Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-116/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 6 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri, Ş.Ş.İbrahim küçəsi, 50 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri Avtovağzal dairəsinin yaxınlığında çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan təxminən 10 dəqiqə müddət ərzində ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı qəsdən başının alın nahiyəsi ilə (kəllə ilə) Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq ona burun beli nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadə verib göstərdi ki, onun özünə məxsus VAZ-2106 markalı, **-GC-*** dövlət nömrə nişanlı minik avtomobili vardır, o, heç yerdə işləmədiyinə görə həmin avtomobili ilə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi təminatını ödəyir. Şamaxı rayonun Həmyəli kənd sakini Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxın müddətdir ki, tanıyır. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, onunla arasında dava-dalaş və mübahisə olmamışdır. Belə ki, adətən onlar hər ikisi Şamaxı şəhəri avtovağzal dairəsində duraraq sərnişin gözləyirlər. 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində avtomobili ilə avtovağzal dairəsində olan zaman Zərərçəkmiş şəxs onun avtomobilinin yanına sərnişin yaxınlaşarkən, həmin vaxtı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Buna görə o, onu nə səbəbə söyməsini soruşub ona cavab qaytaranda, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində Zərərçəkmiş şəxs onun üzərinə gəlib onu vurmaq istəyərkən, o, özünü qorumaq üçün kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə kəllə ilə bir dəfə vurmuşdur ki, ondan uzaqlaşsın. Sonra isə Zərərçəkmiş şəxs ona heç bir söz demədən avtomobilinə əyləşib çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bu barədə rayon polis şöbəsinə müraciət etmişdir. Onunla Zərərçəkmiş şəxs arasında mübahisə və dava dalaş Şamaxı şəhəri avtovağzal dairəsində olmuşdur. Həmin hadisə 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Şamaxı şəhəri avtovağzal dairəsində baş vermişdir, dava-dalaş və mübahisə ümumilikdə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs Şamaxı şəhəri avtovağzal dairəsində bir dəfə kəllə ilə onu söydüyünə görə vurmuşdur. Zərərçəkmiş şəxs yalan məlumat vermişdir. O, həmin vaxtı Mirağanı təhqir etməmiş, əksinə o, onu təhqir etmişdir. Eləcə də o, taxta parçası götürməmiş və onu taxta ilə vurmaq istəməmişdir. Həmin vaxt orada Şahid olmuşdur. Ətrafda olan digər şəxsləri isə tanımamışdır. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyindən onu kəllə ilə bir dəfə sifət nahiyəsinə vurmuşdur. Başqa bir hərəkətlər etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun özünə məxsus VAZ-2106 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili vardır, o, həmin avtomobil ilə Şamaxı rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs 2021-ci ilin yaz aylarından tanıyır. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti yaxşı olub, aralarında dava-dalaş və mübahisə olmamışdır. Təqsirləndirilən şəxs da hazırda taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, onlar hər ikisi Şamaxı şəhəri avtovağzal dairəsi ərazisində duraraq sərnişin gözləyirlər. 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində o, avtomobili ilə avtovağzal dairəsində olan zaman Təqsirləndirilən şəxs ona demişdir ki, onun yanından aralan çıx get. Cavabında ona, Şamaxı şəhər sakini Cəmil ilə söhbət etdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, “dur burda, gedib sərnişini düşürüb gəlirəm, səninlə işim olacaq”. Onun bu sözünə görə, o, Təqsirləndirilən şəxs demişdir ki, “sənin mənimlə nə işin ola bilər”. Bundan sonra Təqsirləndirilən şəxs təxminən ondan dörd metr aralı məsafədən ona yaxınlaşmış, o, fikirləşmişdir ki, Cəlal ona nə isə söz deyəcək. Lakin Cəlal ona yaxınlaşan kimi ətrafda çoxlu şəxslərin olmasına və camaatın toplaşmasına fikir verməyib camaatın arasında onun ünvanına təhqiramiz və deyilməsi mümkün olmayan əxlaqsız sözlər deyib onu təhqir edərək gözləmədiyi halda bir dəfə kəllə ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt onun ağız nahiyəsindən və burnundan qan axmağa başlamış, zərbənin təsirindən o, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Təqsirləndirilən şəxs onun yerdə yıxılı qalaraq ağrının təsirindən qışqırmağına fikir verməyərək təkrarən onun üstünə gələrək üzü üstə uzandığı yerdə baş nahiyəsinə bir neçə dəfə yumruq və təpiklə zərbələr vurmuşdur. Cəlalın bu zərbələrindən o, qışqırmağa, kömək istəməyə başlamış və çətinliklə yerdən qalxmışdır. Bu vaxt Təqsirləndirilən şəxs ondan aralanıb özünün VAZ-2106 markalı avtomobilinə yaxınlaşıb avtomobilin arxa baqaj yerindən təxminən bir metrlik uzunluqda taxta parçasını götürüb həmin taxta parçası ilə onu vurmaq üçün onun üstünə gəlmiş, o, Cəlalın taxta parçası ilə onu vuracağından qorxub dərhal qaçaraq avtomobilinə əyləşmiş və avtomobili işə salaraq hadisə yerindən uzaqlaşmaq istəyəndə, Cəlal həmin taxta parçasını yerə vuraraq ona tərəf qışqırıb “get polisə, sənə deyirəm get polisə, polisdən qorxan yoxdur” sözlərini dəfələrlə ona demişdir. O da Cəlaldan qorxub avtomobili ilə hadisə yerindən uzaqlaşıb özünü Şamaxı RMX-na çatdırmış, sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat və rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Şamaxı şəhəri avtovağzal ərazisində dairəvi yolun yanında Təqsirləndirilən şəxs bir dəfə kəllə ilə onun sifət nahiyəsindən, baş nahiyəsinə yumruq və təpiklə bir neçə dəfə vurmuşdur və dəfələrlə onu təhqir etmişdir. Eyni zamanda, Cəlal taxta parçası ilə onu vurmaq istəsə də, o, hadisə yerindən uzaqlaşdığı üçün o, taxta ilə onu vura bilməmişdir. Həmin vaxt orada taksi sürücüsü Cəmil olmuşdur. Həmin vaxtı Cəlal tərəfindən döyüldüyü üçün və qan içində olduğu üçün ətrafda başqa kimlər olmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs onunla mübahisəsi və onu vurması 5-8 dəqiqə ərzində davam etmişdir. O, ona heç nə etməmişdir. Cəlal ondan 10 yaş kiçikdir, o, ona baş qoşmamışdır. Lakin Cəlal onu camaatın arasında təhqir edib döyərək ona xəsarət yetirmişdir. O, ancaq özünü müdafiə emiş, öz canının hayında olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, rayonun Həmyəli kənd sakini Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxından tanıyır. Onların hər ikisi ilə münasibəti normal olmuşdur. Hər üçü Şamaxı avtovağzalında taksi fəaliyyəti ilə məşqul olurlar. 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, mübahisə zəminində Cəlal Səmədov avtovağzal dairəsində onların gözü qarşısında kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt avtovağzalda olan tanımadığı şəxlər onları bir-birindən ayırmışlar. Bundan sonra isə Zərərçəkmiş şəxs avtomobilinə əyləşərək çıxıb getmişdir. Onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, mübahisə zəminində Cəlal Səmədov avtovağzal dairəsində onların gözünün qarşısında kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur.Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş və mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı və sonradan o, Təqsirləndirilən şəxs əlində taxta parçası olmasını və taxta ilə Mirağanı vurmaq istəməsini görməmişdir. O, ancaq Cəlalın camaatın arasında Mirağanı kəllə ilə vurmasını görmüşdür . İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı şəhəri avtovağzal dairəsi adlanan dairəvi yolun kənarında Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin vətəndaşların, avtomobillərin mütəmadi hərəkət etdiyi və ictimai yer olduğu müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qobustan rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 28.09.2021-ci il tarixli, 181 saylı ekspert rəyinin nəticə hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun beli nahiyəsinin dərialtı hematoması bərk küt əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 22.09.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubunda göstərilmişdir ki, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 22 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Şamaxı şəhəri avtovağzal dairəsi adlanan dairəvi yolun kənarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, həmin hadisə zamanı Təqsirləndirilən şəxs kəllə zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən vurub sonuncuya xəsarət yetirmiş, hadisə vaxtı ətrafda çoxlu şəxslər olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 07 oktyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 08 oktyabr 2021-ci il tarilxi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən 14 oktyabr 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Xalq Məhkəməsinin 09 yanvar 1996-cı il tarixli hökmü ilə CM-nin 73 maddəsinin 1 hissəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 1997-ci il tarixli 587 saylı əfv fərmanına əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 oktyabr 2021-ci il tarixli 3403 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı - 06 may 1980-cı il təvəllüdlü X6, oğlu - 04 mart 2003-cü il təvəllüdlü X2, qızları - 14 mart 2005-ci il təvəllüdlü X7, 30 yanvar 2007-ci il təvəllüdlü X8, 17 iyul 2009-cu il təvəllüdlü X3, 17 iyul 2009-cu il təvəllüdlü X4 və oğlu - 27 sentyabr 2016cı il təvəllüdlü X9 ilə Şamaxı şəhəri, Ş.Ş.İbrahim küçəsi, 50 saylı evdə yaşayır. İş materiallarında olan AZ-İİ 128371 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 29 noyabr 1999-cu ildə nikahlarını bağlamışlar, ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 775062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 04 mart 2003-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİİ 775061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 mart 2005-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İ 892986 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 yanvar 2007-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİ 317112 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 iyul 2009-cu ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİ 317114 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 iyul 2009-cu ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİİ 855978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9i 27 sentyabr 2016-cı ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir nəfər azyaşlı, dörd nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-116/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-116/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver