Məhkəmə qərarları › İş №1(074)-11/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-11/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-11/2023 01.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Şamaxı rayonu Çöl Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı rayonu Çöl Bağırlı kəndində qeydiyyatda olan, Şamaxı şəhəri M.Bayramov küçəsi 38 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mediasiya Şurasının mediatoru Şahid5 Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən xidməti iş otağında bacısı Şahid3 rəsmi nikahın ləğvi tələbinə dair keçirilən mediasiya prosesində bacısının qayınatası Zərərçəkmiş şəxs anası Şahid4 və digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində başlanmış ailə münaqişəsi zamanı qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq ona sol təpə, ənsə, sağ dirsək, sol said, sağ diz, sol baldır nahiyələrinin qançırları, sağ əlin beşinci barmağının iç səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, baş beyin silkələnməsi, sol gicgah və göz orbitasının hematomaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol almacıq və əng sümüklərinin sınıqları ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, bacısı X1 ilə həmkəndlisi X5 rəsmi nigaha daxil olmaqla evlənmələrini və onların Bakı şəhəri, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşamışlar.Təxminən son bir neçə ayda bacısının ailəsində müxtəlif problemlər olduğu üçün bacısı Durxanım öz evlərinə gələrək evində problemlərin olmasını bildirmiş, boşanmaq istədiyini demişdir. Daha sonra bu məqsədlə xx.xx.2022-ci il tarixdə o, bacısı, anası və əmisi Mürsəl Şamaxı rayon ərazisində fəaliyyət göstərən “Mediasiya” şöbəsinə getmişlər və boşanmaq üçün bacısı Durxanım müraciət etmişdir.Oradan onlara xx.xx.2022-ci il tarixdə saat 10 radələrində gəlmələrini bildirmişlər. Bundan sonra o, bacısı Durxanım, anası Süsən, əmiləri Mürsəl və Şahin Mediasiya şurasına getmişlər və orada Şahid5 xidməti otağına girmişlər. Bir neçə dəqiqə sonra bacısının həyat yoldaşı Röyalın atası Zərərçəkmiş şəxs oraya gələrək oğlunun işdə olmasını bildirmiş, özünün iştirak edəcəyini onlara deyərək stolda əyləşmişdir. Zərərçəkmiş şəxs anası Süsənin ünvanına xoşagəlməz ifadələr işlədərək “sən qızına tərbiyə verməmisən, qızında sənin kimi tərbiyəsizdir” deyərək ifadə edə bilməyəcəyi sözlər işlətmiş və o, ilk əvvəl oturduğu stoldan ayağa qalxaraq Ələmdarla dava etmək istəsə də, anası və əmiləri onu sakitləşdirmişlər, lakin Zərərçəkmiş şəxs öz kobud ifadələrinə davam edərək yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin vaxtı Zərərçəkmiş şəxs yaxın yerdə əyləşdiyindən özünü saxlaya bilməmiş və sağ əli ilə Ələmdarın sol göz və sifət nahiyələrinə bir neçə yumruq zərbəsi vurmuş, vurduğu zərbələrdən sonra Ələmdar yerə yıxılmışdır. Daha sonra o, Ələmdarın üzərinə gedərək sonuncunu yerdə təpik və yumruqla vurmağa başlamış, onun əmiləri, anası və bacısı onu aralaşdıraraq Şahid5 xidməti otağından çölə çıxarmışlar. Təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs “Mediasiya” şöbəsindən çıxaraq yenidən uca səslə onun ailə üzvlərini söyməyə başlamış və o, yenidən Zərərçəkmiş şəxs üzərinə getmək istəyən zaman ailə üzvləri onu qoymamışdır. Həmin vaxt o, əsəbi olduğuna görə nalayiq ifadələrlə Ələmdarı söyüb təhqir etmiş və yenə ailə üzvləri onu sakitləşdirərək oradan onunla birlikdə uzaqlaşmışlar. Zərərçəkmiş şəxs hər dəfəsində onun anasını və bacısını nalayiq söyüşlərlə təhqir edirmiş ki, o, Ələmdarla dava etsin, yəni dava olmasını Zərərçəkmiş şəxs özü qəsdən etmişdir. Həmin hadisə Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Mediasiya şöbəsində Şahid5 xidməti otağında olmuş, hadisə ümumilikdə 1-2 dəqiqə ərzində davam etmiş, hadisə zamanı orada ondan başqa Şahid5, sonuncunun yanında işləyən X6, X1, Şahid4, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxsla onun arasında baş vermiş dava-dalaş Mediasiya şöbəsində Şahid5 xidməti otağında baş vermiş, Mediasiya şöbəsinin qarşısında dava-dalaş olmamış, onlar Mediasiya şöbəsinin qarşısında bir-birilərini uca səslə və nalayiq ifadələrlə təhqir etmişlər. Onun bacısı Durxanım boşanmaq üçün Şamaxı rayon ərazisində fəaliyyət göstərən “Mediasiya” şöbəsinə müraciət etmiş və bu səbəbdən də, onun yuxarıda adları qeyd edilən qohumları və o, oraya getmişdir. Onların Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlərdə probləmləri olsa da, onların ora getmə səbəbi hər iki tərəfin barışması olmuş, lakin Zərərçəkmiş şəxs bütün lazımı işləri görürmüşdür ki, yəni onları qıcıqlandıracaq hərəkətlər edərək anası Süsən haqqında kobud ifadələr işlətdiyindən o, Ələmdarın işlətdiyi ifadələrdən özünü saxlaya bilməmiş və əsəbi halda Ələmdarın üzərinə gedərək sonuncunu Şahid5 xidməti otağında yerə yıxaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs o, vurmuş və səbəbkar Zərərçəkmiş şəxs özü olmuşdur. Digər adları göstərilən şəxslər Zərərçəkmiş şəxs vurmamış, əksinə onu aralaşdırmışlar.Sonda barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, təxminən iki ildir ki, oğlu Röyal Eminli ilə X1 evlənmişlər, lakin Durxanım Röyal ilə xasiyyətlərinin uyğun olmadığını əsas gətirərək təxminən bir müddət öncə Şamaxı şəhərində yaşayan valideynlərinin evinə getmiş və Durxanım boşanmaq üçün Şamaxı rayon məhkəməsinə müraciət etmişdir. O, müraciətlə bağlı 05 avqust 2022-ci il tarixdə saat 10:00-da nigahın ləğvi ilə bağlı Şamaxı rayon Mediasiya idarəsində görüş üçün oğlu Röyal Eminlinin dəvət edildiyini bildirmişdir. O, Royalın adından iştirak etmək məqsədilə notariat kontorundan rəsmi etibarnamə aldığı üçün Royalın adından görüşdə göstərilən tarixdə, yəni saat 10 radələrində iştirak etmişdir. Mediasiya işçisi olan Şahid5 kabinetində o, gəlini X1, sonuncunun anası Şahid4, qardaşı Təqsirləndirilən şəxs, əmiləri Şahid1 və Şahid2 Bahadır oğlunun iştirakı ilə görüş keçirilmiş, görüş zamanı Fərman hər iki tərəflə söhbətlər aparan zaman qudası Şahid4 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı onun sol tərəfində əyləşən Təqsirləndirilən şəxs gözləmədiyi anda onun baş və sol sifət nahiyyələrinə dayanmadan yumruq zərbələri vurmağa başlamışdır. Hadisə zamanı Mürsəl və Şahin Ataşa qoşularaq onun qarın nahiyyəsinə yumruq, ayaq nahiyyələrinə təpik zərbələri vurmağa başlamışlar. Həmin vaxt Durxanımla Süsən onu dırnaqları ilə cırmaqlamağa başlamış, o, baş nahiyyəsini əlləri ilə tutaraq küçəyə çıxmışdır. O, küçədə olan zaman Durxanım, Süsən, Ataş, Şahin və Mürsəl birləşərək onu yerə yıxaraq baş, qarın, qol və ayaq nahiyyələrini təpikləməyə başlamış, həmin şəxslər bir neçə dəqiqə onu təpiklədikdən sonra hadisə yerindən uzaqlaşaraq ona məlum olmayan istiqamətə getmişlər. Daha sonra o, ayağa qalxaraq Şamaxı rayon polis şöbəsinə getmiş və hadisə barədə polisə məlumat verərək ərizə ilə müraciət etmişdir. O, X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Bahadır oğluna qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, onları döyməmişdir. Həmin hadisə Şamaxı şəhəri, Gənclik küçəsində yerləşən Mediasiya idarəsində və həmin idarənin qarşısında baş vermiş, hadisə yerində ondan başqa Şahid5, sonuncunun yanında işləyən adını bilmədiyi qadın, X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Bahadır oğlu olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Bahadır oğlu ona qarşı yuxarıda göstərilənlərdən əlavə onu söyüb təhqir etmişlər, başqa heç bir qanunsuz hərəkət etməmişlər. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən iki ildir ki, qardaşı qızı X1 həmkəndlisi X12 ilə rəsmi nigaha daxil olmaqla evlənmişlər və Bakı şəhəri, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayırdılar. Təxminən son bir neçə ayda qardaşı qızının ailəsində müxtəlif problemlər olduğu üçün qardaşı qızı Durxanım öz ata evinə gələrək evində problemlərin olmasını bildirmiş, boşanmaq istədiyini demişdir. Daha sonra bu mqəsədlə xx.xx.2022-ci il tarixdə o, qardaşı qızı Durxanım, onun anası Süsən və qardaşı Ataş Şamaxı rayon ərazisində fəaliyyət göstərən “Mediasiya” şöbəsinə getmişlər və boşanmaq üçün qardaşı qızı Durxanım müraciət etmişdir. Həmin vaxt oradan onlara bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində gələrsiz. Bundan sonra onlar, yəni o, qardaşı qızı Durxanım, onun anası Süsən və qardaşı Ataş və qardaşı Şahin Mediasiya şöbəsinə getmişlər və orada Şahid5 kabinetinə girmişlər. Bir neçə dəqiqə sonra qardaşı qızı Durxanımın qayınatası Ələmdar oraya gələrək oğlunun işdə olmasını bildirmiş, özünün iştirak edəcəyini deyərək stolda əyləşmişdir. Bundan sonra hər iki tərəfin arasında sözlə mübahisə yaranmış və Ələmdar onun qardaşının həyat yoldaşı Süsənin və qızı Durxanımın ünvanına xoşagəlməz ifadələr işlətmiş, həmin vaxt qardaşı oğlu Ataş Ələmdara yaxın yerdə oturmuşdur. Həmin vaxt Ələmdar qardaşının həyat yoldaşı Süsənin ünvanına nalayiq ifadə işlətsə də, onlar çalışaraq səbrlərinə sahib çıxırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yeridən qalxmaq istəyən zaman o, Ataşa sakit olmasını bildirərək sonuncunu sakitləşdirmiş, lakin Zərərçəkmiş şəxs öz ifadələrinə sərhəd qoymamış, yenidən qardaşının həyat yoldaşı Süsənin ünvanına nalayiq ifadələr işlədərək münaqişə olmasına səbəb olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs sağ əli ilə Ələmdarın sol göz və sifət nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmış, Ataş əsəbi halda Ələmdarın üzərinə gedərək onu təpik və yumruqla vurmağa başlamışdır. Onlar Ataşı çətinliklə aralaşdıraraq Şahid5 kabinetindən çıxarmış və bayırda gözləmişlər. Təxminən 20 dəqiqə sonra Ələmdar kabinetdən bayıra çıxaraq onların, əsasda Süsən və Durxanımın ünvanına nalayiq ifadələr işlətmiş və Ələmdarın işlətdiyi sözlərdən sonra Təqsirləndirilən şəxs da, Ələmdarın ünvanına nalayiq ifadələr işlədərək onu söyməyə başlamışdır. Onlar, yəni o, qardaşı Şahin, qardaşının həyat yoldaşı Süsən və qızı Durxanım Ataşı oradan uzaqlaşdıraraq evilərinə getmişlər. Həmin hadisə Şamaxı şəhəri, Gənclik küçəsində yerləşən Mediasiya şöbəsində, Şahid5 xidməti otağında baş vermiş, hadisə ümumilikdə 1-2 dəqiqə ərzində davam etmiş, hadisə zamanı orada ondan başqa Şahid5, sonuncun yanında işləyən X6, X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Qardaşı qızı Durxanım boşanmaq üçün Şamaxı rayon ərazisində fəaliyyət göstərən “Mediasiya” şöbəsinə müraciət etmiş və bu səbəbdən də, yuxarıda adları qeyd edilən şəxslər onlarla olmuş, aralarında şəxsi münasibətlər də, problemlər olsa da, onların ora getmə səbəbləri hər iki gəncin barışması olmuş, lakin Zərərçəkmiş şəxs onları qıcıqlandıracaq hərəkətlər edərək qardaşının həyat yoldaşı Süsən haqqında kobud ifadələr işlətdiyindən Təqsirləndirilən şəxs Ələmdarın işlətdiyi ifadələrdən özünü saxlaya bilməmiş, əsəbi halda Ələmdarın üzərinə gedərək onu Şahid5 xidməti otağında yerə yıxaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə qardaşı oğlu Ataş dava etmiş, o, X1, Şahid4 və Məlikov X8 Bədəlovu vurmamış, Ələmdar ilə Ataşı aralaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X4, Şahid4, ifadə verərək Şahid1 ifadələrində göstərilən xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək bildirmişlər ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tək halda döymüş, dalaşma “Mediasiya” şöbəsində mediator Şahid5 xidməti otağında olmaqla 1-2 dəqiqə davam etmiş, “Mediasiya” şöbəsinin qarşısında dalaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır, özüdə Şamaxı Mediasiya şöbəsində mediator işləyir. xx.xx.2022-ci il tarixdə Bədəlova X2 şöbəsinə gələrək nigahın ləğvi ilə əlaqədar olaraq müraciət etmiş və sonuncuya ilkin köməklik göstərildikdən sonra qarşı tərəfə Durxanım Bədəlov tərəfindən təklif məktubu göndərilmiş və o, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Mediasiya şöbəsinə gəlib iştirak edərsiniz. Qeyd edilən vaxtı, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Şahid3, qohumları ilk əvvəl adlarını bilmədiyi sonradan adları ona məlum olan Şahid4, Təqsirləndirilən şəxs, Şahid2, Məlikov X3 şöbəsinə onun xidməti otağıa gəlmişlər və bir neçə dəqiqə sonra qarşı tərəf olan Röyal Eminli onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq gələ bilməyəcəyini, işdə olmasını əsas gətirərək atası Zərərçəkmiş şəxs etibarnamə ilə iştirak edəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onun xidməti otağına daxil olmuş, etibarnaməsini təqdim etmiş və o, hər iki tərəfə öz etirazlarının olmasını bildirmişdir. Daha sonra hər iki tərəf etirazlarının olmamasını bildirdikdən sonra o, iddiaçı tərəf olan Şahid3 işlə bağlı danışmasını təklif etmiş, həmin vaxtı tərəflər arasında sözlə mübahisələr olmuşdur. O, hər iki tərəfi ilk öncə sakitləşdirdikdən sonra iddiaçı Şahid3 əlində olan mobil telefondakı səsi ona dinlətmək məqəsdi ilə telefonda olan səs yazısını onun qulağına qoymuş və o, həmin vaxtı səsə qulaq asan zaman tərəflər arasında yenidən mübahisə yaranmışdır. İddiaçı tərəfin qardaşı Təqsirləndirilən şəxs yaranmış mübahisə zamanı cavabdeh tərəfin yerində iştirak edən Zərərçəkmiş şəxs üzərinə gedərək anidən ona bir neçə yumruq zərbəsi vurmuş və dərhal orada olan Durxanım Bədəlovun qohumları Təqsirləndirilən şəxs sakitləşdirmişlər, Ataşı aralaşdıraraq otaqdan bayıra çıxarmışlar. Lakin Zərərçəkmiş şəxs onun otağında əyləşərək gözləmiş, təxminən 20 dəqiqə sonra Ələmdar onun xidməti otağından çölə çıxmışdır. Daha sonra o, Ələmdar və Ataşın çöldə bir birlərinin ünvanına söyüş söyməklərini eşitsə də, otağıdan bayıra çıxmamış və bir neçə dəqiqə sonra Mediasiya şöbəsinin qarşısına çıxdıqda Zərərçəkmiş şəxs şöbənin qarşısında tək halda dayandığını görmüşdür. Həmin hadisə Şamaxı şəhəri, Gənclik küçəsində yerləşən Mediasiya şöbəsində, xidməti otağında baş vermiş, hadisə ümumilikdə 1-2 dəqiqə ərzində davam etmiş, hadisə zamanı orada ondan başqa yanında işləyən X6, X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs olmuş, otağa səs-küyə heç kəs gəlməmiş, ətrafa kənar şəxslər yığılmamışdır. Durxanım Bədəlov boşanmaq üçün Şamaxı Mediasiya şöbəsinə müraciət etmiş və bu səbəbdən də, yuxarıda adları qeyd edilən şəxslər onun xidməti otağına gəlmiş və aralarında sözlə mübahisə yarandığından Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında dava düşmüş, həmin dava zamanı Zərərçəkmiş şəxs müxtəlif xəsarətlər almışdır. Onun xidməti otağında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döymüş, digər şəxslər sonuncunu aralaşdıraraq otaqdan çölə çıxarmışlar. Zərərçəkmiş şəxs, Durxanım, Süsən, Şahin və Ataş Mediasiya şöbəsinin qarşısında olan zaman o, xidməti otağında olmuş, Mediasiya şöbəsinin qarşısında hər hansı bir davanın olmasını görməmişdir. Mediasiya şöbəsində onun xidməti otağında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş dava zamanı otaqda olan invertarlara hər hansı formada ziyan dəyməmiş, eyni zamanda sınan və əzilən əşya olmamışdır. O, Mediasiya şöəsində xidməti otaqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş dava zamanı iş fəaliyyətinin pozulmadığını bildirmiş, münaqişə ümuumilikdə 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır, özüdə Bakı Dövlət Universitetində tələbədir. O, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində tanışı Şahid5 işlərində kömək etmək üçün Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Şamaxı Mediasiya şöbəsinə getmiş, şöbənin qəbul otağında əyləşərək şöbəyə gələn insanları növbə ilə içəri buraxırmış. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, ilk əvvəl adlarını bilmədiyi sonradan adlarının Şahid3, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 olduqlarını öyrəndiyi 5 nəfər şəxs qəbula yaxınlaşaraq mediator Şahid5 qəbuluna gəldiklərini deyərək içəri daxil olmuşlar və bir neçə dəqiqə sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs qəbula yaxınlaşmış, mediator Şahid5 qəbuluna gəldiyini ona deyərək içəri daxil olmuşdular. O, bundan sonra mediator Şahid5 xidməti otağından səslər gəldiyini eşitsə də, oturduğu yerdən qalxmamış və səs gəldikdən 1-2 dəqiqə sonra ilk əvvəl mediator Şahid5 xidməti otağına girən Şahid3, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 şöbəni tərk edərək çölə çıxmışdılar. Təxminən 20 dəqiqə sonra mediator Şahid5 xidməti otağında olan Zərərçəkmiş şəxs üz nahiyyəsindən qan axa-axa otaqdan çölə çıxmış, lakin o, yenə də, oturduğu yerdən qalxmamışdır. O, daha sonra şöbənin qarşısında tərəflər arasında sözlə mübahisələr gəldiyini eşitmişdir. O, Zərərçəkmiş şəxs kimin və yaxud kimlərin döyməsini bilmir, çünki o, hadisənin şahidi olmamış, Zərərçəkmiş şəxs otaqdan çıxanda üzündə qan və xəsarət izlərini görmüşdür. O, Mediasiya şöbəsinin qarşısında tərəflər arasında sözlü mübahisənin olmasını səs olaraq eşitmiş, çünki həmin vaxtı o, otaqda əyləşmişdi. Həmin hadisə olan tarixdə o, Şamaxı Mediasiya şöbəsində olsa da, tərəflər arasında olan münaqişənin və mübahisənin şahidi olmamış, həçinin baş vermiş hadisə qəbul otağında olmamış, mediator Şahid5 xidməti iş otağında olmuşdur. Şahid X6 məhkəməyə ərizə göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. 05 avqust 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya şöbəsi və həmin şöbənin qarşısıdır. Hadisə yerinin qarşısı aptek, "xxxx" MMC-nin rəsmi diller mağazası yerləşir, sözügedən şöbənin sağında və solunda istifadə edilməyən tikililər yerləşir. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs rayon ərazisində fəaliyyət göstərən Mediasiya şöbəsini və onun qarşısını göstərərək keçmiş qohumları X1, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 onu döyərək müxtəlif bədən xəsarətləri yetirdiklərini bildirmişdir. Eyni zamanda Mediasiya şöbəsinə baxış keçirilmiş və həmin şöbədə qırılan və sökülən hər hansı bir əşya müəyyən edilməmiş, sözügedən şöbədə və yaxın ətrafda müşahidə kameralarının olması müəyyən edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tyarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Təsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 383 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-başın sol təpə, ənsə nahiyyələrinin qançırları, sağ dirsək çıxıntısının, sol saidin, sağ diz qapağının, sol baldırın qançırları, sağ əlin 5-ci barmağının iç səthinin sıyrığı, baş beyin silkələnməsi, sol gicgah nahiyyəsində epidural hematoma, sol göz orbitasının hemotoması, sol gözün ağlı qişasına qansızmalar, sol almacıq və əng sümüklərinin sınıqları küt əşya təsirindən xx.xx.2022-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən əllə, təpiklə döyülmə zamanı alınmağa uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən-sol təpə, ənsə, sağ dirsək, sol said, sağ diz, sol baldır nahiyyələrinin qançırları, sağ əlin 5-ci barmağının iç səthinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olunduqlarından dərəcələri təyin edilmir. Baş beyin silkələnməsi, sol gicgah və göz orbitasının hematomaları dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol almacıq və əng sümüklərinin sınıqları dərəcələrinə görə sağlamlığın uzun (3 həftədən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 07 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şamaxı rayonu Mediasiya şöbəsinin 13 sentyabr 2022-ci il il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Şahid3 xx.xx.2022-ci il tarixdə X12 ilə rəsmi nikahın pozulması barədə Mediasiya şöbəsinə müraciət etmiş, həmin müraciətə aidiyyəti üzrə baxılmış və xx.xx.2022-ci il tarixdə hər iki tərəf şöbəyə dəvət edilmiş olsa da, təyin olunmuş vaxtda yəni, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində X5 əvəzinə etibarnamə ilə iştirak etmək üçün sonuncunun atası X13, digər tərəfdən isə Şahid3, Şahid4, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 iştirak etmiş, Təqsirləndirilən şəxs ilə X13 arasında Mediasiya şöbəsində Mediator Şahid5 xidməti otağında münaqişə baş vermiş, münaqişənin baş verməsinə səbəb tərəflər arasında nigahın pozulması ilə başlanmış ailə mümaqişəsi olmuş, həmin münaqişə qısa müddətdə davam etməklə ani olaraq başa çatmış, həmin münaqişə ilə bağlı Mediasiya şöbəsinin iş fəaliyyəti pozulmamış, eləcə də, həmin münaqişə zamanı Mediasiya şöbəsinin hər hansı bir əşyasına, avadanlığına və digər hissələrinə ziyan vurulmamışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 21 sentyabr 2022-ci il tarixli 1079 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RİHB-nın Bağırlı kənd İƏD-si üzrə nümayəndəliyinin 26 sentyabr 2022-ci il tarixli 253 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 1972-ci il təvəllüdlü X7, anası 1972-ci il təvəllüdlü Şahid4, qardaşı 1996-cı il təvəllüdlü X11, qardaşı arvadı 2001-ci il təvəllüdlü X14 və qardaşı oğlu 2019-cu il təvəllüdlü X19 ilə Şamaxı rayonu Bağırlı kəndində yaşayır. Şamaxı RİHB-nın Bağırlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, kənddə yaşadığı müddətdə kənd sakinləri arasında özünü səmimi, sakit, təvazökar, səbirli və təmkinli bir gənc kimi tanıtmağa çalışmışdır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 383 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs sol almacıq və sol əng sümüklərinin titan mini lövhələrlə osteosintezi əməliyyatı icra olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs baş beyin sirkələnməsi, sol gicgah nahiyyəsinin epidural hematoması, sol almacıq və əng sümüklərinin sınıqları, sol göz orbitasının hematoması, sol gözün ağlı qişasına qansızma, sol təpə, ənsə nahiyyələrinin qançırları, sağ dirsək çıxıntısının, sol saidin, sağ diz qapağının, sol baldırın qançırları, sağ əlin 5-ci barmağının iç səthinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə istər bir, istərsə də bir neçə şəxs tərəfindən əl və ayaqla vurulan zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sol gicgah nahiyyəsinin epidural hematoması, sol almacıq və sol əng sümüklərinin sınıqları sağlamlığın uzun müddətə pozumasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, baş beyin silkələnməsi, sol göz orbitasının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. “Təsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxsin onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsindən əsəbiləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı rayonun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs, 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar