Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-97/2025 07.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, məhkəmə iclasının katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Cəlilabad rayonu, Svet-Zarya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixə keçən gecə, saat təxminən 01 radələrində, Cəlilabad rayonu, Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs arasında birlikdə yaşadıqları evdə ailə-məişət zəminində mübahisə yaranmış, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla döyərək, sonuncuya sağ gözyuvası ətrafı-almacıq nahiyəsində şişkinlik və qançır ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.
Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:
3. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən zaman içkili olduğu üçün hadisəni tam xatırlaya bilmir. Hadisə yaşadığı evdə baş vermişdir. Ailə problemləri ilə əlaqədar əsəbi olduğundan hadisəni törətmişdir. Törətdiyi cinayət əməlindən peşmandır.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə günü toy məclisində iştirak etmişik. Toydan evə gəldikdən sonra gecə saatlarında qəflətən otağa daxil olaraq, əsəbi halda deyinərək bildirdi ki, uşaqları onu atıb getdi. O da heç bir reaksiya verməmiş, bundan sonra onunla mübahisə etməyə başladı, yumruğu ilə sağ və sol gözünə vuraraq onu döyməyə başladı. Hadisədən sonra kiçik oğluna zəng etmiş və oğlu onu və həyat yoldaşını gəlib öz evinə apardı. Hadisənin səhəri gün Mehdi vəziyyəti görəndə məəttəl qaldı. Hazırda onunla barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
5. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Cəlilabad rayonu, Muğan kəndində baş vermişdir (i.v.40-42).
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının xx.xx.2025cü il tarixli, 368 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözyuvası ətrafıalmacıq nahiyəsində şişkinlik və qançır, sağ gözün ağlı qişasına yayılmış qansızma və sol gözaltı nahiyədə qançır müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdır, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v.35-36).
7. “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 49-52).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
8. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
9. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
10. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
11. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
12. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
13. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;
14. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.
17. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
18. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
19. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı mövqeləri nəzərə alır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Mərdiyev X1 şəhəri, Lenin Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 131-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyul 2014-cü il tarixində cəzasının sonu ilə azad olunmuşdur, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir, 4 sentyabr 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə başlanılmış, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i.v.47-48).
21. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Muğan Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü (X5), xx.xx.2020-ci il təvəllüdlü (X6) uşaqları var.
22. Zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.
23. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.
24. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
25. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
26. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbinə görə, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Mərdiyev X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı, o cümlədən Cəlilabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli qərarı ilə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd edilən hal onun barəsində Zərərçəkmiş şəxs ilə barışdığına görə CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilməsini istisna edir.
27. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır.
28. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
29. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
30. İş üzrə maddi sübut və mülki iddia yoxdur.
31. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
32. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına təyin edilmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 55 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Cəlilabad Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim
Ləman Mehrəliyeva