Məhkəmə qərarları › İş №1(073)-90/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-90/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-90/2025 23.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, X2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakı ilə, 01 may 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Seyidbazar kəndində qeydiyyatda olmaqla yaşayan və xx.xx.2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin avqust ayı ərzində Cəlilabad şəhəri, Qurtuluş prospekti, “Şəhidlər xiyabı”-nın qarşısında 6.000 və 6.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 12.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 pensiya təyin elətdirib təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin sentyabr ayı ərzində Cəlilabad şəhəri, Qurtuluş prospekti, “Şəhidlər xiyabı”-nın qarşısında 1000 manat və 2023-cü ilin sentyabr ayının ortalarında RMX-nin qarşısında 1300 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 2300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eləcə də, o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü X3 vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 əlilliyini bərpa etdirərək pensiya təyin etdirəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2024-cü ilin noyabr ayının əvvəllərində Cəlilabad RMX-nin qarşısında Zərərçəkmiş şəxs3 məxsus 2000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 83-də yaşayan Zərərçəkmiş şəxs7 əlilliyə görə almış olduğu təqaüdü yenidən bərpa elətdirəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2024-cü ilin dekabr ayının əvvəllərində H.Əliyev prospektində yerləşən “Bağ” deyilən ərazinin yaxınlığında Zərərçəkmiş şəxs7 məxsus 1500 manat, 2024-cü ilin dekabr ayının 13-də Cəlilabad şəhəri M.Hadi küçəsində yerləşən 83 saylı evində Zərərçəkmiş şəxs7 məxsus 2800 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 məxsus 4300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad şəhəri, V.Niftullayev küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 xəstəxanada mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2025-ci ilin yanvarayının əvvəllərində “Azərpoçt”-un Cəlilabad filialının qarşısında Zərərçəkmiş şəxs4 məxsus 2000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs8 təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2025-ci ilin fevral ayının 12-də Cəlilabad rayonu Muöan kəndində yerləşən fərdi yaşayış evin həyətində Zərərçəkmiş şəxs8 məxsus 1000 manat pulu yaşadığı evin həyətində əlbəəl almaqla, 2025-ci ilin fevral ayının 17-də özünə məxsus "xxxx" ASC-nin 523915......9335 nömrəli kart hesabına 500 manat göndərtdirməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan Zərərçəkmiş şəxs5 ünvanlı sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2025-ci ilin fevral ayının ortalarında Cəlilabad RMX-nin qarşısında Zərərçəkmiş şəxs5 məxsus 1700 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü noxud və digər dənli bitki məhsulunun alveri ilə məşğul olan şəxs kimi təqdim etməklə Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 47də yaşayan Zərərçəkmiş şəxs6 yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2025-cü ilin mart ayının ortalarında Cəlilabad rayonu Mərkəzi bazarın qarşısında Zərərçəkmiş şəxs6 məxsus 3000 manat dəyərində noxud məhsulunu pulu ələ keçirib Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrar tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad RMX-nin vəzifəli şəxsinin yaxını kimi təqdim etməklə Cəlilabad rayonu Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs9 ruhi-əsəb xəstəsi bacısı Vüsal Niftiyevaya və ruhi-əsəb xəstəsi qardaşı Mehdi Liftiyevə təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2025-ci ilin mart ayının ortalarında Cəlilabad RMX-nin qarşısında Zərərçəkmiş şəxs9 məxsus 800 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, müraciət edən şəxsləri tanıyır, onlarla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona təqaüd düzəltməsi üçün 2300 manat pul almış, lakin nə onun təqaüdünü düzəltmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 ona təqaüd düzəltməsi üçün 2000 manat pul almış, ondan 12000 manat pul almamış, almış olduğu puldan 1350 manat geri qaytarmış, qalan pulu isə geri qaytarmamışdır. 2025-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs6 1000 kiloqram çəkidə 3000 manat dəyərində noxud məhsulu almış, lakin maddi imkan olmadığından həmin pulu ödəyə bilməmişdir. 2025-ci ilin mart ayının 17-18-də Cəlilabad rayonu RMX-nin qarşısında ruhiəsəb xəstəsi Vüsalə Liftiyevanı və ruhi-əsəb xəstəsi Mehdi Liftiyevi təqaüdə çıxartması üçün Zərərçəkmiş şəxs9 800 manat pul almış, lakin vədinə əməl etməmişdir. 2025-ci ilin fevral ayının ortalarında ünvanlı sosial yardım düzəltməsi üçün Zərərçəkmiş şəxs5 1700 manat pul almış, lakin ona ünvanlı sosial yardım düzəldə bilməmişdir. Almış olduğu puldan 500 manatını geri qaytarmış, 1200 manatını isə qaytara bilməmişdir. 2025-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs8 gözlərində olan “traxoma” xəstəliyinə görə təqaüd düzəltməsi üçün ondan RMX-nin qarşısında 1500 (bir min beş yüz) manat pul almış, o, 12 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs8 yaşadığı evdə 1500 manat pulun 1000 manatını əlbəəl, 17 fevral 2025-ci il tarixdə 500 manatını isə onun kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs7 ona təqaüd düzəltməsi 1500 manat pulu 2024-cü ilin dekabr ayının əvvəllərində “Bağ” deyilən ərazidə almış, 2800 manat pulu isə bir neçə gün sonra Zərərçəkmiş şəxs7 yaşadığı evdə almışdır. Lakin vədinə əməl etməyərək onu aldatmış, həmin zaman hətta Yasər Əsədov onun yanında Zərərçəkmiş şəxs7lə həkim kimi danışmışdır. O, almış olduğu puldan Yasər Əsədova verməmiş, sadəcə ondan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs7lə həkim kimi danışsın. 2025-ci ilin yanvar ayının əvvəllərində Cəlilabad RMX-nin inzibati binasında mühafizəçi kimi işə düzəltməsi üçün Zərərçəkmiş şəxs4 “Azərpoçt”-un Cəlilabad filialının qarşısında 2.000 (iki min) manat pul almış, onu aldatmış və vədinə əməl etməmişdir. 2024-cü ilin noyabr ayının sonlarında kəsilmiş əlilliyə görə almış olduğu müavinəti bərpa etdirəcəyi adı ilə Zərərçəkmiş şəxs3 RMX-nin həyətində 1250 manat pul almış, həmin pulu Xəyal adlı şəxsə vermişdir. Onun həmin zaman Zərərçəkmiş şəxs3 aldatmaq niyyəti olmamışdır. Həmin şəxslərdən pul almaqda məqsədi onların pulunu ələ keçirtmək olmuş, niyyəti işə düzəltmək, təqaüd düzəltdirmək və təqaüd bərpa etdirmək, ünvanlı sosial yardım alınmasını təmin etmək olmamışdır. Pul aldığı zaman həmin pulu hər hansı vəzifəli şəxsə, yəni, həmin pulu hər hansı vəzifədə işləyən konkret şəxsə verəcəyini bildirməmiş, sadəcə olaraq tanışlarının olduğu, bu işə köməklik edəcəyi adı ilə həmin şəxsləri aldatmışdır. O pulu tək almış, almış olduğu pulu özünə xərcləmiş, aldığı puldan heç kimə verməmiş, heç kimin ona pul verməsindən məlumatı olmamışdır. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha dələduzluq etməyəcəyinə söz verir və məhkəmədən ona yungül cəza verilməsini cahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2023-cü ilin sentyabr ayında söhbət əsnasında Təqsirləndirilən şəxs əməliyyat olundğunu və xəstə olduğu üçün pensiyaya çıxmaq istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs da ona pensiyaya çıxmaqda köməklik edəcəyini və bunun müqabilində 3.000 manat pul verməli olduğunu söyləmiş, Təqsirləndirilən şəxs bu sözlərindən sonra qeyd oluna vaxt Cəlilabad rayonu “Şəhidlər” xiyabanının yaxınlığında 2300 manat pulu 1000 və 1300 manat olmaqla iki dəfə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da ona “ məni tələsdirmə uzağı 3 aya sənin pensiyaya çıxmaq məsələni həll edəcəyəm, bundan sonra 700 manat pulu da verərəsən.” sözlərini demişdir. O da razılaşmış, 3 ay müddətinə Təqsirləndirilən şəxs gözləmiş, lakin Təqsirləndirilən şəxs xəbər çıxmamış, o da Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış, sadəcə onun sənədlərini geri qaytarmışdır. O da sonunda məcbur olub bu barədə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində ona 2300 manat maddi ziyan dəymişdir. O da sonunda məcbur olub RPş-nə ərizə ilə müraciət etmişdir. Pul verən zaman Fazil adlı şəxs yanında olmuşdur. Bundan başqa məhkəməyə mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 2300 manat pul və ödənilmiş 43 manat dövlət rüsumunun alınıb ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icıaslnda zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmə istintaq zamanı tərəfindən vermiş olduğu mülki iddianı hazırda müdafiə etdiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2023-cü ilin avqust ayında arvadının bel nahiyəsində olan xəstəliyə görə pensiya düzəltdirmək üçün Təqsirləndirilən şəxsla söhbət etmiş, Təqsirləndirilən şəxs ömürlük pensiya düzəltmək üçün ondan 12.000 manat pul istəmiş, o həmin vaxtda Təqsirləndirilən şəxs 6.000 manat pul vermiş, yerdə qalan 6000 manat pulu hissə-hissə 2000 manat olmaqla 3 dəfəyə Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldatmış, vədinə əməl etməyərək nə onun arvadına pensiya düzəltmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. İstintaq dövründə Təqsirləndirilən şəxs ona 1350 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs əməli nəticəsində ona 12000 manat maddi ziyan dəymişdir. O, həmin pulu Cəlilabad şəhəri ərazisində, Cəlilabad RMX-nın qarşısında vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2025-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs ondan 1000 kq olmaqla 3000 manat dəyərində noxud məhsulu almış, həmin noxud məhsulunun pulunu yaxın müddətə qaytaracağına söz versə də, lakin pulunu bu vaxta kimi müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı tərəfindən vermiş olduğu mülki iddianı hazırda müdafiə etdiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2025-ci ilin mart ayının 17-18-də Cəlilabad rayonu RMX-nin qarşısında ruhi-əsəb xəstəsi bacısı Vüsalə Liftiyevanı və ruhiəsəb xəstəsi qardaşı Mehdi Liftiyevi təqaüdə çıxartması üçün Təqsirləndirilən şəxs 800 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək bu vaxta kimi pulunu vermiş, nə də onları təqaüd düzəltmişdir. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2025-ci ilin fevral ayının ortalarında ona ünvanlı sosial yardım düzəltməsi üçün Təqsirləndirilən şəxs 1700 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək bu vaxta kimi pulunu vermiş, nə də ona ünvanlı sosial yardım düzəltmişdir. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2025-ci ilin fevral ayının ortalarında gözlərində olan “traxoma” xəstəliyinə görə təqaüd düzəltməsi üçün Təqsirləndirilən şəxs RMX-nin qarşısında 1500 (bir min beş yüz) manat pul vermiş, həmin şəxs 12 fevral 2025-ci il tarixdə yaşadığı evdə 1500 manat pulun 1000 manatını Təqsirləndirilən şəxs əlbəəl, 17 fevral 2025-ci il tarixdə 500 manatını isə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Lakin həmin şəxsin vədinə əməl etməyərək nə onun təqaüdünü düzəltdirmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2024-cü ilin dekabr ayında əlilliyə görə almış olduğu təqaüdü bərpa elətdirəcəyi adı ilə Təqsirləndirilən şəxs RMX-nin qarşısında 4300 (dörd min üç yüz) manat pul vermiş, lakin həmin şəxsin vədinə əməl etməyərək nə onun əlilliyə görə almış olduğu təqaüdü bərpa etdirmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. O, 1500 manat pulu 2024-cü ilin dekabr ayının əvvəllərində “Bağ” deyilən ərazidə Təqsirləndirilən şəxs vermiş, 2800 manat pulu isə bir neçə gün sonra yaşadığı evdə Təqsirləndirilən şəxs vermişdir. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Eyni zamanda mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 4300 manat və ödənilmiş 63 dövlət rüsumunun alınıb ona vreilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs7 məhkəmə istintaq zamanı tərəfindən vermiş olduğu mülki iddianı hazırda müdafiə etdiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində Cəlilabad RMX-nin inzibati binasında mühafizəçi kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs “Azərpoçt”-un Cəlilabad filialının qarşısında 2.000 (iki min) manat pul vermiş, lakin həmin şəxsin vədinə əməl etməyərək nə onu işə düzəltmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı ədavət və şəxsi qərəzlik olmamışdır. 2024-cü ilin noyabr ayının sonlarında kəsilmiş əlilliyə görə almış olduğu müavinəti bərpa etdirəcəyi adı ilə Təqsirləndirilən şəxs RMX-nin həyətində 2.000 (iki min) manat pul vermiş, lakin həmin şəxsin vədinə əməl etməyərək nə onu işə düzəltmiş, nə də almış olduğu pulu geri qaytarmışdır. O da sonunda məcbur olub RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona həmin pulu Xəyal və Yasər adlı şəxsə verdiyini desə də, o özü belə bir hadisənin şahidi olmamışdır. Xəyal adlı şəxsi də tanımamış və onu üzbəüz görməmişdir. Ona 500 manat qaytarılmış, lakin pulun ödənilməsi barədə qəbz yoxdur. İşdə olan, Cəlilabad RİHB-nin Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışa əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan İstintaq zamanı Xəyal adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün RPŞ-nin CAB-na əməliyyat tapşırığı verilmiş, həmin tapşırığına cavab verilərək Xəyal adlı şəxsin şəxsiyyətinin müəyyən olunmadığı göstərilmişdir. İşdə olan, istintaq zamanı iş üzrə toplanmış sübutlardan və işin faktiki hallarından göründüyü kimi ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək Zərərçəkmiş şəxs2 12000 manat yox, 2000 manat almasını, Zərərçəkmiş şəxs3 almış olduğu pulu Xəyal adlı şəxsə verməsini bildirsə də, həmin xüsusat özünü müdafiə kimi qiymətləndirilərək rədd olunmuşdur. İşdə olan DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanının qismən ödəməsi və əməlindən peşiman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad rayon polis şöbəsinin İB-nin müstəntiqi Nahid Hüseynov tərəfindən qəbul edilmiş şübhəli şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tanınmış və barəsində axtarış elan edilməklə icraat dayandırılmışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad rayonu ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 12:00-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxslər məhkəmə istintaq zamanı mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 4300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 63 manat pul alınıb Zərərçəkmiş şəxs7, 3000 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 50 manat pulun alınıb Zərərçəkmiş şəxs6 və 2300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 43 manat pul alınıb Zərərçəkmiş şəxs1 ödənilməsini xahiş etmişdirlər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 29600 manat təşkil edir və həmin ziyandan 1850 manat ibtidai istintaq zamanı ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməllər nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddialar təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 4300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 63 manat pul alınıb Zərərçəkmiş şəxs7, 3000 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 50 manat pulun alınıb Zərərçəkmiş şəxs6 və 2300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 43 manat pul alınıb Zərərçəkmiş şəxs1 ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs 4300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 63 manat pul alınıb Zərərçəkmiş şəxs7, 3000 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 50 manat pulun alınıb Zərərçəkmiş şəxs6 və 2300 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 43 manat pul alınıb Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmün icrası mülki iddiaların icra edilməsi hissəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar