Məhkəmə qərarları › İş №1(073)-95/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-95/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-95/2025 17.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, -15,378 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 19:50 radələrində Cəlilabad rayonu, Astanlı kəndində yolun kənarında Ağsu rayon sakini X5 idarə etdiyi “BYD” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd şəffaf sellofanda olmaqla əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X7 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, hazırda ünvan 1-də ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, fərdi əməklə məşğuldur. O, bir neçə vaxtdır ki, narkotik vasitə istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığındakı parkda gəzən zaman yerdə şəffaf sellofana bükülmüş marixuana onun diqqətini çəkmişdir. Həmin bükülünü gələcəkdə istifadə etmək niyyəti ilə götürüb üzərində saxlamışdır. Həmin gün “Tiktok” sosial şəbəkəsində Cəlilabad rayonunda yerləşən istirahət mərkəzini görmüş, bu zaman tanışı X8 zəng edərək belə bir yerin olduğunu ona bildirmişdir. Xəzər Sabirli də özü taksi fəaliyyəti ilə məşğul olur. O, da, nə vaxt getmək istəsə onu apara biləcəyini demişdir, lakin qiymətin təxminən 100-150 manat aralığına olacağını ona bildirmişdi. 28 aprel 2025-ci il tarixdə o, Xəzər Sabirlinin istifadəsində olan mobil nömrəyə zəng etmiş və onu Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Təxminən günorta saatlarında Xəzər Sabirli ilə Sabunçu rayonunda görüşmüş və Cəlilabad rayonuna tərəf gəlmişlər. Cəlilabad rayonunda adını sonradan bildiyi Astanlı kəndində saat 19:30 radələrində Xəzər Sabirli maşını yolun qırağında hava almaq üçün saxlamış, o, da hava almaq üçün maşından düşmüşdür. Bu zaman mülki geyimdə olan 4 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onların üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da həmin şəxslərə üzərində qadağan olunmuş narkotik vasitəni olan marixuana olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üstünün yoxlanılmasına başlanılmış və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində parkdan tapdığı şəffaf sellofana bükülmüş narkotikə bənzər kütləni göy rəngli cins gödəkçənin sağ yan cibindən çıxarıb onlara təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü və video çəkiliş aparılmışdır. Həmçinin video çəkiliş vasitəsilə Xəzər Sabirlinin üzərinə və “BYD” markalı avtomobilinə baxış keçirilmiş. Lakin ondan qanunla qadağan edilən hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra isə onlar polis əməkdaşları tərəfindən Cəlilabad RPŞyə gəlmişlər. Orada təqdim olunan videogörüntüyə və bir ədəd diskə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər bükülü zərfə qoyuldu və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Həmçinin komputer vasitəsilə DVD diskə baxış keçirilmiş, bundan sonra ona müdafiəçi təyin edilmişdir. o, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmiş, həmin kütlədən istifadə etməmiş, üzərində narkotik vasitə olması barədə heç kimin məlumatı və xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır, özü istifadə etmək üçün üzərimdə saxlamışdır. Onun üstünün yoxlanılması zamanı aşkar olunmuş qurudulmuş marixuana şəffaf rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düz olmasını bildirmişdir. Nə saxlanılan zaman, nə də ki, üstünün yoxlanılması zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, qadın olmasını, himayəsində azyaşlı uşağına tək baxmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin Cinayət- Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Şəki rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradıldı. 28 aprel 2025-ci il tarixdə, təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Astanlı kəndində Ağsu Rayon sakini X5 idarə etdiyi **-UD-*** dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobildə olan zaman tərəflərindən müşahidəyə götürüldü. Təxminən 20 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim etdi. Sonra isə onlardan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub olmamasını soruşdular. Sabirli Xəzər üzərində heç bir qanunla qadağan olunmuş əşya və vasitə olmamasını bildirdi. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdi. Həmin yerdə Təqsirləndirilən şəxs üsütünü yoxlayan zaman göy rəngli cins gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkar edilib götürülmüş və video çəkiliş aparılmışdır. Daha sonra Xəzər Sabirlinin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirildi. Həmin nəqliyyat vasitəsində qanunla qadağan edilən heç bir əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs və Sabirli Xəzərin barəsində müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etdilər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində Sabirli Xəzərin izahatı alınaraq sərbəst buraxılmış, Təqsirləndirilən şəxs isə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olundu. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti X9 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi ilə bağlı video çəkilişə baxılıb protokol tərtib edildi. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. O da həmin protokolu imza etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 Əlgüşad oğlu da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, 28 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən 1 ədəd qutusunun “şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, 28 aprel 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, 28 aprel 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edildi ki, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı və Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapiatnı X9 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitənin qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X10 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 29 aprel 2025-ci il tarixli, 19/175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 15,378 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: - Marixuananın ümumi təmiz çəkisi 15,378 qram, cəmi tədqiqata sərf olunmuş 0,1 qram və 15,278 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 20 may 2025-ci il tarixli 2960 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmayıb. Məhkəmə hesab edir ki, X7 əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. X7 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 28 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 28 aprel 2025-ci il tarixdə saat 22:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 30 aprel 2025-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, X7 barəsində 30 aprel 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 13:55-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxs X7 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, X7 yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı təmiz çəkisi 15,278 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tərk etməmək, Bakı şəhəri hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı təmiz çəkisi 15,278 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat təqsirləndirilən şəxs X11 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar