Məhkəmə qərarları › İş №1(074)-11/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-11/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-11/2025 05.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, xüsusi ittihamçısı - X3 nümayəndəsi - vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs - X5, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1990-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməsinə əsas - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4in 19 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu Sabir qəbəsində “Az Times” televiziya kanalına “19 saylı Xüsusi Təyinatlı Yol idarəsinin müdiri N.Eynallı haqqında ittiham “Övladına soyad vermir” başlıqlı, 20 sentyabr 2024-cü il tarixində yenə də, Şamaxı rayonu Sabir qəsəbəsində, internet üzərindən kütləvi formada yayımlanan “Kanal 14 TV”yə və yenə də, 28 sentyabr 2024-cü il tarixdə internet üzərindən kütləvi formada yayımlanan “Kanal 14 TV”yə verdiyi eyni məzmunlu müsahibələri ilə ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət törətməsi olmuşdur (Z.Atakişiyeva bunun yalan olmasını bilərək, ona ağır cinayət törətməyi ittihamı ilə böhtan atır və bu böhtanın kütləvi informasiya vasitələrində yayımlanmasında müsahibə verərək, bilavasitə iştirak edir). Hər üç müsahibə videodiskə köçürülərək, sübut kimi şikayətinə əlavə edilib, məhkəməyə təqdim edilir. Hər üç müsahibə videoformatda, internet üzərindən yayımlanmış və hər bir yayıma 4000 (dörd min)dən çox baxış olmuşdur. Müsahibələrində də, Z.Atakişiyeva guya onun sonuncunu iş otağında zorladığını, hamilə qaldıqdan sonra da, aldadaraq, əvvəlcə uşağın doğulmasını tələb etdiyini, sonra isə fikrindən daşındığını, hazırda ona hədə-qorxu gəldiyini, qardaşına şər ataraq, tutdurduğunu bildirərək, onun cəzalandırılmasını istəmişdir. Bütün bu fikirlər böhtandır və böhtan olduğunu da, özü çox yaxşı bilir. Kütləvi informasiya vasitəsində ona qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmamış, sübut olunmamışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şamaxı rayonu, Sabir qəsəbə sakini X5 ölkənin bir sıra direktiv təşkilatlarına ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsində xx.xx.2020-ci il tarixdən onun rəhbərlik etdiyi təşkilatda çalışdığını və günlərin birində (yəni helə həmin tarixdən də sonra), guya o, həmin şəxsi otağına çağıraraq, zorlamışdır. xx.xx.2023-cü il tarixdə isə rayon prokurorluğuna ərizə verərək, həmin məlumatların yalan olmasını bildirmişdir. Bu onu göstərir ki, qeyd edilən məsələ araşdırılmış, həqiqətə uyğun olmadığı məlum olmuş və Z.Atakişiyeva bunun yalan olmasını bilərək, ona ağır cinayət törətməyi ittihamı ilə böhtan atır və bu böhtanın kütləvi informasiya vasitələrində yayımlanmasında müsahibə verərək, bilavasitə iştirak edir. Bundan başqa, Z.Atakişiyeva ətrafındakı bəzi insanlara bildirşmişdir ki, inzibati qayda pozuntulara görə işdən çıxarılmış anasının qisasını almaq məqsədilə, onu rüsvay etmək niyyətindədir. Bundan başqa, işin faktiki halı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin verdiyi “19 saylı Xüsusi Təyinatlı Yol idarəsinin müdiri N.Eynallı haqqında ittiham”, “Övladına soyad vermir” başlıqlı müsahibələrlə uyğunsuzluq təşkil edir. TƏBİB “Şamaxı Mərkəzi Rayon Xəstəxanası” X9 verdiyi xx.xx.2024-cü il tarixli arayış xarakterli məktubda qeyd edilir ki, iddiaçı Zümrüd Atakişiyeva xx.xx.2020-ci il tarixdə Şamaxı RMX-nın ASM şöbəsində qeydiyyatda olarkən, 26 həftəlik hamilə olub, bu da 26x7=182 gün edir. Həmin 182 gündən 26 gün avqust ayına, 31 gün iyul ayına, 30 gün iyun ayına, 31 gün may ayına və 30 gün aprel ayına görə bölünərsə, 182-26-31-30-31-30-31=3 gün və həmin üç gün də, fevral ayından çıxılarsa, onda iddiaçının hamiləliyinin ilk günləri fevral ayının sonlarına təsadüf edir. İddiaçı isə işə 31 mart 2020-ci il tarixdə götürülmüş və 01 aprel 2020-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Məhkəmə iclasında X5 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin aprel ayından o, 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsində texniki-kompüterçi vəzifəsində işləmişdir. X6 həmin idarənin rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində Nazim Eynallı tərəfindən ona qarşı hər hansı cinsi zorakılıq hərəkətləri olmamışdır. O, Nazim Eynallı barəsində həqiqətə uyğun olmayan ərizələr yazaraq, müxtəlif dövlət orqanlarına göndərmiş, eyni zamanda, kütləvi informasiya vasitələrində, o cümlədən, internet kallarında müsahibələr verərək, Nazim Eynallının onu iş yerində zorlaması barədə böhtan atmışdır. Lakin, sonradan o, səhv etdiyini başa düşmüşdür. X11 ilə barışmaq üçün cəhdləri olmuş və hal-hazırda da, barışmaq niyyətində olduğunu bildirir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və himayəsində azyaşlı uşaqların olmasını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittihamçısı X3 nümayəndəsi - vəkil Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, baş vermiş hadisələr nəticəsində X3 şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzuna xələl dəymişdir. Bu səbəbdən, hüquqlarını təmsil etdiyi şəxsin barışıq niyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs Zümrüd Atakişiyevanın barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş elektron daşıyıcısında olan görüntülərdən müəyyən olunur ki, X5 müxtəlif internet kanallarına verdiyi müsahibələrində X3 onu iş otağında zorladığını, hamilə qaldıqdan sonra isə, onu aldadaraq, əvvəlcə uşağın doğulmasını tələb etdiyini, sonra fikrindən daşındığını, hazırda ona hədə-qorxu gəldiyini və müraciətində Nazim Eynallının cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi sakini X5 müxtəlif dövlət orqanlarına ərizə ilə müraciət edərək, 2020-ci ildə 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Nazim Eynallı tərəfindən sonuncunun xidməti iş otağında onu zorlamasını göstərmişdir. Müraciət əsasında Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı, Zümrüd Atakişiyeva ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Nazim Eynallı tərəfindən zorlanmadığını bildirmişdir. Bu səbəbdən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 himayəsində 2010, 2011 və 2020-ci il təvəllüdlü üç uşağı vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, yuxarıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etməyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, “məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqətidedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür”. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, “məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Beləliklə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. X1 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Zümrüd Atakişiyevanın şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs X2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, xüsusi ittihamçı ilə barışığa cəhd etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Videogörüntülərini özündə əks etdirən elektron daşıyıcısı iş üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs X2 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla, 8 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. X5 cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli X1 aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Videogörüntülərini özündə əks etdirən elektron daşıyıcısı iş üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki işdə saxlanılsın. Təqsirləndirilən şəxs X2 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar