldığını bildirmişdir. Vüqarın işlədiyi müddət ərzində Ukrayna Respublikasına getmədiyini bilmişdir. Bu səbəbdən onun saxta sənədlərlə tibbi fəaliyyətlə məşğul olduğu qənaətinə gəlmişdir. 2022-ci ilin sonlarında işlədiyi xəstəxanada olan zaman əvvəllər qiyabi olaraq tanıdığı Habil Abıyev və digər rayon sakinlərinin Təqsirləndirilən şəxs barəsində ərizə yazaraq onun saxta sənədlə fəaliyyət göstərdiyi barədə hüquq mühafizə orqanlarına məlumat verdiyini görmüşdür. Bir vətəndaş kimi Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması üçün ərizəni oxumuş və doğru yazıldığını gördüyü üçün imzası ilə təsdiq etmişdir. İş materiallarında olan, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilən 19 dekabr 2022-ci il tarixli, 00-03-844/TKTA saylı məktuba əsasən Təqsirləndirilən şəxs ali təhsil ixtisasının ölkə ərazisində tanınması ilə bağlı Agentliyə müraciət etməmiş və ona bu barədə şəhadətnamə təqdim olunmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından hazırlanan 2020-ci il tarixli, 018595 nömrəli şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikasının Beynəlxalq Ekologiya və Tibb Akademiyası tərəfindən verilmiş ali təhsil haqqında bakalavr diplomu, Azərbaycan Respublikasında 05080 Müalicə işi ixtisas/istiqamətinin Dermatoveneroloq bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent hesab edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin adından verilən 13 yanvar 2022-ci il tarixli, 3153 saylı şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs baza ali tibb təhsili ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 16 dekabr 2022-ci il tarixli, 13-2-2022-214 saylı məktuba əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasının 13 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əsas (baza ali) tibb təhsili “Tibb” ixtisası üzrə Azərbaycan Respublikası ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 3153 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarında olan, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan 16 yanvar 2023-cü il tarixli, 01 saylı “əmək haqqı və başqa gəlirlər barədə” arayışa əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar-dekabr ayları ərzində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 4178,82 manat məbləğində əmək haqqı almışdır. İş materiallarında olan, Cəlilabad rayon mərkəzi xəstəxanası X4 verilmiş 27 yanvar 2023-cü il tarixli, PHŞ-6-32/2-92-2023 N-li məktuba əsasən Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixoloji və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan, Cəlilabad rayon polis şöbəsindən alınmış 14 mart 2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportuna əsasən Təqsirləndirilən şəxs diplom üzrə ixtisasının təsdiq edilməsi haqqında 018595 qeydiyyat nömrəli şəhadətnaməni özünün hazırlaması, həmin sənədin hazırlanmasında başqa şəxslərin iştirak etmədiyi, saxta sənədin hazırlanması və istifadə edilməsində digər şəxslərlə əlaqəsinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi haqqında 03 may 2023-cü il tarixli 1(073)-84/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi NümayəndəFərhad oğlu ilə barışdığına, ona vurulmuş zərəri tamamilə ödədiyinə və dələduzluq cinayəti nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə dair hissədə xitam verilmişdir. Beləliklə məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan, Cəlilabad RİHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli 5-41/2-4- 84/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Zeynəb, 05 fevral 2013-cü il təvəllüdlü Əli, 07 aprel 2014-cü il təvəllüdlü Zülfüqar və 09 avqust 2019-cu il təvəllədlü Əliqadir dörd azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi, zərərçəkmişlə barışması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, “törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər”. Lakin məhkəmə hazırki iş üzrə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini, eləcə də zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməməlidir. İş üzrə və maddi sübut kimi tanınmış Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilən 19 dekabr 2022-ci il tarixli, 00-03-844/TKTA saylı məktubun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından hazırlanan 2020-ci il tarixli 018595 nömrəli şəhadətnamənin əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 (üç min) manat miqdarda cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1.000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3200 (üç min iki yüz) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə və maddi sübut kimi tanınmış Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilən 19 dekabr 2022-ci il tarixli, 00-03-844/TKTA saylı məktubun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından hazırlanan 2020-ci il tarixli, 018595 nömrəli şəhadətnamənin əslləri cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar