Məhkəmə qərarları › İş №1(074)-16/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-16/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-16/2025 15.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində sərbəst giriş-çıхış hüququ оlduğu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin darvazasının kilidini əlində olan açarla açaraq, həyətə daxil olduqdan sonra, həyətdə olan iki mərtəbəli evin birinci mərtəbəsinin əsas giriş qapısının kilidini açarla açıb daxil olaraq, ikinci mərtəbəsinə qalxıb həmin mərtəbədə yerləşən yataq otağının giriş qapısını açaraq, otağa daxil olub, otağın daş divarının içərisində yerləşdirilən saxlanc yeri olan dəmir seyfin qapısını əlində olan, əlamətləri istintaqa məlum olmayan alət vasitəsi ilə sındırmaq yolu ilə açıb, seyfin içərisindən 42600 (qırx iki min altı yüz) manat pul, 3000 (üç min) manat pul, qiyməti 1440 (bir min dörd yüz qırx) manat olmaqla, İtaliya istehsallı, əyarı 750 olan, qadına aid 18 qram çəkidə, 01 (bir) ədəd qızıl boyunbağı, qiyməti 320 (üç yüz iyirmi) manat olmaqla, İtaliya istehsalı, əyarı 750 olan, qadına aid 04 qram çəkidə 01 (bir) ədəd qızıl qolbağı, ümumi qiyməti 840 (səkkiz yüz qırx) manat olmaqla, İtaliya istehsalı, əyarı 750 olan, qadına aid hər bir ədədi 3.5 qram olan 03 (üç) ədəd qızıl üzük, ümumi qiyməti 640 (altı yüz qırx) manat olmaqla, İtaliya istehsalı, əyarı 750 olan, qadına aid hər bir cütü 04 qram olan 02 (iki) cüt qızıl sırğanı оğurlаyıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 48840 (qırx səkkiz min səkkiz yüz qırx) manat dəyərində özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla, gizli olaraq saxlanc yerinə qanunsuz daxil olmaqla talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində yaşayır. Əmisi Zərərçəkmiş şəxs səhhətində problemlər yarandığı üçün, bir neçə ildir ki, həyat yoldaşı Şahid4 ilə birlikdə Turkiyə Respublikasına gedərək, müalicə alırmış və hər dəfə ölkədən çıxdıqda, evə baxmaq üçün evin açarlarını ona verirmiş. 2024-cü ilin may ayının sonlarında əmisi Zərərçəkmiş şəxs ona xx.xx.2024-cü il tarixdə müalicə almaq üçün, həyat yoldaşı Şahid4 ilə Turkiyə Respublikasına gedəcəyini bildirmişdir. Əmisi evin iki ədəd olan açarlarını, yəni bir ədəd həyətə giriş üçün nəzərdə tutulan qapının, bir ədəd isə evin açarını ona vermişdir. O, gecə saatlarında əmisi Mehmanın evinə gedərək, oğurluq etmək qərarına gəlmişdir. Belə ki, maddi imkanı zəif olmuş, bir neçə nəfərə pul borcu var imiş və Rusiya Federasiyasında yaşayan tanışına ora gələcəyini söz vermişdir. Bu məqsədlə işlədiyi sexə gedərək, sexdən bir ədəd 1 metr uzunluqda olan dəmir parçasını götürmüşdür. O, əmisinin evinə getmiş və evin giriş qapısını əlində olan açarla açaraq, ilk olaraq evin həyətinə daxil olmuş, sellofanda olan dəmiri isə qapının yanında qoymuşdur. Daha sonra əlində olan açarla evin giriş qapısını açaraq, evə daxil olub, ikinci mərtəbəyə qalxmış və bir-bir otaqlara baxmışdır ki, pul və yaxud qızıl varsa götürsün. Lakin, həmin otaqlarda heç bir dəyəri olan əşya və pul tapmamış, sonra isə evin ikinci mərtəbəsində əmisi Mehmanın yatdığı otağa daxil olmaq istəmiş, lakin evin qapısının bağlı olmasını görüb düşünmüş ki, burada ona lazım olan pul və qızıl olar, qapını ayağı ilə təpik vuraraq açmış və otağın hər bir yerini axtarmış, lakin heç bir şey tapa bilmədiyi üçün otaqdan çıxmaq istəyən zaman, taxtın yanında mebel materialdan oturacaq görmüş və həmin oturacağı kənara çəkərək, altına baxmaq istəyən zaman, evin divarında seyf olmasını görmüşdür. O, dəmir parçasını götürərək, seyfin qapısının açarını qırmışdır. Seyfin içərisində iki büküm ayrı-ayrı məbləğlərdə pul olmasını və bir topa qızıl-zinət əşyalarının olmasını görüb, hamısını sellofan torbaya yığaraq otaqdan çıxmışdır. Daha sonra, özü ilə gətirdiyi dəmir parçasını, pulu və qızılları götürüb evdən çıxmış, əlində olan dəmir parçasını isə xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Pulu və qızılları işlədiyi sexə gedib, həmin əşyaları orada qoyaraq, evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında işlədiyi sexə getmiş və oğurladığı içərisində pul və qızıl olan torbanı açaraq, pulu saymışdır. Bükümün birində 42600 manat, digər bükümdə isə 3000 manat pul olmuşdur. Həmçinin, sellofan torbanın içərisində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, üç ədəd qızıl üzük və iki cüt qızıl sırğa olmasını aşkar etmişdir. O, pulun üzərindən 7000 manatını götürmüş, qalan pulu və qızıl-zinət əşyalarını isə sexdə gizlətmişdir. O, pul borcu olan Eldar adlı televizor ustasına 300 manat borcunu vermiş, sonra 140 manat evin kommunal xərclərinə ödəmiş, sonra 5000 manat Qurban adlı şəxsə borcu olduğu üçün ona vermişdir. Bundan bir neçə gün sonra, Rəşad adlı dostu ailəsi ilə birlikdə onlara qonaq gəlmiş və dostu Rəşad, ailəsi, o və onun ailəsi birlikdə Şamaxı rayonunda yerləşən istirahət mərkəzinə getmişlər. Orada bütün xərcləri o, həmin puldan ödəmişdir. xx.xx.2024-cü il tarixdə o, Rusiya Federasiyasına təyyarə biletini alıb getmiş və oğurladığı pulun qalan hissəsini yanında Rusiya Federasiyasına gedən bir neçə şəxsə vermişdir ki, gizlincə Rusiya Federasiyasına keçirsin. O, pulu Rusiyanın müxtəlif şəhərlərində öz istirahətinə, həmçinin kazino oyunlarında xərcləmiş və xx.xx.2024-cü il tarixdə geri qayıdan zaman, X1 “stop” qoyulduğu üçün saxlanılmış və Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. O, əmisinin evindən oğurladığı qızıl-zinət əşyalarını da, üzərində Rusiya Federasiyasına keçirmiş və orada qızılları satıb xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, səhhətində problemlər olduğu üçün, bir neçə ildir ki, həyat yoldaşı ilə birlikdə Turkiyə Respublikasına gedərək müalicə alırmış. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Şahid4 ilə müalicə almaq məqsədi ilə, Turkiyə Respublikasına getmişlər və ölkəni tərk edən zaman, evinin qapısının açarlarını qardaşı oğlu Təqsirləndirilən şəxs vermişdir ki, evə nəzarət etsin. xx.xx.2024-cü il tarixdə o və həyat yoldaşı Sevinc Turkiyə Respublikasını tərk edərək, Azərbaycana gəlmişlər. xx.xx.2024-cü il tarixdə isə Şamaxı şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evlərinə qayıtmışdırlar. Onlar həyətə daxil olan zaman, evin həyətində olan nərdivanın evin pəncərəsinə söykənildiyini və evin pəncərəsində olan setkanın yerində olmadığını görüb, dərhal evin qapısını açaraq, ikinci mərtəbəyə qalxmış və evin bütün qapılarının, həmçinin yataq otağında olan daş divarın içərisində yerləşən seyfin olduğu otağında qapısının açıq olmasını görmüş və otağa daxil olan zaman, seyfin qapısının sındırılmasını və seyfdə olan pulun və qızıl-zinət əşyalarının oğurlandığını güman edib, Şamaxı RPŞ-nə gedərək, bu barədə məlumat vermişdir. O, oğurluqda qardaşı oğlu Təqsirləndirilən şəxs şübhələnmiş və sonradan müəyyən olunmuşdur ki, ona məxsus evin iki mərtəbəsində yerləşən yataq otağının daş divarında yerləşdirdiyi dəmir seyfin içərisindən 42600 manat, 3000 manat pul, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağı, 03 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və bununla da, ona ümumilikdə 48840 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənildiyindən,aralarında barışıq əldə olunmuş və buna görə də, həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs Mönsüm oğlu onun dostu və qonşusu olmaqla, münasibətləri hər vaxt yaxşı olub, aralarında ədavət və düşmənçlik olmamışdır. 2024-cü ilin əvvələrində ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs ondan borc kimi ümumilikdə 6000 manat pul almış və pulu olanda borcunu qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 6000 manat puldan 1000 manat hissəsini ona ödəsə də, 5000 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə o, evində olarkən, Rəşad onu çölə çağırmış və ona olan 5000 manat pul borcunu qaytarmışdır. Təqsirləndirilən şəxs 5000 manat pul borcunu ona verən zaman, kredit götürməsini bildirmiş və o, Təqsirləndirilən şəxs Mönsüm oğlunun öz əmisi Zərərçəkmiş şəxs evindən pul və qızıl oğurlamasını 2024-cü ilin avqust ayının əvvəllərində Rəşad Rusiyadan Azərbaycana gəldikdə bilmişdir. İş materiallarından görünür ki, Şahid4, Şahid3, Şahid5 və Şahid1 məhkəməyə ünvanladıqları müraciətlərində, ibtidai istintaqda şahid qismində verdikləri ifadəni təsdiq etdiklərini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirərək, bunun üzrlü hal kimi nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs Mönsüm oğlu onun həyat yoldaşıdır, münasibətləri yaxşı olmaqla, aralarında dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid4 ilə Turkiyə Respublikasına getdikləri üçün, yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin açarını həyat yoldaşı Təqsirləndirilən şəxs verərək, evə nəzarət etməsini bildirmişlər. Rəşad mütəmadi olaraq Zərərçəkmiş şəxs evinə gedərək, ora nəzarət edirmiş. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində ailəvi dostları olan Şahid5 öz ailəsi ilə onlara qonaq gəlmişlər və o, həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edərək, evə nə vaxt gəlməsini soruşan zaman, 2 saata gələcəyini, hal-hazırda işinin olmasını ona bildirmiş və xx.xx.2024-cü il tarixdə, saat 00 radələrində Rəşad evə gəlmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində o və onun ailəsi, Şahid5 və onun ailəsi birlikdə səhər yeməyi yeyərək, evdən çıxmışlar və yolda həyat yoldaşı Təqsirləndirilən şəxs ət və bəzi ərzaq məhsulları alaraq, Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən “Yaşıl göl” istirahət mərkəzinə getmişlər və orada bir müddət istirahət edərək yemək yedib gəzdikdən sonra, təxminən saat 19 radələrində oradan çıxaraq Şamaxı şəhərinə gəlmişlər. Həmin vaxt qonaqları olan Rəşad və ailəsi onun anası ilə görüşmək istədiyini bildirdiyi üçün, onlar Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmişlər və orada anası ilə görüşdükdən sonra, Şamaxı şəhərinə evlərinə gəlmişlər və həyat yoldaşı Təqsirləndirilən şəxs işinin olmasını bildirərək, evdən çıxmış və xx.xx.2024-cü il tarixdə, saat 00 radələrində evə gələrək yatmışdır. xx.xx.2024cü il tarixdə qonaqları günorta yeməklərini yedikdən sonra, saat 16 radələrində Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı avtomobil ilə onların arxası ilə getmiş və xx.xx.2024-cü il tarixdə, gecə saat 01 radələrində evə gəlmiş, həmin vaxt o, yerində yatmış və Rəşadın evə gəlməsini görüb, yuxudan ayılmış və həyat yoldaşı Təqsirləndirilən şəxs ona bildirmiş ki, Rusiya Federasiyasına 4 nəfər tanışı ilə birlikdə işləməyə getməsini və 10 gündən sonra geri qaydacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Təqsirləndirilən şəxs yuxudan ayılaraq atası, anası və onlarla, yəni övladları ilə sağollaşaraq evdən çıxmış, həmin vaxt Rəşad qara rəngli “Mercedes” markalı avtomobil ilə onu işə düşürmüş və Bakı şəhərinə, oradanda Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:23-də həyat yoldaşı Təqsirləndirilən şəxsla 48 saniyə “Whatsapp” sosial proqramı vasitəsi ilə görüntülü danışmışlar və Rəşad ona bildirmiş ki, bir neçə dəqiqəyə təyyarəyə minərək uçaçaqdır və həmin danışıqdan sonra Rəşadla əlaqə saxlamaq istəsə də, mobil nömrələrinə zəng çatmamış, həyat yoldaşı Rəşad Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Sevincə də Rusiya Federasiyasının Orenburq şəhərinə getməsini demişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs peşəsi maşın elektrik ustası olmuş, həyat yoldaşı Təqsirləndirilən şəxs maddi durumu eledə yaxşı olmamış, pul borcuna qaldıqda tanımadığı bir neçə şəxsə borcu olmuş, həyat yoldaşı Təqsirləndirilən şəxs içki aludəçiliyi, narkotik vasitəyə meyilliyi və yaxud qumar oyunlarına marağı olmamış, həyat yoldaşı Təqsirləndirilən şəxs əvvələr oğurluq cinayəti törətməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs Mönsüm oğlu onun dostudur. Münasibətləri Rəşadla hər vaxt yaxşı olub, aralarında ədavət və düşmənçlik olmamışdır. 12 iyul 2024-cü il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə həyat yoldaşı Əfqanə və 3 uşağı ilə birlikdə qonaq gəlmişlər, Təqsirləndirilən şəxs evinə gələn zaman onun həyat yoldaşı Şahid3 onları qarşılamış, həmin vaxt Rəşad evdə yox imiş və onlar Rəşadin evinə daxil olaraq oturduqdan təxminən 1 saat sonra, Rəşad evə gəlmiş və bir müddət o və Rəşad söhbət etmişlər və gecə saat 02 radələrində yatmışlar. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində yuxudan durmuşlar və hazırlıq edib saat 10 radələrində evdən çıxmışlar, həmin vax Rəşad istirahət üçün lazım olan bütün ərzaq məhsullarını, həmçinin yemək üçün quzu və toyuq ətini almış, o, həyat yoldaşı Əfqanə və 3 uşağı idarə etdiyi avtomobil ilə, dostu Təqsirləndirilən şəxs isə “VAZ 2106” markalı avtomobil ilə öz ailəsi və onun böyük qızı ilə birlikdə Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən “Yaşıl göl” istirahət mərkəzinə getmişlər və orada bir müddət istirahət edərək yemək yeyib gəzdikdən sonra, saat 19 radələrində oradan çıxaraq, Şamaxı şəhərinə gəlmişlər. Həmin vaxt həyat yoldaşı Əfqanənin təklifi ilə Şahid3 anasının yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmişlər və orada Şahid3 anası ilə görüşdükdən sonra, Şamaxı şəhərinə Rəşadın evinə gəlmişlər, daha sonra Rəşad işinin olmasını bildirib evdən çıxmış və xx.xx.2024-cü il tarixdə saat 00 radələrində evə gəlmiş və ikisi birlikdə otağa keçərək yatmış. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, yuxudan oyanan zaman Rəşad yerində yox imiş, yəni səhər tezdən duraraq ona məlum olmayan yerə getmiş, artıq saat 13 radələrində onlar, yəni hamısı Rəşad daxil olmaqla günorta yeməyini yedikdən sonra, saat 15 radələrində Bakı şəhərinə getmək üçün yola çıxmışlar, həmin vaxt Təqsirləndirilən şəxs onun arxasınca çıxmışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, ailəsi ilə birlikdə yaşadığı ünvana çatmış və Rəşada zəng edərək evə çatmağını bildirmiş, o, Təqsirləndirilən şəxs 8 ilə yaxın müddətdir tanıyırmış və yaxşı insan kimi tanımış, dostu Təqsirləndirilən şəxs maddi durumu eledə yaxşı olmamış, pul borcuna qaldıqda bu barədə heç bir məlumatı olmamış, dostu Təqsirləndirilən şəxs içki aludəçiliyi, narkotik vasitəyə meyilliyi olmasını dəqiq deyə bilərmiş ki, uzaq olmuş, lakin qumar oyunlarına marağı olması barədə heç bir fikri olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində Şamaxı rayonunda olan zaman Rəşadın evindən bir dəfə ailəsi ilə birlikdə xx.xx.2024-cü il tarixdə çıxmış, həmin günüdə geri Rəşadın evinə qayıtmış, ümumiyyətlə o, Rəşadla birlikdə nəinki əmisinin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, hətta Şamaxı şəhərinə belə çıxmamış, o, dostu Təqsirləndirilən şəxs əvvələr oğurluq cinayəti törətməsini eşitməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Mönsüm oğlunu Şamaxı şəhər sakini kimi tanıyır, aralarında ədavət və düşmənçlik olmamış, 2024-cü ilin əvvələrində Təqsirləndirilən şəxs Mönsüm oğlu onun işlədiyi televizor təmiri sexinə gələrək, ilk öncə 150 manat dəyərində məişət avadanlıqlar, daha sonra da, 150 manat dəyərində məişət avadanlıqları olmaqla, ümumilikdə 300 manat dəyərində məişət avadanlıqları götürmüş və ona 300 manat pul borcu yaranmış və pulu olanda verəcəyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, Rəşad hələ də, pulunu verməmiş, 2024-cü ilin iyul ayının əvvələrində Rəşada zəng edərək, pula ehtiyacı olduğunu və borcunu verməsini bildirmiş, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs Mönsüm oğlu işlədiyi sexə gələrək, ona olan 300 manat pul borcunu vermiş və halallaşıb getmişdir. Təqsirləndirilən şəxs Mönsüm oğlu ondan 300 manat dəyərində məişət avadanlıqlarını nə vaxt almasını dəqiq deyə bilməzmiş, çünki 2024-cü ilin əvvələrində almış, Təqsirləndirilən şəxs Mönsüm oğlu ona olan 300 manat pul borcunu ona verən zaman pulu haradan tapması barədə ondan heç bir söz soruşmamış, çünki ona maraqlı deyilmiş, borcu var imiş və ödəməli imiş, o, Təqsirləndirilən şəxs Mönsüm oğlunun öz əmisi Zərərçəkmiş şəxs evindən pul və qızıl oğurlamasını 2024-cü ilin avqsut ayında bilmiş, o, Təqsirləndirilən şəxs Mönsüm oğlunu Şamaxı şəhər sakini kimi yaxşı insan kimi tanımış və o, heç vaxt düşünməzmiş ki, Rəşad oğurluq edərmiş. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olmaqla, ünvan 4-ə baxış keçirilərkən müəyyən edilmişdir ki, ev ikimərtəbəlidir, mişar daşları ilə inşa edilmişdir, evin həyəti çardaqla örtülmüşdür, həyətə giriş qapısı dəmirdən inşa edilən darvazadır, evin giriş qapısı da dəmirdəndir və açarla bağlanır, evin darvazası və giriş qapısının açarları üzərində heç bir zədə və açarseçmə əlamətləri aşkar edilmir, evin dörd bir tərəfi mişar daşları ilə hörülmüş hasardan ibarətdir. Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsindəki yataq otağını təqdim edib bildirdi ki, oğurluq evin ikinci mərtəbəsindəki yataq otağından edilmişdir. Belə ki, yataq otağında divarda olan dəmirdən olan seyfin qapısı hər hansı bir bərk dəmir əşya isə sıxılmaqla açılmışdır. Zərərçəkmiş şəxs həmin dəmir seyfdən pul və qızıl zinət əşyalarının oğurlanmasını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilməklə, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 157 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyində qeyd olunur ki, «İtaliya istehsallı, əyarı 750 olan, qadına aid 18 qram çəkidə, 01 ədəd qızıl boyunbağının nəzəri hesablama yolu ilə 2024-cü ilin iyul ayına olan orta bazar qiymətləri ilə təqribi qiyməti 1440,00 manat, İtaliya istehsallı, əyarı 750 olan, qadına aid 4 qram çəkidə bir ədəd qızıl qolbağın qiyməti 320,00 manat, İtaliya istehsallı, əyarı 750 olan, qadına aid hər bir ədədi 3.5 qram olan üç ədəd qızıl üzüyün qiyməti 840,00 manat, İtaliya istehsallı, əyarı 750 olan, qadına aid hər bir cütü 4 qram olan iki cüt qızıl sırğanın qiyməti 640,00 manat olmaqla, həmin əşyaların ümumilikdə orta bazar qiyməti 3240,00 (üç min iki yüz qırx) manat məbləğində müəyyən edilir». İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığılndan, barəsində axtarış elan edilməklə, tutulması qərara alınmışdır. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandıqları Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007 və xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqlar vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun iki gün həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar