Məhkəmə qərarları › İş №1(074)-10/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-10/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-10/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şamaxı rayon X8 Hüquqi Şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistik bölməsinin tibbi statistiki işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 70, mənzil 84-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində tibbi statistik işlədiyi ünvan 2 ünvanında yerləşən Şamaxı Rayon X8 Hüquqi Şəxsin inzibati binasının 1ci mərtəbəsindəki Qeydiyyat Şöbəsinin foyesində olarkən bir müddət əvvəl polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etməsinin həmin xəstəxanada cərrahiyyə şöbəsinin əməliyyatxana bölməsində tibb bacısı işləyən Zərərçəkmiş şəxs tərəfindən təşkil edilməsini səbəbsiz olaraq güman edərək əsəbiləşib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun üzərinə hücum çəkib əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən vuraraq ona başın təpə nahiyəsində, qansızmalı olan sahə (fiziki güc təsirindən yolunması), sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri və sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmçinin, o, 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən Şamaxı Rayon X8 Hüquqi Şəxsin inzibati binasının 1ci mərtəbəsindəki Qeydiyyat Şöbəsinin foyesində insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etməsinin həmin xəstəxanada cərrahiyyə şöbəsinin əməliyyatxana bölməsində tibb bacısı işləyən Zərərçəkmiş şəxs tərəfindən təşkil edilməsini səbəbsiz olaraq güman edərək əsəbiləşib həmin yerdə çoxlu sayda şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətmiş, mübahisəni davam etdirərək əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən vuraraq ona başın təpə nahiyəsində, qansızmalı olan sahə (fiziki güc təsirindən yolunması), sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən və sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə və Zərərçəkmiş şəxs əynindəki xalatı dartıb ayrı-ayrı 3 (üç) hissədən cırmaqla şəxslər üzərində zor tətbiq olunması ilə, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, ünvan 1-də yaşayır. O, Şamaxı Rayon Mərkəzi X1 tibbi statistiki vəzifəsində işləyir. Zərərçəkmiş şəxs da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işləyir. Zərərçəkmiş şəxs ilə onun əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır, münasibəti normal olmuşdur. Eşitdiyinə görə, Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət edərək küçədə hərəkət etməməsi barədə bildirmişdir. Belə ki, 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işində olarkən xəstəxananın Qeydiyyat Bölməsinin 1-ci mərtəbəsindəki foyesindən keçən vaxtı, Zərərçəkmiş şəxs onu görüb heç bir səbəb olmadan təhqiramiz ifadələr işlədib onu söyüb təhqir etmiş və Zərərçəkmiş şəxs onu təhqir edən kimi ikinci mərtəbəyə qalxan hissədə qapıya yaxınlaşmış, o, da qapıya yaxınlaşıb Zərərçəkmiş şəxs onu nə səbəbə söyməsini soruşanda, Zərərçəkmiş şəxs onu yenə də söyüb təpiklə sol ayağından zərbə vurmuş, həmin vaxtı Zərərçəkmiş şəxs əl atıb onun koftasını və jaketini dartıb cırmış, o da özünü müdafiə edərək əli ilə Zərərçəkmiş şəxs özündən kənarlaşdırmışdır ki, Zərərçəkmiş şəxs onun saçını yolmasın. O, Zərərçəkmiş şəxs uzaqlaşdıranda Zərərçəkmiş şəxs da əlləri ilə onun boynundan, sol qolundan vurub ona xəsarət yetirmişdir. Həmin vaxt foyedə olan şəxslər hadisə yerinə yaxınlaşıb onları aralaşdırmışlar. O, da polisə şikayət etmişdir. Həmin vaxtı xəstəxanada işləyən bir neçə işçilər orada olmuş, lakin həmin vaxtı o, həyəcanlı olduğundan orada olan şəxslərin konkret olaraq kimlər olmasını xatırlamamışdır. Həmin dalaşma 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasının birinci mərtəbəsində Qeydiyyat Bölməsinin foyesində baş vermiş, həmin dalaşma və mübahisə 2-3 dəqiqə ərzində davam etmişdir. O, həmin vaxtı Zərərçəkmiş şəxs döyməmiş, həmin vaxtı o, ancaq özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmışdır. Əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin əməliyyatxana bölməsində tibb bacısı işləyir. 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işində olarkən xəstəxanada işləyən Təqsirləndirilən şəxs qəflətən üzərinə gəlib ona “sən Sədini mənim üstümə göndərimisən?” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs “Sədi kimdir, mən heç kimi sənin üstünə göndərməmişəm” sözlərini desə də, Təqsirləndirilən şəxs onun sözlərinə fikir vermədən qəflətən üzərinə hücum çəkmiş, Təqsirləndirilən şəxs əvvəlcə onu deyilməsi mümkün olmayan təhqiramiz və nalayiq ifadələrlə təhqir edib, sonra əlləri ilə saçından yapışıb dartıb sürüyərək yerə yıxmış, sonra Təqsirləndirilən şəxs yumruq və sillə zərbələri ilə onun sifət, baş, boyun, sol əl və bədəninin müxtəlif nahiyələrindən dəfələrlə zərbələr vurub ona xəsarət yetirmişdir. Həmin vaxt xəstəxanada olan digər işçilər araya girib Təqsirləndirilən şəxs tutub ondan uzaqlaşdırmışlar. Həmin vaxt hadisə yerində xəstəxanada işləyən Şahid4 Sahalı qızı, Şahid3, Şahid6, Şahid8, X10, Şahid5, Şahid2, Şahid7 və digəriləri olmuşdur. Həmin dalaşma 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasının birinci mərtəbəsində baş vermişdir, həmin dalaşma və mübahisə 10 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs onun barəsində yalan məlumat vermişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs döyməmiş, o, ancaq özünü Təqsirləndirilən şəxs müdafiə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun saçından bərk yapışıb onu döyəndə o, çox dartınmamışdır ki, Təqsirləndirilən şəxs onun saçını daha artıq yolub ona daha çox xəsarət yetirməsin. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikyətçidir, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, Şamaxı Rayon Mərkəzi X2 müdiri işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işləyirlər, onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamış, onların hər ikisi ilə münasibəti normal olmuşdur. 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işində-xidməti otağında olmuş, bu vaxtı o, qeydiyyat bölməsinin foyesində səs-küy eşidib ora çıxanda görmüşdür ki, foyedə səs-küy yaradan şəxs xəstəxanada işləyən Təqsirləndirilən şəxsdır, həmin vaxt Təqsirləndirilən şəxs xəstəxanada işləyən Zərərçəkmiş şəxs döyür. Həmin vaxtı orada olan şəxslər Təqsirləndirilən şəxs tutub kənarlaşdırmaq istəsələr də, Təqsirləndirilən şəxs dartınaraq Zərərçəkmiş şəxs bir neçə əl zərbələri vurmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əlində hər hansı bir əşya, alət və digər predmet görməmişdir. Lakin hadisəni dəqiq deyə bilər ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əl zərbələri ilə Zərərçəkmiş şəxs vurub döymüşdür. Həmin vaxt o, xidməti otağında olmuş, səs-küy eşidib hadisə yerinə gələndə həmin hadisənin şahidi olmuş, hadisə yerinə gələndə orada xəstəxanada işləyən çoxlu şəxslərin hadisə yerində olduqlarını və hadisənin şahidi olmalarını görmüşdür, həmin vaxtı qarışıqlıq olduğuna görə çoxlu adamlar hadisə yerinə toplaşdıqlarından o, həmin vaxtı orada konkret hansı işçilərin olmasını dəqiq deyə bilməmiş, lakin qeydiyyat bölməsinin işçiləri orada olmuşdur. Həmin dalaşma 08 oktyabr 2021-ci il tarixdə, saat 10:20 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasında stasionar binanın daxilində 1-ci mərtəbədə qeydiyyat bölməsinin foyesində baş vermişdir, həmin dalaşma və mübahisə 10-15 dəqiqə ərzində davam etmişdir. O, hadisəyə heç bir müdaxilə etməmiş və ancaq kənardan iş yerindən durub baxmışdır. Orada olan bir çox işçilər onları aralaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7, Şahid3 və Şahid5 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X11 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində şahid X5 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid X11 məhkəməyə ərizə göndərərək, hamilə olduğunundan məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid8 Əslan qızı məhkəməyə ərizə göndərərək, hadisə vaxtı xidmət otağında olduğunu, heç bir şey görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verib göstərdi ki, Şamaxı Rayon Mərkəzi X3 nəzarətçisi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işləyirlər, onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamış, hər ikisi ilə münasibəti normal olmuşdur. 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində, o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xəstəxananın ikinci mərtəbəsində xidmət yerində olarkən, həmin vaxtı saat 10:20 radələrində, xəstəxananın Qeydiyyat Bölməsinin foyesində birinci mərtəbədə səs-küy eşidib hadisə yerinə gələndə orada xəstəxanada işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tutaqlaşdığını görüb onlara yaxınlaşıb aralaşdırmağa başlamışdır. Həmin vaxtı, ondan başqa bir neçə nəfər şəxs də dalaşanlara yaxınlaşıb aralaşdırmağa başlamışlar. Az müddət ərzində Təqsirləndirilən şəxs tutub kənara çəkmiş, bundan sonra, dalaşma sona çatmışdır. Həmin vaxtı hadisəyə görə səs-küy yarandığından çoxlu şəxslər hadisə yerinə toplaşaraq qarışıqlıq olmuşdur. Həmin dalaşma zamanı xəstəxanada işləyən çoxlu şəxslər orada olmuş və hadisənin şahidi olmuşdur, həmin vaxtı qarışıqlıq olduğuna görə o, həmin vaxtı orada konkret hansı işçilərin olmasını dəqiq deyə bilmir. Həmin dalaşma 08 oktyabr 2021ci il tarixdə saat 10:20 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasında stasionar binanın daxilində 1-ci mərtəbədə qeydiyyat bölməsinin foyesində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şamaxı Rayon Mərkəzi X4 mühafizəçisi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işləyirlər, onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onların hər ikisi ilə münasibəti normal olmuşdur. Belə ki, 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında işində olarkən qapıda durub qeydiyyat bölməsinə keçən vətəndaşlara nəzarət edərək işini icra edən zaman, həmin vaxtı saat 10:20 radələrində, xəstəxanada binanın daxilində 1-ci mərtəbədə qeydiyyat bölməsinin foyesində xəstəxanada işləyən Təqsirləndirilən şəxs səsini eşitmiş, Təqsirləndirilən şəxs uca səslə kiminsə ünvanına nə isə demişdir, həmin vaxtı Təqsirləndirilən şəxs kalidorda uca səslə danışaraq əli ilə Zərərçəkmiş şəxs tutub qeydiyyat bölməsinin foyesinə dartıb çıxarmış və onların arasında münaqişə başlamış, həmin vaxtı o, dalaşmanı sakitləşdirmək üçün onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs orada Zərərçəkmiş şəxs ilə tutaqlaşanda, o və orada olan şəxslər həmin şəxsləri aralaşdırmağa başlamışlar. Həmin vaxtı o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əlində hər hansı bir alət görməmiş, hadisəyə görə səs-küy yarandığından çoxlu şəxslər toplaşaraq qarışıqlıq olmuş, sonra da onlar aralaşdırılmışlar. Bildirmişdir ki, həmin vaxtı o, qeydiyyat bölməsinin yaxınlığında qapıda vətəndaşların keçidinə nəzarət etmiş, orada xəstəxanada işləyən çoxlu şəxslər hadisə yerində olmuşlar və hadisənin şahidi olmuşlar, həmin vaxtı qarışıqlıq olduğuna görə çoxlu adamlar hadisə yerinə toplaşdıqlarına görə o, həmin vaxtı orada konkret hansı işçilərin olmasını dəqiq deyə bilmir. Həmin dalaşma 08 oktyabr 2021-ci il tarixdə, saat 10:20 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasının binasının daxilində 1-ci mərtəbədə, qeydiyyat bölməsinin foyesində baş vermişdir, həmin dalaşma və mübahisə 10-15 dəqiqə ərzində davam etmişdir. O, hadisə vaxtı onları aralaşdırmaq üçün hadisə yerinə yaxınlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, HK-1/1050, 1051 nömrəli araşdırma materialalrı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi və götürmə haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayon Mərkəzi Xəstəxanasının 1-ci mərtəbəsində yerləşən Qeydiyyat Şöbəsinin foyesində baxış keçirilmiş, hadisə yerində baxış keçirilərkən, hadisə yerində vətəndaşlar mütəmadi olaraq hərəkət etməklə və eləcə də hadisə yerinin təyinatına görə hadisə yerinin ictimai yer olması müəyyən edilmişdir. Eləcə də, baxış keçirilən zaman Şamaxı rayon Mərkəzi Xəstəxanasının müşahidə kameralarında Xəstəxananın 1-ci mərtəbəsində yerləşən Qeydiyyat Şöbəsinin foyesində baş verən hadisə zamanı qeydə alınmış görüntü iş üçün əhəmiyyət kəsb etdiyindən həmin görüntü 01 ədəd DVD diskin yaddaşına yazılaraq götürülmüşdür. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin 08 oktyabr 2021-ci il tarixli 378 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – boynun aşağı sol yan səthinin və sol bazunun 1/3-nin sıyrıqları (cızıqları) küt əşya təsirindən törənmişlər, yetirilmə müddəti 08.10.2021-ci il tarixə uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının müşahidə kameralarının yaddaşında qeydə alınmış görüntü olan 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 01 ədəd DVD diskin yaddaşında – bir videogörüntü vardır. Həmin videogörüntüdən müəyyən edilmişdir ki, hadisə Şamaxı rayon Mərkəzi Xəstəxanasının 1ci mərtəbəsində yerləşən Qeydiyyat Şöbəsinin foyesində baş verməklə davam etmiş, həmin göruntü Şamaxı rayon Mərkəzi Xəstəxanasının müşahidə kameralarında qeydə alınmışdır. Görüntüdə görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs foyeyə açılan qapıdan foyeyə daxil olur, sonra ikinci mərtəbəyə qalxmaq üçün olan tərəfdə yerləşən qapıya tərəf əl-qol hərəkətləri edərək əsəbi formada yaxınlaşır, orada bir nəfər şəxsə (Zərərçəkmiş şəxs) əl-qol və təpik atır, sonra orada olan şəxslər onu tutub kənara çəkib qapını bağlayırlar, Təqsirləndirilən şəxs isə sağa-sola dartınaraq aralaşdıranların əlindən çıxıb yenidən qapını açıb Zərərçəkmiş şəxs əl-qol zərbələri vurur, orada olan şəxslər yenə də onu aralaşdırırlar, lakin Təqsirləndirilən şəxs təkrarən dartınaraq aralaşdıranların əlindən çıxıb yenidən qapını açıb Zərərçəkmiş şəxs əl-qol zərbələri vurur, onlar tutaqlaşıb foyenin mərkəzinə doğru çıxırlar, orada toplaşanlar onları aralaşdırırlar. Görüntüdə hadisə yerində və hadisə yerinin ətrafında çoxlu şəxslər görünür, həmin şəxslərdən bəziləri hadisəyə müdaxilə edərək aralaşdırır, bəziləri isə kənardan hadisəyə tamaşa edirlər. Görüntüdən kənarda olan şəxslərin şəxsiyyətləri dəqiq müəyyən edilməmişdir. “Maddi sübut kimi tanıma və saxlanca verilmə haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisənin görüntüləri olan 01 ədəd DVD diskə baxış keçirilməklə iş üzrə mühüm sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarında saxlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 19 oktyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 04.02.2015-ci il il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Şamaxı Rayon X8 hüquqi şəxsin 19 oktyabr 2021-ci il tarixli 1013 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şamaxı RNX-nın Ruhi-əsəb və Narkoloji dispanserlərində qeydiyyatda yoxdur. 21 oktyabr 2021-ci il tarixli götürmə aparılması haqqında qərardan və diskdən görünür ki, Təqsirləndirilən şəxs qzının təqdim etdiyi 1 ədəd jaket maddi sübut kimi götürülmüşdür. 24 oktyabr 2021-ci il tarixli götürmə aparılması haqqında qərardan və diskdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd tibbi xalat maddi sübut kimi götürülmüşdür. 25 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma və saxlaca verilmə haqqında qərardan görünür ki, cinayət işi üzrə qanunamüvafiq qaydada götürülməklə qablaşdırılaraq möhürlənmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarı - 1 ədəd tibbi xalatı və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarı - 1 ədəd jaketi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üşün Şamaxı rayon polis şöbəsində olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji X14 Hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 08.10.2021-ci il tarixli 377 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın təpə nahiyəsində, qansızmalı olan sahə (fiziki güc təsirindən yolunması), sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı, sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08.10.2021-ci il tarixə kənar şəxə tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən başın tüklü hissəsinin və sol gözün alt səthinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sol əng sümüyünün orbitanın aşağı-iç səthinin xətti sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir. “Cinayət əməlinin tövsif olunması haqqında” 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələri ilə davam etdirilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 noyabr 2021-ci il tarixli 3787 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il təvəllüdlü Atakişizadə Bəhram Xəqani oğlu, 2011-ci il təvəllüdlü Atakişizadə İsmayıl Xəqani oğlu və 2012-ci il təvəllüdlü X6 ilə Şamaxı şəhəri, H.Ciddi küçəsi, 7 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində yaşadığı müddətdə ailə üzvləri və qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X9 Publik Hüquqi Şəxsin T 45/2022 saylı canlı şəxsin təkrar ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin, sol gözün alt səthinin burun kökünə baxan hissəsinin qançırı, sol əng sümüyünün alveolyar çıxıntısında horizontal, xətti, yerdəyişməsiz sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08.10.2021-ci il tarixdə kənar şəxs tərəfindən vurulan zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sol əng sümüyünün yerdəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Başın təpə nahiyəsinin və sol gözün alt səthinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Şamaxı rayon ƏSMM tərəfindən 18 iyun 2015-ci il tarixdə veirlmiş 093533 saylı vəsiqədən görünür ki, Atakişizadə Bəhram Xəqani oğlunun sağlamlıq imkanı 18 yaşadək məhduddur. Şamaxı rayon ƏSMM tərəfindən 18 iyun 2015-ci il tarixdə veirlmiş 093534 saylı vəsiqədən görünür ki, Atakişizadə İsmayıl Xəqani oğlunun sağlamlıq imkanı 18 yaşadək məhduddur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı həmin yerdə çoxlu sayda şəxslərin olmasına əhəmiyyət vermədən öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt xəstəxanada olan işçilərə və xəstələrə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Eyni zamanda bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çaymayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən eyni cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrin sanksiyasında daha yüngül cəza növlərinə alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplanmalı və ona qəti cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübutlar - Şamaxı rayon Mərkəzi Xəstəxanasının müşahidə kameralarının yaddaşında qeydə alınmış hadisənin görüntüsü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs tibbi xalatı və Təqsirləndirilən şəxs jaketi sahiblərinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Qəhərman qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Qəhərman qızının üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Qəhərman qızının üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Qəhərman qızı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Qəhərman qızının Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar - Şamaxı rayon Mərkəzi Xəstəxanasının müşahidə kameralarının yaddaşında qeydə alınmış hadisənin görüntüsü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tibbi xalatı və Təqsirləndirilən şəxs jaketi sahiblərinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar