Məhkəmə qərarları › İş №1(074)-115/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-115/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-115/2021 08.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, SOCAR Metanol zavodunda yanğınsöndürən işləyən, məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi 3 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Şamaxı rayonu ərazisində üzərində saxlamaqla daşımış, 25 sentyabr 2021-ci il tarixdə saat 01:25 radələrində Şamaxı şəhəri Avtovağzal dairəsi yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 02:45-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən siqaretin gümüşü və ağ rəngli kağızına bükülmüş bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,343 (sıfır tam mində üç yüz qırx üç) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən üç ay öncə saat 23:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən hal-hazırda “Üç Qardaşlar” şadlıq sarayında keçirilən toy məclisindən çıxan zaman sarayın həyətində bir ədəd siqaret qutusunun arxa hissəsində siqaretin salafanının içərisinə qoyulmuş, gümüşü rəngli kağıza bükülmüş büküm görmüş, həmin büküm marağına səbəb olduğu üçün siqaret qutusunu götürmüş, salafanını çıxartmış və daha sonra salafanın içərisində olan siqaretin gümüşü və ağ rəngli kağızına bükülmüş bir ədəd bükümü götürərək açmış, içərisinə baxmış və bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. O, əvvəllər təxminən bir-iki dəfə narkotik vasitə olan heroin istifadə etmiş, buna görə də bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu bilmiş, gələcəkdə istifadə etmək məqsədilə bükümü, siqaretin salafanının içərisinə qoyaraq, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibinə qoymuş və yaşadığı evə getmişdir. İçərisində narkotik vasitə olan heroini həmin vaxtdan aşkarlanan vaxta kimi üzərində gəzdirmiş, 24 sentyabr 2021-ci il tarixdə İsmayıllı rayonunda yaşayan Eldar adlı dostunun yanına qonaq getmək qərarına gəlmiş, buna görə də, həmin tarixdə təxminən saat 20:00 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhərindən İsmayıllı rayonuna doğru yola düşmüş, boş getməmək və gedərkəndə benzin pulunu çıxartmaq üçün tanımadığı üç nəfər şəxsi avtomobilinə mindirmiş və Şamaxı rayon avtovağzalında düşürtmüşdür. Şamaxı rayonundan İsmayıllı rayonuna boş getməmək üçün Şamaxı rayon avtovağzalında təxminən 2-3 saat müştəri gözləmiş, 25 sentyabr 2021-ci il tarixdə təxminən 01:25 radələrində həmin yerdə dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmiş, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər, lakin o, mülki geyimli polis əməkdaşlarına etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını bildirmişdir. Mülki geyimli polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, mülki geyimli polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin ağ və gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açmış, bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. O, heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu Avtovağzal dairəsində olması və qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən də, 25 sentyabr 2021ci il tarixdə saat 01:25 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Şamaxı rayonu Avtovağzal dairəsində Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz edərək üzərində narkotik vasitə olmadığını bildirmiş, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, üzərinə baxış keçirərkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin ağ və gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuş və aşkar edilmiş büküm açılaraq içərisinə baxılmış, tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən siqaretin ağ və gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, təxminən 3 ay öncə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən şadlıq sarayından çıxarkən yerdən tapmışdır, ona məxsusdur. Baxış keçirmə prosesi video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 25 sentyabr 2021-ci il tarixli, 6/4259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yazısı və imzalar olan kağız paketdə 01(bir) ədəd bükümdə, təmiz çəkisi 0,343 (sıfır tam mində üç yüz qırx üç) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi–0,343 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,293 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2021ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-0,343 qram heroin saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 18 oktyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 19 oktyabr 2021-ci il tarixli 4036 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomoniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstenensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomoniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Abşeron rayonu Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 oktyabr 2021-ci il tarixli, 3378 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X2, oğulları X4 və X3 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi 3 saylı evdə yaşayırlar. Abşeron rayonu Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2009-cu və 2012-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən təqsirləndirilən şəxsin islah olunması üçün onun mütləq azadlıqdan məhrum etmə növündə cəza çəkməsini iddia etmək olmaz, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanan əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 25.09.2021-ci il tarixdən 26.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan–Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi-0,293 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 114,0 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdən 26.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut–Şamaxı rayon Polis Şöbəsində saxlanılan təmiz xalis çəkisi 0,293 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar