Məhkəmə qərarları › İş №1(074)-119/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-119/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-119/2021 22.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və təqsirləndirilən şəxs Sayıdov Şıxməmməd Şahməmməd oğlunun iştirakı ilə xx xxxxxx 1980-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 4 uşaq atası, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan bitki toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan tarixdə kultivasiya etməklə əkib həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə 2021-ci ilin avqust ayının ilk günlərində yığıb qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Şamaxı rayonu Göylər kəndi ərazisində üzərində saxlamaqla daşımış, 07 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Göylər kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 21:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli, qolsuz gödəkçənin sol iç yan cibində olan polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3,421 (üç tam mində dörd yüz iyirmi bir) qram, 3,495 (üç tam mində dörd yüz doxsan beş) qram, 4,314 (dörd tam .mində üç yüz on dörd) qram, 3,589 (üç tam mində beş yüz səksən doqquz) qram, 1,901 (bir tam mində doqquz yüz bir) qram, 2,124 (iki tam mində yüz iyirmi dörd) qram, 4,489 (dörd tam mində dörd yüz səksən doqquz) qram, 3,901 (üç tam mində doqquz yüz bir) qram, 0,230 (sıfır tam mində iki yüz otuz) qram olmaqla ümumilikdə 08 (səkkiz) ədəd bütöv, 01 (bir) ədəd yarı kəsilmiş kibrit qutularında ümumi çəkisi 27,464 (iyirmi yeddi tam mində dörd yüz altmış dörd) qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2021-ci ilin mart ayında yaşadığı Şamaxı rayonu Göylər kəndində özlərinə məxsus evin həyətində bir ədəd marixuana kolu əkmişdir, təxminən 20 gün bundan öncə o, həmin ağacı qırmış, budaqlarını qurutmuş və kibrit qutusuna yığmış və özü istifadə etmişdir. 07 sentyabr 2021ci il tarixdə həmin marixuanadan 8 ədəd bütöv, bir ədəd yarımçıq kibrit qutusunda olan marixuana sellofan torbada onun əynində olan tünd göy rəngli qolsuz gödəkçəsinin iç yan cibində olmuş, saat 20:50 radələrində Şamaxı rayonu Göylər kəndində evlərindən bir qədər aralıda mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirdirərək onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki tünd göy rəngli qolsuz gödəkçəsinin sol iç yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi ağ sellofan torbada 8 ədəd bütov, bir ədəd yarıdan kəsilmiş kibrit qutusu aşkar olunmuşdur. Polis əməldaşları həmin kibrit qutularını açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutularını polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, bu qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin əldə olunması təhlükəli olmaqla məsuliyyətə səbəb olduğundan və onun narkotik təbiətli çətənə bitkisini mütəmadi olaraq əkməsinin hüquq mühafizə orqanları tərəfindən bilinəcəyindən, məlum olunacağından ehtiyatlanmış, eləcə də o, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı bir bükümdə saxlayarsa çox istifadə edəcəyindən tez qurtaracağını fikirləşmiş, bütün bunlara görə də, o, həmin narkotik vasitə olan qurudulmuş marixuananı kibrit qutulurına ayrı-ayrılıqda yığmışdır ki, hərdən bir ehtiyacı olanda hər bükümdən az-az istifadə etsin və beləcə də həmin narkotik vasitəni uzun müddətə istifadə edə bilsin. Onun həmin narkotik vasitəni bükümlərə bölməkdə başqa məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində çalışır. Faktla bağlı qeyd edə bilər ki, 07 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon Göylər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü saat 20:50 radələrində o, Şamaxı rayon X15 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Şamaxı rayon Göylər kəndində Təqsirləndirilən şəxs məxsus olan evdən bir qədər kənarda onunla rastlaşmışlar. Əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər. O, onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə RPŞ-nə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin təhqiqatçısı Ramil Cavadovun xidməti otağında Müdafiəçi, Şamaxı rayon X15 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli, qolsuz gödəkçənin sol iç yan cibindən ağ polietilen sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik maddə aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni o, 2021-ci ilin mart ayında yaşadığı Şamaxı rayonu Göylər kəndində özünə məxsus evin həyətində bir ədəd marixuana kolu əkmiş, təxminən 20 gün bundan öncə o, həmin ağacı qırmış, budaqlarını qurutmuş və kibrit qutusuna yığmış və özü istifadə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin ona da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 07 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 21:35də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan və diskdən görünür ki, 07 sentyabr 2021-ci il tarixdə saat 21:50-də Şamaxı RPŞ-nin inzibati binasında videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli, qolsuz gödəkçənin sol iç yan cibindən ağ sellofan torbada 8 ədəd bütöv, bir ədəd yarıdan kəsilmiş kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutuları açılarkən içərisinə baxıldıqda, qutuların içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt X1 bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan torbada olan 8 ədəd bütöv, bir ədəd yarıdan kəsilmiş kibrit qutusunun içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur. Həmin maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərindən 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış protokolu ilə götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübut otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 08 sentyabr 2021-ci il tarixli 7/905 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş səkkiz ədəd kibrit qutularda və bir ədəd yarı kəsilmiş kibrit qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 3,421 qram, 3,495, qram, 4,314 qram, 3,589 qram, 1,901 qram, 2,124 qram, 4,489 qram, 3,901 qram, 0,230 qram, ümumi çəkisi 27,464 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq 27,284 qramdır, aparılmış tədqiqatın dəyəri 72,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 09 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən 01 oktyabr 2021-ci il tarixdə alınmış arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Göylər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli 340 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs, arvadı 17 dekabr 1988-ci il təvəllüdlü X2, qızları -03 iyun 2008-ci il təvəllüdlü X7, 03 iyul 2009-cu il təvəllüdlü X5, oğlanları - 21 iyun 2017-ci il təvəllüdlü X6 və 23 noyabr 2020-ci il təvəllüdlü X8 ilə Şamaxı rayonu Göylər kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Göylər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı kəndin xeyir və şər işlərində yaxından iştirak etmişdir. Kənd sakinləri arasında nüfuzu vardır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 3562 saylı rəydən görünür ki, Sayıdov Şıxməmməd Şahməmməd oğlunda kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomoniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndiirlməsi barədə 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliaksı CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, öhdəsində iki nəfər yetkinlik yaşına çatmayan, iki nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 22 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 22 noyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 27,284 qram narkotik vasitə olan marixuana məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar