Məhkəmə qərarları › İş №1(074)-10/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-10/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-10/2021 27.01.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, 2 uşaq atası, məhkum olunmamış, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 14 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab olunan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 125-ci kilometrliyində yolun sağ tərəfində yerləşən “Bənövşə” restoranının yaxınlığında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan yəni, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, daha sonra yumruqla sonuncunun sifət və baş nahiyəsindən vuraraq ona sağ və sol almacıq nahiyələrinin, başın ənsə nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid2 onun əmisidir, əmisi Şahid2 kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, onun Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində 125-ci km-də sağ tərəfdə yerləşən “Bənövşə” adlanan restoranı vardır. Restoranın yanında Quba rayonundan olan Ziya restoran tikməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, restoranda olmuş, çay içməyə gəlmiş, əmisilə bir yerdə olarkən görmüşlər ki, Ziyanın inşa etdirdiyi restoranın ərazisində işləyən traktorçu əmisi Çingizə məxsus olan ərazidə nə isə iş görür. Buna görə əmisi Çingiz də onu və restoranda ofisiant işləyən Şahid1 göndərmişdir ki, gedib Ziyaya desinlər ki, əmisi Çingizin ərazisində iş görməsinlər, ağacı sındırmasın, ağac onların ərazisinə aiddir. O, Zöhrabla gedib Ziyaya bunları bildirmişlər, Ziya da demişdir ki, bu ərazini almışdır, buna görə də əmisi Çingizin yanına qayıdıb Ziyanın dediklərini ona bildirmiş, əmisi Çingiz də demişdir ki, “bu ərazi mənimdir, mən ona satmamışamsa kimdən alıb, get ona de ki, bizim ərazidən çıx, öz sahəndə işlə”. O, yenə də Ziyanın yanına gedib bu sözləri ona demişdir. Ziya da ona bildirmişdir ki, “almışam, tikəcəm”. Sonra o, əmisi Çingizə bu sözləri demək üçün tikintinin arxa hissəsi ilə Bənövşə restoranına qayıdıb əmisi Çingizi axtaranda demişlər ki, əmisi Çingiz tikintinin qarşı tərəfindən Ziyanın yanına gedib. Buna görə onların yanına getmiş, o, çatanda görmüşdür ki, əmisi Şahid2 Ziya ilə söhbət edir lakin, Ziya kobud ifadələrlə və uca səslə əmisi Şahid2 cavab qaytarmış, Ziyanın əmisi Şahid2 qarşı bu hərəkəti ona xoş gəlməmişdir. O, da Ziyaya demişdir ki, “əmim Çingiz yaşlı adamdı, qoy getsin, sən mənimlə o tonda danış”. Lakin, Ziya yenə də danışığını davam etdirmiş, buna görə əmisi Şahid2 da Ziyaya “sən nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, Ziya da əmisi Şahid2 “özün şəxsiyyətsizsən” sözlərini demiş, buna görə də əmisi Şahid2 əsəbiləşib Ziyaya “nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, bu vaxtı, Ziyanın əmisi Şahid2 qarşı belə hərəkətinə, yəni əmisi Şahid2 cavab qaytarmasına görə bundan əsəbiləşib Ziyaya yaxınlaşıb əli ilə Ziyanın sağ və sol sifətindən və baş nahiyəsindən zərbə vurmuşdur. Buna görə əmisi Şahid2 onu tutub aralaşdırıb kənara çəkmişdir. Əmisi Çingiz isə Ziyanı vurmamışdır. Zöhrab da orada olmuş, lakin Zöhrab, heç nəyə qarışmamışdır. Sonra da aralaşıb getmiş, Ziya da demişdir ki, “siz indi görərsiz başınıza nə oyun açacam”. Həmin vaxtı, o, əmisi Çingiz və Zöhrabla birlikdə orada olmuşlar, Bənövşə restoranından başqa kimsə gəlməmişdir. X6 vurmamış, sadəcə onları aralaşdırmışdır. Həmçinin, təkcə o, əli ilə Ziyanın sağ və sol sifətindən və baş nahiyəsindən vurmuşdur. Zöhrab isə ümumiyyətlə dalaşmada iştirak etməmiş, sadəcə kənardan baxmışdır. Ziyanın yanında olan Şahid3 adlı şəxsi isə onların işçilərindən kimsə tutmamışdır. Həmçinin, Ziyanın telefonun sınmasını və ümumiyyətlə yerə düşməsini görməmiş, əmisi Şahid2 Ziyanın telefonunu vurub yerə salmamışdır. Ola bilsin ki, Ziyanın telefonun şüşəsi başqa vaxtı sınsa da bu hadisədən istifadə edib guya həmin hadisə zamanı sınmasını bildirmişdir. Həmin dalaşma xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 125-ci km-də yolunun sağ tərəfində “Bənövşə” restoranının yanında baş vermiş, münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı Ziyanın restoranında işləyən şəxslər, Ziyanın yanında olan Şahid3, restoranda işləyən Zöhrab, əmisi Şahid2 başqa heç kim olmamışdır. Əmisi Şahid2 və onun əlində hər hansı bir alət olmamışdır. Əmisi Şahid2 həmin vaxtı şamaxılıların ünvanına heç bir təhqiramiz ifadə işlətməmişdir. O, Ziya ilə mübahisə edəndə ancaq qarşılıqlı olaraq bir-birinin ünvanına kobud ifadələr işlətmişlər, hər hansı bir üçüncü şəxslərin ünvanına kobud ifadə işlənməmişdir. Etdiyi əməldən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şahid3 onun dostu və qohumudur. O, kommersiya fəaliyyəti ilə məşğul olmaq istəmiş, buna görə də 2019-cu ildə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 126-cı km-də yolun sağ tərəfində torpaq sahəsini rəsmi olaraq alaraq həmin sahədə restoran inşa etdirmiş, lakin hələlik işlər davam etdiyinə görə fəaliyyət göstərməmişdir. Həmin yerin yanında təxminən 20-25 metr aralıda “Bənövşə” adlı restoran işləyir. O, həmin ərazidə iş görməyə başlayan vaxtdan “Bənövşə” restoranının müdiri Şahid2 mütəmadi olaraq onu sözlə hədələyərək həmin yerdə kafe tikməsinə mane olmağa çalışmşdır. Şahid2 istəmişdir ki, onun restoranın yanında başqa bir restoran tikilməsin. Şahid2 ona demişdir ki, onun restoran tikməsinə imkan verməyəcək. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə o, dostu və qohumu Şahid3 ilə Şamaxı rayonuna gəlib restoran inşa etdirdiyi yerə getmişdir ki, işlərə nəzarət etsin. Həmin vaxtı, işlərə nəzarət edən nəzarətçi (prorab) işləyən və Şamaxı şəhərində yaşayan Vidadi, mühafizəçi, traktorçu və Kamaz sürücüsü orada işləmişlər və onlar da kənardan dayanıb işləri müşahidə etmişlər. Bu vaxtı, “Bənövşə” restoranı tərəfdən iki nəfər şəxs onların yanına gəlmişlər. Həmin şəxslərdən biri özünü təqdim edib restoranın müdiri Çingizin qardaşı oğlu olduğunu bildirmiş, digəri isə Çingizin dostu və işçisi olduğunu demişdir. Onlarla söhbət zamanı, qardaşı oğlu Cavid onu əmisi Çingizin çağırmasını bildirmiş o,da ona demişdir ki, “mənə sözü varsa özü gəlsin”. Onlar başqa bir söz deməmişlər. Həmin vaxtı Çingizin qardaşı oğlu Cavid restorana tərəf getmiş, digəri isə yanlarında qalmışdır. Az sonra, Çingizin qardaşı oğlu Cavid onun yanına gəlmiş, onun ardınca da restoranın müdiri Çingiz yanında tanımadığı iki nəfər işçisi ilə gəlmiş və beləliklə onlar 5 nəfər olmuşlar. Restoranın sahibi Çingiz onun yanına çatmamış artıq onun ünvanına nəlayiq və deyilməsi mümkün olmayan təhqiramiz ifadələrlə onu təhqir edərək ona yaxınlaşmışdır. O, da ona “ağsaqqal adamsan, qardaşın oğlu və camaat burdadır, söyüş söymə” sözlərini demişdir. Onun bu sözlərinə baxmayaraq, Şahid2 yenə də söyüşlərini davam etdirmiş və hətta şamaxılıları ümumi olaraq söyüb təhqir edib demişdir ki, guya şamaxılılar onun arxasında dayanıb onu müdafiə edirlər ki, o, burada restoran tikir. O, isə həmin Çingiz adlı şəxsi sakitləşməyə dəvət etmiş və ona “kişiliyin olsun, belə danışma, şamaxılıların çörəyin yeyirsən” sözlərini demişdir. Lakin, Çingiz adlı şəxs öz nalayiq söyüşlərini saxlamaq əvəzinə yenə də söyüş söyməyə davam etmiş və ona lap yaxınlaşanda gözləmədiyi halda qəflətən Çingiz sağ əli ilə sol sifət nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən o, müvazinətini itirib arxaya getmiş, bu vaxtı Şahid2 qardaşı oğlu Cavid və digər şəxslər olmaqla 4 nəfər şəxs onun üstünə hücum çəkib onu döyməyə başlamışlar, həmin şəxslərdən digər 1 nəfər şəxs isə dostu Şahid3 boğazından yapışıb tutub boğaraq onun ona köməlik etməsinə mane olmuşdur. Onlar onu vuranda isə o, özünü müdafiə etməyə çalışırmışdır. Həmin şəxslər onu döydüyü vaxtı, o, həmin şəxsələrə “polisə deyəcəm” sözlərini demiş, bu vaxtı Çingiz əli ilə onun əlində olan telefonu vurub yerə salmış, nəticədə telefonun arxa hissəsinin kamerası və qabaq qoruyucu şüşəsi sınmış, lakin həmin vaxtı telefonunu götürə bilməmişdir. Bu vaxtı dostu Şahid3 qışqıraraq “Ziya, səni atverka ilə vurmaq istəyir” sözlərini demişdir. O, diqqətlə baxanda Şahid2 qardaşı oğlu Cavidin əlində təxminən 15 sm uzunluqda narıncı rəngli, ucu biz formalı atverka olduğunu görmüş, həmin atverkanı Cavid atverkanın arxa plasmas hissəsi ilə başından vurdu, buna görə də o, özünü müdafiə etmək üçün dərhal əli ilə həmin şəxsin əlindən vurub atverkanı yerə salmışdır. Bundan sonra onlara müqavimət göstərə bilməyəcəyini görüb qaçmağa başlamışdır. O, qaçandan sonra onlar həmin yerdə qalmışlar. Sonra da dostu Şahid3 buraxmışlar, Çingiz onun telefonunu yerdən götürüb yanına gəlmiş, o, da kənardan onlara polisə müraciət edəcəyini bildirmiş, hətta Çingiz ona “deməyənin var....” sözlərini deyib polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra da o, Şamaxı RPŞ-nə ərizə vermişdir. Həmin dalaşma xx xxxxxx 2020-ci il tarixdə saat 12:10-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 126-cı km-də yolunun sağ tərəfində «Bənövşə» restoranının yaxınlığında inşa etdirdiyi işləməyən restoranın qarşısında baş vermiş, münaqişə təxminən 10 dəqiqədən çox vaxtda davam etmişdir. Bildirmişdir ki, inşa etdirdiyi restoranda nəzarətçi (prorab) işləyən və Şamaxı şəhərində yaşayan Vidadi, mühafizəçi, traktorçu və Kamaz sürücüsü yanında olmaqla hadisənin şahidi olmuşlar. Ətrafda isə kimlərinsə olmasını xatırlamamışdır. Onu əvvəlcə Çingiz yumruqla vurmuş, daha sonra onun qardaşı oğlu Cavid və digər 2 nəfər də Çingizə qoşulmuşlar və onlar 4 nəfər olmaqla yumruqlarla bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşlar, axırda isə Çingizin şəxsin qardaşı oğlu Cavid atverkanın arxa plasmas hissəsi ilə baş nahiyyəsindən vurmuşdur. Onlar 5 nəfər olduğundan digər bir nəfər şəxs də dostu Şahid3 ona kömək etməsin deyə tutub boğazından sıxıb onu saxlamışdır. O, ancaq özünü müdafiə edərək çalışmışdır ki, həmin şəxslər onu çox döyməsinlər, onlar 4 nəfər olmuş, onun onlara heç cürə gücü çatmazdı və o, onları vurmamışdır. Dostu Şahid3 da onu tutan şəxsin əlindən çıxmağa çalışsa da özünü müdafiə edə bilməmişdir. Onun telefonu “İphone XS” markalıdır, ağ rənglidir, arxa kamerasının şüşəsi və qabaq hissəsindəki ekran qoruyucusu çatlamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəyən ziyan ödənilmişdir, şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, kommersiya fəaliyyəti ilə məşğul olur. Onun Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində 125-ci km-də sağ tərəfdə yerləşən “Bənövşə” adlanan restoranı vardır. Onun restoranının yanında Quba rayonundan olan Ziya restoran tikməyə başlamış, lakin, o, heç vaxtı Ziyaya restoran tikməyə mane olmamışdır. Lakin birinci dəfə gələndə o, ona “qaqaş bura restoran yeri deyil ki, tikirsən” sözlərini demiş, Ziya da “əmi, almışam, tikirəm” sözlərini demiş, o, da ona “almısansa get tik” sözlərini demişdir. Bundan başqa aralarında bir söz söhbətləri olmamışdır. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində restoranında olarkən görmüşdür ki, Ziyanın inşa etdirdiyi restoranın ərazisində işləyən traktorçu onun özünə aid olan ərazidə nə isə iş görür. O, da buna görə qardaşı oğlu Təqsirləndirilən şəxs və restoranında ofisiant işləyən Şahid1 göndərmişdir ki, gedib Ziyaya desinlər ki, onun ərazisində iş görməsinlər, ağacı sındırmasın, ağac onların ərazisinə aiddir. Cavidlə Zöhrab gedib qayıtmışlar və Cavid demişdir ki, Ziya deyir ki, həmin ərazini alıb. O, da tək halda Ziyanın yanına getmiş, onun yanında traktorçu, Vidadi və başqa bir neçə nəfər şəxs olmuşdur. O, Ziyanın yanına gedib ona demişdir ki, traktorçunu bu ərazidən çıxart, həmin ağac onun ərazisində yerləşir. Lakin, Ziya demişdir ki, «həmin ərazini almışam». O, da ona sənəd göstərməsini bildirmiş, Ziya da demişdir ki, “mən həmin ərazidə də tikinti aparacam, sən sənəd gətirsən mən sökərəm”. O, da Ziyaya demişdir ki, “sən qələt edirsən ki, burda tikirsən”. Ziya da cavabında bildirmişdir ki, “mən, tikəcəm, sən bizi yaxşı tanımırsan, Qubada ixtişaşlarda atam və mən tutulmuşuq, indi nazir mavininə deyəcəm, səni apartdıracam”. O, da ona “sən nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, Ziya da ona “özün şəxsiyyətsizsən” sözlərini demiş, buna görə də o, əsəbiləşib Ziyaya “nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, bu vaxt Ziya ona qarşı belə hərəkətinə, yəni ona cavab qaytarmasına görə qardaşı oğlu Cavid əsəbləşib Ziyaya yaxınlaşıb əli ilə Ziyanı vurmuşdur. Buna görə o, Cavidi aralaşdırıb kənara çəkmişlər, hadisə vaxtı Zöhrab da orada olmuşdur. Sonra da aralaşıb getmişlər, Ziya da demişdir ki, “siz indi görərsiz başınıza nə oyun açacam”. Bundan sonra, Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs göstərdikləri tamamilə yalan məlumatlardır. Həmin vaxtı o, qardaşı oğlu Cavid və Zöhrabla birlikdə orada olmuşlar, başqa kimsə gəlməmişdir. O, Ziyanı vurmamış, sadəcə onları aralaşdırmışdır. Həmçinin, Zərərçəkmiş şəxs təkcə Cavid vurmuş, Cavidin əlində atverka olmamışdır. Zöhrab isə ümumiyyətlə dalaşmada iştirak etməmiş, sadəcə baxmışdır. Ziyanın yanında olan şəxsi isə kimsə tutmamış, kiminsə tutmasını da görməmişdir. Həmçinin, o, Ziyanın telefonunun sınmasını və ümumiyyətlə yerə düşməsini görməmişdir. Həmin dalaşma xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 125-ci km-də yolunun sağ tərəfində “Bənövşə” restoranının yanında baş vermiş, münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı hadisə yerində Ziyanın restoranında işləyən şəxslər, onun yanında olan Şahid3, restoranında işləyən Zöhrab, qardaşı oğlu Caviddən başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şahid2 onun ofisiantı işlədiyi “Bənövşə” restoranının müdiridir, restoran Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində 125-ci km- də sağ tərəfdə yerləşir. Təxminən bir ay yarım bundan əvvəldən başlayaraq, işlədiyi restoranın yanında Quba rayonundan olan adının hazırda Ziya olmasını bildiyi şəxs restoran tikməyə başlamışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, restoranda olarkən, bu vaxt Şahid2 və onun qardaşı oğlu Təqsirləndirilən şəxs da restoranda həyətdə olmuşlar. Bu vaxtı, restoran sahibi Şahid2 onu və qardaşı oğlu Cavidi restoranın yanında olan tikiliyə tərəf göndərmişdir ki, gedib orada olan Ziyaya desinlər ki, Çingizin ərazisində iş gördürməsin, ağacı sındırmasın, ağac onların ərazisinə aiddir. O, da Cavidlə gedib Ziyaya bunları bildirmişdir, Ziyanın yanında Şahid3 olmuşdur. Ziya da demişdir ki, “bu ərazini almışam». Buna görə də o, və Cavid Çingizin yanına qayıtmışlar, Cavid Ziyanın dediklərini Şahid2 bildirmiş, Çingiz də demişdir ki, “bu ərazi mənimdir, mən ona satmamışamsa kimdən alıb, get ona de ki, bizim ərazidən çıx, öz sahəndə işlə”. Onlar yenə də Ziyanın yanına gedib bu sözləri ona demişlər. Ziya da onlara demişdir ki, “almışam, tikəcəm". Sonra o, və Cavid Çingizə bu sözləri demək üçün tikintinin arxa hissəsi ilə “Bənövşə” restoranına qayıtmışlar, restoranın həyətinə çatanda Çingizi orada görməmişlər, həmin vaxtı Cavid əmisi Çingizi axtaranda demişlər ki, Çingiz tikintinin qarşı tərəfindən Ziyanın yanına gedib. Buna görə onlar da onların yanına getmişlər, ora çatanda görmüşlər ki, Şahid2 Ziya ilə söhbət edir lakin, Ziya kobud ifadələrlə və uca səslə Şahid2 cavab qaytarır. Ziyanın Şahid2 qarşı bu hərəkəti hiss etmişdir ki, Cavidə də təsir edəcək. Lakin, o, ətrafda durub baxmışdır. Cavid də Ziyaya demişdir ki, “əmisi Çingiz yaşlı adamdı, qoy getsin, sən mənimlə o tonda danış”. Lakin, Ziya yenə də danışığını davam etdirmiş, buna görə Şahid2 da Ziyaya “sən nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, Ziya da Şahid2 “özün şəxsiyyətsizsən” sözlərini dediyindən buna görə də Şahid2 əsəbiləşib Ziyaya ona “nə şəxsiyyətsiz adamsan” sözlərini demiş, bu vaxtı, Ziyanın Şahid2 qarşı belə hərəkətinə görə yəni, Şahid2la kobud danışmasına görə, Cavid də bundan əsəbiləşib Ziyaya yaxınlaşıb əli ilə Ziyanı vurmuşdur. Buna görə Çingiz Təqsirləndirilən şəxs tutub aralaşdırıb kənara çəkmişdir. O, da orada olsa da heç nəyə qarışmamış, sonra da aralaşıb getmişlər, Ziya da demişdir ki, “siz indi görərsiz başınıza nə oyun açacam”. Bundan sonra, Ziya və yanında olan Şahid3 kimi bildiyi şəxs çıxıb getmişlər. Zərərçəkmiş şəxs göstərdiyi məlumatlar yalan məlumatlardır. Həmin vaxtı o, Cavid və Çingizlə birlikdə orada olmuşlar, onlarla birlikdə “Bənövşə” restoranından başqa kimsə gəlməmişdir. Şahid2 Ziyanı vurmamış, sadəcə Cavidlə Ziya tutaqlaşıb Cavid Ziyanı vuranda həmin vaxtı Çingiz onları aralaşdırmışdır, Çingizlə Ziya arasında söz mübahisəsi olmuş və bir-birinə qarşı yüngül təhqiramiz ifadələr işlətmişlər. Həmçinin, Zərərçəkmiş şəxs təkcə Cavid vurmuşdur. Həmin hadisə vaxtı Cavidin əlində atverka olmamışdır. O, isə ümumiyyətlə dalaşmada iştirak etməmiş, sadəcə baxmışdır. Ziyanın yanında olan Şahid3 adlı şəxsi isə onların işçilərindən kimsə tutmamışdır. Həmçinin, Ziyanın telefonun Şahid2 tərəfindən vurulub yerə salınıb sınmasını və ümumiyyətlə, yerə düşməsini görməmişdir. Həmin dalaşma xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 125-ci km-də yolunun sağ tərəfində “Bənövşə” restoranının yanında yeni tikilinin yanında baş vermiş, münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı Ziyanın restoranında işləyən şəxslər, onun yanında olan Şahid3, o, Cavid və Şahid2 başqa kimsə olmamışdır. Həmin vaxt Şahid2 və Təqsirləndirilən şəxs əlində hər hansı bir alət olmamışdır. Şahid2 həmin vaxtı şamaxılıların üvanına heç bir təhqiramiz ifadə işlətməmişdir. O, Ziya ilə mübahisə edəndə ancaq qarşılıqlı olaraq bir-birinin ünvanına kobud ifadələr işlətmişlər, hər hansı bir üçüncü şəxslərin ünvanına kobud ifadə işlənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, rəsmi olaraq heç yerdə işləməsəsə də, son vaxtlarda Bakı şəhər sakini olan Zərərçəkmiş şəxs Bakı-Şamaxı- Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 125-126-cı km-də yolun sağ tərəfində Şahid2 məxsus “Bənövşə” restoranının yanında tikdirdiyi restoranın tikinti işində Zərərçəkmiş şəxs dəvəti ilə ustaların işinə nəzarət etməyə başlamışdır. Həmin işə təxminən 2 aydır ki, başlamışlar. Həmin tikintidə Şamaxı rayonu Muğanlı kəndində yaşayan Şahid5 mühafizəçi işləyir, tikinti işləri qurtardığı üçün zibillərin daşınması mərhələsi başladığına görə, Zərərçəkmiş şəxs dəvəti ilə Sədi adlı şəxs yükləyici traktorçu işləmişdir, Sədi yükləyici traktorçu ilə adını bilmədiyi şəxsin idarə etdiyi Kamaza zibilləri yükləyib daşımış o, isə onların işinə nəzarət etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində qeyd etdiyi şəxslərlə birlikdə həmin təmizləmə işləri davam edən zaman yarımtikilidə olmuş, adlarını qeyd etdiyi şəxslər isə müvafiq olaraq hər biri öz işini görmüşdür, mühafizəçi Samir də mühafizə işi ilə məşğul olmuşdur. Həmin vaxtı restoranı tikdirən Zərərçəkmiş şəxs və onun yanında olan Şahid3la birlikdə həmin yerə gəlmişlər. Onlar salamlaşandan sonra işlərinə davam etmişlər. Onlar işlərini gördükləri üçün Zərərçəkmiş şəxs ilə Şahid3 kənarda dayanıb işi müşahidə etmişlər. Bu vaxtı, “Bənövşə” restoranının sahibi Şahid2 qardaşı oğlu Təqsirləndirilən şəxs əvvəlcə restoranda işləyən adını xatırlamadığı işçisi ilə Ziyanın yanına gəlib nə isə söhbət etmişlər, o, kənarda dayandığı üçün onların söhbətinin hansı mövzuda olduğunu bilməmişdir. Bundan sonra, Cavid “Bənövşə” restoranının sahibi Şahid2 yanına getmiş, az sonra yenə qayıdıb Ziya ilə yenə də nə barədəsə söhbət edib yenidən qayıtmışdır. Bundan sonra, Şahid2 özü Zərərçəkmiş şəxs yanına gəlmişdir. Həmçinin, Cavid və restoranda işləyən adını bilmədiyi 3 nəfər şəxs də Zərərçəkmiş şəxs yanına gəlmişlər. Həmin vaxtı, o, işi ilə məşğul olduğuna görə onların arasında nə barədə söhbət getdiyini eşitməmişdir. Lakin, əl-qol hərəkətlərindən hiss etmişdir ki, onlar mübahisə edirlər. Az sonra, Çingiz və Ziya nə isə barədə mübahisə edəndə Cavid onlara yaxınlaşaqaq Ziya ilə tutaqlaşmışdır. O, isə bu hadisəni kənardan görsə də özü ürək xəstəsi və şəkər xəstəsi olduğuna görə onları ayırmaq üçün yaxınlaşmamışdır. Çünki, fikirləşmişdir ki, yaxınlaşsa, həm onların yumruğu ona da dəyə bilər və əsəbindən şəkərinin miqdarı qalxa bilər. Buna görə də həmin dalaşma yerinə yaxınlaşmamış və öz işi ilə məşğul olmağa davam etmişdir. Həmin vaxtı restoranda işləyən işçilər onları aralaşdırandan sonra dalaşma qurtarmış, onlar öz restoranına qayıtmışlar. Ziya da Şahid3la birlikdə Polisə şikayət edəcəyini deyib çıxıb getmişdir. O, Çingizin Ziya ilə ancaq mübahisə etməsini, Cavidin isə onu vurmasını, digər şəxslərin isə ayırmasını görmüşdir. Onun işi ilə bağlı başı qarışıq olanda dalaşmanın daha sonra necə davam etdiyini görməmişdir. Şahid5, traktorçu Sədi və Kamaz maşınını idarə edən adını bilmədiyi şəxs orada olmuşlar. Həmçinin, ətrafda kimlərin olmasını xatırlamır. Sadaladıqları şəxslərdən heç birinin əlində o, hər hansı bir alət görməmişdir. O, Ziyanın telefonunun əzilib-əzilməməsini də görməmiş, lakin onların dalaşması zamanı söyüş səslərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, rəsmi olaraq heç yerdə işləməsə də, xx xxxxxx 2020-ci il tarixədək Bakı şəhər sakini olan Zərərçəkmiş şəxs Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 125-126-cı km-də yolun sağ tərəfində Şahid2 məxsus “Bənövşə” restoranının yanında tikdirdiyi restoranda axşam saat 19 radələrindən səhər saat 08 radələrinə kimi mühafizəçi işləmiş lakin, həmin tarixdən işdən çıxmışdır. Həmin tikintidə Şamaxı rayon sakini Şahid6 nəzarətçi işləmiş, tikinti işləri qurtardığı üçün zibillərin daşınması mərhələsi başladığına görə, Zərərçəkmiş şəxs dəvəti ilə Sədi adlı şəxs yükləyici traktorçu işləmiş, Sədi yükləyici traktoru ilə adını bilmədiyi şəxsin idarə etdiyi Kamaza zibilləri yükləyib daşımışdır. Daha sonra bildirmişdir ki, o, həmin yerdə gecələr mühafizəçi işlədiyi vaxtı gündüzlər özünə məxsus “Opel Astra” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksiçilik etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində avtomobili ilə Şamaxı şəhərinə müştəri gətirmiş, sonra da Muğanlı kəndinə müştəri olmadığı üçün saat 12 radələrində tək halda kəndlərinə qayıdanda həmin vaxtı mühafizəçi işlədiyi obyektin qarşısında obyekti inşa etdirən Zərərçəkmiş şəxs görüb onunla görüşmək üçün avtomobilini yolun kənarında saxlayıb düşüb onların yanına getmiş, həmin vaxtı Vidadi və Sədi orada olmuşlar, o, gələndən sonra kamaz sürücüsü də gəlmişdir. Eyni zamanda Zərərçəkmiş şəxslə birlikdə adının Şahid3 olduğunu sonradan bildiyi şəxs də kənada durmuşlar. Onlarla salamlaşmışdır. Bu vaxtı, “Bənövşə” restoranının sahibi Şahid2 qardaşı oğlu Təqsirləndirilən şəxs əvvəlcə restoranda işləyən adının Zöhrab olduğunu bildiyi işçisi ilə Ziyanın yanına gəlib nə isə söhbət etmişlər, o, kənarda dayansa da nə isə yerin qazılması ilə bağlı narazılıq barədə danışdıqlarını bilmişdir. Bundan sonra, Cavid “Bənövşə” restoranına tərəf qayıtmışdır. O, orada olarkən bir qədər sonra görmüşdür ki, “Bənövşə” restoranının sahibi Şahid2 da Ziyanın yanına gəlmiş, həmçinin onun qardaşı oğlu və sonradan adının Zöhrab olduğunu bildiyi işçisi, yumrusifət bir nəfər şəxs də gəlmişlər. Şahid2 Ziya ilə yenə də yerin qazılması barədə söhbət edib mübahisə etməyə başlamışlar. Bu vaxtı, onun telefonuna zəng gəlmiş, görmüşdür ki, zəng edən əsgərlikdə olan oğludur. Buna görə də mübahisə səs- küyündən telefonla rahat danışa bilməyəcəyini görüb bir qədər kənara aralaşıb oğlu ilə telefonda danışmışdır. Telefon danışığını qurtarıb qayıdanda görmüşdür ki, Ziya, onun dostu Şahid3, Bənövşə restoranın sahibi Şahid2, onun qardaşı oğlu Cavid və restoranın işçiləri Zöhrab, adını bilmədiyi yumrusifət oğlan bir yerə toplaşmışlar, görmüşdür ki, Şahid2 və Cavid Ziya ilə tutaqlaşıblar, yumrusifət oğlan da onları ayırıb Bənövşə restoranına tərəf aparmağa çalışmışdır. Bundan sonra onlar aralaşıb getmişlər. O, konkret olaraq Ziyanın kim tərəfindən vurulmasını görməsə də onların tutaqlaşmasını görməmişdir. Bundan sonra o, da orada qalmayıb çıxıb getmişdir. O, Çingizin Ziya ilə əvvəlcədən mübahisə etməsini görmüş, sonra telefonla danışıb hadisə yerinə qayıdanda artıq dalaşma bitmiş və orada olan yumrusifət oğlan Şahid2la Cavidi Ziyadan aralaşdırıb aparmışdır. O, Ziyanın konkret olaraq kim tərəfindən vurulmasını görə bilməmiş, çünki, o, dalaşmanın sonunda ora çatmışdır. Bildirmişdir ki, Vidadi, traktorçu Sədi və Kamaz maşınını idarə edən adını bilmədiyi şəxs orada olmuşlar. Həmçinin, Bənövşə restoranın sahibi Şahid2, onun qardaşı oğlu Cavid, restorandan gələn Zöhrab və adını bilmədiyi yumrusifət oğlan orada olmuşlar, ətrafda kimlərin olmasını xatırlamadığını bildirmişdir. Sadalanan şəxslərdən heç birinin əlində hər hansı bir alət görməmişdir. O, telefonla danışan vaxtı onların hər hansı bir alət götürüb-götürədiyini dəqiq deyə bilməmiş, lakin o, qayıdanda da onların əlində hər hansı bir alət görməmişdir. O, Cavidin konkret olaraq Ziyanı vurmasını görməsə də istər əvvəldən, istərsə də sonradan Cavidin əlində nə atverka, nə də ki, başqa bir alət görməmişdir. O, Ziyanın telefonunun da əzilib-əzilməməsini görməmiş, lakin onların dalaşması zamanı söyüş səslərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Füzuli oğlu şahid Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə islasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda göstərdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostu və qohumudur. Ziya kommersiya fəaliyyəti ilə məşğul olmaq istədiyindən 2019-cu ildə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 126-cı km-də yolun sağ tərəfində torpaq sahəsini rəsmi olaraq alıb həmin sahədə restoran inşa etdirməyə başlamış, lakin hələlik işlər davam etdiyinə görə fəaliyyət göstərməmişdir. Həmin yerin yanında təxminən 20-25 metr aralıda “Bənövşə” adlı restoran fəaliyyət göstərir. Bildiyinə görə Ziya həmin ərazidə iş görməyə başlayan vaxtdan “Bənövşə” restoranın müdiri Çingiz adlı şəxs mütəmadi olaraq Ziyanı sözlə hədələyərək həmin yerdə kafe tikməyinə mane olmağa çalışmışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə o, Ziya ilə birlikdə Şamaxı rayonuna gəlib restoran inşa etdirdiyi yerə getmişdir ki, işlərə nəzarət etsinlər. Həmin vaxtı, işlərə nəzarət edən nəzarətçi (prorab) işləyən və Şamaxı şəhərində yaşayan Vidadi, mühafizəçi, traktorçu və Kamaz sürücüsü işləmişlər. O, da kənardan dayanıb işləri müşahidə etmişdir. Bu vaxtı, “Bənövşə” restoranı tərəfdən iki nəfər şəxs onların yanlarına gəlmişlər. Həmin şəxslərdən biri özünü təqdim edib restoranın müdiri Çingizin qardaşı oğlu olduğunu bildirmiş, digəri isə Çingizin dostu və işçisi olduğunu demişdir. Onlarla söhbət zamanı, qardaşı oğlu Ziyanı əmisi Çingizin çağırmasını bildirmişdir. Ziya da ona demişdir ki, “mənə sözü varsa özü gəlsin”. Onlar başqa bir söz deməmişlər. Həmin vaxtı, Çingizin qardaşı oğlu restorana tərəf getmiş, digəri isə onların yanlarında qalmışdır. Az sonra, Çingizin qardaşı oğlu yanlarına gəlmiş, onun ardınca da restoranın müdiri Çingiz yanında tanımadığı iki nəfər işçisi ilə gəlmiş, beləcə onlar 5 nəfər olmuşlar. Restoranın sahibi Çingiz onun yanına çatmamış artıq Ziyanın ünvanına nalayiq və dəyilməsi mümkün olmayan təhqiramiz ifadələrlə Ziyanı təhqir edərək yaxınlaşmışdır. Ziya da ona “ağsaqqal adamsan, qardaşın oğlu və camaat burdadır, söyüş söymə” sözlərini demişdir. Ziyanın bu sözlərinə baxmayaraq, həmin Çingiz adlı şəxs yenə də söyüşlərini davam etdirmiş və hətta şamaxılıları ümumi olaraq söyüb təhqir edib demişdir ki, guya şamaxılılar Ziyanın arxasında dayanıb müdafiə edirlər ki, o, burada restoran tikir. Ziya isə həmin Çingiz adlı şəxsi sakitləşməyə dəvət etmiş və ona “kişiliyin olsun, belə danışma, şamaxılıların çörəyin yeyirsən” sözlərini demişdir. Lakin, Çingiz adlı şəxs öz nalayiq söyüşlərini saxlamaq əvəzinə yenə də söyüş söyməyə davam etmiş və Ziyaya lap yaxınlaşanda qəflətən Çingiz sağ əli ilə Ziyanın sol sifət nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən Ziya müvazinətini itirib arxaya getmiş, bu vaxtı Çingiz adlı şəxsin qardaşı oğlu və digər şəxslər olmaqla 4 nəfər şəxs Ziyanın üztünə hücum çəkib onu döyməyə başlamışlar, o, da Ziyaya kömək etmək istəyəndə həmin şəxslərdən digər 1 nəfər şəxs qəflətən onun boğazından yapışıb tutub boğaraq onun Ziyaya köməlik etməsinə mane olmuşdur. Onlar Ziyanı vuranda isə Ziya özünü müdafiə etməyə çalışmışdır. Həmin şəxslər Ziyanı döydüyü vaxtı, Ziya həmin şəxsələrə “polisə deyəcəm” sözlərini demiş, bu vaxtı Çingiz əli ilə Ziyanın əlində olan telefonu vurub yerə salmış, nəticədə telefonun arxa hissəsinin kamerası və qabaq qoruyucu şüşəsi sınmış, lakin həmin vaxtı Ziya telefonu götürə bilməmişdir. Bu vaxtı, o, görmüşdür ki, qardaşı oğlunun əlində atverka var, həmin atverka təxminən 15 sm uzunluqda narıncı rəngli, ucu biz formalı atverka olmuş, buna görə Ziyaya tərəf qışqıraraq “Ziya, .səni atverka ilə vurmaq istəyir” sözlərini demişdir. Lakin Çingiz adlı şəxsin qardaşı oğlu atverkanın arxa plasmas hissəsi ilə Ziyanın başından vurmuş, buna görə də Ziya özünü müdafiə etmək üçün dərhal əli ilə həmin şəxsin əlindən vurub atverkanı yerə salmışdır. Bundan sonra Ziya onlara müqavimət göstərə bilməyəcəyini görüb qaçmağa başlamışdır. Ziya qaçandan sonra onlar həmin yerdə qalmışlar və onu buraxmışlar, o, da Ziyanın telefonunu yerdən götürüb onun yanına gəlmiş, Ziya da kənardan onlara polisə müraciət edəcəyini bildirmiş, hətta Çingiz də Ziyaya “deməyənin var....” sözlərini deyib polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra da Ziya Şamaxı RPŞ-nə ərizə vermişdir. Həmin dalaşma xx xxxxxx 2020-ci il tarixdə, saat 12:10-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 126-cı km-də yolunun sağ tərəfində Bənövşə restoranının yaxınlığında Ziyanın inşa etdirdiyi işləməyən restoranın qarşısında baş vermiş, münaqişə təxminən 10 dəqiqədən çox vaxtda davam etmişdir. Bildirmişdir ki, Ziyanın inşa etdirdiyi restoranda nəzarətçi (prorab) işləyən və Şamaxı şəhərində . yaşayan Vidadi, mühafizəçi, traktorçu və Kamaz sürücüsü yanlarında olmaqla və hadisənin şahidi olmuşlar. Ətrafda isə kimlərinsə olmasını bilmədiyini bildirmişdir. Onu Çingiz adlı şəxsin işçisi olan adını bilmədiyi şəxs boğazından tutub sıxmaqla ona xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2020-ci il tarixli 294 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ və sol almacıq nahiyyələrinin, başın ənsə nahiyyəsinin qançırları küt əşya təsirindən kənar şəxs tərəfindən törənməklə xx.xx.2020-ci il tarixdə yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı- ayrılıqda və ya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli 2397 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 14 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, ünvan 2 saylı evdə qeydiyyatdadır və həmin ünvanda yaşayır. Yaşadığı müddətdə qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan AZ-İ 577082 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə 26 iyul 202-cu ildə nikahlarını bağlamışlar, ərə Ağammədov, arvada Ağammədova soyadı verilmişdir. İş materiallarında olan AZE 12513943 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağammədov Ağamməd xx xxxxxxx 2011-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ağammədova Nuranədir. İş materiallarında olan AZE 12513944 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağammədova Nərgiz xx xxxx 2013-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ağammədova Nuranədir. İş materiallarında olan Azərbaycan Respubikası DİN-nin baş əməliyyat və statistik informasiya idarəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, öhdəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul cəmi, 60(altmış) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 1200(bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul cəmi, 60(altmış) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar