Məhkəmə qərarları › İş №1(074)-13/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-13/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-13/2023 05.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1981-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı şəhəri, Təbriz küçəsi 30 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 30 mart 2021-ci il tarixdən hesablanmaqla 02 iyun 2010-cu il təvəllüdlü X2 və 06 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 3(074)-361/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 noyabr 2021-ci il, 05 yanvar 2022-ci il və 29 mart 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 may 2022-ci il tarixinə kimi 2860,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs oğli özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi nikahla ailə qurmuşdur. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar. Evliliklərindən 02 iyun 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2013-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Həmin vaxtlar Bakı şəhərində müxtəlif işlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə sürücülük vəsiqəsi vardır. Fərqli vaxtlarda şəxsi sürücü kimi işləmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 30 mart 2021-ci il tarixdən hesablanmaqla 02 iyun 2010-cu il təvəllüdlü X2 və 06 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün qeydiyyatda olduğu yer üzrə Şamaxı şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin, imkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini kifayət qədər imkanının olmadığından icra etməmişdir. Təqdimat verilən günə, yəni 19 may 2022-ci il tarixə kimi Şamaxı Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 2860,00 manat təşkil edir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, aliment borcundan ümumilikdə 670 manat ödəniş etdiyini və bundan sonra aliment borcunu da ödəyəcəyini bildirdi. Buna görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 02 iyun 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2013-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs Bakı şəhərində sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Əvvələr Sadiq ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdən hesablanmaqla 02 iyun 2010-cu il təvəllüdlü X2 və 06 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli tarixli inzibati qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 19 may 2022-ci il tarixə ödənməmiş aliment borcu 2860,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda sürücülük fəaliyyəti ilə məşğul olur və yetərli qazanc əldə edir. İstəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Təqdimat verilən gündən sonra Təqsirləndirilən şəxs aliment borcundan 670 manat ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs həbs edilməsini istəmədiyini, belə ki, sonuncu bundan sonra aliment borcunu ödəyəcəyini bildirdiyindən, o da Təqsirləndirilən şəxs işləyərək aliment borcunu ödəməsini istədiyini bildirdi.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 524/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 02 iyun 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi 05 may 2021-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Şamaxı rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 8(074)-162/2021 saylı qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şamaxı rayon məhkəməsinin 8(074)-129/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı rayon məhkəməsinin 3(074)-361/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Təqsirləndirilən şəxs tələbkara olan aliment borcu 2860,00 manat təşkil etmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə edilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində Şahid2 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)-524/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 05 may 2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 2(074)-524/2021 saylı, 29 aprel 2021-ci il tarixli icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 8(074)-129/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 3(074)-361/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarilxi 8(074)-162/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 06 oktyabr 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 220 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, təqsirləndirilən şəxs yaranmış 2860 manat borcundan ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar