Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-99/2023 01.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri Pişəvəri küçəsi ev 80-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 21 mart 2023-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin X2 inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,444 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibində yerləşən piston cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 il bundan öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Bir müddət sonra isə narkotik vasitələrdən asılılıq yarandığı üçün istifadə etmədikdə bədənində müxtəlif dərəcəli ağrılar olmuşdur. 06 mart 2023-cü il tarixdə saat 15 radələrində bədənində ağrılar olduğu üçün narkotik vasitə əldə etmək məqsədilə adətən narkotik vasitələri aldığı Bakı şəhəri, Nərimanov rayonunda adını bilmədiyi küçədə olan dalanların birinə yaxınlaşmışdır. Həmin dalanda adətən narkotik vasitə istifadə edən şəxslər olur. Hərəkətlərindən narkotik vasitə istifadəçisi olduğundan şübhələndiyi bir nəfər şəxsə yaxınlaşmışdır. Onunla bir qədər söhbət etdikdən sonra onun üçün narkotik vasitə təşkil etməsini ondan xahiş etmişdir. Həmin şəxs internet vasitəsilə kiminləsə danışıb ondan konkret olaraq hansı narkotik vasitə istədiyini soruşmuşdur. Ona 20 manat pulun qarşılığında narkotik vasitə olan kakos, yəni heroin təşkil etməsini xahiş etmişdir. Az keçmiş razılaşdığı şəxs onun yanma gəlib bir bükümdə narkotik vasitə heroini ona vermişdir. Bunun qarşılığında 20 manat pulu ona vermişdir. Həmin narkotik vasitəni cibinə qoyub oradan uzaqlaşmışdır. Aldığı narkotik vasitədən iki dəfə istifadə etmişdir. Qalan hissəsini isə üzərində gəzdirmişdir. Novruz bayramı münasibətilə 20 mart 2023-cü il tarixdə Bakı şəhərindən ailəsinin yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhərinə gəlmişdir. 21 mart 2023-cü il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində olan zaman mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Göytəpə polis bölməsinə gəlməyini bildirmişlər. Polis bölməsinə gəldikdən sonra xidməti otaqlardan birində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edilərək ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirilmiş və həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Sonra isə üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra, üzərinə axtarış barədə protokol tərtib olunmuş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin X2 cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 21 mart 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 21 mart 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsinə dəvət etmişlər. X3 Ağayarov təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulara ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan cins şalvarın sağ yan cibində olan piston cibindən bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda, bükümdə narkotik vasitə heroin olduğunu və həmin heroini istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıdlıqdan sonra baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfəri Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində olan piston cibindən bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermiş və bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 21 mart 2023-cü il tarixli 19/326 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,444 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,394 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 328 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 21 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə saat 11:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 22 mart 2023-cü il tarixli “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə saat 13:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,394 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 21 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri Pişəvəri küçəsi ev 80-ı tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,394 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-99/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-99/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver