Məhkəmə qərarları › İş №1(073)-92/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-92/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-92/2025 06.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək X2 cinayət məsuliyyətinə cəlb edilməsi və onun Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, X4 onun ünvanına nalayiq ifadələr yazdığı fotoşəkilləri “Facebook” sosial şəbəkəsində (internet platformasında) özünə məxsus olan profildə paylaşaraq onun şəxsiyyətini, şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Belə ki, Məmmədov Tural şəkillərdə “guya onun evinin işıq sayğacını oğurlayıb” kimi sözlər yazaraq ona böhtan atmışdır, habelə şərəf və ləyaqətini ləkələyən digər məlumatları yaymışdır. Bu barədə kifayət qədər sübutları var və həmin əməlləri Tural Məmmədov özü törədib. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun izahat verərək X2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, həmin profillər ona məxsus deyil. Bu formada saxta profil yaradan kifayət qədər şəxs var. Aslanov Orxan oxşar iddia ilə mülki qaydada da müraciət etmişdi, məhkəmənin qərarı ilə həmin profillərin Məmmədov Turala məxsus olması ilə bağlı sübut təqdim edilmədiyindən iddia rədd edilmişdir. Aslanov Orxan ilə aralarında ədavət var, o (Tural) yox, Orxan Aslanov digər şəxslərlə birgə onun haqqında müxtəlif əsassız yazılar paylaşmışlar, həmin adamlardan biri hazırda həbsdədir, amma maraqlıdır ki, sosial şəbəkə profili işləkdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Facebook” sosial şəbəkəsində açılmış profilin adından edilmiş paylaşımlardan məlum olur ki, həmin profil X2 adına açılmışdır, həmin yazılarda Aslanov Orxan barəsində müxtəlif qeydlər yer alır, halbuki barəsində şikayət verilən şəxs profillərin ona məxsus olmadığını, paylaşımların və yazıların saxta profillərdən icra edildiyini bildirmişdir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin tərkibini yaradır. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Qanunvericiliyin tələbinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət ictimai-xüsusi ittiham qaydasında təqib edilən cinayətdir. Həmin Məcəllənin 37.2-ci maddasinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Həmin Məcəllənin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli, paylaşımların saxta profillərdən icra edilib-edilmədiyi xüsusatının araşdırılması, bununla da cinayət təqibinin növünün dəqiq müəyyən edilməsi məqsədilə verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X2 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar