Məhkəmə qərarları › İş №1(073)-93/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-93/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-93/2023 06.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 15 avqust 1975-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,819 qram olan psixotrop maddə - metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin yanvar ayının 17-də saat 01:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri H.Əliyev prospektində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ arxa cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kiristalşəkilli, təmiz çəkisi 0,819 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. Hadisə 16 yanvar 2023-cü il tarixdə baş vermişdir. O, həmin vaxt 3-4 gün olardı ki, başqa yerlərdə işləmişdir. Həmin gün 2 yerdə işləmişdir. Əvvəl Qurban adlı şəxsin evində saat 18-19-a qədər işləyib işi bitirib saat 19-dan sonra Səfa İbrahimova məxsus evdə usta kimi təmir işləri görmüşdür. Səfa İbrahimovun evində ondan başqa Şahin adlı şəxs də fəhlə kimi işləmişdir. 16 yanvar 2023-cü il tarixdə axşam saat 10 radələrində Səfa İbrahimova məxsus evdə təmir işlərini yekunlaşdırıb Səfa İbrahimovun da olduğu ata evinə getmişdir ki, əynini dəyişsin. İşlədiyi evlə həmin evin arası təxminən 20-30 metr olmuşdur. Təxminən yarım saat Səfa İbrahimovun evində qalıb onunla söhbət etmişdir. Oradan evə gələndə polis əməkdaşları Səfa İbrahimova məxsus həmin evdən onları tutaraq saat 22 radələrində zorla polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində axtarış aparılarkən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməmişdir. Lakin Polis şöbəsində ona psixotrop maddə - metamfetamini verərək həmin psixotrop maddəni öz üzərinə götürməsini, yolda gəzərkən yerdən tapdığını deməsini bildirmişlər. O da onu döyəcəklərindən qorxduğu üçün verdikləri metamfetamini öz üzərinə götürmüşdür. Vəkilin iştirakı ilə videoçəkiliş aparılarkən psixotrop maddənin ona məxsus olduğunu, 16 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində “Silsilə” adlanan ərazidən yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini demişdir. O, sonradan bu barədə vəkili Müdafiəçi qanunsuz olaraq tutulması barədə məlumat vermişdir. Vəkil də ona məhkəmənin keçiriləcəyi vaxtı gözləməsini, bütün bunları məhkəmədə deməsini bildirmişdir. Günahsız olduğunu, ailəsinin yeganə qazanc gətirəni olmasını, evdə xəstə anasının olduğunu nəzərə alaraq məhkəmədən ona bəraət verməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı raportla şöbə rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra o, CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdür. 17 yanvar 2023-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri H.Əliyev prospektində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə, psixotrop maddə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs da cibində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu demiş, ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, sonra o Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq o, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu deyərək şalvarının arxa sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmiş, həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini 16 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektindən «Silsilə» deyilən ərazidən yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demiş, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əvvəlkindən əlavə olaraq psixotrop maddə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamış, bir ədəd sellofan bükümdəki metamfetaminə oxşar maddə ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində düzgün qeyd etmir, onlar Təqsirləndirilən şəxs Səfa İbrahimova məxsus evdən yox, 17 yanvar 2023-cü il tarixdə saat 01:30-da Cəlilabad şəhəri H.Əliyev prospektində məscidin yaxınlığında saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs xidməti avtomobillə deyil, onun idarə etdiyi özünə məxsus şəxsi avtomobillə polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqdim olunmuş diskdəki görüntülərdə Təqsirləndirilən şəxs narkotik maddənin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, Təqsirləndirilən şəxs üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsi barədə təklif olunması, bu zaman onun əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardaraq təqdim etməsi, narkotik vasitə istifadəçisi olduğunu, üzərində olan psixotrop maddə metamfetamini 16 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində “silsilə” adlanan ərazidən yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirməsini bildirməsi öz əksini tapmışdır. İş materiallarında olan Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Həbib Nəsirov tərəfindən tərtib edilmiş və həmin şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, inspektor kriminalisti Valeh Abdullayevin, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə 0,90 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfdə qablaşdırılaraq üzəri DİN-in 141 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, üzərində olan psixotrop maddə metamfetamini 16 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində “silsilə” adlanan ərazidən yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Protokol iştirakçılara ucadan oxunmuşdur. Protokol tərtib edilən vaxt ərizə və şikayət olmamışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i/v 30-31). İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 19/64 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözləri və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,819 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,769 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 215 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarındakı ifadələrində cinayət əməlini törətməkdə təqsirini etiraf etmiş və bütün sənədlərə imza etmiş, hər hansı etiraz etməmiş, vəsatətlə müraciət etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X1 rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 15 fevral 2021-ci il tarixdə cəza müddəti bitmiş və hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 17 yanvar 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 02:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 18 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 16:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,769 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,769 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar