Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-12/2024 28.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun nümayəndəsi İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 21 avqust 1982-ci ildə İsmayıllı rayonu, Minkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu, Minkə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun həyat yoldaşı barədə əxlaqsız məlumatlar yayması və həmin məlumatla bağlı İsmayıllı rayon məhkəməsinə verdiyi müraciət üzrə məhkəmə iclasında iştirak etməməsi səbəbindən aralarında uzun müddətdir yaranmış həmin narazılığı aydınlaşdırmaq üçün 17 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 133-cü kilometrliyində Şamaxı rayonu, Muğanlı kəndi ərazisindən keçən hissəsində yerləşən dairəvi yolun yaxınlığında görüşüb söhbət edərkən, başlanmış münaqişə zamanı əlində olan 70 (yetmiş) santimetr uzunluğunda, dəmir materialdan olan armatur parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub döyərək, qəsdən sonuncuya döş qəfəsinin ön səthinin, hər iki bazu nahiyələrinin, sağ mil-bilək nahiyəsinin, hər iki bud nahiyələrinin qançırlı sıyrılmış səthi yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol almacıq sümüyünün sınığı ilə ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətǝ pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ogey əmisi X1, Sevindiklə münasibəti artıq 2022-ci ilin iyun-iyul aylarından pis olmuş, buna səbəb də onun həyat yoldaşı X9 adına pis sözlər çıxartması olmuşdur. O, Sevindikə, həmçinin Sevindikin ailə üzvlərinə dəfələrlə özünü yığışdırmağı bildirsə də o, buna heç bir məhəl qoymamışdır. Bu söz-söhbəti qaynaqlandıran ögey əmisi X10, əmisinin həyat yoldaşı X11 və gəlini X6 olmuşdur. O, bunların bu hərəkətləri barədə 2023-cü ilin aprel ayından İsmayıllı rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmədə Əmirxan Ələkbərov və Zərərçəkmiş şəxs iştirak etməmişlər. O və həyat yoldaşı Kəmalə Mahmudova dəfələrlə həm Sevindikin arvadı Elnarə İmamquliyevaya, oğlu Kamal İmamquliyevə və qızı Nigar İmamquliyevaya, eyni zamanda ögey əmisi Əmirxan İmamquliyevin həyat yoldaşı Raisə Ələkbərovaya, oğlu Elçinə bildirmişlər ki, bu söz söhbətləri yığışdırsınlar, bunun axırı pis olacaq, məhkəməyə gəlib izahat versinlər. Sevindik hər yerdə ağızına gələni danışaraq bildirir ki, guya onun həyat yoldaşı Kəmalənin bacısı Pərvanənin kürəkəni Arazdan xoşu gəlib. Belə ki, 17 avqust 2023-cü il tarixdə, saat 17 radələrində o, Sevindikə zəng vurmuş və bildirmişdir ki, «qohumdurlar, ayıbdır, söz çıxartmısan, sabah məhkəmədə gəl sözünün arxasında dayan». Bu zaman Sevindik Məhkəmənin ünvanına, onun ünvanına, həyat yoldaşı Kəmalənin ünvanına və azyaşlı qızının ünvanına nalayiq xoşagəlməz ifadələr işlətmiş və ona bildirmişdir ki, “kişisən dur gəl Şamaxıya, mən də gəlirəm”, Sevindik bunu deyən zaman onu da qeyd etmişdir ki, “arvadınla qızını da götür gəl, səni öldürüb onları özüm üçün aparacam”. O da ona bildirmişdir ki, “gəl hara deyirsən, mən də gəlirəm”. Həmin tarixdə, artıq saat 22 radələrində o, oğlu Şahid1la və taksi sürücüsü X3 ilə Şamaxı rayonunun girişində Muğanlı kəndi ərazisində çay içən zaman Sevindik ona zəng vurmuş və “ay varyoxun belə-belə olsun, Muğanlıda qarpız satılan yerdə gözləyirəm” sözlərini dedikdən sonra o, dərhal ora getmişdir. Maşından düşən zaman Sevindik əlindəki bıçaqla onun üzərinə hücum etmiş və onun sağ qol nahiyəsinə xəsarət yetirmişdir. O isə arada boşluq yaranan kimi dərhal yerdə olan armatur parçasını götürərək Sevindikin baş və digər nahiyyələrinə ağır zərbələr vurmağa başlamışdır. Oğlu Vüqar və taksi sürücüsü Rəfail Sevindiyi onun əlindən alaraq onu avtomaşına otuzdurub oradan uzaqlaşdırmışlar. O, həmin vaxt Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və İsmayıllı rayonuna getmişdir. Hadisə zamanı o, Sevindiki yerdə olan armatur parçası ilə vurmuşdur. Həmin hadisə təxminən 1 dəqiqə ərazində davam etməklə, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində baş vermiş, orada ondan, oğlu Vüqardan və taksi sürücüsü Rəfaildən başqa heç kim olmamışdr. O, Sevindiyi vuran zaman onu öldürmək məqsədi olmamış, sadəcə olaraq Sevindik onun həyat yoldaşı Kəmalənin ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, onu döyərək dərs vermək istəmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək üçün imkanı olmuş, lakin qeyd etdiyi kimi onu öldürmək niyyəti olmamışdır, sadəcə olaraq ona dərs vermək istəmişdir. Həmin hadisə zamanı orada olan oğlu Vüqar və taksi sürücüsü Rəfayıl onu aralaşdırmasa, o, Sevindiyi sadəcə daha çox döyə bilərmiş. Həmin hadisə zamanı o, sağ qol nahiyəsindən xəsarət almışdır. Sonda törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Faiz oğlu onun qohumudur. Onunla 5-6 aydır ki, münasibətləri pisləşmiş, buna səbəb də qohumu Allahverdinin onu məhkəməyə verməsi olmuşdur. Dəqiq yadında deyil bir müddət əvvəl Arazla birlikdə işləyən zaman Araz danışırdı ki, Allahverdigilin evlərində işləyən zaman Allahverdinin həyat yoldaşı Kəmalə onun dalınca düşmüş, ondan xoşu gəlmişdir. Bunu deyən zaman o, Araza bildirmişdir ki, “ayıbdır, Allahverdigildə işləyib onların çörəyini yemisən, indi bu nə sözdür ki danışırsan”. Bundan sonra 2022-ci ildə Sumqayıt şəhərində toyda olan zaman Əmirxan və həyat yoldaşı da toy məclisində olmuşlar. Həmin vaxt onlar toyda Allahverdinin nə üçün iştirak etmədiyini soruşan zaman bildrmişdir ki, ola bilsin ki, Araz Allahverdinin həyat yoldaşı Kəmalənin adına söz çıxartdığından, o, toya dəvətli deyil. Allahverdinin onu məhkəməyə vermə səbəbi həyat yoldaşı Kəmalənin adına söz çıxması olmuşdur. Həmin sözü məhkəmə olan zaman bəzi vaxtlarda onun işləri olurdu və məhkəmə prosesində iştirak etmirdi, buna görə də Allahverdi öz başından dəfələrlə ona zəng vuraraq söyüş təhqir edib nə üçün məhkəmə prosesində iştirak etmədiyini bildirirdi. Həmin vaxtlarda da o, Allahverdiyə deyirdi ki, “məhkəməyə gəlmirəmsə, məhkəmə özü ona bildiriş versin, sənin ixtiyarın yoxdur mənim məhkəmə prosesinə gəlib-gəlməməyimi irad bildirəsən və müzakirə edəsən”. Buna baxmayaraq Allahverdi dəfələrlə, o, evdə olan zaman mobil telefonuna zəng vurub söyüb təhqir etmişdir. O da Allahverdinin bu söyüşlərinə dözməyib onu cavab olaraq sömüşdür. Allahverdinin həyat yoldaşı Kəmalə onun həyat yoldaşı Elnarəyə zəng vurub onun ünvanına nalayiq ifadələr işlətdiyi zaman Elnarə ona heç bir cavab verməmiş, telefonu söndürmüşdür. Bundan sakitləşməyib Kəmalə həyat yoldaşından sonra qızı Nigara zəng vuraraq ona onun barəsində xoşagəlməz ifadələr işlətmiş və demişdir ki, “atan oğraşa de məhkəməyə gəlsin”. Bunu ona həyat yoldaşı Elnarə İmamquliyeva bildirmişdir. 15 avqust 2023-cü il tarixdə o, işdə olan zaman Allahverdi və oğlu Vüqar onların evinə gəlib evin qapısını döyən zaman həyat yoldaşı Elnarə evin pəncərəsini açaraq onların gəldiyini görüb qorxusundan pəncərəni bağlamışdır. Həmin vaxt Allahverdi və oğlu Vüqar onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək oradan uzaqlaşmışlar. Bunları da ona həyat yoldaşı Elnarə bildirmişdir. Allahverdinin məhkəməyə müraciət etməsi ilə bağlı 18 avqust 2023-cü il tarixə məhkəmə prosesi təyin edilmiş və o, həmin məhkəmədə iştirak etmək üçün dəvətli olduğundan hazırlaşıb məhkəməyə getmək istəmişdir. 17 avqust 2023-cü il tarixdə evdə olan zaman Allahverdi onun telefonuna zəng vurmuş və onu arvadı Elnarəni və qızı Nigarı söyüb təhqir edərək nə üçün məhkəməyə gəlmədiyini deyib söyüb təhqir etməyə davam edib Şamaxıya söhbət etmək üçün onu çağırmışdır. Danışıb qurtardıqdan sonra o, əsəbi halda evdən çıxmaq istəyən zaman həyat yoldaşı Elnarə onu sakitləşdirərək ona baş qoşmamağını demişdir. O isə Elnarəyə bildirmişdir ki, “hava alıb qayıdacam”. Bu zaman o, sakitcə evdən mətbəx bıçağı götürmüşdür ki, üstündə olsun, birdən Allahverdigil çox olar o, həmin bıçaqla özünü müdafiə edə bilsin. O, bıçağı götürüb çıxdıqdan sonra Şamaxı rayonuna gəlmişdir. Yolda Allahverdi dəfələrlə onunla əlaqə saxlayaraq onu və ailə üzvlərini söyüb təhqir edərək harada olduğunu soraşanda, o, ona cavab olaraq gəldiyini demişdir. O, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən dairənin yanına çatdıqda təxminən 10 dəqiqə keçdikdən sonra markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun yanında saxlamış və avtomobildən Allahverdi özü və oğlu Vüqar yerə düşərək əllərindəki armatur parçaları ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışlar, bu zaman onlarla gələn avtomobilin sürücüsü onlara qışqıraraq “bəsdirin öldü artıq” sözlərini demişdir. Həmin vaxt Allahverdinin oğlu Vüqar əlindəki armaturla onun ilk olaraq sol sifət nahiyəsinə, baş nahiyəsinə və sol çiyin nahiyəsinə zərbələr vurmağa başlamış, eyni zamanda o, yerə yıxılan an Allahverdi də əlindəki armatur parçası ilə onu vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış, özündə olmadığından zərbələrin hansı nahiyələrinə və neçə zərbələr vurduqlarını xatırlamamışdır. Onlar onu döydükdən sonra avtomobilə oturaraq oradan uzaqlaşmışlar. Həmin vaxt o, özündən getmiş, özünə gəldikdən sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Allahverdigil onu döyən zaman üzərindəki mətbəx bıçağının hara düşdüyünü bilməmişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Həmin vaxt Allaverdi və oğlu Vüqar onu avtomobildən yerə düşərək döyməyə başlamışlar və onun bədəninin müxtəlif nahiyələrinə, həmçinin baş nahiyəsinə vurmuşlar, o, huşunu itirmişdir. O, həmin vaxt heç kimi vurmamışdır. Həmin vaxt evlərindən mətbəx bıçağını götürməkdə məqsədi özünü müdafiə etmək olmuşdur. O, düşünmüşdür ki, Allahverdi tək olmayacaq, ona görə də bıçağı evdən götürmüşdür. Həmin hadisə təxminən 2-3 dəqiqə ərzində davam etməklə, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində baş vermişdir. Həmin vaxt orada ondan, Allahverdidən, Allahverdinin oğlu Vüqardan və taksi sürücüsü, sonradan adını bildiyi Rəfaildən başqa heç kim olmamışdır. Həmin hadisə zamanı o, başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Faiz oğlu onun həmkəndlisidir, onunla və ailəsi ilə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 17 avqust 2023-cü il tarixdə, saat 22 radələrində həmkəndlisi Allahverdi onunla əlaqə saxlamış və ona bildirmişdir ki, Şamaxı rayonunda işi var onu Şamaxı rayonuna gətirib-aparmağını ondan xahiş etmişdir. O, da taksi fəaliyyəti ilə məşğul olduğu üçün Allahverdi ilə razılaşmış və onlar, yəni o, Təqsirləndirilən şəxs və Allahverdinin oğlu Şahid1 üçü yaşadıqları İsmayıllı rayonu Minkə kəndindən Şamaxı rayonuna gəlmək üçün yola düşmüşlər. Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən çay evlərinin qarşısında Allahverdi avtomobili saxlatdırmış və bildirmişdir ki, çay içək indi ona zəng gələcək, təkər götürüb gedərik. Onlar təxminən 10-15 dəqiqə oturub çay içən zaman Allahverdinin telefonuna zəng gəlmiş və Allahverdi bildirmişdir ki, “durun gedək”. Onlar avtomobilə oturmuşlar və İsmayıllı rayonu istiqamətində hərəkətə başlamışlar. Muğanlı dairəsi deyilən ərazidə yolun kənarında bir nəfər şəxs dayanmışdır. Allahverdi ona bildirmişdir ki, o, avtomobili həmin şəxsin yanında saxlasın. O da avtomobili həmin şəxsin yanında saxlayan zaman Allahverdi yerə düşmək istəyən zaman o, həmin şəxsin əlində bıçağı görüb Allahverdiyə demişdir. Allahverdi qapını bərk tutmuşdur ki, həmin sonradan adını bildiyi Sevindik qapını açıb onu vura bilməsin. Bu zaman Allahverdi birtəhər yerə düşmüş və özünü həmin Sevindiyin əlində olan bıçaqdan qorumaq üçün yerdən armatur parçası götürmüş və onu vurmuşdur. Bu zaman o və Allahverdinin oğlu Vüqar Allahverdini sakitləşdirərək Sevindikdən uzaqlaşdırmışlar. Həmin vaxt Sevindik əlindəki mobil telefonla harasa zəng vurmağa başlamışdır. Onlar isə oradan uzaqlaşmışlar. Həmin vaxt o, konkret olaraq Allahverdinin həmin Sevindiyi harasından vurmağını görməmişdir. Sevindik yalan danışmışdır. Həmin vaxt Vüqar və o, Sevindiyi vurmamışlar, sadəcə olaraq onlar Allahverdini sakitləşdirmişlər. Konkret olaraq Sevindiyi sadəcə Allahverdi yerdə olan armatur parçası ilə vurub xəsarət yetirmişdir. Buna səbəb də, onun özünü müdafiə etməsi olmuşdur. Həmin vaxt orada ondan, Allahverdidən və Vüqardan başqa heç kim olmamışdır. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun atası Allahverdinin ogey əmisi X1. X8 münasibəti artıq 2022-ci ilin iyun-iyul aylarından pisdir, buna səbəb də onun anası X9 adına pis sözlər çıxartması olmuşdur. X17, həmçinin onun ailə üzvlərinə dəfələrlə özünü yığışdırmağı bildirsə də Sevindik buna heç bir məhəl qoymamışdır. Atası Allahverdi bunların bu hərəkətləri barədə 2023-cü ilin aprel ayından İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, 17 avqust 2023-cü il tarixdə axşam saatlarında atası və taksi sürücüsü Rəfaillə birlikdə Şamaxı rayonuna gəlmək üçün yola düşmüşlər. Şamaxı rayonuna çatdıqdan sonra ona məlum olmuşdur ki, atası Allahverdi qohumları Sevindiklə birlikdə görüşüb məhkəmə barəsində söhbət etmək istəyir. Həmin tarixdə, dəqiq saatı yadında deyil hava artıq qaranlıq idi, onlar maşını Şamaxı rayonunun girişində, Muğanlı kəndi ərazisində saxlamışlar və orada olan çay evində çay içmişlər. Həmin vaxt Sevindik atası Allahverdiyə zəng vurmuş və bildirmişdir ki, “qarpız satanların yaxınlığındayam”. O, taksi sürücüsü Rəfail və atası Allahverdi oraya getmişlər, çatandan sonra Sevindik onlar olan avtomobilə yaxınlaşıb qapısını atası oturduğu tərəfdən açmaq istəyən zaman sürücü Rəfayıl qışqıraraq ehtiyatlı ol, əlində bıçaq var sözlərini dedikdə, atası qapını açmağa qoymamışdır ki, Sevindik əlindəki bıçaqla birdən onu vurar. Bu zaman Sevindik atası oturan qapını aça bilmədiyindən onun tərəfə gəlmiş və qapını açmaq istəyən zaman atası Allahverdi yerə düşmüş və Sevindik atasına hücum etmişdir. Bu zaman atası Allahverdi dizi ilə Sevindiyi vurmuşdur ki, əlindəki bıçaq yerə düşsün və yerdə olan armatur parçasını götürərək Sevindiyi döyməyə başlamışdır. O və Rəfail onları sakitləşdirmişlər və atasını avtomobilə otuzdurub oradan getmişlər. O və taksi sürücüsü Rəfail Sevindiyi vurmamışlar və ona qarşı hər hansısa bir qərəzli hərəkətlər etməmişlər. Həmin vaxt orada ondan, atası Allahverdidən və taksi sürücüsü Rəfaildən başqa heç kim olmamışdır. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu, Muğanlı kəndi ərazisindən keçən hissəsində dairənin yaxınlığıdır. Baxış keçirilən ərazi üç bir tərəfi avtomobillərin hərəkət yolu, arxa tərəfi isə yolun kənarına çəkilmiş hasar əhatə edir. Hadisə zamanı İsmayıllı rayonu, Minkə kəndində yaşayan Təqsirləndirilən şəxs Faiz oğlu hadisənin baş verdiyi yeri göstərərək, bir daha 17 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Şamaxı rayonunun girişində Muğanlı kəndi ərazisində maşından düşən zaman Sevindiyin əlindəki bıçaqla onun üzərinə hücum etdiyini və sağ qol nahiyəsinə xəsarət yetirdiyini görüb yerdə olan armatur parçasını götürərək Sevindiyi baş və digər nahiyələrinə ağır zərbələr vurmağa başladığını bildirmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşya predmet, o cümlədən armatur, bıçaq və digər əşyalar aşkar edilməmişdir “Götürmə aparılması haqqında” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 70 santimetr uzunluğunda dəmir materialdan olan armatur parçası iş üzrə əhəmiyətli olduğundan götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 Publik Hüquqi şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 268 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yarası, döş qəfəsinin ön səthinin, hər iki bazu nahiyələrinin, sağ mil-bilək nahiyəsinin, hər iki bud nahiyələrinin qançırlı sıyrılmış səthi yaraları, sol almacıq sümüyünün sınığı bərk kənarlı küt əşya dəmir armaturla kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Xəsarətlərǝin yetirilmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundurlar. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən döş qəfəsinin ön səthinin, hər iki bazunun, sağ mil-bilək nahiyəsinin, hər iki budun kənarları qançırlı səthi sıyrılmış yaraları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qapalı kəllə beyin travması ilə müşahidə olunan başın yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol almacıq sümüyünün sınığı isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 Publik Hüquqi şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sağ bazunun səthi cızıqları nisbətən iti kənarlı küt əşya təsirindən törənmişlər. Yetirilmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər (cızıqların) yerləşmə nahiyyələri, bir-birinə paralelliyi, ölçüləri əsas verir ki, həmin xəsarətlər zərərçəkənin özü tərəfindən yetirilmişdir. İsmayıllı RİH başçısının Keyvəndi kənd İƏD üzrə nümayəndəliyinin 23 sentyabr 2023cü il tarixli 144 saylı arayışından görünür ki, Mahmudov X5 RİH başçısının Keyvəndi kənd İƏD üzrə nümayəndəliyinin Minkə kəndində 02 nömrəli təsərrüfatbaşına kitabın 64-cü səhifəsində 82 saylı şəxsi təsərrüfatda qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İsmayıllı RİH başçısının Keyvəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan əmiləri ilə tez-tez münaqişələri olur. O, qayğıkeş və diqqətli ailə başçısıdır. İsmayıllı RİH başçısının Keyvəndi kənd İƏD üzrə nümayəndəliyinin 23 sentyabr 2023cü il tarixli 145 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 26 aprel 1983-cü il təvəllüdlü X14, oğlanları 27 avqust 2023-cü il təvəllüdlü Şahid1 və 02 iyun 2008-ci il təvəllüdlü Şahid1 və qızı 09 noyabr 2012-ci il təvəllüdlü X4 ilə İsmayıllı rayonu, Minkə kəndində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 25 sentyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Cinayət əməlinin tövsif oluması haqqında” 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərərçəkmiş şəxsin onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsindən əsəbiləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşdığı İsmayıll rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 18 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Şamaxı rayon polis şöbəsində saxlanılan 70 sm uzunluğunda olan dəmir materialdan olan armatur parçası hökm qanuni qüvvəsiuni aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut Şamaxı rayon polis şöbəsində saxlanılan 70 sm uzunluğunda olan dəmir materialdan olan armatur parçası hökm qanuni qüvvəsiuni aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-12/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-12/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver