Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-124/2021 30.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi, X5 ona vurduğu mənəvi ziyanın 300000 manat dəyərində qiymətləndirilərək dəymiş ziyanın ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 baş direktoru X8 vəzifəsindən sui-istifadə edərək rəsədxanada onun əleyhinə çoxlu sayda iclaslar, yığıncaqlar təşkil etdirib ünvanına hər cürə ağır-şər böhtanların danışılmasını təmin etmişdir. Onun ən ağır dövləti cinayətlərdə, casusluqda, vətən xaini olmağında, saxtakarlıqda və sair cinayətlərdə təqsirkar kimi birbaşa ittiham edilməsinə şəraiti Namiq Cəlilovun özü yaratmışdır. Lakin onlar heç bir sübut təqdim etməmişlər. Daha sonra bu iclas barədə ünvanına deyilmiş həmin böhtanlar 02.03.2020-ci il tarixdə ŞAR-ın saytında yerləşdirilmişdir. Bu da azmış kimi 16 iyun 2021-ci il tarixdə həmin böhtanların (danışıqların) stenoqramması ŞAR-ın saytında yerləşdirilməklə bütün sosial şəbəkələrə yayılmışdır. Göründüyü kimi, X8 tərəfindən ŞAR-da 18.12.2019-cu il tarixdə təşkil edilmiş yığıncaqdakı çıxışlarda təşkilatçı direktorun əsas məqsədi onun işgüzar nüfuzunu nümayişkaranə surətdə aşağılamaq olmuşdur. Onun belə ifadələri, danışıqları, öz arzu-istəyi ilə qəsdən onu aşağılayıb gözdən salmaq hərəkətlərində məqsədi - iclasın iştirakçılarını əleyhinə danışdırıb guya hamının ona qarşı münasibəti pisdir obrazı yaratmaq və nəticə etibarı ilə ona belə çoxsaylı böhtanlar atmaqla şərəf və ləyaqətini, işgüzar nüfuzunu müxtəlif formalarda olduqca kəskin aşağılamaq olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbinə əsasən bildirir ki, ŞAR-ın baş direktoru X7 onun əleyhinə böhtan kampaniyası yığıncağı təşkil etməsi əməlini Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən X1 18 dekabr 2019-ci il tarixində törətmişdir. ŞAR-ın baş direktoru N.S.Cəlilovun yuxarıda qeyd etdiyi qanunsuz əməlləri onun üçün həm də mənəvi-psixoloji işgəncədir. Belə özbaşınalıq nəticəsində səhhəti daha da ağırlaşaraq 3-cü qrup əlil olmuşdur. Ona görə də uzun müddətdir ki, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. X9 məhkəməyə yazılı müraciət təqdim edərək göstərmişdir ki, AMEA X2 (ŞAR) keçmiş əməkdaşı Yanoş Məhərrəmov 2018-ci ilin may ayından başlayaraq bir çox Ali Dövlət orqanlarına, o cümlədən, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycanın Birinci Vitse-prezidentinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurora, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Fövqaladə Hallar Nazirliyinə, Ali Məhkəməyə, Vergilər Nazirliyinə, X10 Xidmətinə, Milli Elmlər Akademiyasına, habelə Qafqaz Müsəlmanları İdarəsinə, elmi mərkəzlərə, müəssisələrə və bir çox kütləvi elektron informasiya vasitələrinə və qəzetlərə bilərəkdən açıq imza ilə yalan informasiyalarla dolu məktublar göndərmiş, internet kanallarından şər-böhtan dolu çoxsaylı çıxışlar etmişdir. Məktublarında və çıxışlarında ŞAR-da guya baş verən cinayətlərdən, o cümlədən, oranın əxlaqsızlıqlar yuvasına çevrilməsindən bəhs etmişdir. Bunları yazmaqda əsas məqsəd rəsədxananın direktoru Namiq Cəlilova qəsdən şər və böhtan atmaqla onu ləkələyib direktorluq vəzifəsindən kənarlaşdırmaq olmuşdur. Bütün bunların nəticəsində ona qarşı CM 296-cı maddəsi ilə cinayət işi qaldırılmış, iki il islah cəzası kəsilmişdir. Məhkəmə prosesində o böyük səhvə yol verdiyini və aldanıldığını başa düşmüş, ŞAR-ın və onun rəhbərinin imicinə çox böyük ləkə gətirdiyini etiraf etmiş, yazılı üzr istəmişdir. Lakin sonradan o islah olunmaq əvəzinə daha da qızışmış, verdiyi sözə əməl etməmiş, ŞAR rəhbərliyini və əməkdaşlarını sonsuz sayda məhkəmə proseslərinə cəlb etmişdir. Bu proses indi də davam etməkdədir. ŞAR-ın imicinə, onun əməkdaşlarına şər-böhtanla mənəvi zərbələr vurulduğuna görə kollektiv Həmkarlar təşkilatının təşkilatçılığı ilə dəfələrlə yığışmış, yuxarı instansiyalara müraciətlər qəbul etmiş, elmi müəssisəni bu cür insanlardan xilas etməyi xahiş etmişlər. Keçirilən bu cür iclaslara o, da dəvət olunsa da heç vaxt Yanoş Məhərrəmovun ünvanına yalan, iftira və şəxsiyyəti alçaldan ifadələrdən istifadə etməmişdir. Baxılan işdə Yanoş Məhərrəmov tərəfindən ona qarşı qaldırılan bütün iddialar növbəti yalan və böhtandır. Məhkəmə hazırlıq iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə iclasına gəlməmişlər. Barəsində xüsusi ittiham qaydasında şıkayət verilmiş şəxs X9 ərizə ilə məhkəməyə müraciət edərək 30.11.2021-ci il tarixinə təxirə salınmış məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb və xüsusi ittihamlı ərizənin icraata götürülməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclası 23.11.2021-ci il tarixə təyin edilmiş, lakin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iclas 30.11.2021-ci il tarixə saat 15:00-a təxirə salınmışdır. Buna baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-124/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-124/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver