Məhkəmə qərarları › İş №1(073)-97/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-97/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-97/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat:11:00 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 15 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 31 may 2023-cü il tarixdə şərti məhkum etməsi bitdiyindən qeydiyyatdan çıxarılmış, Lənkəran rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Liman şəhəri M.Müşfiq küçəsi ev 77-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 09 fevral 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 məxsus Lənkəran rayonu Göyşaban kəndində yerləşən evinə qanunsuz daxil olub evin qonaq otağında olan masanın üzərinə qoyulmuş qeydiyyat kitabçasının altında olan 2.700 manat pulu və həmin otaqda olan kamotun siyirməsinə qoyulmuş 2.945 manat dəyərində qızıl komplektinə daxil olan 1 ədəd 585 əyarlı çəkisi 10 qram və qiyməti 950 manat olan boyunbağı, 1 ədəd 585 əyarlı çəkisi 5 qram və qiyməti 475 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı çəkisi 3 qram və qiyməti 285 manat olan sadə üzük, 1 ədəd 585 əyarlı çəkisi 8 qram və qiyməti 760 manat olan qolbaq və 1 cüt 585 əyarlı çəkisi 5 qram və qiyməti 475 manat olan sırğa olmaqla ümumilikdə 5.645 manat dəyərində özgənin əmlakını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 5.645 manat məbləğində ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan termonun siyirməsinə qoyulmuş 700 manat pul və sonuncunun özünə və əri Əvəz Əhmədova məxsus şəxsiyyət vəsiqələri olan pulqabını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 700 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 0,801 qram çəkidə narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış Cəlilabad rayon X4 Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2024-cü il tarixdə saat 05:55 dəqiqədə Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin 1 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olmaqla əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə qəbul etmir, aradabir narkotik vasitə olan qurudulmuş marixuana və heroin qəbul edir. Özü əvəllər narkotiklə bağlı və oğurluq cinayətləri törətdiyinə görə dəfələrlə məhkum olunmuşdur. 30 sentyabr 2023-cü il tarixdə oğurluq etmək məqsədi ilə Lənkəran rayonu Göyşaban kəndinə gəlmişdir. Həmin kənddə təxminən saat 16 radələrində kəndi gəzib oğurluq etmək üçün ev axtarmış, gözü həmin kəndin bir məhəlləsində olan evləri tutmuş və havanın qaralmağını gözləmişdir ki, həmin evlərin birindən oğurluq etsin. Həmin gün yəni 30 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində bir evdə işıqların yanmadığını görüb həmin evin həyət qapısını əli ilə yoxlamaq məqsədi ilə açmış və görmüşdür ki, qapı açıqdır. Həyətə girmiş və oğurluq təcrübəsinə görə bilmişdir ki, ev yaşayış olan evdir, lakin ev sahibləri müvəqqəti harasa gediblər. O, həyətə daxil olandan sonra evin giriş qapısını əli ilə yoxlamış və bağlı olduğunu görüb evin pəncərələrini yoxlamağa başlamışdır. Evin böyür tərəfində birinci mərtəbənin plastik materialdan olan nəfəsliyinin aralı olduğunu görüb tor setkasını dartıb çıxardıb yerə qoymuş, nəfəsliyi tam açıb oradan içəri daxil olmuşdur. İçəri girən kimi divanın üzərinə düşmüşdür. Divandan sol tərəfdə bir masa, masanın üzərində qara rəngli bir kitabça və həmin kitabçanın arasında 2.500 manata yaxın müxtəlif əskinaslı pullar olmuşdur. Həmin pulları götürüb, şalvarının cibinə qoymuş, daha sonra masanın yanında bir termo görmüş və həmin termonu axtarmağa başlamışdır. Termonun da sirməsindən bir qızıl qabı tapmış və qızılqabından bir ədəd boyunbağı, bir cüt sırğa, bir ədəd qolbaq və iki ədəd üzük götürüb onları da şalvarının cibinə qoymuşdur. Həmin otaqda bir telefon paltar ütüləmək üçün nəzərdə tutulmuş ütü masasının üzərində görsə də həmin mobil telefonu götürməmişdir. Daha sonra ikinci mərtəbəyə girmiş, ikinci mərtəbədə olan otaqları axtarmış və heç bir qiymətli əşya və pul tapa bilmədiyi üçün yenidən birinci mərtəbəyə düşmüşdür. Evdən çıxanda isə çıxış qapısını ütü masasının üzərində qoyulmuş açarı götürüb həyətə çıxış qapısını açmış və həyətə düşmüşdür. Bu zaman küçədən avtomobilin işığı gəldiyi üçün bilmişdir ki, ev sahibi evinə gəlir. Qapını bağlamış, açar qapının üzərində içəri tərəfdə qalmışdır. O isə evin arxasına qaçmış və çəpərdən tullanıb həyəti tərk etmişdir. O qaçan zaman oğurladığı qızıllardan bir ədəd qızıl üzük qaçan zaman yerə yıxılanda əzilmişdir. Bundan sonra, yəni oğurluq etdiyi günün səhəri Bakı şəhərinə getmiş və oğurladığı qızılları bir ədəd əzilmiş üzükdən başqa qalan qızılları 28 may metrosunun yaxınlığında 1200 manata satmışdır. Əldə etdiyi pulların bir qismini Bakı şəhərində, qalan hissəsini isə Lənkəran rayonunda xərcləmişdir. O, həmin oğurluqdan başqa 26 dekabr 2023-cü il tarixdə də qonşusu Əvəzin evinə axşam saat 21 radələrində evdə heç kimin olmamasını bilib çəpərdən tullanaraq həyətə daxil olmuş, daha sonra evə plastik materialdan olan qapını çiyni ilə möhkəm itələyərək aralayıb açmış və evə daxil olmuşdur. Evin birinci mərtəbəsindən birbaşa ikinci mərtəbəsinə qalxaraq eyvana girib oradan da plastik qapını əli ilə möhkəm itələyib dəhlizə daxil olduqdan sonra oradan da televizor olan otağa girmişdir. Otaqların qapıları açıq olmuşdur. Televizor olan otaqda televizor altlığının siyirməsində bir ədəd əl çantası görmüş və həmin əl çantasını götürmüşdür ki, içərisində pul ya qızıl ola bilər. Başqa evin bütün otaqlarını axtarsa da, heç bir qiymətli əşya və pul tapa bilmədiyi üçün oradan da çıxıb getmişdir. Əvəzin evindən oğurladığı qara rəngli çantanı yaşadığı evə gətirmiş və evdə çantaya baxanda içərisində Əvəzin arvadı Mirxədicəyə aid şəxsiyyət vəsiqəsi, bir iki kağız və 300 manat da pul olmuşdur. Pulu götürüb xəcləmiş, çantanı isə evinin zirzəmisinə atmışdır. 09 fevral 2024cü il tarixdə o, uşaqlarını görmək üçün Cəlilabad rayonu Göytəpə şəhərinə keçmiş həyat yoldaşının yaşadığı evə gəlmişdir. Evin həyətinə daxil olan kimi orada onu gözləyən polis əməkdaşları onu dərhal saxlayaraq Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində polis əməkdaşları ona təzyiq edərək baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini üzərinə götürməsini tələb etmişlər. O da qorxduğu üçün videoçəkiliş zamanı və vəkilin şifahi sorğusu zamanı həmin narkotik vasitənin ona məxsus olmasını, 08 fevral 2024-cü il tarixdə axşam saatlarında Lənkəran şəhərində çayxanada olarkən orada masa üzərində təsadüfən tapdığını, özü qəbul etmək üçün əynindəki cins şalvarın sağ yan cibinə qoyub saxladığını bildirmişdir. Əslində isə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. O, oğurluq edən zaman ona heç kim köməklik etməmiş, oğurluğu tək etmişdir. O, ev sahibini tanımamış, ev sahibinin kim olduğunu da bilməmişdir. Göyşaban kəndində də heç bir tanışı və qohumu da yoxdur. O, həmin çantanın içərisində şəxsiyyət vəsiqəsi olduğunu bilməmiş, həmin şəxsiyyət vəsiqəsini oğurlamaq niyyəti olmamış, vəsiqəni öz evində qoymuş, utandığı üçün geri qaytarmamışdır. Həmin vəsiqə ilə heç bir iş görməmiş, həmin vəsiqədən istifadə etməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Oğurluq nəticəsində dəymiş zərərdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qırılmış qızıl sırğanı və Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd çantanı və 1 ədəd şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təhvil vermişdir. Xəstədir, 3-cü dərəcəli əlildir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun ittiham olunduğu həmin cinayəti törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi isə onun özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirli şəxsdən şikayətçi olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ona məxsus Lənkəran rayonu Göyşaban kəndində yerləşən evinə qanunsuz daxil olub evin qonaq otağında olan masanın üzərinə qoyulmuş qeydiyyat kitabçasının altında olan 2700 manat pulu və həmin otaqda olan kamotun siyirməsinə qoyulmuş 2500 manat dəyərində qızıl komplektinə daxil olan 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 5200 manat maddi ziyan dəymişdir. O sonradan həmin oğurluq hadisəsinin Lənkəran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi əlavə ifadəsində 2023-cü ilin sentyabr ayında ona məxsus olan fərdi yaşayış evindən qızıl-zinət əşyaları olan bir ədəd 585 əyar 10 qram çəkisi olan qızıl boyunbağının, bir ədəd 585 əyar 5 qram çəkisi olan sadə qaşlı qızıl üzüyün, bir ədəd 585 əyar 3 qram çəkisi olan sadə qızıl üzüyün, bir ədəd 585 əyar 8 qram çəkisi olan qızıl qolbağın və bir cüt 585 əyar 5 qram çəkisi olan sırğanın oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ona dəymiş ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, qeyd edilənlərin nəzərə alınaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ona məxsus olmaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan termonun siyirməsinə qoyulmuş 700 manat pul və onun həyat yoldaşı Əvəz Əhmədova məxsus şəxsiyyət vəsiqələri olan pulqabı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, sonradan həmin oğurluq hadisəsinin Lənkəran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Şahid – Şahid1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 09 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 09 fevral 2024-cü il tarixdə saat 05:45 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onunla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və polis Bölməsində olarkən ona qarşı hər hansı bir formada təzyiq və zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfərləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin vardır. Həmin heroini bir gün əvvəl Lənkəran şəhərində çayxanadan tapmışdır. Həmçinin bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 09 fevral 2024-ci il tarixli 19/120 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 büküm maddə (0,88 qr)...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,751 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli, 133 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi 3-17-1/2-46121 nömrəli arayışına əsasən İİİ dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarına əlavə olunmuş 03 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Lənkəran rayonu, Göyşaban kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 oğurlanmış pulun və qızıl zinət əşyalarının saxlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 26 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxışda iştirak edən Mixədicə Əhmədova oğurlanmış pulun saxlandığı yeri göstərmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməllərində təqsiri tam sübuta yetirilmiş, özünün qismən etiraf ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Mirzəyev X2 Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 15 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 31 may 2023- cü il tarixdə şərti məhkum etməsi bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 1(049)-76/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkməsinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarına əlavə olunmuş 09 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saat 05:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli 4(073)-17/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2024-ci ilin fevral ayından “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,751 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Lənkəran Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2019-cu ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd sınıq qızıl sırğanın, Zərərçəkmiş şəxs2 məxsus olan 2 ədəd çantanın və 1 ədəd şəxsiyyət vəsiqəsinin sahiblərinə qaytarılması nəzərə alınsın və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,751 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar