Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-17/2022 26.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan bitki toxumlarını 2021-ci ilin mart ayında yaşadığı evin həyətyanı torpaq sahəsində kultivasiya etməklə əkib həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərərək yetişdirdikdən sonra yığıb qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib böyük hissəsini yaşadığı evdə saxlayaraq digər hissəsini Şamaxı şəhəri ərazisində üzərində saxlamaqla daşımış, 30 sentyabr 2021-ci il tarixdə saat 13:10 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə özünün razılığı ilə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evə girişdən sol tərəfdə yerləşən otaqda sarı rəngli sandıqçanın içindəki qəhvəyi rəngli plastik materialdan olan qabın içərisində, həmin otaqda girişdən sağ tərəfdə yerləşən stol üzərində şəffaf rəngli plastik materialdan olan qabın içərisində və evin giriş otağında stolun üzərindəki taxta qutunun içərisində açıq formada təmiz çəkisi 405 (dörd yüz beş) qram, evin giriş otağında pəncərənin qarşısında qırmızı və göy rəngli kağız bükümlərdə 02 (iki) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 (sıfır tam mində iki yüz qırx doqquz) qram və 0,738 (sıfır tam mində yeddi yüz otuz səkkiz) qram, həmin tarixdə saat 15:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ cibindən 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,549 (sıfır tam mində beş yüz qırx doqquz) qram olmaqla ümumilikdə 03 (üç) ədəd büküm içərisində və 03 (üç) ədəd qabda açıq formada saxladığı ümumi təmiz çəkisi 406,536 (dörd yüz altı tam mində beş yüz otuz altı) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək vifadə verib göstərdi ki, 2021-ci ilin mart ayında öz həyətində 2 ədəd çətənə kolu əkmişdir. 27 sentyabr 2021-ci il tarixdə əkdiyi kolları çıxararaq qurutmuş və yaşadığı evin otaqlarına qoymuşdur. 30 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Şamaxı rayon PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək evində və üzərində narkotik vasitəni saxladığını ona bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən evinə onun razılığı əsasında videogörüntüyə çəkilməklə baxış keçirilmişdir. Evdən həmin qurudulmuş marixuana və digər narkotik tərkibli kiçik kağızlara bükülmüş şəkildə üstündə aşkar olunmuşdur. Aşkar edilmiş narotik vasitələr polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən kağıza bükülmüş marixuana aşkar olunmuşdur. Polis əməkdaşları həmin kağızı açdıqda içərisindən tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, narkotik vastəni yalnız istifadə etmək üçün üzərində və evində saxlamış, başqa heç bir məqsədi olmamış, marixuananın və ya başqa narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 30 sentyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, Q.Nəbi küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evində və üzərində narkotik vasitələr saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 30 sentyabr 2021-ci il tarixdə, saat 13:10 radələrində Şamaxı RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri, Q.Nəbi küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər və Təqsirləndirilən şəxs evində və üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu ona bildirib evinə baxış keçirmək istədiklərini ona bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək yaşadığı Şamaxı şəhəri, Q.Nəbi küçəsi, ev 13-də yerləşən evini onlara təqdim etmişdir. Həmin vaxt evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus evin baş tərəfində olan otağına daxil olaraq otağın giriş qapısı ilə üz-üzə olan sarı sandıqçanı açaraq içərisindən qara rangli kapron qutunu çıxarmış, qutunun içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs otaqda girişdən sağ tərəfdə olan stola tərəf gedərək stolun üzərində olan ağ rəngli kapron qutunu təqdim etmişdir. Həmin kapron qutuda yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yenidən evin girişində olan otağa daxil olaraq həmin otaqda olan pəncərədən dörd ədəd büküm götürərək təqdim etmiş, bükümün birinin içərisindən ağ rəngli iysiz limon duzuna bənzər kütlə, iki ədəd bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, bir bükümdə isə boz rəngli toz formasında kütlə aşkar edilmişdir. Həmçinin həmin otaqda olan taxta qutunu açaraq içərisində olan yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda, o, həmin narkotik vasitəni həyətində əkdiyini bildirərək həmin yeri göstərmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr tərəfindən karton qutuya qoyularaq qablaşdırılmış, 73 saylı möhürlə möhürlənmiş, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imza olunmuşdur. Bundan sonra həmin tarixdə, saat 15:10 radələrində Şamaxı şəhəri, Q.Nəbi küçəsi, ev 13-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ cibində ağ kağıza bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm baxışda iştirak edənlərin iştirakları ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs ətrafında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun narkotik vasitəni həyətində əkdiyi 02 ədəd koldan əldə etdiyi müəyyən olunmaqla, narkotik vasitələrin satışı ilə məşğul olması barədə tərəflərindən hər hansı bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onunla münasibətinin həmişə yaxşı olduğunu, aralarında heç bir anlaşılmamazlığın olmadığını bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs bir müddət əvvəl narkotik vasitələrin istifadəsinə görə tutulmuşdur. O, oğlu Zaurun onunla birlikdə Şamaxı şəhəri, Q.Nəbi küçəsində yerləşən evdə yaşadığını, Zaurun həmişə evdə olduğunu, heç bir yerə çıxmadığını göstərmişdir. O, oğlu Təqsirləndirilən şəxs yanına heç kimin gəlib-getmədiyini, Zaurun narkotikdən əziyyət çəkdiyini, Zaurun narkotikdən əziyyət çəksə də, narkotik vasitə satmadığını bildirmişdir. Oğlu Zaurun yaşadıqları evin həyətində narkotik vasitə əkməsini göstərsə də, əkdiyi kolları görmədiyini, tanımadığını və fikir vermədiyini göstərmişdir. İş materiallarında olan baxış və götürmə haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri Q.Nəbi küçəsi 13 saylı evdə yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin giriş hissəsindən baş tərəfdə yerləşən otağında sarı rəngli sandıqçanın içindəki qəhvəyi rəngli plastik materialdan olan qab içərisində, həmin otaqda girişdən sağ tərəfdə yerləşən stol üzərində şəffaf rəngli plastik materialdan olan qab içərisində və evin giriş otağında stolun üzərindəki taxta qutunun içərisində açıq formada təmiz çəkisi 405 (dörd yüz beş) qram, evin giriş otağında pəncərənin qarşısından qırmızı və göy rəngli kağız bükümlərdə 02 (iki) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 (sıfır tam mində iki yüz qırx doqquz) qram və 0,738 (sıfır tam mində yeddi yüz otuz səkkiz) qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, 30.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarının sağ cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,549 (sıfır tam mində beş yüz qırx doqquz) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 01 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 4(074)-88/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 20 oktyabr 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4, 263.2-ci maddələri ilə təqsirli bilinib, 66.3.4-cü maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CMnin 67.1-ci maddəsinə əsasən 1 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qərarı ilə CM-nin 76- 3.1-ci maddəsinə əsasən, cəzasının çəkilməmiş 5 ay 13 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. 27 mart 2017-ci ildə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 7/1008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kibrit qutusunda olan çəkisi 0,549 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd şəffaf plastik qabda təmiz çəkisi-182 qram, həmin qabda 02 (iki) ədəd qırmızı və göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249; 0,738 qram, 01 (bir) ədəd boz rəngli qutuda təmiz çəkisi 223 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 406,536 qramdır. Tədqiqata istifadə olundu-0,25 qram, qalıq- 406,286 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,82 manatdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 18.11.2021-ci il tarixli, 4549 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş 3944 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 evdə ailə üzvləri ilə yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən 02 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yenidən ittiham edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 406,286 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçiilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 406,286 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-17/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-17/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver