Məhkəmə qərarları › İş №1(074)-120/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-120/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-120/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1-2-ci maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini və ona vurduğu maddi ziyan 6500 manat, lakin bank faizi ilə hesablayanda 9724,31 manat və mənəvi ziyan isə 50000 manat dəyərində qiymətləndirilərək dəymiş ziyanın ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 2018-ci ilin yayında ailəvi tanışı X8 ona telefonla zəng edərək xahiş etmişdir ki, Bankdan öz adına 6500 (altı min beş yüz) manat kredit götürüb ona versin və bütün aylıq ödənişləri o özü ödəyəcək. Razılaşmışlar ki, aylıq ödənişləri vaxtında ödəyərsə, öz adına deyilən məbləğdə pul krediti götürüb ona verər. 17.07.2018-ci il tarixli Kapital Bankın kredit müqaviləsindən görünür ki, o, 36 ay müddətinə illik 32% olmaqla 6200 (altı min iki yüz) manat pul götürüb və üstünə də özündən 300 (üç yüz) manat pul əlavə edib hamısını hissəhissə Fəxri Vəliyevə göndərmişdir. Həmin kredit müqaviləsindən görünür ki, faiz borcu ilə birlikdə ümumi 9724,31 manat pul Kapital Banka qaytarılmalıdır. Fəxri Vəliyev yalnız bir ay 100 manat ödəniş etdikdən sonra bir daha Kapital Banka pul ödəməmiş və o vaxtdan onunla ünsiyyəti tamamilə kəsmişdir. Dəfələrlə onunla telefon əlaqəsi saxlasa da əvvəllər o hər dəfə pulu ödəyəcəyini bildirmiş, lakin sonradan belə bir borcu olmadığını demişdir. Onun danışıqlarının səs yazısı da vardır. 17.07.2018-ci il tarixli kredit ödənişlərinin aylıq miqdarı 270 manat onun üçün çox olduğundan 05.10.2020-ci il tarixdə X13 filialı ilə illik 26% olmaqla iki illiyə yeni müqavilə imzalayaraq aylıq ödənişin məbləğini 228,43 manata endirmişdir. İndiyədək bu krediti özü ödəmiş və ödəməkdə də davam edir, lakin götürülmüş pulun hamısını X6 vermişdir. Çox götür-qoy etdikdən sonra bu dələduzun hərəkətlərindən X14 şikayət etmiş və şikayətində X7 dələduzluqda və mənimsəmə cinayətində günahlandırmışdır. Üzləşmə zamanı Fəxri Vəliyev ümumiyyətlə onu tanımadığını bildirmişdir. O bu cürə də izahatında yazmışdır. Polisə təqdim etdiyi telefonla audiosəs yazısının isə ona məxsus olmadığını israr etmişdir. Halbuki əmisi onun telefonu ilə Fəxri Vəliyevə məxsus telefonla onun özü ilə danışmışdı. Ekspertiza təyin edilsəydi bu çox asanlıqla aydınlaşardı. Digər tərəfdən o, həmin pulu Fəxri Vəliyevə əlbə-əl verməmiş, rəsmi qaydada müxtəlif Banklar vasitəsilə göndərmişdir. X10 vasitəsilə Fəxri Vəliyevə göndərdiyi 2515 manatın qəbzin əldə edə bilmişdir. 2018-ci ildən bəri bir çox X3 və yaxud Bankın özü ümumiyyətlə bağlandığına görə bu araşdırmada hələki çətinlik çəkir. Lakin əvvəl-axır onun F.Ş.Vəliyevə qalan pul göndərişlərini də tapıb məhkəməyə təqdim edəcək. Fəxri Vəliyev həm əvvəlki, həm də sonrakı izahatında guya ona pul göndərilmədiyini yazıb. O, X12 təhqiqatçısına 2515 manat pulu Fəxri Vəliyevə göndərdiyini təsdiq edən Bank qəbzini təqdim etsə də, təhqiqatçı burada özünün marağını düşünərək qərarında bunu yazmamışdır. Digər tərəfdən qərardan görünür ki, Fəxri Vəliyevin izahatı sonradan dəyişdirilmiş və sonrakı izahatında onu tanıdığı yazılmışdır. Halbuki, əvvəlcə üzləşmədə o belə demirdi. Şamaxı rayon polis təhqiqatçısının 18.10.2021-ci il tarixli, HK-1/1028 saylı qərarının 3-cü bəndində yazılmışdır ki, o, xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Lakin əslində Fəxri Vəliyev dələduzluq və ya mənimsəmə cinayəti ilə məsuliyyətə cəlb olunmalı idi. X11 izahatına dair hissəsindən görünür ki, Fəxri onu ona şər-böhtan atmaqda günahlandırmışdır. Lakin polis təhqiqatçısının sözügedən qərarında X4 onun barədə söylədiklərinin hamısı şər-böhtandır və buna görə o, qanun qarşısında cavab verməlidir. O, belə danışıqları ilə yazılı şəkildə ona böhtan atmışdır. Onun bu böhtanları artıq ictimaiyyət içərisində yayılmışdır, artıq onu tanıyanların hamısı bu barədə xəbərdardırlar və nəticəsini tez-tez ondan soruşurlar. X8 ona böhtan atması əməlini Şamaxı rayonu, Polis Şöbəsində ondan şikayəti üzrə özünün yazılı izahatında bildirmişdir və sonradan onun bu böhtanı hamıya yayılmışdır. Fakt 17.07.2018-ci il tarixdə Beynəlxalq Bank vasitəsilə onun adından Fəxriyə 2515 manat pul göndərildiyini təsdiq edən Bank qəbzi əlində olsa da və bu sübutu polisə təqdim etsə də o, yenə ona şər-böhtan atmaqda onu yazılı şəkildə ittiham etmişdir. Halbuki onun belə yazılarının və danışıqlarının özü ona qarşı şər-böhtandır. Bu səbəbdən o, 3 ildən çoxdur ki, maddi ziyana düşmüş, həm də ona etibarından sui- ıstifadə edən bu dələduzun hərəkətlərindən mənəvi istirab çəkir. Pulu xərcləyən başqasıdır, ödəyən isə odur. Ona görə də uzun müddətdən bəri ona vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Odur ki, o, bu şikayətində zərər çəkmiş qismində tanınmalıdır. X5 bu iş üzrə ona vurduğu maddi ziyan 6500 manat olsa da kredit müqaviləsində yazılan Bankın faizləri ilə cəmi 9724,31 manatdır. Ona qarşı törədilmiş bu haqsızlıq, dələduzluq və sonradan izahatında isə şər-böhtan barədə bütün günü düşünür, bunu törətmiş F.Ş.Vəliyevin belə hərəkəti onun səhhətinə olduqca pis təsir edib. Gərgin vəziyyətdədir, müəllimə kimi aldığı aylıq maaşı 300 manatdır, lakin bunun hər ay 228 manatını başqası üçün kredit ödəyir. Odur ki, normal yaşayış tərzi və istirahəti pozulub. O, bu səbəbdən 3 ildir ki, mənəvipsixoloji sarsıntı keçirir. Ona qarşı törədilmiş belə haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı minimum 50 (əlli) min manat civarında qiymətləndirir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusisi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiaham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsini və şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilərini əsassız hesab edərək, şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi 147.1 və 147.2-ci maddələrdən ibarətdir. X2 isə xüsusi ittiham qaydasında şikayət ərizəsində X4 Azərbaycan Respublikası CM-nin 147.1-2-ci maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.7, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar