Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-12/2025 05.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.3, 181.2.1, 181.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 il 3 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, ev 2-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə, 12 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Şamaxı şəhəri Ələşrəf Əlizadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa tərəfindəki daş hasardan aşmaqla həyətyanı sahəsinə, sonra isə evin ikinci mərtəbəsindəki pəncərənin açıq olduğunu görüb həmin pəncərədən əvvəlcə evin qonaq otağına oradan isə yataq otağına qanunsuz daxil olub, yataq otağındaki güzgülü dolabın üst çəkməcəsini açaraq orada saxlanılan Türkiyə istehsalı 187,20 manat dəyərində 585 əyyarlı 1,56 qram çəkidə 01 ədəd qızıl üzük, Türkiyə istehsalı 360 manat dəyərində 585 əyyarlı 3 qram çəkidə kişiyə aid 01 ədəd qızıl üzük, Türkiyə istehsalı 344,40 manat dəyərində 585 əyyarlı 2,87 qram çəkidə 01 ədəd qızıl qolbağı, Türkiyə istehsalı 187,20 manat dəyərində 585 əyyarlı 1,56 qram çəkidə 01 ədəd qızıl qolbağı, Türkiyə istehsalı 400,80 manat dəyərində 3,34 qram çəkidə 01 cüt qızıl sırğadan ibarət qızıl-zinət əşyalarını və 850 (səkkiz yüz əlli) AZN nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2329,60 (iki min üç yüz iyirmi doqquz manat altmış qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şamaxı şəhəri, Natəvan küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Özü də fərdi əmək fəaliyyəti ilə məşğul olur, orta təhsillidir, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.3, 181.2.2-ci maddələri ilə məhkum olunmuşdur. O, 12 sentyabr 2024-cü il tarixdə günorta vaxtı məhlələrində spirtli içki qəbul etmiş, bundan sonra sərxoş olduğuna görə, maddi ehtiyacı olmağı fikrindən çıxmamış, buna görə də oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı 12 sentyabr 2024cü il tarixdə saat 18 radələrində Şamaxı şəhəri, Ələşrəf Əlizadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək üçün evin həyətinin daş hasarından Ramilin evinin həyətinə keçmiş, həyətdən evin qapısının bağlı olmasını görüb həyətdəki stolun üstünə çıxmış, oradan da divardakı bağlı borulara ayağını söykəyib evin ikinci mərtəbəsindəki pəncərədən yapışmış, pəncərə açıq olduğu üçün oradan içəri daxil olmuş, pəncərə olan otaqdan ümumi otağa keçib oradan da evin yataq otağına girmişdir. Orada əvvəlcə otaqdakı güzgülü dolabı axtarıb dolabdan sırğa, qolbaq, üzük kimi qızıl-zinət əşyaları və 850 manat pul tapmış, həmin pul və qızıl-zinət əşyalarını cibində gizlətmiş, daha sonra həmin əşyaları da götürüb evdən çıxmışdır. Pulun bir hissəsini xərcləmiş, daha sonra, Bakı şəhərinə getmiş, dostu Şahid2lə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə görüşmüşdür. Dostu Şahid2 Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini, evdən sırğa, qolbaq, üzük kimi qızıl-zinət əşyaları və 850 manat pul oğurladığını bildirmişdir. Bundan sonra, həmin pulu birlikdə xərcləmək üçün dostu Şahid2lə “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı adını xatırlamadığı saunaya getmiş, dostu Şahid2lə orada istirahət etmiş, bütün xərci həmin pul ilə etmişdir. Bundan sonra, həmin qızılları dostu Şahid2 saxlaması üçün vermişdir ki, qızılları sahibinə geri qaytarsın. 12 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs həyat yoldaşı ilə bərabər evdən çıxdığını görmüş, həmçinin evin 2-ci mərtəbəsinin pəncərəsinin də açıq olduğunu gördüyü üçün oradan oğurluq etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən 2 ədəd qızıl üzük, 2 ədəd qızılqolbaq və 1 dəst qızıl sırğa götürmüş, qızıl zinyət əşyalarını corabına qoyub gizlətmişdir. Qızıl zinyət əşyalarını Bakı şəhərində Şahid2 verən zaman orada 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl sırğa olmuşdur. Ola bilsin ki, həmin qızıl sırğanın bir tayını qızılları Şahid2 verməmişdən əvvəl hardasa düşürmüşdür. Həmin vaxt sərxoş olduğu üçün 850 manatın bir hissəsini Bakı şəhərində tək başına xərcləmiş, bir hissəsini Şahid2lə birlikdə 20 Yanvar metrosunun yaxınlığındakı kafelərin birində, bir hissəsini isə “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı adını xatırlamadığı saunada xərcləmişdir. Oğurluq etdikdən sonra Salehə bu barədə xəbər verib ona Bakı şəhərinə çağırmışdır. Sərxoş olduğu üçün pulları xərclədiyi ünvanları dəqiq xatırlamır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini və ailə vəziyyətini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, X7 küçüsi, ev 48 ünvanında yaşayır. 12 sentaybr 2024-cü il tarixdə saat 17 radələrində qohumunun toy mərasiminə getmək üçün həyat yoldaşı ilə birlikdə evdən çıxmışdır. Evdən çıxan zaman evin giriş qapısını və həyət darvazasını bağlasa da, evin həyətə açılan pəncərəsini açıq qoymuşdur. Evdən çıxarkən küçədə Təqsirləndirilən şəxs görmüş və ona salam vermişdir, həmin vaxt Rəşidin əlində spirtli içki olan “Go!” olmuşdur. Oradan çıxıb toya getmiş və 12 sentaybr 2024-cü il tarixdə saat 23 radələrində həyat yoldaşı ilə birlikdə toy məclisindən çıxıb evlərinə qayıtmışdır. Həyat yoldaşı üzərində olan qızılları yerinə qoyanda görmüşdür ki, yataq otağında olan güzgülü dolabın üst çəkəcək gözü dağınıq vəziyyətdədir. Dolaba diqqətlə baxanda görmüşdür ki, orada olan özlərinə məxsus 850 manat pul və qızıl zinyət əşyaları yerində yoxdur, dəqiqləşdirib müəyyən etmişdir ki, oğurlanmış qızıl-zinət əşyaları qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzük, kişiyə aid 3 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzük, qadına aid 2.87 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbaq, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbaq, qadına aid bir cütü 3.34 qram olan Türkiyə istehsalı, qızılın əyarı 585 olan bir cüt sırğa aparılmışdır. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra ərizə ilə Şamaxı RPŞ-yə müraciət etmişdir. Oğurlanmış pul 850 manat olmuş, oğurlanmış qızıl-zinət əşyaların ümumi dəyəri təxminən 1400-1500 manat dəyərində olmuşdur və ona ümumilikdə 2250-2350 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şamaxı şəhəri, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla eyni məhlədə yaşayır, əvvəllər aralarında heç bir mübahisə, ədavət olmamışdır. 12 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq Bakıda olduğunu, lazımdırsa ona pul ata biləcəyini demiş, o, Rəşiddən pulunun hardan olduğunu soruşduqda, ona faizə pul götürdüyünü demişdir. O, Rəşidə Bakıya gəlməli olduğunu, daha sonra onla əlaqə saxlayacağını demişdir. Axşam saatlarında bəzi sənədləri vermək üçün Bakıya getmiş, orada həmin sənədləri “Alov” zavodun yanında yeznəsi X3 verdikdən sonra Təqsirləndirilən şəxslə Bakı şəhərində “İmperial” şadlıq sarayının yaxınlığında görüşmüşdür. O, Təqsirləndirilən şəxslə Bakı şəhərində yerləşən “20 Yanvar” metrosunun yaxınlığındakı kaferlərdən birinə getmişdir. Həmin kafedə o, Təqsirləndirilən şəxs yenə də üzərində olan pulu hardan əldə etmiş olduğunu soruşduqda Rəşid qonşusu Ramilgildən oğurluq etdiyini demiş, o, Rəşiddən nə oğurladığını soruşduqda 850 manat pul oğurladığını demiş, o təkid etdikdən sonra isə qızıl-zinyət əşyaları da oğurladığını etiraf etmişdir. O, Rəşidə səhv etdiyini, qızılların harada olduğunu soruşduqda Rəşid qızılları Şamaxıda gizlətdiyini demişdir. Daha sonra corabında gizlətdiyi 02 ədəd qızıl qolbağı, 02 ədəd qızıl üzüyü, 01 ədəd qızıl sırğanı çıxarıb ona göstərmişdir. O stoldan salfet götürüb qızılları salfetə bükmüşdür. Orada bir az söhbət etdikdən sonra “Xalqlar dostluğu” metrosunun yaxınlığındakı hamama getmişlər. Hamamda bir müddət istirahət etdikdən sonra onlar yenidən “20 Yanvar” metrosunun yaxınlığındakı kafeyə qayıtmışlar. Daha sonra Bakı şəhəri ərazisində yerləşən “Şamaxinka” adlanan yerdən Rəşidlə birlikdə tanımadığı taksi maşını ilə Şamaxı şəhəri, Babək küçəsində yerləşən evinə gəlmişdir. O, qızılları Rəşiddən alıb öz evindəki yataq otağındakı çarpayıda döşəyin altında gizlətmişdir. Bundan sonra qızılları evdə qoyub Rəşidlə birlikdə anasının işlədiyi “Bəyaz Palace” şadlıq sarayına gedərkən Şamaxı RPŞ-nin əməkdaşları onları saxlamış və birlikdə rayon polis şöbəsinə gəlmişlər. O, Rəşidin oğurluq etməsini əvvəlcədən bilməmiş, ona bu barədə heç bir məsləhət və göstəriş verməmişdir. O, Rəşidin oğurluq etdiyini bildikdən sonra qızılları sahibinə qaytarmaq üçün alıb saxlamış və qızılları sahibinə qaytarması üçün anasının iş yerinə getmək istəyərkən yolda polis əməkdaşları onu saxlamışlar. Məhkəmə iclasının yeri və vaxtı varədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yaşayır. 12 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində qohumunun toy mərasiminə getmək üçün həyat yoldaşı ilə birlikdə evdən çıxmışdır. Evdən çıxan zaman evin giriş qapısını və həyət darvazasını bağlasa da, evin həyətə açılan pəncərəsini açıq qoymuşdur. Evdən çıxarkən həyat yoldaşı Təqsirləndirilən şəxs küçədə görmüş və ona salam vermişdir, həmin vaxt Rəşidin əlində spirtli içki olan “Go!” olmuşdur. Oradan çıxıb toya getmiş və 12 sentaybr 2024-cü il tarixdə saat 23 radələrində həyat yoldaşı ilə birlikdə toy məclisindən çıxıb evlərinə qayıtmışdır. Üzərində olan qızılları yerinə qoyanda görmüşdür ki, yataq otağında olan güzgülü dolabın üst çəkəcək gözü dağınıq vəziyyətdədir. Dolaba diqqətlə baxanda görmüşdür ki, orada olan özlərinə məxsus 850 manat pul və qızıl zinyət əşyaları yerində yoxdur. Dəqiqləşdirib müəyyən etmişdir ki, oğurlanmış qızıl-zinət əşyaları qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzük, kişiyə aid 3 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzük, qadına aid 2.87 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbaq, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbaq, qadına aid bir cütü 3.34 qram olan Türkiyə istehsalı, qızılın əyarı 585 olan bir cüt sırğa aparılmışdır. Həyat yoldaşı dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra ərizə ilə Şamaxı RPŞ-yə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1-1098/2024 nömrəli cinayət materialları üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi, Şahid2 barəsində isə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqıqnda” 12 sentyabr 2024-cü il protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus olmaqla Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 48-də yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilən ev ikimərtəbəlidir, mişar daşları ilə inşa edilmişdir, ikinci mərtəbəyə pilləkən də mişar daşları ilə evin çöl tərəfindən inşa edilməklə hörülmüşdür, evin birinci mərtəbəsinin içərisindən ikinci mərtəbəyə pilləkən yoxdur, həyət çardaqla örtülmüşdür, giriş qapısı dəmirdən inşa edilən darvazadır, evin dörd bir tərəfi mişar daşları ilə hörülmüş hasardan ibarətdir. Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsindəki mətbəx üçün nəzərdə tutulan pəncərənin açıq olmasını və kənar kənar şəxsin oradan evə daxil olmasını bildirdi, oğurluq isə evin ikinci mərtəbəsindəki yataq otağından edilmişdir. Belə ki, yataq otağında güzgü dolabı, paltar dolabı və yataq üçün ikinəfərlik çarpayı vardır, evin güzgü dolabının çəkəcək hissəsində əşyalar dağınıq hala salınmışdır. Zərərçəkmiş şəxs həmin güzgü dolabından 01 cüt sırğa, 02 ədəd qolbaq, 02 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarının və bir yerdə olan 850 (səkkiz yüz əlli) AZN manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirib həmin yeri təqdim etdi, müəyyən edildi ki, qeyd edilən qızıl-zinət əşyaları və 850 manat pul Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 48-də yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin yataq otağında olan güzgü dolabının çəkəcək hissəsindən oğurlanmışdır, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 13 sentyabr 2024-cü il protokoldan görünür ki, həmin tarixdə Şahid2 iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən oğurlanmış iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızıl-zinət əşyalarını istintaqa təqdim etmiş, həmin əşyalara baxış keçirilməklə sübuti əhəmiyyətə malik olduğundan iş üzrə götürülmüş, istintaq hərəkəti videoya çəkilmiş, bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 13 sentyabr 2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızıl-zinət əşyaları tanınması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarını tanımış, evindən oğurlanmış qızıl-zinət əşyaları olduğunu bildirmişdir. “X4 firmasının” əşyaların qiymətləndirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli rəyindən görünür k, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzüyün qiyməti 190 manat, kişiyə aid 3 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl üzüyün qiyməti 370 manat, qadına aid 2.87 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbağın ümumi dəyəri 350 manat, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olan 01 ədəd qızıl qolbağın ümumi dəyəri 190 manat, qadına aid bir cütü 3.34 qram olan Türkiyə istehsalı, qızılın əyarı 585 olan bir cüt sırğanın qiyməti 400 manat olmaqla, qızıl zinət əşyalarının dəyəri 1500 manat qiymətləndirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Mustafayev X2 Respubliakı CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 4(074)-51/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızıl-zinət əşyaları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 17 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan və Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 48-də yerləşən fərdi yaşayış evindən oğurlanmış iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızıl-zinət əşyalarını təhvil almışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 sentyabr 2024-cü il tarixli 5-75-12/2-1328/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il tarixdə anadan olmuş, ünvan 5 ünvanda yaşayır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, orta təhsillidir, onun barəsində ailə üzvləri və qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(074)-39/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. X1 xx.xx.2024-cü il tarixli, 156 nömrəli rəyindən görünür ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olmaqla 01 ədəd qızıl üzüyün nəzəri hesablama yolu ilə 2024-cü ilin sentyabr ayına olan təqribi orta bazar qiyməti 187.20 manat, kişiyə aid 3 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olmaqla 01 ədəd qızıl üzüyün qiyməti 360,00 manat, qadına aid 2.87 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olmaqla 01 ədəd qızıl qolbağın qiyməti 344,40 manat, qadına aid 1.56 qram çəkidə, Türkiyə istehsalı, qızılın əyarı 585 olmaqla 01 ədəd qızıl qolbağın qiyməti 187.20 manat, qadına aid bir cütü 3.34 qram olan Türkiyə istehsalı, qızılın əyarı 585 olmaqla 01 cüt sırğanın qiyməti 400,80 manat olmaqla, həmin əşyaların ümumilikdə orta bazar qiyməti 1479,60 (min dörd yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində müəyyən edilir”. Şamaxı RMX-sı publik hüquqi şəxsin 23 sentyabr 2024-cü il tarixli 18-1-72/2-1487/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar ittihamdan və hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 177.2.3-cü maddələri ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 4 il müddətə, CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 il müddətə, CM-nin 66.3-cü maddəsi ilə təyin edilmiş 9 il müddətə azadlıqdan məhrum etmə cəzası 8 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmış, Təqsirləndirilən şəxs 24 avqust 2014-cü il tarixdən 01 iyun 2017-ci il tarixədək həbsdə qaldığı 2 il 9 ay 8 gün müddət ona təyin edilmiş 8 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 5 il 3 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzəçəkmə müddətinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmü Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs anası Güldəstə Hacıyeva tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət iş üzrə Təqsirləndirilən şəxs Azərnaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə, o, həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 21 sentyabr 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.3, 181.2.1, 181.2.2, 66.3-cü maddələrinə əsasən, 08 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və həbsdə qaldığı 02 il 09 ay 08 gün müddətində nəzərə alınaraq, qəti olaraq 05 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən, əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İş üzrə maddi sübut iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızılzinət əşyalarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut iki ədəd üzük, iki ədəd qolbaq, bir ədəd sırğadan ibarət qızılzinət əşyalarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-12/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-12/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver