Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-85/2023 16.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Soltankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonunun Soltankənd kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə saat 14:30 radələrində, Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən avtomobil yuyucu sexində, həmin sexdə işləyən Zərərçəkmiş şəxs əsaslı səbəb olmadan nalayiq söyüşlərlə söyərək onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə sillə, yumruq və təpiklə vuraraq ona sağ dirsək oynağının arxa səthində əzilmiş yara, boyun və sol bud nahiyəsində qançır, döş qəfəsinin ön səthində sıyrıq xəsarətləri əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən çayxanada işləməyə başlamışdır. Həmin çayxananın yanında avtomobil yuyucu sexində isə Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs işləmişdir. Çayxanada işlədiyi vaxt Muradla münasibəti yaxşı olmuş, Murad həmişə işə gələrkən özü ilə nahar yeməyi gətirmişdir. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində o, ac olduğu üçün Muraddan xəbərsiz olaraq onun çay evinin mətbəxinə qoymuş olduğu yeməkdən yemiş, sonra Murad mətbəxə gələrək yeməyini yediyini görmüş, ona görə də Murad onunla acıqlı formada danışaraq onun yeməyini yediyinə görə ona iradını bildirərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, elə bu səbəbdən avtomobil yuyucu sexində Murada yaxınlaşıb onun yaxasından tutub geri itələmiş və Murad divara dəymişdir. Sonra Murad yenə nalayiq ifadələr işlətməyi davam etdiyindən onun sifət nahiyəsinə sillə zərbələri ilə, sinə nahiyəsinə yumruq zərbələri və qıç nahiyələrinə təpik zərbələri ilə vuraraq sonra isə boğaz nahiyəsindən tutub sıxaraq geri itələmişdir. Bu zaman Sadıq gələrək görüb onları aralaşdırmışdır. Sonra isə çıxıb evlərinə getmiş, üç gündən sonra isə işləmək üçın Bakı şəhərinə getmişdir. Həmin vaxtdan etibarən Bakı şəhəri, Xəzər rayonu ərazisində avtomobil yuyucu sexində işləmişdir. Sonradan da Murad onun barəsində polisə şikayət etdiyi ona məlum olmuş, cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq Cəlilabad rayonu ərazisinə gəlməmişdir. 10 mart 2023-cü il tarixdə 20 Yanvar Metrostansiyasına daxil olarkən polis əməkdaşları tərəfindən saxılanılaraq oradan da Cəlilabad rayon polis şöbəsinə gətirilmişdir. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda ailə üzvüləri ilə birlikdə yaşayır. Özü də Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Cəlilabad şəhər sakini Kərbəlayı Sadıqın avtomobil yuyucu sexində işləyərək çörək pulu qazınır. Avtomobil yuyucu sexinin yanında Sadıqın çayxanasıda olmaqla Kərim onu döyməmişdən təxminən 20 gün əvvəldən həmin çayxanada çayçı işləmişdir. Kərim orada işləyəndən sonra aralarında tanışlıq yaranaraq münasibətləri yaxşı olmuşdur. O, çox vaxt günorta yeməyini evlərindən gətirərək işlədiyi sexdə yeməyini yemişdir. Həmişə olduğu kimi 25 oktyabr 2022-ci il tarixdə də səhər tezdən işə gələrkən özünə günorta yeməyi gətirərək Kərimin işlədiyi çayxanada olan soyuducunun üstünə qoymuş, saat 14:30-da çayxanaya keçərək yeməyini götürmək istəmiş, baxarkən yeməyinin bir hissəsi yeyildiyini görmüş, Kərimdən onun yeməyini kim yediyini xəbər almış, yeməyi Kərim yediyini demişdir. Kərim onun yeməyini ona deməmiş yediyi üçün ona öz iradımı bildirərək aralarında narazılıq yaranmışdır. Bundan sonra o, qayıdıb işlədiyi avtomobil yuyucu sexinin içərsinə gəlmiş, sonra Kərim də onun işlədiyi sexə gələrək onunla mübahisə edərək sonra isə onu sillə, yumruq və təpiklə vuraraq döyməyə başlamış, Kərim onu döyərk qolundan, boynundan, qıçından və sinəsindən xəsarət yetirmiş, Kərim onu döyərkən təsadüfən Sadıq gəlib ora çıxaraq Kərimin onu döydüyünü görüb onları aralaşdırmışdır. Kərim onu döyüb xəsarət yetirdiyi üçün də o, Cəlilabad rayon polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, Qurtuluş prospektində avtomobil yuyucu sexi və həmin sexin yanında çayxanası var. Avtomobil yuyucu sexində Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs, çayxanasında isə Cəlilabad rayonu Soltankənd kəndində yaşayan Təqsirləndirilən şəxs işləmiş, Kərim orada işlədiyi dövürdə də Muradla münasibəti yaxşı olmuş, Murad çox vaxt işə gələndə günorta yeməyini evlərindən gətirmişdir. 25 oktyabr 2022-ci il tarixdə günorta vaxtı evinə getmiş, saat təxminən 14:30 radələrində avtomobil yuyucu sexinə gəlmiş, ora gəlib çatan vaxt, sexin içərisində Kərim Muradı yumruq və təpiklə vuraraq döydüyünü görmüş, yaxınlaşıb Muradı Kərimin əlindən alaraq niyə görə savaşdıqlarını xəbər almışdır. Murad da ona özü üçün evdən gətirdiyi yeməyi çayxanadakı soyuducunun üstünə qoyduğunu, gedib baxarkən yeməyinin bir hissəsini Kərim ona demədən götürüb yediyini, Kərimə narazılığını bildirdiyi üçün onunla mübahisə edərək savaşdığını demişdir. O, Kərim və Murada öz iradını bildirərək Kərimə həmin gündən çayxanasında işləməyə icazə verməmiş və həmin gündən sonra da Kərim onun çayxanasına gəlməmişdir. İşdə olan 28 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ağayev X1 şəhəri, Qurtuluş prospektində yerləşən avtomobil yuyucu sexinin içərisində döymüşdür. İşdə olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 998 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı-sağ dirsək oynağının arxa səthində əzilmiş yara, boyun və sol bud nahiyəsində qançır, döş qəfəsinin ön səthində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 25 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eləcə də əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İşdə olan xx.xx.2023-cü il tarixli iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin o istintaq orqanından gizləndiyi üçün həmin tarixdə barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:20-də Bakı şəhəri, Nizami rayonu ərazisində tutularaq Cəlilabad Rayon Polis X2 Yerinə təhvil verilmiş, 10 mart 2023-cü il tarixdə iş üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həmin gün saat 11:50-də rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (073)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-H/2-16038/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq rayon polis X2 Yerinə təhvil verilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, 25 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixə kimi həbsdə olduğu 23 (iyirmi üç) gün müddət, cəmi 25 (iyirmi beş) gün müddət 3 (üç) ay 10 (on) gün islah işləri cəzasına bərabər tutulmaqla ona təyin edilmiş 1 (bir) il islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətində qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-85/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-85/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver