Məhkəmə qərarları › İş №1(074)-103/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-103/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-103/2021 27.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şamaxı şəhəri, M.Ə.Sabir küçəsi, 1 a saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əlisoltn oğlu xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 28 may 2021-ci il tarixdə, saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisindəki küçədə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək yaşayış evlərinin qarşısında gecə saatlarında tanışları ilə ucadan yüksək səslə mübahisə edib, səs-küy yaratmalarını onlara irad tutub ərazidən uzaqlaşmalarını tələb edən həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ətrafda kənar şəxslərin və yaşayış evlərinin olmasına əhəmiyyət vermədən ucadan nalayiq ifadələr işlətmiş, 10-15 dəqiqə ərzində mübahisəni davam etdirib heç bir əsaslı səbəb olmadan sonuncunun sağ göz nahiyəsinə qəsdən yumruqla vuraraq ona sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, sağ göz altı nahiyənin səthi yarası, sağ orbita inferior divarında göz divarı sümüyünün qəlpəli sınığı ilə nəticələnən zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi şifahi olaraq tanıyır, həmin şəxslə əvvəllər münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 27 may 2021-ci il tarixdə, saat 17:00 radələrində dostu Şahid2 ilə birlikdə balıq tutmaq məqsədilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən gölə getmişlər. 28 may 2021-ci il tarixdə saat 01:00 radələrində Rasim taksi kimi fəaliyyət göstərən Şahid1 zəng edib onları aparmasını xahiş etmişdir. Həmin tarixdə təxminən saat 01:30 radələrində Elçin onların olduqları yerə gəlmişdir. Həmin vaxt Şamaxı rayonu, Əngəxaran kənd sakini kimi tanıdığı Şahid5 avtomobilin ön sağ oturacağında sərnişin kimi əyləşmişdir. O və Rasim balıq tutmaq üçün gətirdikləri qıraları avtomobilin yük yürinə (baqacına) qoyub arxa oturacaqda əyləşmiş və oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Elçin idarə etdiyi avtomobili Şamaxı rayonu, Çuxuryurd kəndində “Çuxuryurd” tikinti materialları mağazasının yaxınlığında saxlayıb bir dəqiqəyə qayıdacağını demişdir. Onlar, yəni özü, Rasim və İlham avtomobildə Elçinin gəlməsini gözləmişlər. Bir neçə dəqiqə keçdikdən sonra hava almaq üçün avtomobildən yerə düşüb Elçinin gəlməsini gözləmişdir. Həmin vaxt Elçin qardaşı Rəşidlə söhbət edən zaman Şamaxı şəhər sakini kimi tanıdığı Nurlan adlı şəxs evdən çıxaraq Rəşidlə yüksək səslə danışıb “bunları buradan göndər getsin“ sözlərini dediyini eşitmişdir. Bu zaman o, Nurlana yaxınlaşıb buraya nəsə hadisə törətməyə gəlmədiklərini, Elçinin qardaşı Rəşidlə söhbət etdikdən sonra gedəcəklərini bildirmişdir. Həmin vaxt Nurlan onun üzərinə qışqıraraq mübahisə etməyə başlamış və əli ilə onu itələyib ondan getməyini tələb etmişdir. Mübahisə zamanı Rasim və İlham hadisə yerinə gəlib Nurlanı sakitləşdirməyə çalışsalar da, Nurlan sakitləşməyib onunla kobud danışmağa davam etmişdir. Nurlanın onunla kobud rəftar etməsindən əsəbləşib sağ əli ilə Nurlanın sağ göz nahiyəsinə bir dəfə yumruq vurmuş, yumruq vurduqdan sonra Nurlan yerə əyildiyindən o, əli ilə Nurlanın belinə toxunub ondan nə olduğunu soruşmuşdur. Nurlan ona cavab verməyib oradan uzaqlaşmaq istəyən zaman o, Nurlanı sakitləşdirib onun gözünə baxmaq istəmişdir. Nurlan isə ona qulaq asmadan yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt İlham, Elçin və Rasim onu avtomobilə otuzdurmuşlar və onlar hadisə yerindən uzaqlaşmışlar. Daha sonra o, eşitmişdir ki, Nurlan baş verən hadisə ilə bağlı barəsində Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı yuxarıda göstərdiklərindən başqa heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı orada ondan, Zərərçəkmiş şəxs, Şahid3, Şahid2, Şahid1, Şahid5 başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə baş verməmişdən əvvəl, yəni 27 may 2021-ci il tarixdə, saat 18:00 radələrində 500 ml. spirtli içki olan pivə içmişdir. O, Nurlanın sağ göz nahiyəsinə yumruqla vurduqdan sonra sonuncu yerə əyilmişdir. Həmin vaxt o, Nurlanın bel nahiyəsinə təpik vurmamış, əli ilə toxunub kömək etmək üçün ayağa qaldırmaq istəmişdir. Ola bilsin ki, Nurlan belinə təpik vurduğunu düşünüb izahatında belə demişdir. Həmin vaxt o, Nurlanın belinə sadəcə əli ilə toxunmuşdur. Həmin hadisə sadəcə Nurlanın onunla kobud danışıb əsəbləşdirməsi səbəbindən baş vermişdir. O, Nurlana hər hansısa xəsarət yetirmək fikrində olmamışdır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş hadisəyə kimi tanımamış, görməmiş, onunla arasında əvvəllər münasibətləri, ədavət və düşmənçilikləri olmamışdır. Şamaxı rayonu, Çuxuryurd kəndində onun özünə məxsus yaşayış evi vardır. Maddi vəziyyəti ilə bağlı o, həmin evi yay aylarında rayona gələn qonaqların yaşaması üçün kirayə verməklə çörək pulu qazanmışdır. Təxminən 3-4 gün öncə Əziz və Rəşid adlı tanışları Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evini bir günlük kirayə verməyini ondan xahiş etmişlər. Buna görə də, o, həmin evi 27 may 2021-ci il tarixdə günorta saatlarından 28 may 2021-ci il tarixdə günorta saatlarına kimi 50 manata kirayə verməyə razılaşmışdır. 27 may 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində Əziz və Rəşid adlı şəxslərlə görüşüb evin açarlarını onlara vermiş, həyətdə olan ona məxsus digər evə getmişdir. Bir neçə saat keçdikdən sonra kirayə verdiyi evin həyətində olan şəxslərin çoxaldığını görüb sonuncuların Əziz və Rəşid adlı şəxslərin qonaqları olduğunu düşünüb heç bir söz deməmişdir. O, 28 may 2021-ci il tarixdə, saat 02 radələrində küçə qapısının qarşısında səs-küy gəldiyini eşidib nə baş verdiyini bilmək üçün küçəyə çıxmışdır. Həmin vaxt Rəşid, sonradan adının Orxan olduğunu bildiyi şəxs, Rəşidin adını bilmədiyi qardaşı və əlavə iki nəfər tanımadığı şəxsin bir-birləri ilə mübahisə etdiklərini görmüşdür. O, mübahisəyə müdaxilə etmədən evə qayıdıb Əzizə bildirmişdir ki, küçədə Rəşid adlarını bilmədiyi şəxslərlə mübahisə edir. Həmin vaxt o, Əzizə onu da bildirmişdir ki, “ətrafda yaşayan qonşular narahat olacaqlar, onları uzaqlaşdırmaq lazımdır”. Həmin vaxt Əziz Rəşidə zəng edib mübahisəni dayandırmalarını istəyib telefonu söndürmüşdür. Buna baxmayaraq Rəşidlə digər şəxslərin söhbət etməyə davam etdiklərini eşidib hadisə baş verə biləcəyindən narahat olduğu üçün həmin şəxsləri evinin qarşısından uzaqlaşdırmaq üçün küçəyə çıxmışdır. Həmin vaxt Orxan və digər tanımadığı şəxslər ona tərəf yaxınlaşmışlar. O, Rəşidə həmin şəxsləri tanımadığını deyib onları yola salmasını xahiş etmiş, narahat olduğunu, evinin qarşısında insanların toplanmasını istəmədiyini demişdir. Orxan, “VAZ-2106” markalı avtomobilin sürücüsü ona yaxınlaşıb mübahisə etməyə başlamışlar. Mübahisə zamanı həmin şəxslərdən spirtli içki iyi gəldiyini hiss edib sərxoş olduqlarını bildiyi üçün onlardan sakit tərzdə çıxıb getmələrini xahiş etmişdir. Lakin Orxan adlı şəxs və dövlət qeydiyyat nişanını görmədiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü mübahisələrinə davam etmişlər. O, həmin şəxslərə mübahisə etmək istəmədiyini deyib çıxıb getmələrini xahiş etmişdir. Hadisə baş verməməsi üçün həyətə daxil olmaq məqsədilə küçə qapısını açmaq istəmiş, lakin Orxan adlı şəxs qapını tutub həyətə daxil olmağına imkan verməmişdir. O, Orxan adlı şəxsə heç nə demədən digər küçə qapısı istiqamətinə getməyə başlamışdır. Həmin vaxt Orxan adlı şəxs gözləmədiyi anda sağ göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və o, zərbənin təsirindən yerə oturmuşdur. Təxminən 5-10 saniyə keçdikdən sonra ayağa qalxmaq istədikdə Orxan adlı şəxs bel nahiyəsindən bir dəfə təpiklə vurmuş və o, müvazinətini itirib yerə yıxılsa da dərhal ayağa qalxıb küçə qapısına doğru qaçıb həyətə daxil olmuş və qapını bağlamaq istəmişdir. Orxan adlı şəxs arxasınca gəlib qapını açaraq həyətə daxil olmuş, lakin o, küçə qapısını bağlayıb Əziz olan evə daxil olub evindən getmələrini tələb etmişdir. Əziz küçəyə çıxıb dövlət qeydiyyat nişanını görmədiyi “VAZ-2107” markalı avtomobilə minərək oradan uzaqlaşmışdır. Həmin vaxt artıq Rəşid, Orxan, Rəşidin qardaşı adını bilmədiyi şəxs, “VAZ- 2106” markalı avtomobilin sürücüsü və digər bir nəfər şəxsin hadisə yerində olmadıqlarını görmüşdür. O, Əziz getdikdən sonra evə daxil olub bir qədər özünə gəldikdən sonra Şamaxı rayon polis şöbəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə baş verən zaman Əziz, Rəşid, sonuncunun adını bilmədiyi qardaşı və digər adını bilmədiyi şəxs ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. “VAZ-2106” markalı avtomobilin sürücüsü isə onunla yalnız mübahisə etmiş, lakin onu döyməmiş, hər hansı qanunsuz hərəkət etməmişdir. Orxan adlı şəxs isə sağ sifət nahiyəsinə yumruq, bel nahiyəsinə təpik vurmuşdur. Həmin hadisə zamanı o, Orxan adlı şəxsə və digər şəxslərə qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Həmin hadisə Şamaxı rayonu, Çuxuryurd kəndində, Şamaxı-Pirqulu yolunun kənarında yerləşən evinin qarşısında baş vermiş, hadisə zamanı hadisə yerində ondan, Əzizdən, Rəşiddən, sonuncunun adını bilmədiyi qardaşından, Orxandan, “VAZ-2106” markalı avtomobilin sürücüsündən və digər adını bilmədiyi şəxsdən başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Ona dəyən ziyan ödənildiyindən, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs şifahi olaraq tanımaqla, həmin şəxslərlə əvvəllər aralarında münasibət, ədavət, dava-dalaş olmamışdır. 28 may 2021-ci il tarixdə, saat 01:00 radələrində həmkəndlisi Şahid5 Şamaxı rayonu, Əngəxaran kəndinə aparan zaman bibisi oğlu Şahid2 ona zəng edərək Şamaxı rayonu, Çuxuryurd kəndində göl kənarənda olduğunu, Şamaxı şəhərinə aparmasını xahiş etmişdir. Rasimlə razılaşıb yoluna davam etmiş, bir neçə dəqiqə keçdikdən sonra qardaşı Şahid3 ona zəng edərək siqaretinin qurtardığını, siqaret alıb gətirməsini xahiş etmiş, telefon danışığı zamanı Rəşidə bibisi oğlu Rasimin Çuxuryurd gölündə olduğunu, aparmaq üçün gələcəyini, gələrkən siqaret alacağını demiş, yolda gedərkən İlham Əngəxaran kəndində düşməyib birlikdə Çuxuryurd kəndinə getməyi təklif etmiş, o, İlhamın onunla getməsinə etiraz etməmiş və yoluna davam etmişdir. Şamaxı rayonu, Çuxuryurd kəndinə gedib Rasimlə görüşmüş, həmin vaxt Rasimin qonşusu kimi şifahi tanıdığı Təqsirləndirilən şəxs olduğunu görüb həmin şəxslə salamlaşmış, daha sonra Rasim və Orxan avtomobilin arxa oturacağına əyləşmiş və etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb Şamaxı şəhəri istiqamətində hərəkətə başlamış, həmin tarixdə, saat 02:00 radələrində Rəşidin dostu Şahid4 birlikdə qaldığı, Şamaxı-Pirqulu yolunun, Çuxuryurd kəndinin çıxışında yolun sol tərəfində qaldıqları evin yaxınlığında saxlayıb, Rəşidə zəng edərək siqareti gətirdiyini, küçəyə çıxmasını demişdir. Rəşid küçəyə çıxdıqdan sonra qonaqlarının Bakı şəhərinə qayıtdıqlarını, evdə Əzizlə birlikdə olduqlarını deyib söhbət etmiş, söhbət zamanı Orxan avtomobildən düşüb siqaret çəkməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Nurlan küçəyə çıxıb Rəşidə yaxınlaşaraq onun kim olduğunu soruşmuş, Rəşid Nurlana qardaşı olduğunu demiş, Nurlan onunla salamlaşıb aqressiv formada danışıb, niyə görə bura gəldiklərini soruşmuşdur. O, Rəşid üçün siqaret gətirdiyini, çıxıb gedəcəyini, əlavə mübahisəyə ehtiyac olmadığını demiş, lakin Nurlan ona qulaq asmayıb, Rəşidə onları göndərməsini, avtomobilinin yanındakıları da, avtomobilə mindirib buradan getməsini tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin Nurlana səslənib “burada hər hansı hadisə törətmədiklərini, sakit dayandıqlarını” demiş, Nurlan isə cavabında evinin qarşısında dayanmalarını istəmədiyini demişdir. Bundan sonra Orxan Nurlanla söhbət etməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Orxanın bir dəfə Nurlanın sağ göz nahiyəsinə yumruq vurduğunu, Nurlanın yerə oturduğunu görüb, dərhal Əziz, qardaşı Şahid3, avtomobilində sərnişin kimi əyləşən həmkəndlisi Şahid5 və qohumu Şahid2 hadisə yerinə gedib Orxanı həmin yerdən uzaqlaşdırıb avtomobilə mindirib həmin yerdən uzaqlaşdırarkən, həmin vaxt avtomobilində özü, Orxan, İlham və Rasim olmuş, Rəşid və Əziz isə Nurlanın yanında qalmışlar. Hadisədən bir neçə saat keçdikdən sonra Nurlanın Şamaxı rayon polis şöbəsinə Orxan barədə müraciət etməsindən məlumatı olmuşdur. O, həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid2, Şahid3, Şahid5 olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. O, həm taksi fəaliyyəti ilə məşğul olduğu üçün, həm də mədəsində problem olduğu üçün ümumiyyətlə spirtli içki qəbul etmədiyini, həmçinin baş vermiş hadisə zamanı da spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə yumruq vurmuş, həmin zərbədən sonra onlar Nurlanla Orxanı ayırmaq üçün hadisə yerinə getmişlər. Həmin vaxt Orxan Nurlana artıq hər hansı yumruq və təpik vurmamış, sadəcə Nurlanın belinə əli ilə toxunub, ayağa qalxmasına kömək etməyə çalışmış, ola bilsin ki, Nurlan belinə vurulduğunu düşünüb izahatında Orxanın belinə yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu, Zərərçəkmiş şəxs isə uzaq qohumu olmaqla, hər iki şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 27 may 2021-ci il tarixdə, saat 17:00 radələrində dostu Təqsirləndirilən şəxs ilə birlikdə balıq tutmaq məqsədilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən gölə getmişlər. 28 may 2021-ci il tarixdə, saat 01:00 radələrində yaşadıqları evə getmək üçün taksi kimi fəaliyyət göstərən xalası oğlu Şahid1 zəng edib onları aparmasını xahiş etmiş, təxminən 01:30 radələrində Elçin onların olduqları yerə gəlmiş, həmin vaxt avtomobildə Şamaxı rayonu, Əngəxaran kənd sakini kimi tanıdığı Şahid5 avtomobilin ön sağ oturacağında sərnişin kimi əyləşdiyini görüb salamlaşdıqdan sonra Orxanla balıq tutmaq üçün gətirdikləri qıraları avtomobilin baqacına qoyub arxa oturacaqda əyləşib oradan uzaqlaşmış, bir neçə dəqiqə keçdikdən sonra Elçin idarə etdiyi avtomobili Şamaxı rayonu, Çuxuryurd kəndində Çuxuryurd tikinti materialları mağazasının yaxınlığında saxlayıb bir dəqiqəyə qayıdacağını demiş, onlar, yəni özü, Rasim və İlhamla birlikdə avtomobildə Elçinin gəlməsini gözləmiş, bir neçə dəqiqə keçdikdən sonra Orxan siqaret çəkmək üçün avtomobildən düşmüş, bir müddət sonra Elçin getdiyi istiqamətdən səs gəldiyini eşidib, nə baş verdiyini bilmək üçün avtomobildən düşmüş, avtomobildən düşdükdən sonra Nurlanın evdən çıxıb Rəşidlə yüksək səslə danışıb “bunları buradan göndər getsin“ deməsini eşitmiş, həmin vaxt Orxan həmin Nurlana yaxınlaşıb buraya nəsə hadisə törətməyə gəlmədiklərini, Elçinin və Rəşidin söhbət etməsini, sözü qurtardıqdan sonra gedəcəklərini demiş, bundan sonra Nurlan Orxanın üstünə qışqırıb mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Orxanın bir dəfə Nurlanın sağ göz nahiyyəsinə yumruq vurduğunu, Nurlanın yerə oturduğunu görüb dərhal özü, Əziz, Şahid1, Şahid3, həmin vaxt Elçinin avtomobilində sərnişin kimi əyləşən Şahid5 hadisə yerinə gedib Orxanı həmin yerdən uzaqlaşdırıb, avtomobilə mindirib, oradan uzaqlaşmışlar. Həmin vaxt avtomobildə ondan başqa sürücü Elçin, Orxan və İlham olmuş, Rəşid və Əziz isə Nurlanın yanında qalmışlar. Hadisədən bir neçə saat keçdikdən sonra Nurlanın Orxan barədə Şamaxı rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. O, həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid1, Şahid3, Şahid5 olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə baş verməmişdən öncə 27 may 2021-ci il tarixdə, saat 18:00 radələrində 500 ml. qram spirtli içki olan pivə içmiş, hadisə baş verən zaman artıq pivənin təsiri keçmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur, həmin zərbədən sonra Nurlanla Orxanı ayırmaq üçün hadisə yerinə getmiş, həmin vaxt Orxan Nurlana artıq hər hansı yumruq və təpik vurmamış, sadəcə Nurlanın belinə əli ilə toxunub ayağa qalxmasına kömək etməyə çalışmış, ola bilsin ki, Nurlanın belinə vurduğunu düşünüb sonuncu izahatında Orxanın onun belinə yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımaqla həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs isə şifahi olaraq tanımaqla həmin şəxslə əvvəllər aralarında münasibət, ədavət, dava-dalaş olmamışdır. 27 may 2021-ci il tarixdə, səhər saatlarında dostu Şahid4 ilə Bakı şəhərində yaşayan otaq dostları ilə dincəlmək üçün Şamaxı rayonuna gəlmişlər. O, həmin şəxslərin dincəlməsi üçün Şamaxı rayonu, Çuxuryurd kəndində kirayə günlük ev tutmaq qərarına gəlmiş, buna görə də, tanışları Nurlana Çuxuryurd kəndində yerləşən evini bir günlük kirayə verməsini xahiş etmişdir. Nurlan evi bir günü 50 manata onlara kirayə vermiş, bundan sonra dostları ilə birlikdə evin həyətində yemək bişirib, dincəlmişlər. Həmin tarixdə axşam saatlarında Bakı şəhərindən gələn dostlarının təcili işləri çıxdığı üçün sonuncular Bakı şəhərinə getməli olmuş, lakin onunla Əziz həmin evdə qalmağa qərar vermişdir. 28 may 2021-ci il tarixdə, saat 01:00 radələrində siqaretləri qurtardığı üçün taksi fəaliyyəti ilə məşğul olan qardaşı Şahid1 zəng edib onlar üçün siqaret gətirməsini xahiş etmiş, telefon danışığı zamanı Elçin bibisi oğlu Şahid2 Çuxuryurd gölündə olduğunu, sonuncunu aparmaq üçün gələcəyini, gələrkən onun üçün siqaret alacağını demiş, həmin tarixdə, saat 02:00 radələrində evdə dincələrkən qardaşı Elçinin ona zəng etdiyini görüb telefona cavab vermiş, telefon danışığı zamanı Elçin küçədə dayandığını demişdir. Əzizə qardaşı Elçinin siqaret gətirdiyini, siqareti götürüb, qayıdacağını deyib evdən çıxmış və Elçinlə söhbət etməyə başlamışdır. Söhbət zamanı Orxan, həmkəndlisi Şahid5 və qohumu Şahid2 da Elçinin avtomobilindən düşüb dayanmışlar. Həmin vaxt Nurlan küçəyə çıxıb ondan bunların kim olduğunu və nəsə problem olub-olmamasını soruşmuş, o, Nurlana həmin Elçinin qardaşı olduğunu, onun üçün siqaret gətirdiyini dedikdən sonra gedəcəyini bildirmiş, lakin Nurlan ona həmin şəxsləri buradan dərhal göndərməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs kənardan Nurlana səslənib burada hər hansı hadisə törətmədiklərini, sakit dayandıqlarını demiş, Nurlan isə cavabında evinin qarşısında dayanmalarını istəmədiyini bilidrmişdir. Bundan sonra Nurlan və Orxan söhbət etməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Orxan bir dəfə Nurlanın sağ göz nahiyyəsinə yumruq vurmuş, Nurlanın yerə oturduğunu görüb dərhal özü, Əziz, qardaşı Şahid1, həmin vaxt Elçinin avtomobilində sərnişin kimi əyləşən həmkəndlisi Şahid5 və qohumu Şahid2 hadisə yerinə gedib Orxanı həmin yerdən uzaqlaşdırmış, Nurlanı ayağa qaldırıb nə olduğunu soruşmuş, həmin vaxt Nurlan heç nə olmadığını deyib evin həyətinə daxil olub arxasınca gəlməmələrini deyərək küçə qapısını bağlamışdır. O, Elçinə həmin yerdən Orxanı, İlhamı və Rasimi aparmasını demiş, daha sonra Əzizlə birlikdə Nurlana qapını açmasını, kömək etmək istədiklərini demişlər. Nurlan yenidən heç nə olmadığını, çıxıb getmələrini demiş, buna görə də Əzizin avtomobilinə minmiş və Əzizin idarə etdiyi “VAZ- 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu yaşadığı evə aparmışlar. Daha sonra isə Nurlanın Şamaxı rayon polis şöbəsinə Orxan barədə müraciət etməsindən məlumatları olmuşdur. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid2, Şahid1, Şahid5 olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Ümumiyyətlə o, hadisə baş verən tarixdə və digər tarixlərdə spirtli içki qəbul etməmiş, ümumiyyətlə o, spirtli içki qəbul edən deyil. Təqsirləndirilən şəxs həmin Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə bir dəfə yumruq vurmuş, o, həmin zərbədən sonra Nurlanı və Orxanı ayırmaq üçün hadisə yerinə getmiş, Orxan həmin vaxt Nurlana artıq hər hansı yuruq və ya təpik vurmamış, sadəcə Nurlanın belinə əli ilə toxunub ayağa qalxmasına kömək etməyə çalışmış, ola bilsin ki, Nurlan belinə vurulduğunu düşünüb izahatında Orxanın belinə yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs isə şifahi olaraq tanımaqla həmin şəxslə əvvəllər aralarında münasibət, ədavət, dava-dalaş olmamışdır. 27 may 2021-ci il tarixdə səhər saatlarında dostu Şahid3 ilə Bakı şəhərində yaşayan ortaq dostları dincəlmək üçün Şamaxı rayonuna gəlmişlər. Həmin şəxslərin dincəlməsi üçün Şamaxı rayonu, Çuxuryurd kəndində kirayə günlük ev tutmaq qərarına gəlmişlər. Buna görə də tanışları Nurlana Çuxuryurd kəndində yerləşən evini bir günlük kirayə verməsini xahiş etmişlər. Nurlan evi bir günü 50 manata onlara kirayə vermiş, bundan sonra dostları ilə birlikdə evin həyətində yemək bişirib dincəlmişlər. Həmin tarixdə axşam saatlarında Bakı şəhərindən gələn dostlarının təcili işləri çıxdığı üçün Bakı şəhərinə getməli olmuş, lakin onunla Rəşid həmin evdə qalmağa qərar vermişlər. 28 may 2021-ci il tarixdə, saat 01:00 radələrində siqaretləri qurtardığı üçün Rəşid taksi fəaliyyəti ilə məşğul olan qardaşı Şahid1 zəng edib onlar üçün siqaret gətirməsini xahiş etmiş, həmin tarixdə, saat 02:00 radələrində evdə dincələrkən Rəşidin mobil nömrəsinə zəng gəlmiş, Rəşid qardaşı Elçinin siqaret gətirdiyini, siqareti götürüb qayıdacağını deyib evdən çıxmış, bir neçə dəqiqə keçdikdən sonra Nurlanın həyətdən Rəşidi səslədiyini eşidib həyətə çıxaraq nə lazım olduğunu soruşmuş, Nurlan ona Rəşidin küçədə kimlərləsə söhbət etdiyini, həmin şəxslərin evinin qarşısında dayanmalarında narahat olduğunu, buna görə də Rəşidə həmin şəxsləri göndərməsi üçün zəng etməsini xahiş etmişdir. O, Nurlana narahat olmamasını, zəng edəcəyini deyib evə daxil olmuş və bir neçə dəfə Rəşidə zəng etsə də, sonuncu zənglərinə cavab verməmiş, buna görə də artıq Rəşidə zəng etməmiş, lakin evdə dayanmayıb küçəyə çıxmış, küçəydə olan zaman artıq Nurlanın və Orxanın Rəşidlə qardaşından bir qədər kənarda dayanıb mübahisə etmələrini görmüş, mübahisə zamanı Orxan bir dəfə Nurlanın sağ göz nahiyyəsinə yumruq vurmuş, bundan sonra Nurlan yerə oturmuş, dərhal özü, Rəşid, Rəşidin qardaşı Şahid1, həmin vaxt Elçinin avtomobilində sərnişin kimi əyləşən həmkəndlisi Şahid5 və Rəşidin qohumu kimi tanıdığı Şahid2 hadisə yerinə gedib Orxanı həmin yerdən uzaqlaşdırıb, Nurlanı ayağa qaldırıb, nə olduğunu soruşmuşlar. Həmin vaxt Nurlan heç nə olmadığını deyib evin həyətinə daxil olub arxasınca gəlməmələrini deyərək küçə qapısını bağlamış, küçə qapısı bağlı olduğu üçün məcbur olub həmin yerdən uzaqlaşmışlar. Həmin vaxt Rəşidlə birlikdə Orxanı, İlhamı və Rasimi Elçinin avtomobilinə mindirib hadisə yerindən uzaqlaşdırmış, daha sonra Rəşidlə birlikdə Nurlana qapını açmasını, kömək etmək istədiklərini demişlər. Nurlan isə yenidən heç nə olmadığını, çıxıb getmələrini demiş, buna görə də Rəşidlə birlikdə ona məxsus olan, idarə etdiyi “VAZ-2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin yerdən uzaqlaşaraq yaşadıqları evə getmişlər. Daha sonra isə Nurlanın Şamaxı rayon polis şöbəsinə Orxan barədə müraciət etməsindən məlumatı olmuşdur. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid3, Şahid2, Şahid1, Şahid5 başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Ümumiyyətlə hadisə baş verən tarixdə və digər tarixlərdə o. spirtli içki qəbul etməmiş, ümumiyyətlə o, spirtli içki qəbul edən deyil. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur, həmin zərbədən sonra Nurlanla Orxanı ayırmaq üçün hadisə yerinə getmiş, həmin vaxt Orxan Nurlana artıq hər hansı yumruq və təpik vurmamış, sadəcə Nurlanın belinə əli ilə toxunub ayağa qalxmasına kömək etməyə çalışmış, ola bilsin ki, Nurlan belinə təpik vurulduğunu düşünüb izahatında Orxanın belinə yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid5 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər tanımamaqla hər iki şəxslə münasibəti, ədavəti, dava-dalaşları olmamışdır. 28 may 2021ci il tarixdə saat 01:00 radələrində taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid1 onu idarə etdiyi “VAZ-2106” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu Əngəxaran kəndinə aparan zaman Elçin telefonla danışıb onu Əngəxaran kəndinə düşürdükdən sonra iki nəfər müştərinin Şamaxı rayonu, Çuxuryurd kəndindən gətirəcəyini demiş, Elçinə işi olmadığını, gölü görmək istədiyini deyib onu da aparmasını xahiş etmişdir. Elçin razılaşdıqdan sonra birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndinə doğru getməyə başlamış, yolda gedərkən Elçinin telefonuna yenidən zəng gəlmiş, Elçin telefonda danışan zaman danışdığı şəxsin Rəşid olduğunu, sonuncunun Elçindən siqaret alıb gətirməsini deməsini, Elçinin Çuxuryurd kəndinə doğru getdiyini, qayıdan zaman siqaret alacağını deməsini eşitmiş, bir neçə dəqiqə keçdikdən sonra Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən gölə çatmış, əvvəldən tanıdığı Şahid2 ilə Təqsirləndirilən şəxs görüb salamlaşmışdır. Daha sonra Rasim və Orxan balıq tutmaq üçün gətirdikləri tilovu avtomobilin baqacına qoyub arxa oturacaqda əyləşmiş və oradan uzaqlaşmışlar. Bir neçə dəqiqə keçdikdən sonra Elçin idarə etdiyi avtomobili Şamaxı rayonu, Çuxuryurd kəndində Çuxuryurd tikinti materialları mağazasının yaxınlığında saxlayıb bir dəqiqəyə qayıdacağını demiş, Rasim və Orxanla birlikdə avtomobildə Elçinin gəlməsini gözləmiş, Orxan siqaret çəkmək üçün avtomobildən düşmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Rasim nəsə səs eşitdiyini deyib avtomobildən düşmüş, arxaya çevrildikdə Orxanın və Rasimin orada olan Elçinə və Rəşidə tərəf getdiklərini görmüş, lakin marağında olmadığı üçün avtomobildən düşməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Orxanın və Rasimin gəlmədiyini görüb narahat olduğu üçün avtomobildən düşmüş və Orxanla daha sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin mübahisə etmələrini və daha sonra Nurlanın gözünü tutub yerə oturduğunu uzaqdan görüb dərhal hadisə yerinə gələrək Orxanın və Nurlanın üzərinə qışqırıb danlamağa başlamışdır. Orxan Nurlanı ayağa qaldırmağa çalışmış, lakin Nurlan ayağa qalxmamışdır. Həmin vaxt özü, Elçin və Rasim Orxanı sürücü Elçinin avtomobilinə mindirib həmin yerdən uzaqlaşmışlar. Həmin vaxt avtomobildə ondan başqa sürücü Elçin, Orxan və Rasim olmuş, Rəşid və Əziz isə Nurlanın yanında qalmışlar. Hadisədən bir neçə saat keçdikdən sonra Nurlanın Şamaxı rayon polis şöbəsinə Orxan barədə müraciət etməsindən məlumatı olmuşdur. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, sadəcə Orxanın və Nurlanın üzərinə acıqlanıb irad bildirmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid1, Şahid3, Şahid2 olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə baş verməmişdən öncə o, spirtli içki olan pivə içmişdir. Hadisə baş verən zaman bir qədər uzaqda olmuş və spirtli içkinin təsirindən hadisənin necə baş verməsini dəqiq görə bilməmiş, lakin həmin vaxt Nurlanın üzünü tutub yerə oturmasını, Orxanın isə əli ilə Nurlanın belinə toxunub ayağa qalxmasını deməsini görmüşdür. Orxanın Nurlanın belinə təpik vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin 28 may 2021-ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, sağ göz altı nahiyənin səthi yarası, sağ orbita inferior divarında qəlpəli sınığı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 28.05.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, göz altı nahiyyənin yarası, sağ göz altı nahiyyədə, göz divarı sümüyünün qəlpəli sınığı ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 08 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 16.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və 23.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin olunmuş cəzadan azad olunmuşdur. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyun 2021-ci il tarixli 1804 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 1959-cu il təvəllüdlü X3, anası 1959-cu il təvəllüdlü X2, qardaşları 1989-cu il təvəllüdlü X6 və 1995ci il təvəllüdlü X4 ilə Şamaxı şəhəri, M.Ə.Sabir küçəsi, 1 a saylı evdə yaşayırlar. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon X8 Hüquqi şəxsin 16 iyun 2021-ci il tarixli 412 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı CM-in 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmiş, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4 və X1 əməllərində xuliqanlıq cinayətinin və digər cinayətlərin tərkib əlaməti olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənildiyindən onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamalı və ona qəti cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar