Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-86/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev QalibHidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştiraklarıilə, xx.xx.1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -2,211 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşımaqla üzərində saxlamış, 10 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, M.Hüseynov küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli paltonun sol iç cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, ara-sıra narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitə olan heroin və tiryək istifadə edir. 10 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində işlədiyi Cəlilabad şəhəri, M.Hüseynov küçəsində yerləşən “50 qəpik” avtoyuma mərkəzinin yaxınlığında olan zaman yerdə şəffaf sellofana bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdıqda orada narkotik vasitə olan tiryək olduğunu görmüşdür. O, həmin tiryəki gələcəkdə istifadə etmək məqsədi ilə əynində olan paltonun cibinə qoyub saxlamışdır. Daha sonra həmin gün saat 15 radələrində qeyd etdiyi avtoyuma mərkəzinin yaxınlığında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək bununla bağlı onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. O da etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan boz rəngli paltonun sol iç cibindən həmin şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş tiryəkdən istifadə etməmiş, nə də ki, hər hansı şəxsə verməmişdir. Həmin narkotik vasitənin üzərində olması barədə hər hansı şəxsin məlumatı olmamışdır. İlk dəfədir ki, cinayət hadisəsi törədir və əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdirki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, M.Hüseynov küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı İbrahim Əsədli tərəfindən şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nın inspektor-kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol iç cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad şəhəri, M.Hüseynov küçəsi ərazisində yerləşən “50 qəpik” avtoyuma mərkəzinin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli paltonun sol iç cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X2 tərəfindən verilmiş 11yanvar 2023-cü il tarixli, 19/29 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 2,211 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,161 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 160 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzatəyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olara q ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat15:00-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 2,161 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 10 yanvar 2023-cü ildən 12 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən mənzili tərk etməmək, Cəlilabad şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,161 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-86/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-86/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver