Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-13/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun nümayəndəsi – Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər X3 və Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləmiş, orta təhsilli, məhkum olunmamış, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə saat 08 radələrində, yaşadığı Şamaxı rayonu, Sabir qəsəbəsi Məhəmməd Hadi küçəsində piyada hərəkətdə olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Sabir qəsəbəsində yaşayan traktor sürücüsünün ünvanını soruşmasından sonra o, “səni çoxdan axtarırdım” deyərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib üzərinə doğru gəlmiş, bu vaxt Zərərçəkmiş şəxs işlətdiyi nalayiq ifadələrə görə ona iradını bildirdikdə o, sonuncunun arvadı Şahid2 onun bacısı Zümrüdlə əvvəllər mübahisə etməsini və bu səbəbdəndə Zərərçəkmiş şəxs axtarmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs anidən yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr vurmaqla sonuncuya sol baldırın sıyrığı ilə nəticələnən ümumulikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq avtomobili istiqamətinə getdiyini görüb, sonuncuya daha da ağır xəsarət yetirmək və sağlamlığına zərər vurmaq məqsədi ilə yerdən götürdüyü və silah qismində istifadə etdiyi daş parçası ilə Zərərçəkmiş şəxs başının arxa hissəsindən vuraraq souncuya başın ənsə nahiyyəsinin yarası ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik göstərən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, həbs edilənədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərində yerləşən “Asan” xidmət mərkəzinin yanındakı “Azpetrol” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləmişdir. Onun iş qrafiki iki gün gündüz, iki gün gecə iki gün isə istirahətdən ibarət olmuşdur. 22 avqust 2024-cü il tarixdə o, gecə növbədə olduqdan sonra səhər saat 08:00-da yığılmış pulları təhvil verdikdən sonra taksi ilə Sabir qəsəbəsinə gəlmiş və taksidən qəsəbənin giriş hissəsində enərək oradan piyada evə getmişdir. O, evə gedən zaman ara küçədə sonradan adı ona məlum olan Alşan adlı şəxsin ağ rəngli “Pikap” modelli markasını bilmədiyi avtomobillə dayandığını görmüşdür. O, Alşan adlı şəxsi tanımış və onunla əvvəllər hər hansısa bir münasibəti olmamışdır. O, əvvəllər yol idarəsində işləyən zaman Alşan adlı şəxsi orada biriki dəfə görmüş, onunla şəxsi tanışlığı və ya hər hansısa bir münasibəti olmamışdır. Zümrüd adlı şəxs onun bacısıdır. Əvvəllər bacısı Zümrüdün Alşanın həyət yoldaşı Zərinə ilə mübahisəsi olmuş və bacısı bu barədə ona bildirmişdir. Bacısının Zərinə ilə mübahisəsi olduğu üçün daş parçası ilə Alşanı vurmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, bu halların nəzərə alınmasını və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə ifadəsini dəyişmiş, gah özünü təqsirli bilərək sərbəst ifadə vermiş, gah da təqsirli bilməyərək ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq edərək həmin hadisə ilə əlaqəsinin olmadığını bildirmişdir. İbtidai araşdırma dövründə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərmişdir ki, o, hal hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərində yerləşən Asan xidmət mərkəzinin yanındakı Azpetrol yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləyir. Onun iş qrafiki iki gün gündüz, iki gün gecə iki gün isə istirahətdən ibarətdir. 22 avqust 2024-cü il tarixdə o, gecə növbədə olduqdan sonra səhər saat 08:00-da yığılmış pulları təhvil verdikdən sonra taksi ilə Sabir qəsəbəsinə gəlmiş və taksidən qəsəbənin giriş hissəsində enərək oradan evə piyada gəlmişdir. Saat 08:36-da artıq o, evə daxil olmuşdur. O, evə gedən zaman ara küçədə sonradan adı ona məlum olan Alşan adlı şəxsin ağ rəngli Pikap modelli markasını bilmədiyi avtomobil ilə dayandığını görmüşdür. O, ona baxdıqdan sonra yoluna davam edərək oradan çıxıb getmiş və evinə daxil olmuşdur. Həmin gün Şamaxı RPŞ-dən onun anasına zəng olunaraq onu RPŞ-nə dəvət etmişdirlər və bu səbəbdəndə o, anası ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də ona məlum olmuşdur ki, Alşan adlı şəxs ondan şikayət edərək onu döydüyünü bildirmişdir. O, Alşan adlı şəxsi şəxsən tanımır və onunla əvvəllər hər hansısa bir münasibəti olmamışdır. O, əvvəllər yol idarəsində işləyən zaman Alşan adlı şəxsi orada bir-iki dəfə görmüşdür. Yəni Alşanla onun şəxsi tanışlığı və ya hər hansısa bir münasibəti olmamışdır. Zümrüd adlı şəxs onun bacısıdır. O, təxminən bir ildir ki Qayalı supermarketdə toyuq satılan otdeldə işləyir. O, Zərinə adlı şəxsi tanımır və bacısının həmin şəxslə mübahisəsinin olub-olmamasından isə məlumatı yoxdur. Zərərçəkmiş şəxs Şamaxı RPŞ-nə və DİN-nin 102 xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Sabir qəsəbəsində küçədə onunla mübahisə edib onu nalayiq ifadələrlə təhqir etdiyini və onu yerə yıxaraq vurduqdan sonra ayağa qalxan zaman daş ilə onun baş nahiyyəsindən vurub xəsarət yetirdiyini bildirsədə həmin şəxsin söylədikləri tamamilə yalandır. O, Alşanla Sabir qəsəbəsində hər hansısa bir mübahisə etməmiş və onu vurub xəsarət yetirməmişdir. O, 23 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə hər hansısa bir dava-dalaş etmədiyindən onun diaqnostika mərkəzinə gedibgetməməsini isə deyə bilmir. O, Kamil adlı şəxsi bir-iki dəfə işləyən zaman görmüşdür və həmin şəxslə hər hansısa şəxsi münasibəti və ədavəti olmamışdır. O, ümumiyyətlə Şahid3 adlı şəxsi tanımır və onunla hər hansısa bir münasibəti olmamışdır. O, Sabir qəsəbəsində Zərərçəkmiş şəxs görən zaman onun yanında və ətrafında hər hansısa bir şəxs olmamışdır. Zərərçəkmiş şəxs nə üçün ondan şikayət etməsi ilə bağlı hər hansısa bir fikir söyləyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, özü əkinçilik və heyvandarlıqla məşğul olur. 23 avqust 2024-cü il tarixdə saat 08 radələrində şum traktoru axtarmaq məqsədi ilə oğlu Ədalət ilə birlikdə idarə etdiyi “Mazda” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Sabir qəsəbəsinə getmiş, qəsəbəyə çatdıqdan sonra sonradan adı ona məlum olan Tamerlan adlı şəxsin, əlində çanta ilə onun olduğu istiqamətə gəldiyini görərək ondan Sabir qəsəbəsində işləyən şum traktorunu idarə edən şəxsin harada yaşadığını soruşmuş, bu zaman Tamerlan onu çoxdan axtardığını söyləyərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, ilk əvvəl nə olmasını başa düşməmiş və ona özünü yığışdırmasını, nə üçün onu axtardığını və onu hansı səbəbə təhqir etməsini soruşmuşdur. Çünki Tamerlan onu təhqir edən zaman ilk əvvəl nə olmasını ona nə vaxtsa nə etdiyini söyləmədən sadəcə olaraq onu çoxdan axtardığını söyləyib onu təhqir etməyə başlamışdır. O, səbəbini soruşan zaman Tamerlan ona söyləmişdir ki, onun həyat yoldaşı Zərinə ilə Tamerlanın bacısı Zümrüd bir müddət əvvəl dalaşdıqları üçün və o, da onun deməsinə görə guya Zərinəyə dalaşmasını söylədiyi üçün onu təhqir edir. O, ona ilk əvvəl söyləmişdir ki, avtomobildə uşaq var danışığına fikir versin. Lakin Tamerlan onun sözlərinə heç bir məhəl qoymayaraq onu söyməyə davam edərək üzərinə gəlib onu vurmaq istəmiş, bu zaman onlar dartışmağa başlamış və həmin vaxtı Tamerlan onu uşağının gözü qarşısında yerə yıxmış və bədən nahiyyəsinə yumruq və təpiklə vurmağa başlamışdır. O, onun əlindən çıxaraq ayağa qalxıb avtomobili istiqamətinə qaçmaq istəyən zaman o, yerdən daş götürərək əlindəki daş ilə onun başının arxa hissəsindən vurmuşdur. Həmin daş onun baş nahiyyəsinə dəyən zaman o, özünü itirmiş və yıxılacağı üçün avtomobildən tutmuşdur. Bu zaman ətrafda çox sayda vətəndaşlar olduğu üçün onlar onun başına daş dəydiyini və onun yıxılacağını gördükləri üçün ona tərəf gəlməyə başlamışlar. Tamerlan isə onun başından xəsarət aldığını görərək dərhal ondan uzaqlaşmışdır. Bundan sonra o, avtomobilinə əyləşmiş və oğlunun ağladığını gördüyü üçün onu sakitləşdirmişdir. Bir qədər özünə gəldikdən sonra küçədə ona yaxınlaşan şəxslərdən həmin şəxsin kim olmasını soruşmuş və onlar ona bildirmişdirlər ki, onunla dava edən şəxs Tamerlandır və Sabir qəsəbəsində yaşayır. Onlardan Tamerlanın yaşadığı evin istiqamətini soruşmuş və həmin şəxslər ona Tamerlanın yaşadığı evin istiqamətini söylədikdən sonra o, bir qədər avtomobildə oturub özünə gəlməyi gözləmiş və su içib başının qanadığını gördüyü üçün avtomobildə olan dəsmal ilə başının qanadığı yerə əlini tutub sıxmışdır ki, qanaxmadan halı pisləşməsin. Həmin vaxt oğlu avtomobildə arxada əyləşmiş və ona bir qədər köməklik göstərmişdir. Daha sonra isə o, vətəndaşların söylədikləri istiqamətə gedərək Sabir qəsəbəsində Tamerlanı axtarmağa başlamışdır. O, bir qədər avtomobil ilə gəzsədə Tamerlanı tapa bilmədiyi üçün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və səhəti pisləşdiyi üçün avtomobili idarə edərək Diaqnostika mərkəzinə getmişdir ki, ona tibbi yardım göstərilsin. O, Diaqnostika mərkəzinə daxil olduqdan sonra ona tibbi yardım göstərilmiş, başının arxa hissəsinin xəsarəti çox olduğundan qanaxmanın qarşısını almaq üçün baş nahiyyəsinə tikiş vurulmuş və bundan sonra Şamaxı RPŞ-nin əməkdaşları diaqnostika mərkəzinə gələrək ondan ərizə almışdırlar. O, Sabir qəsəbəsində vətəndaşların gedib gəldiyi küçədə onunla dartışmışdır. Sabir qəsəbəsində olan zaman küçələri gəzərək həmin traktor sürücüsünü axtarmışdır ki, onu aparıb torpaq sahəsini şumlatdırsın. Bu zaman küçənin giriş hissəsi tərəfdə təxminən 7-8 nəfər tanımadığı şəxs olmuş, eyni zamanda Tamerlan onu təhqir edən zaman da həmin küçə ilə qadınlar gedibgəlmişdir. O, həmin vətəndaşlardan sadəcə olaraq Kamil adlı şəxsi tanımışdır. Başqa orada olan şəxsləri isə tanımır. Tamerlan onu ilk əvvəl küçədə yüksək səslə təhqir etməyə başlamış və bu zaman onların yanından keçən qadınlardan biri ona söyləmişdir ki “mədəniyyətin olsun nə söyüş söyürsən”. Lakin o, heç kimə məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Küçənin giriş hissəsində dayanan şəxslər isə oradan onları seyr etmişlər. Tamerlan onunla dava edərək onu yerə yıxıb vurduqdan sonra o, ayağa qalxan zaman o, yerdən götürdüyü daş ilə onun baş nahiyyəsindən vurduğundan həmin şəxslər artıq onlar istiqamətə gəlməyə başlamış və bundan sonra isə Tamerlan oradan çıxıb uzaqlaşaraq getmişdir. Tamerlan adlı şəxs onunla dartışıb onu yerə yıxan zaman əsasən sol diz nahiyyəsindən xəsarət almışdır. Çünki dizi üstə yerə düşmüş və bundan sonra Tamerlan onu yumruq və təpiklə vurarkən o, özünü müdafiə edib Tamerlanın onu vurmasının qarşısını almaq istədiyi üçün o, onun bədən nahiyyələrinə çox xəsarət yetirə bilməmişdir. Zənn edir ki buna görə də o, ayağa qalxan zaman ona daha çox xəsarət yetirmək üçün o, daş ilə onun başına vurmuşdur. Həmin hadisə Tamerlanın onunla söhbət etdiyi vaxtdan hadisə başa çatanadək ümumilikdə təxminən 5-6 dəqiqə davam etmişdir. O, hadisə zamanı Tamerlan adlı şəxsə hər hansısa bir xəsarət yetirməmişdir. Onun ümumiyyətlə Tamerlanla dava etmək kimi bir niyyəti olmamışdır. Tamerlan, özü onu təhqir edərək onun üzərinə gəlib onu vurmaq istəmiş və bundan sonra onunla dartışmışdır. O, hadisədən sonra həyat yoldaşı Zərinədən onun bacısı Zümrüd adlı şəxs ilə dava edib etməməsini soruşan zaman Zərinə ona söyləmişdir ki, 2023-cü il tarixində Qayalı marketdə olan zaman Zümrüd adlı şəxs ona iylənmiş ət satdığı üçün aralarında mübahisə yaranmışdır. O, 23 avqust 2024-cü il tarixdə avtomobilini küçədə saxlamamışdır. Sadəcə olaraq ara küçələri gəzərək traktor sürücüsünün evini axtaran zaman həmin şəxsin evini tapa bilmədiyindən eyni zamanda Sabir qəsəbəsində küçənin giriş hissəsində bir neçə nəfər şəxsin dayandığını gördüyü üçün onlardan evi soruşmaq məqsədi ilə həmin şəxslər olan istiqamətə gedən zaman Tamerlanın gəldiyini görüb avtomobili saxlamışdır ki, ondan traktor sürücüsünün evini soruşsun. Onun Şamaxı rayonu Quşçu kəndində və Şamaxı rayonu Şəhriyar qəsəbəsində torpaq sahələri vardır. Hər il taxıl biçinindən sonra o, yenidən əkin əkmək üçün torpaq sahələrini şumaltdırıb əkinçiliklə məşğul olur. Taxıl sahələri biçildikdən bir müddət sonra əgər əkinçiliklə məşğul olursansa yenidən həmin torpaq sahəsi şumlanmalıdır. 2024-cü ildə mütəmadi olaraq yağışlar yağdığından əkinçilər torpaq sahələrini biçdirməkdə gecikmişlər. O, 2024-cü ilin iyul ayının sonlarında Şamaxı rayonu Quşçu kəndində torpaq sahəsini biçdirdikdən sonra həmin ayın sonlarında Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsində olan taxıl sahəsini biçdirmişdir. Bir müddət keçdikdən sonra o, Quşçu kəndindəki traktor sürücüləri ilə mütəmadi olaraq əlaqə saxlamağa başlamış və həmin şəxslərin boş vaxtlarında yəni təxmini olaraq 2024-cü ilin avqust ayının 17-18-də o, Quşçu kəndində torpaq sahəsini şumlatdırdıqdan sonra Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsini şumlatdırmaq istəmişdir. Lakin Şəhriyar qəsəbəsində və yaxınlıqda boşda olan traktor sürücüsü tapa bilməmişdir. Bundan sonra traktor sürücülərindən maraqlanan zaman ona Sabir qəsəbəsində traktor sürücüsü olduğunu söyləmişlər və bildirmişlər ki, əgər vaxtı olsa yalnız onun vaxtı olacaqdır. Çünki ay sonuna qədər Şəhriyar qəsəbəsində olan traktor sürücülərinin vaxtı yoxdur. Bu səbəbdəndə o, Sabir qəsəbəsinə gedərək traktor sürücüsü axtarmağa başlamışdır. O, hadisədən sonra bir qədər işi ilə əlaqədar polis şöbəsinə gəlib getmiş və başı qarışmışdır. Daha sonra isə sentyabr ayının əvvəllərində torpaq sahəsini başqa bir traktor sürücüsünə şumlatdırmışdır. Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşan zaman o, avtomobildə əyləşmiş və ondan traktor sürücüsünün ünvanını soruşmuşdur. Lakin o, heç gözləmədiyi anda nalayiq ifadələr işlətdiyi üçün o, Tamerlana söyüş söyməməsini, avtomobildə uşaq olduğunu bildirib nə üçün söyüş söydüyünün səbəbini öyrənmək üçün avtomobildən enmiş və onu bir qədər avtomobildən kənara çəkmişdir ki, onun nalayiq ifadələr işlətməsini oğlu eşitməsin. Onlar dartışan zaman o, sol ayağı bir qədər zədəli olduğundan Tamerlan onu itələmiş və o, özünü itirərək yerə yıxılmışdır. Çünki ayaq üstə olan zaman Tamerlan onun üzərinə gəlib onu vurmaq istəsədə o, ona imkan verməmişdir ki, onu vura bilsin. O, yerə yıxıldıqdan sonrada o, yumruq və təpiklə onu vurmağa başlasada o, Tamerlanı tutub saxlayıb imkan verməmişdir ki, ona xəsarət yetirə bilsin və daha sonra onu əli ilə itələyərək ayağa qalxıb avtomobili istiqamətinə getməyə başlamışdır. Lakin o, bundan istifadə edərək daş ilə arxadan onun baş nahiyyəsindən vurmuş və o, özünü itirmişdir. O, Tamerlanı itələyərək ayağa qalxıb avtomobil istiqamətinə getmək istəmişdir ki, özünə gəlsin. Onun daşı necə götürməsini və onu hansı formada vurmasını o, görməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid2 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü Şahid4 göstərdi ki, atası əkinçilik və heyvandarlıqla məşğul olur. Avqust ayında məktəblərdə tətil olduğu üçün atası harasa gedəndə tez-tez onunla gedib gəlmişdir. Çünki atası ilə birlikdə avtomobildə gəzməyi xoşlayır. O, hər gün tezdən səhər saatlarında yuxudan oyanır və atası harasa gedərsə onunla gedib gəlir. 23 avqust 2024-cü il tarixdə saat 07:40 radələrində atasının evdən hazırlaşaraq çıxdığını gördüyü üçün ondan hara getdiyini soruşmuşdur. Atası isə ona söyləmişdir ki, Sabir qəsəbəsinə şum traktoru axtarmağa gedir. O, da onunla getmək istədiyini söyləmiş və onlar birlikdə avtomobil ilə Sabir qəsəbəsinə getmişdir. Onun yaşı az olduğundan atası onu həmişə avtomobildə arxada əyləşdirir. Onlar Sabir qəsəbəsinə çatdıqdan sonra ara küçələrdə atası həmin traktor sürücüsünün ünvanını axtarmışdır. Onlar ara küçədə avtomobil ilə hərəkətdə olan zaman sonradan adı onlara məlum olan Tamerlan adlı şəxs əlində çanta ilə onlar tərəfə gəldiyini gördüklərindən atası avtomobili saxlamış və ondan Sabir qəsəbəsində işləyən şum traktorunu idarə edən şəxsin harada yaşadığını soruşmuşdur. Bu zaman Tamerlan adlı şəxs atasını çoxdan axtardığını söyləyərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra atası avtomobildən enmiş və ona niyə söyüş söydüyünü söyləyib nə üçün onu axtardığını soruşmuşdur. Tamerlanda atasına söyləmişdir ki, onun anası Zərinə ilə onun bacısı Zümrüd bir müddət əvvəl dalaşdıqları üçün və atasıda Zərinəyə dalaşmasını söylədiyi üçün onu təhqir edir. Bundan sonra Tamerlan adlı şəxs atasını söyməyə davam edərək onun üzərinə gəlmiş və onlar dartışmağa başlamışdır. Həmin vaxt Tamerlan atasını yerə yıxmış və o, qorxduğu üçün ağlamağa başlamışdır. Çünki o, atasını yerə yıxan zaman yumruq və təpiklə vurmuşdur. Atası onun əlindən çıxaraq ayağa qalxıb avtomobili istiqamətinə gələndə o, yerdən götürdüyü daş ilə atasının başının arxa hissəsindən vurmuş və atası özünü itirib yıxılmaq istəyərkən əli ilə avtomobildən tutmuşdur. Bundan sonra küçənin yuxarı hissəsində dayanan tanımadığı şəxslər onlar tərəfə gəlməyə başlamış və Tamerlanda bunu görüb oradan uzaqlaşmışdır. Bundan sonra atası avtomobilə əyləşmiş və onu sakitləşdirməyə çalışmışdır. Lakin atasının başının qanadığını gördüyü üçün o qorxmuşdur. Həmin vaxt atası küçədə dayanan şəxslərdən həmin şəxsin kim olmasını soruşmuş və onlar atasına bildirmişlər ki, onunla dava edən şəxs Tamerlandır və Sabir qəsəbəsində yaşayır. Atasıda onlardan Tamerlanın yaşadığı evin harada olmasını soruşmuş və daha sonra o, atasına söyləmişdir ki, başın çox qanayır. Atası bundan sonra avtomobildə olan dəsmal ilə başının qanadığı yeri tutub sıxmış, bir qədər su içib özünə gəlmişdir. O, qorxduğundan atasına söyləmişdir tez burdan gedək. Atası isə ona qorxmamasını bildirib Sabir qəsəbəsində avtomobili yavaş sürətlə idarə edərək küçələri gəzməyə başlamış, lakin o, nə üçün atasının gəzdiyini bilməmişdir. Bir qədər gəzdikdən sonra atası polisə zəng eləmiş və daha sonra onlar atası ilə birlikdə Diaqnostika mərkəzinə gəlmiş və atasına həkimlər köməklik göstərmişdir. Bir qədər keçmişdir ki, polislər xəstəxanaya gəlmişdir. Atası ilə Tamerlan küçədə mübahisə edən zaman qadınlar küçədən gedib-gəlmişdir. Eyni zamanda küçənin yuxarı hissəsində isə təxminən 9-10 nəfər tanımadığı şəxslər dayanıb atası və Tamerlana baxmışdır. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən fermada çoban kimi fəaliyyət göstərir. Onun anası Şəhriyar qəsəbəsində yaşadığı üçün o, hər gün axşam fermadan çıxaraq evə gedib səhər tezdən 07 radələrində Sabir qəsəbəsinə gələrək alınası ərzaq məhsulu olarsa alıb oradanda fermaya gedir. 23 avqust 2024-cü il tarixdə o, saat 07 radələrində fermaya getdikdən sonra ona söyləmişlər ki, fermada olan at itmişdir. Bu səbəbdəndə o, ilk əvvəl fermanın yaxınlarına daha sonra isə Sabir qəsəbəsində gəzərək həmin atı axtarmağa başlamışdır. O, küçədə fermanın atını axtaran zaman iki nəfər şəxsin küçədə mübahisə etdiyini görmüşdür. Həmin şəxslərdən bir nəfər cavan oğlan, bir nəfər isə orta yaşlı kişi olmuşdur. Həmin şəxslərdən sonradan adı ona məlum olan Tamerlan adlı şəxs yüksək səslə nalayiq ifadələr işlədərək sonradan adı ona məlum olan Alşan adlı şəxsin üzərinə getmişdir. O, həmin şəxsləri tanımadığı üçün onlara yaxınlaşmamışdır ki, özünədə problem yaranmasın. Bu zaman hər iki şəxs dartışmağa başlamış və Tamerlan adlı şəxs həmin vaxt Alşanı yerə yıxaraq onu təpikləməyə başlamışdır. Alşan isə yerə yıxılarkən əli ilə onu tutub saxlamaq istəmişdir. Bundan sonra Alşan ayağa qalxmış və ağ rəngli avtomobil istiqamətinə gedən zaman Tamerlan adlı şəxs yerdən daş götürərək onun başının arxa hissəsindən vurmuşdur. Bu zaman Alşan əli ilə başını tutmuş və bir qədər qabağa gedərək avtomobildən yapışmışdır. Bunu görən o və orada olan tanımadığı şəxslər dərhal Alşana tərəf getmişlər ki, ona köməklik göstərsinlər. Tamerlan isə onu daş ilə vurduqdan sonra oradan uzaqlaşaraq getmişdir. Onlar Alşana yaxınlaşan zaman o, bir qədər kənarda dayanmış və orada olan şəxslər ona kömək lazım olub-olmadığını soruşmuş, Alşan isə artıq avtomobilə əyləşmiş və onlara heçnə lazım olmadığını bildirmişdir. Onlar bir qədər gözləmişdir ki, birdən Alşana nəsə olar, dərhal ona köməklik göstərsinlər. Lakin Alşan orada olan şəxslərdən onu vuranın kim olmasını, onların tanıyıb tanımadığını soruşduqda həmin şəxslər onu vuranın kim olmasını söyləmişlər. Sonra isə Alşan onlardan həmin şəxsin harada yaşamasını soruşmuş və həmin şəxslər Alşana onun yaşadığı yerin istiqamətini təxmini bildirmişlər. Bundan sonra Alşan bir qədər özünə gəlmiş və avtomobili idarə edərək getdiyi üçün o, da oradan çıxıb getmişdir. Hadisə zamanı onunla birlikdə təxminən 8-10 nəfər şəxs onların mübahisəsini və davasını seyr etmişlər. Eyni zamanda küçədədə hərəkət edən qadınlar və uşaqlar olmuşdur. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Tamerlan adlı şəxs hadisə zamanı Alşanın üzərinə gedərək ona əl qol atan zaman onlar dartışmağa başlamışdır. Lakin hadisə zamanı Tamerlanın xəsarət alıb-almamasını bilmir. Çünki əsasən Tamerlan orada Alşanı vurmuşdur. Alşanın onu vurmasının şahidi olmamışdır. Hadisə zamanı Alşanın avtomobilində arxada təxminən 10- 12 yaşlarında uşaq olmuş və həmin uşaq ağlamışdır. Lakin uşağın kim olmasını bilmir. O, hadisədən sonra təxminən bir saata yaxın həmin atı axtarmış, daha sonra isə Sabir qəsəbəsində Pirsaat çayının yaxınlığında həmin atı tapdıqdan sonra gətirib fermaya təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2000-ci ildə X1 ilə ailə həyatı qurduqdan sonra xx.xx.2003-cü il tarixdə həyat yoldaşı vəfat etmiş, həmin şəxsdən onun bir qızı vardır və hazırda qızı ailə həyatı qurmuş və onlardan ayrı yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra o, 2008-ci il tarixdə Alişan Zülfüqarov ilə qeyri rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən onun 3 övladı vardır. xx.xx.2024-cü il tarixdə o, evdə olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs evə gələn zaman başından xəsarət aldığını görmüş və nə olduğunu ondan soruşduqda o, Şamaxı rayonu Sabir qəsəbəsində Tamerlan adlı şəxslə dava etdiyini və həmin şəxsin onu daşla baş nahiyyəsindən vurduğunu söyləmişdir. O, ondan nə üçün dava etdiyini soruşduqda Zərərçəkmiş şəxs ona söyləmişdir ki, Tamerlanın deməsinə görə o, onun bacısı Zümrüd ilə bir dəfə dava etmiş və onu təhqir etmişdir. Zümrüd adlı şəxs son zamanlara kimi Bakı-Şamaxı-Yevlax avtomobil yolu üzərində yerləşən “Qayalı” marketdə ət satılan yerdə işləmişdir. O, 2023-cü ildə xatırladığı qədəri ilə Qayalı marketdən donmamış toyuq alan zaman həmin Zümrüd adlı şəxs ona iylənmiş toyuq əti verdiyi üçün aralarında mübahisə yaranmış və Zümrüd onu təhqir etdiyi üçün o, da onun ünvanına nalayiq ifadələr işlətmiş və bundan sonra DİN-nin 102 xidmətinə ondan şikayət etmişdir. Həyat yoldaşıda bunu söylədikdən sonra o, bilmişdir ki, onlar qisas almaq məqsədi ilə 2023-cü il tarixdə onun Zümrüddən şikayət etdiyini bəhanə edərək həyat yoldaşını vurmuşdur. Şahid4 onun oğludur və o, çox vaxt atası ilə birlikdə gedib gəlir. O, Alşanın başından xəsarət aldığını gördükdən sonra oğluda ona söyləmişdir ki, tanımadığı adam atası ilə dava etmiş və atasının başından daş ilə vurduğu üçün o, da qorxub ağlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ifadəsində göstərmişdir ki, o, özü səyyar ticarət ilə məşğul olur. Yəni özünə məxsus “Ford Transit” markalı avtomobili vardır ki, həmin avtomobil ilə hər gün səhər saatlarında evdən çıxaraq atasının və qohumlarının düzəltdiyi kənd təsərrüfatı mallarını rayonlarda satır. 23 avqust 2024-cü il tarixdə təxminən saat 07 radələrində yuxudan oyandıqdan sonra bir qədər yemək yeyib Ford Transit markalı avtomobilini işə salmaq istədikdə avtomobili işə düşmədiyindən o, avtomobilin mühərrikinə baxmış və hesab etmişdir ki, mühərrikdə nasazlıq vardır. Şamaxı rayon Sabir qəsəbəsində Ford avtomobillərinin mühərrik ustası olduğundan o, telefon vasitəsi ilə ona zəng edib maraqlanmaq istəmiş, lakin onun mobil telefonuna zəng çatmadığından o, digər avtomobili olan “Mitsubishi Pajero” markalı avtomobilinə əyləşərək Sabir qəsəbəsi istiqamətinə getmişdir ki, həmin ustanı gətirsin ki, avtomobilin mühərrikini düzəltsin. O, təxminən saat 08 radələrində ustanın iş yerinə çatdıqdan sonra onun orada olmadığını görüb yenidən onun mobil telefonuna zəng etmiş, lakin onun mobil telefonuna zəng çatmadığından o, geriyə qayıdan zaman 2 nəfər şəxsin mübahisə etdiyini görüb avtomobili saxlayaraq avtomobildən enmiş və onlara baxmağa başlamışdır. Əvvəllər qismən tanıdığı Alşan adlı şəxsin sonradan adı ona məlum olan Tamerlan ilə mübahisə etdiyini gördüyündən o, onlara yaxınlaşmayıb hər hansısa bir müdaxilə etməmişdir. Lakin, Tamerlan adlı şəxs küçədə yüksək səslə Alşanın ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə gəlib onunla dartışmağa başlamışdır. Hər iki şəxs küçədə dartışan zaman Alşan adlı şəxs yerə yıxılmış və yıxılan zaman Tamerlan onu yumruq və təpiklə vurmağa başlamışdır. Lakin onun gördüyü qədəri ilə Alşan Tamerlana onu vurmağa imkan verməmişdir. Sonra, Alşan onun əlindən çıxaraq ayağa qalxmış və avtomobili istiqamətinə gedən zaman Tamerlan adlı şəxs yerdən daş götürərək onun başının arxa hissəsindən vurmuşdur. Bu zaman Alşan bir qədər sanki özünü itirib yıxılmaq istəmişdir. Lakin həmin vaxtı o, əli ilə avtomobildən tutaraq özünü saxlamış və yerə yıxılmamışdır. Bundan sonra orada olan şəxslər Alşana yaxınlaşaraq köməklik göstərmək istəmiş və onunla bir qədər söhbət etdikdən sonra Alşan avtomobili idarə edərək oradan çıxıb getmiş, sadəcə olaraq o, onları şəxsən tanımadığından və nə üçün mübahisə edərək dava etdiklərini bilmədiyindən həmin şəxslərə yaxınlaşmayaraq hadisəyə müdaxilə etməmişdir. Daha sonra isə oradan geriyə qayıdaraq Şamaxı şəhərində başqa mühərrik ustası ilə əlaqə saxlamış və ona avtomobilin işə düşmədiyini bildirmişdir. Bundan sonra həmin usta Ford Transit markalı avtomobillərin mühərrikini düzəldə bilmədiyini söylədiyi üçün o, həmin gün evakuator vasitəsi ilə avtomobilini Ağsu rayonuna apararaq orada mühərrikini təmir etdirib geri qayıtmışdır. Həmin vaxtı Alşanın avtomobilində 1 nəfər azyaşlı uşaq olmuş və arxada əyləşmişdir. Həmin uşaq avtomobildən enməyərək ağlamağa başlamışdır. O, Tamerlan adlı şəxsi şəxsən tanımır və onunla hər hansısa bir münasibəti olmamışdır. O, 22 avqust 2024-cü il tarixdə Tamerlan adlı şəxsi kimdənsə soruşmamışdır. Çünki, onun həmin şəxslə ümumiyyətlə heç bir tanışlığı olmamışdır. O, Şamaxı şəhəri 48 A məhəlləsində yaşadığından və həmin məhəllə Şamaxı şəhərindən bir qədər kənarda yerləşdiyindən, o, evinə getmək üçün magistral yol ilə Sabir qəsəbəsi istiqamətində gedərək oradan geri dönüş edərək evinə gəlir. O, evinə gedib gələn zaman Azpetrol yanacaq doldurma məntəqəsindən və Socar yanacaq doldurma məntəqəsindən avtomobilinə yanacaq doldurur. Lakin, o, heçvaxt Tamerlan adlı şəxsi kimdənsə soruşmamışdır. Sadəcə olaraq hadisə yerində Tamerlan onu gördüyündən və onun idarə etdiyi avtomobil “Mitsubushi Pajero” markalı avtomobil olduğundan eyni zamanda hadisənin baş verdiyi küçədə Alşanın avtomobilindən başqa yalnız onun avtomobili olduğundan ola bilərki, Tamerlan bütün bunlara istinad edib onun əleyhinə bu məzmunda izahat vermişdir. Eyni zamanda, onu demək olarki Şamaxı şəhərində çox insan tanıyır. O, həmin şəxsi şəxsən tanımasada zənn edir ki, onu haradasa görmüş və onu tanımışdır. Hadisə zamanı ondan başqa küçədə 8-9 nəfər şəxs olmuşdur ki, həmin şəxslərdə onun kimi kənardan dayanıb Alşan və Tamerlanın mübahisəsini müşahidə etmişdir. Eyni zamanda hər 2 şəxs mübahisə edən zaman küçədə qadınlar və uşaqlar hərəkət etmişdir. Onunda dayanıb onları müşahidə etməyinə səbəb Tamerlanın yüksək səslə küçədə nalayiq ifadələr işlətməsi olmuşdur. Tamerlan adlı şəxs hadisə zamanı Alşanın baş nahiyyəsindən daş ilə vuran zaman Alşan əli ilə başının arxa nahiyyəsindən tutub bir qədər sonra avtomobilinə əyləşmiş, onun gördüyü qədəri ilə Alşanın baş nahiyyəsi bir qədər qanamağa başlamışdır. O, 19 saylı Xüsusi Təyinatlı yol istismar MMC-nin direktoru Nazim Eynallını tanıyır. Həmin şəxslə şəxsi tanışlığı olmasada onu həmin idarənin direktoru kimi tanımışdır. Çünki onlar əvvəllər yaşadığı 48A məhəlləsinin yollarının təmiri ilə əlaqədar qonşularla birlikdə 1-2 dəfə həmin yol idarəsinə müraciət etmişlər. Başqada onunla münasibəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqıqnda” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 23 avqust 2024-cü il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsində baş vermiş hadisə yeri üzrə təqdim etdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı, hadisə yerinin ictimai yer olması, ətrafda yaşayış evlərinin olması və vətəndaşların mütəmadi olaraq gediş gəlişli ərazi olması müəyyən edilmiş, hadisə yerinə baxış keçirilən zaman hadisənin predmeti olan üzərində qan ləkələri olan çay daşı, avtomobilin sürücü tərəfdən oturacağında qan ləkələri olduğundan həmin qan izləri nəm pambıq vasitəsi ilə, eyni zamanda Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan qan ləkələri bulaşmış köynək və mayka müəyyən edilərək götürülmüş, hadisə yerində fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 23 avqust 2024-cü il tarixli 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-başın ənsə nahiyyəsinin bir ədəd cırılmış yarası, sol baldırın sıyrığı küt əşya təsirindən törənmişdir, yetirilmə müddətləri xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətdən başın ənsə nahiyyəsinin yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, baldırın sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Həmin xəsarətlərin yerləşmə nahiyyələri, xarakteri əsas verir ki, özü tərəfindən yetirilməsi inandırıcı deyildir. “Video görüntüyə baxış keçirilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi video görüntüyə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi video görüntünün olduğu ərazi hadisənin baş verdiyi küçədən bir qədər kənardadır. Yəni hadisə, video görüntünün təqdim edildiyi yerdə deyil, həmin küçənin yuxarı hissəsində baş vermişdir. Zərərçəkmiş şəxs həmin videogörüntüyə baxış keçirdən zaman bildirmişdir ki, Təqsirləndirilən şəxs daş ilə onun baş nahiyyəsindən vurduqdan sonra o, bir qədər özünə gəlib həmin şəxsin yaşadığı ünvanı və kim olmasını soruşmuş, orada olan şəxslər onun yaşadığı ünvanı təxmini olaraq söylədiklərindən o, Tamerlanı tapmaq məqsədi ilə avtomobil ilə küçələri gəzərək onu axtarmışdır. Eyni zamanda hadisə yerinə baxış keçirilən zaman əldə edilmiş fotoşəkillərdən və Təqsirləndirilən şəxs təqdim etdiyi video görüntüdən görünür ki, həmin şəxsin təqdim etdiyi video görüntü ilə hadisə yerinin hər hansısa bir əlaqəsi yoxdur. Yəni hadisə yeri küçənin giriş hissəsində baş versədə əldə edilmiş video görüntü küçənin digər bir hissəsidir yəni həmin küçənin başa çatdığı yerdir. Həmçinin video görüntüdəndə görünür ki, Zərərçəkmiş şəxs saat 08:23-də idarə etdiyi ağ rəngli qeydiyyat nişanı görsənməyən “Mazda Pikap” markalı avtomobil ilə ara küçədə hərəkət edərək magistral yol istiqamətinə gedir, 08:31-də Təqsirləndirilən şəxs ağ rəngli qısa qol köynək, qara şalvar geyinərək əlində çanta ilə iti addımlarla Sabir qəsəbəsində müşahidə kamerasının altından keçərək evi istiqamətinə gedir. Zərərçəkmiş şəxs isə 08:32-də qeydiyyat nişanı görsənməyən “Mazda Pikap” markalı avtomobil ilə Təqsirləndirilən şəxs getdiyi yolun əks istiqamətindən gələrək müşahidə kamerasının altından geriyə dönüş edərək Təqsirləndirilən şəxs getdiyi istiqamətə hərəkət edir. Lakin video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs əks istiqamətdən gələn zaman Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə qarşılaşmır və avtomobili ilə geriyə doğru hərəkət edərək 08:39-da Zərərçəkmiş şəxs qeydiyyat nişanı görsənməyən “Mazda Pikap” markalı avtomobili ilə həmin küçədə magistral yol istiqamətinə hərəkət edir. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi video diskdəki 13 saniyəlik video görüntüdə görünür ki, Təqsirləndirilən şəxs müşahidə kamerasının saatı ilə saat 12:35-də hansısa evin qarşısından əlində çanta iti addımlarla keçib gedir. “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2024-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə saat 20:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 4(074)-49/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 sentyabr 2024-cü il tarixli 5-75-14/2-430/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatdadır və yaşayır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, Sabir qəsəbəsində yaşadığı müddət ərzində qonşularla yaxşı münasibətdə olmuş, özünü ləyaqətli aparmış, onun barəsində hüquq mühafizə orqanlarından nümayəndəliyə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 4(074)-55/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirlən şəxsin müdafiəçisi X2 vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 27 sentyabr 2024-cü il tarixli 655/2024-MTBŞ nömrəli rəyindən görünür ki, “«1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi: Abeta /H/(İİ).- 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və uzunqol köynək, bir ədəd pambıq topası və daş parçası üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tətqiq edildikdə “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs qolsuz maykası, pambıq topası üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. “Maddi sübut kimi tanıma və saxlanca verilməsi haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi daş parçası və həmin vaxtı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar və avtomobilin sürücü tərəfdən götürülmüş qan izləri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və təzminat tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, “ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki azyaşlı uşağı olmaqla ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və göstərilənlərdən himayəsində iki azyaşlı uşağı olmasını və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməldir. İş üzrə maddi sübut kimi tanınan üzərində qan ləkəsi olan çay daşı, pambıq vasitəsilə götürülmüş qan nümunəsi, bir ədəd uzunqol köynək və bir ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 18 (on səkkiz) saat hüquqi yardım göstərməsinə görə 108 (bir yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - Şamaxı rayon polis şöbəsində saxlanılan üzərində qan ləkəsi olan çay daşı, pambıq vasitəsilə götürülmüş qan nümunəsi, bir ədəd uzunqol köynək və bir ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 25 (iyirmi beş) saat hüquqi yardım göstərməsinə görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-13/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-13/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver