Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-92/2023 10.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -1.267 qram çəkidə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetmini əldə edib daşımaqla üzərində saxlamış, 24 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 sellofan bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Əhmədli qəsəbəsində piyada gəzdiyi zaman yerdə bir ədəd sellofan bükülü görmüş, həmin bükülü onun diqqətini cəlb etmiş, bükülünü yerdən götürmüş, açıb içərisinə baxıqda içərisində psixotrop maddə metamfetamin olduğunu müəyyən etmiş və daha sonra istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. 24 dekabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhərində tanışları X7 və X6 ilə görüşm, söhbət əsnasında X8 rayonunda olan dostunun onu rayona qonaq çağırdığını demiş və onlara da onunla Cəlilabad rayonuna getməyi təklif etmişdir. Emil və o, Kənan Vəliyev ilə razılaşmış və Bakı şəhərində Avtovağzala gedib oradan Cəlilabad rayonuna bilet almışlar. Həmin gün təxminən saat 19 radələrində Cəlilabad rayonuna gəlmişlər, avtobusdan düşüb Cəlilabad rayonun mərkəzi adlanan ərazidə Kənanın dostunu gözləməyə başlamışlar. Bir müddət keçsə də Kənanın dostu gəlməmişdir. Orada olduqları zaman təxminən saat 19 radələrində dörd nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və ondan üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşlarının dəvətinə etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişlər. Cəlilabad RPŞ-də ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin bükülüdən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetaminə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və onlar da həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmin psixotrop maddə metamfetamindən istifadə etməmiş və metamfetaminin onun üzərində olmasından heç kimin məlumatının olmamışdır. Axtarış zamanı X3 üzərindən aşkar olunmuş 0.935 qram çəkidə psixotrop maddə metamfetamindən məlumatı olmamışdır. İlk dəfədir ki, cinayət hadisəsi törədir və əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, X7, Təqsirləndirilən şəxs və X6 ilə ədavət və düşmənçiliyi olmamışdır. 24 dekabr 2022-ci il tarixdə X7 və Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Kənan Vəliyev və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 24 dekabr 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Kənan Vəliyev və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlar Cəlilabad şəhəri, H.Əliyev prospektində digər bir şəxslə birlikdə piyada hərəkətdə olduqları zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə onları müşahidə etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Kənan Vəliyev və Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üzərilərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Kənan Vəliyev və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin ərazidə Kənan Vəliyev və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığından onları və onların yanında olan şəxsiyyəti sonradan məlum olan X4 Cəlilabad RPŞ-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarının dəvətinə etiraz etməyərək birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahin Abbasov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Sonra isə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükülüyə baxış keçirilərkən həmin bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerdən tapdığını, Kənan Vəliyev, Emil İsmayılov və hər hansı digər şəxsin həmin psixotrop maddə metamfetaminin onun üzərində olmasından məlumatının olmadığını, həmçinin həmin psixotrop maddə metamfetamindən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış yekunlaşmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş və onlar da həmin protokolu imzalamışlar. Bundan başqa, X2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Emil İsmayılovun üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid4, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X5 tərəfindən verilmiş 25 dekabr 2022-ci il tarixli, 19/1298 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1.267 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,217 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 324 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyarorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2022-ci il tarixdə, saat 17:10-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhərində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və xx.xx.2023-cü il tarixdə, saat 10:15-də Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhərində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,217 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci ildən 26 dekabr 2022-ci ilədək 2 gün, 22 mart 2023-cü ildən 23 mart 2023-cü ilədək 1 (bir) gün, 07 avqust 2023-cü ildən 10 avqust 2023-cü ilədək 4 (dörd) gün, cəmi 7 (yeddi) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək ünvan 3 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,217 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-92/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-92/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver