Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-99/2024 04.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:40 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 2001-cı ildə Tərtər rayonu Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 7,675 qram olan narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 13 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirilmiş əməliyyat tədbiri nəticəsində sərnişin qismində əyləşdiyi tanışı Şahid7 qanuni əsaslarla idarə etdiyi “Toyota prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində əyləşən digər şəxs Şahid6 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, hər dəfə narkotik vasitələri tanımadığı ayrı-ayrı şəxslərdən əldə etmişdir. 12 yanvar 2024-cü il tarixdə, axşam saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhərində yerləşən Yeni Ramana qəsəbəsində piyada hərəkət edərkən, yerdə 1 bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. O özü əvvəllər narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni götürmək qərarına gəlmiş və narkotik vasitəni əynindəki gödəkçəsinin cibinə qoyaraq hərəkət etməyə başlamışdır. O, real şərait olmadığı üçün həmin narkotik vasitədən istifadə edə bilməmişdir. Şahid7 bir neçə ildir ki, tanıyır. Şahid7 onun əsgərlik yoldaşıdır. Şahid6 isə Vüsalın həmkəndlisidir. Vüsal ona Astara şəhərinə gəzməyə getməyi təklif etmişdir. O da onunla razılaşmışdır. 13 yanvar 2024-cü il tarixdə Vüsalla görüşmüşlər. Onun yanında dostu Əmrah da olmuşdur. Həmin gün təxminən saat 18 radələrində Vüsalın idarə etdiyi “Toyota prius'’ markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Astara şəhəri istiqamətində yola düşmüşlər. Təxminən saat 21 radələrində marketdən siqaret və su almaq üçün Cəlilabad şəhərinə daxil olmuşlar. Onlar küçələrin birində avtomobili saxladıqda polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olubolmamasını soruşmuşlar. Vüsal isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin o da üzərində narkotik vasitə olan qurudulmuş marixuana, olduğunu bildirmişdir. Lakin, Əmrah üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və avtomobili Vüsal idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki ağ rəngli gödəkçəsinin sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofandakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçinin iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən istifadəsində olan “İphone” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Vüsalın idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilərkən və Cəlilabad RPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq göstərilməmiş və ya fiziki güc yaxud zor tətbiq olunmamışdır. Onun üzərində narkotik vasitə olmasından Şahid7 və Şahid6 məlumatı olmamışdır. Həmçinin Şahid7 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasından onun məlumatı olmamışdır. Əməlindən səmimi peşmandır. Odur ki, bunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. Astara şəhər sakini Şahid7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2024-cü il tarixdə, təxminən saat 21 radələrində Şahid7 olduğu yer müəyyən edilərək o, idarə etdiyi “Toyota prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri H.Əliyev prospektində müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə həmin avtomobili müşahidə etdikdən sonra saxlanılmışdır. Avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə sərnişin qismində özünü Təqsirləndirilən şəxs və Şahid6 kimi təqdim edən şəxslər də olmuşdur. Onlar Şahid7 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid7 isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmçinin Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid6 isə istirahət etmək üçün Vüsal və Eşqinlə gəldiyini, onlarda narkotik vasitə olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobili ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə tərəflərindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki ağ rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2024-cü il tarixli 19/36 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 7,675 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf olunmuş, 7,575 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 25 yanvar 2024-cü il tarixli 54 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tərtər rayon İHB-nin Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xrakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 13 yanvar 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 22:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 15 yanvar 2024-cü tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 13:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 7,575 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 7,575 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-99/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-99/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver