Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-113/2021 24.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonu Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Cəngan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 07 sentyabr 2021-ci il tarixdə, saat 03:40 radələrində Şamaxı şəhəri, Avtovağzal dairəsi yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 04:20-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,040 (doqquz tam mində qırx) qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Sabirabad rayonu, Cəngan kəndində ailəsi ilə birlikdə yaşayır, özü də fəhləlik etməklə ailəsini dolandırır. Əvvəllər heç bir vaxt narkotik vasitədən istifadə etməmişdir. Belə ki, 06 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri “Dərnəgül” adlanan ərazidə yolun kənarında olan zibil qabının yanından, yerdə kibrit qutusu görmüşdür. Həmin vaxt o, ətrafda heç kimin olmadığına əmin olub həmin kibrit qutusunu yerdən götürərək içinə baxan zaman nə olduğunu bilməyib cibinə qoymuşdur. Artıq hava qaranlıq olan zaman o, Bakı şəhərində gəzdikdən sonra, cibindəki kibrit qutusuna baxdıqda içərisində narkotik vasitə olan marixuananın olduğunu aşkar etmişdir. Daha sonra tanımadığı avtomobillə Şamaxı rayonuna gəlmişdir. Həmin vaxt kibrit qutusu şalvarının sağ yan cibində olmuşdur. 06 sentyabr 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixə keçən gecə, saat 03:40 radələrində Şamaxı şəhərinin girişində, “Avtovağzal” adlanan ərazinin yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Həmin vaxt polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi kibrit qutusu aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. O, həmin qurudulmuş marixuananı bəzi vaxtlar yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdə Sabirabad rayonu, Cəngan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 07 sentyabr 2021-ci il tarixdə, saat 03:40 radələrində Şamaxı rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə Şamaxı şəhərinin girişində, “Avtovağzal” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirib onu Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi kibrit qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu baxışda iştirak edənlərin iştirakları ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o Şahid2 ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 04:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibində kibrit qutusunda olan narkotik vasitə olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştiakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibində kibrit qutusunda olan narkotik maddə olan marixuana aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusunun içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş bükümün içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və ona məxsusdur. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 7/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 9,040 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq 8,990 qramdır. Aparılmış təqdiqatın dəyəri 88,70 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-8,990 qram olan qurudulmuş marixuana saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Sabirabad rayon İHB-nın Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyinin 13 sentyabr 2021-ci il tarixli 679 saylı arayışından görünür ki, Sadıqov X6 rayonunun Cəngan kəndində atası 1965-ci il təvəllüdlü X2, anası 1965-ci il təvəllüdlü anası X4, arvadı 1992-ci il təvəllüdlü X5, oğlanları 2012-ci il təvəllüdlü X13, 2017-ci il təvəllüdlü X9 və 2020-ci il təvəllüdlü X10 ilə Sabirabad rayonu Cəngan kəndində yaşayır. Sabirabad rayon İHB-nın Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən Təqsirləndirilən şəxs adına 13 sentyabr 2021-ci il tarixdə verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə o, intizamlı olmuş kənd əhalisinin böyük hörmətini qazanmışdır. Kəndin sosial problemlərinin həllində yaxından iştirak etmiş və əlindən gələn köməkliyi göstərmişdir. Onun barəsində nümayəndəliyə heç bir neqativ məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X12 şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanası konsultativ poliklinika şöbəsinin 15 sentyabr 2021-ci il tarixli 926 saylı tibbi arayışlardan görünür ki, Sabirabad rayonu Cəngan kənd sakini Sadıqov X6 rayon poliklinikasında əsəb-ruhi və narkoloji kabinetində heç bir xəstəliklə qeydiyyatda yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı Regional ərazi filialının 15 sentyabr 2021-ci il tarixli **********2 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 4 saylı regional ərazi filialından 01 aprel 2019-cu il tarixdən 30 sentyabr 2021-ci il tarixədək üçüncü dərəcəli əlilliyə görə 110,0 (yüz on) manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.09.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 17.09.2021-ci il tarixli, 3493 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomiya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-ci il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2012, 2017 və 2020-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. “Sübutların qiymətləndirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs üstündən götürülmüş və tədqiqata təqdim olunmuş, tədqiqatdan sonra qalıq çəkisi 8,990 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınıb saxlanılması üçün Şamaxı rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edildiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə material ayrılmaqla araşdırmanın davam etdirilməsi və cinayət törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə Sabirabad RİHB-nın Muğan Gəncəli kənd İƏD-i üzrə nümayəndəliyinə təqdimat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinənşəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi vəhəm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsininqarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə gənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə tərbiyələndirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 07.09.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi - 8,990 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi - 8,990 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-113/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-113/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver