Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-17/2025 04.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1977-ci il tarixdə Qırğızıstan Respublikasının Belavodski şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 2 (iki) ay 12 (on iki) gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Nizami prospekti 249 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Heyvan bazarı”na gəlib, bir qədər orada gəzdikdən sonra, saat 06 radələrində bazarda olan Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ arxa cibinin bir qədər qabarıq olduğunu görüb, sonuncunun cibində pul olacağını ehtimal edərək, həmin pulu ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs və bazardakı digər kənar şəxslərin onların hərəkətlərini hiss etmədikləri şəraitdə şəxslərin sıxlığından və havanın qaranlıq olmasına görə əməllərinin görünməyəcəyindən istifadə edərək, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb, arxasından keçərkən Təqsirləndirilən şəxs2 orada qarışıqlıq yaratmaq və cinayət əməllərini reallaşdıra bilmələri üçün, əlverişli şərait yaratmaq məqsədilə, arxadan Zərərçəkmiş şəxs itələməsi nəticəsində sonuncunun bir qədər irəli doğru addımlamasından istifadə edərək, əvvəlcə əlini Zərərçəkmiş şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibinə çöldən toxunduraraq, orada pul olduğuna əmin olduqdan sonra, sağ əlinin ikinci və üçüncü barmaqlarını sonuncunun əynindəki şalvarın həmin cibinə salaraq, oradan 5 ədəd 200 manatlıq və 24 ədəd 100 manatlıq əsginasdan ibarət, ümumilikdə 3400 (üç min dörd yüz) manat pulu gizli olaraq çıxarıb talamaqla, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Heyvan bazarı”na gələrək, bir qədər orada gəzdikdən sonra, saat 06 radələrində bazarda olan Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ arxa cibinin bir qədər qabarıq olduğunu görüb, sonuncunun cibində pul olacağını ehtimal edərək, həmin pulu ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs və bazardakı digər kənar şəxslərin onların hərəkətlərini hiss etmədikləri şəraitdə şəxslərin sıxlığından və havanın qaranlıq olmasına görə əməllərinin görünməyəcəyindən istifadə edərək, Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb arxasından keçərkən, onun Zərərçəkmiş şəxs itələməsi nəticəsində sonuncunun bir qədər irəli doğru addımlaması ilə yaranmış qarışıqlıqdan və cinayət əməllərini reallaşdıra bilmələri üçün əlverişli şəraitdən istifadə edən Təqsirləndirilən şəxs1 əvvəlcə əlini Zərərçəkmiş şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibinə çöldən toxunduraraq, orada pul olduğuna əmin olmasından sonra, sağ əlinin ikinci və üçüncü barmaqlarını sonuncunun əynindəki şalvarın həmin cibinə salaraq, oradan 5 ədəd 200 manatlıq və 24 ədəd 100 manatlıq əsginasdan ibarət, ümumilikdə 3400 (üç min dörd yüz) manat pulu gizli olaraq çıxarıb talaması ilə, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında tanışı Təqsirləndirilən şəxs2 zəng edərək, ona Xırdalan şəhərində görüşməyi təklif etmişdir. Həmin gün, səhər saat 04 radələrində Xırdalanda “Köhnə bazar” adlanan yerdə Səlvərlə görüşmüş və Səlvərə Şamaxı rayonuna “Heyvan bazarı”na gedib, oradan oğurluq etməyi təklif etmişdir. Səlvərlə aralarındakı razılığa əsasən, bazarda olduqları vaxt, Səlvər bazarda olan şəxslərdən birinin cibinə girməyi üçün şərait yaratmalı, o isə, bundan istifadə edərək, cibdə olan pulu çıxartmalı idi. Onlar taksi ilə Xırdalandan Bakı şəhəri “Şamaxinka” adlanan yerə gəlmişlər. Oradan isə Şamaxı rayonunda yerləşən “Heyvan bazarı”na getmək üçün taksiyə minmişlər. Səhər saat təxminən 05-06 radələrində Şamaxı rayonunda yerləşən “Heyvan bazarı”na çatmışlar. Bazarda Səlvərlə birlikdə bir qədər gəzdikdən sonra, insanların daha sıx olduğu yerdən keçərkən, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər şəxsin əynindəki şalvarın arxa cibinin bir qədər qabarıq olduğunu görüb, cibində pul olacağını fikirləşmiş və Səlvərlə birlikdə həmin şəxsə arxadan yaxınlaşmışdır. Bu zaman Səlvər orada qarışıqlıq yaratmış və əlini cibinə sala bilməyi üçün həmin şəxsə toxunmuş, o isə, ətrafda sıxlıq olmasından, həmçinin havanın da qaranlıq olmasından istifadə edib, əlini əvvəlcə həmin şəxsin əynindəki şalvarın arxa cibinə çöldən toxunduraraq, cibində pul olduğuna əmin olduqdan sonra, dərhal sağ əlinin 2-ci və 3-cü barmaqlarını həmin şəxsin arxa cibinə salaraq, dəstə formasında olan pulu götürüb, əynindəki şalvarın cibinə qoymuş və əlini də cibində saxlayaraq, arxasını çevirib iti addımlarla oradan uzaqlaşmaq istəmişdir. Bir qədər uzaqlaşdıqdan sonra, arxadan kimsə onun qolundan tutmuşdur. Üzünü çevirdikdə, qolundan tutan şəxsin cibindən pulunu çıxartdığı şəxs olduğunu görmüşdür. Həmin şəxs ondan pulunu tələb edərək “pulumu ver” demişdir. O isə, əvvəlcə pulunun onda olmadığını demiş, lakin artıq bazardakı adamlar da, onların ətrafına toplaşmış və Zaur adlı şəxs də, onun qolunu buraxmayıb, təkidlə “pulu siz götürmüsünüz” demişdir. Zaurun onlardan əl çəkməyəcəyini görüb, əvvəlcə Zaura pulu yerdən tapdığını, onun cibindən pul götürmədiyini desə də, Zaur pulun onun tərəfindən götürüldüyünü təkidlə bildirmişdir. Ətrafda olan tanımadığı digər şəxslər də, ondan və Səlvərdən pulu qaytarmağını təkidlə tələb etmişdir. Səlvər də, əməllərinin ortaya çıxdığını görüb, ona pulu geri qaytarmağını bildirmişdir. O, cibində olan pul dəstəsini çıxarıb, Zərərçəkmiş şəxs qaytarmışdır. Zaur isə pulu saydıqdan sonra, onun cibində 3400 manat pul olduğunu, cəmi 3000 manat pul qaytardığını, 400 manat pulun əksik olduğunu demişdir. O isə, Zaura cibindən götürdüyü pulu tam şəkildə qaytardığını bildirmişdir. Lakin, Zaur pulunun tam şəkildə qaytarılmasım tələb etmiş, əks təqdirdə polisə şikayət edəcəyini demişdir. O və Səlvər polisə şikayət etməməsi üçün, Zaura əksik olan 400 manatın əvəzində öz mobil telefonlarını verməyi təklif etmişdir. Hətta ona bank kartına qalan pulu köçürə biləcəyini demiş, Zaur isə razı olmamışdır. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışdırlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyan tam olaraq hazırda ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Yevlax şəhərində qeydiyyatda olsa da, hazırda Abşeron rayonunun Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, görüşməyi təklif etmişdir. Görüş zamanı, Təqsirləndirilən şəxs1 ona Şamaxı rayonunda yerləşən “Heyvan bazarı”na gedib, oradan oğurluq etməyi təklif etmişdir. O, Tahirlə razılaşıb, Bakı şəhərindən taksi ilə Şamaxı rayonunda gedib, “Heyvan bazarı”na çatmışdırlar. Tahirlə aralarındakı razılığa əsasən, bazarda olduqları vaxt, insanların çoxluğundan istifadə edərək, o Tahirin kiminsə cibindən pul çıxartması üçün şərait yaratmalı idi. Bazarda bir müddət birlikdə gəzdikdən sonra, Təqsirləndirilən şəxs1 adının sonradan Zaur olduğunu bildiyi bir nəfər şəxsin əynindəki şalvarın arxa cibinin qabarıq olduğunu, həmin cibdə nəsə olduğunu görmüş və onlar həmin şəxsə yaxınlaşmışdır. Həmin vaxt hava qaranlıq olmuş və ətrafda çox sayda insan olmuşdur. O, bundan istifadə edərək, Zaurun arxasından keçərkən, çiyni ilə Zaura toxunmuş və sonuncu bir-iki addım qabağa doğru getmiş və bundan istifadə edən, Tahir əlini Zaurun əynindəki şalvarın arxa cibinə salaraq, oradakı pulu götürmüş və oradan bir qədər uzaqlaşmışdır. Zaur adlı şəxs Tahirin cibindəki pulu götürməsini dərhal hiss etmiş və Tahirin uzaqlaşdığını görüb, ona yaxınlaşaraq, qolundan tutmuşdur. O da, Zaurun arxasınca Tahirin yanına getmişdir. Zaur pulunun qaytarılmasını Tahirdən tələb etmişdir. Tahir əvvəlcə Zaur adlı şəxsə cibindən pulu götürmədiyini bildirsə də, həmin şəxs israrla pulunu tələb etmişdir. Həmin vaxt bazarda olan digər şəxslər də, onların ətrafına toplaşmış və Tahirdən təkidlə pulu qaytarmasını tələb etmişlər. Tahir isə həmin şəxsə, yəni Zaura pulu yerdən tapdığını, onun cibindən pul götürmədiyini bildirsə də, Zaur yenə də, Tahirdən götürdüyü pulu qaytarmasını tələb etmişdir. Bundan sonra, Tahir məcbur olub pulu cibindən çıxardıb, Zaura qaytarmışdır. Lakin, o, Zaur adlı şəxsə başqa istiqaməti göstərib, “sənin pulunu götürən şəxs əks tərəfə getdi, get o tərəfdə pulunu axtar” sözlərini deməmişdir. Zaur pulu saydıqdan sonra, cibində 3400 manat pul olduğunu, Tahirin isə ona 3000 manat qaytardığını, 400 manat pulun əksik olduğunu demişdir. Tahir isə Zaura onun cibindən götürdüyü pulu saymadan öz cibinə qoyduğunu, götürdüyü pulun məbləğini bilmədiyini demişdir. Zaur isə təkidlə əksik olan 400 manatı da qaytarmalarını tələb etmiş, əks halda polisə şikayət edəcəyini demişdir. Onlar isə polisə şikayət etməməsi üçün, Zaura əksik olan 400 manatın əvəzində öz mobil telefonlarını verməyi təklif etmişlər. Zaur isə buna razı olmamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışdırlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və vurulmuş ziyan olaraq 3400 manat pulun tam olaraq zərərçəkmiş şəxsə ödənildiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində, ona dəymiş 3400 manat məbləğində ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir tələb və şikayətinin olmadığını və üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Ağsu rayonunun Qaraməmmədli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində 04 baş iri buynuzlu heyvanını satmaq üçün, oğlu Şahid1 ilə birlikdə özünün “QAZEL” markalı yük avtomobili ilə heyvanları Ağsu rayonunun Qaraməmmədli kəndindən Şamaxı rayonu, Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Heyvan bazarı” adlanan yerə gətirmişdir. Həmin gün bazarda 4 baş heyvandan 3 başını ümumilikdə 3400 manata tanımadığı bir nəfər şəxsə satmış və pulu alıb dəstə formasında əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibinə qoymuşdur. Heyvanları satdığı şəxs 3400 manat pulu ona 5 ədəd 200 manatlıq, 24 ədəd 100 manatlıq əsginas şəklində vermişdir. Təxminən saat 06 radələrində bazarda bir qədər hündür yerdə dayanmış və bir nəfər təxminən 60-65 yaşlarında tanımadığı şəxs ondan dayandığı yerə qalxması üçün kömək etməyini xahiş etmişdir. O isə əyilib əlini həmin şəxsə uzatmış və əlindən tutaraq, dayandığı yerə qaldırmışdır. Həmin vaxt kimsə arxadan onu itələmiş və əynindəki şalvarın arxa cibinə kiminsə girdiyini hiss etmişdir. Həmin vaxt bazarda sıxlıq və ətrafda çox sayda insan olmuşdur. Kiminsə cibinə girdiyini hiss etdikdə, dərhal pulu qoyduğu cibini əli ilə yoxlamış, 3400 manat pulun cibində olmadığını görüb, pulun oğurlandığını bilmişdir. Tez arxaya doğru çevrilmiş və sonradan adının Səlvər olduğunu bildiyi tanımadığı şəxsin qarşısında dayanıb üzünə baxdığını, bir qədər aralıda isə bir nəfər şəxsin bir əlini əynindəki şalvarın cibinə qoyub bazarda olan şəxslərin arasından keçməklə oradan uzaqlaşdığını görmüşdür. Həm əli cibində uzaqlaşmağa çalışan şəxsin, həm də arxasında dayanmış şəxsin ümumi görünüşlərindən hiss olunurmuş ki, onlar bazar adamı deyil, yəni heyvan alıb-satan deyil. O, sonradan adının Tahir olduğunu bildiyi əli cibində olan şəxsdən şübhələnmiş və iri addımlarla yaxınlaşıb həmin şəxsin qolundan tutaraq “mənim pulumu ver” demişdir. Tahir isə ona “sənin pulun məndə yoxdur” deyə cavab vermişdir. Bu vaxt sonradan adının Səlvər olduğunu bildiyi şəxs yanında peyda olmuş və onu çaşdırmaq üçün əli ilə başqa istiqaməti göstərib “sənin pulunu götürən şəxs əks tərəfə getdi, get o tərəfdə pulunu axtar” sözlərini demişdir. O isə “pulumu siz götürmüsünüz” deyib, təkidlə pulunu qaytarmalarını tələb etmişdir. Həmin vaxt Səlvər onun və bazarda olan digər şəxslərin onlara təzyiq etdiyini görüb, Tahirə pulu geri qaytarmasını demişdir. Səlvər Tahirə təkidlə “pulu qaytar” sözlərini deyirmiş, bilinirmiş ki, ikisi də pulunun götürülməsindən məlumatlıdır. Üzünü Tahirə doğru çevirib “mənim pulumu özümə qaytar” dedikdə, Tahir onun cibindən pul oğurlamadığını, pulu yerdən tapıb cibinə qoyduğunu bildirmiş və dəstə formasında olan pulu əynindəki şalvarın yan cibindən çıxarıb ona vermişdir. O pulu saydıqdan sonra, 3400 manat puldan 400 manatının əksik olduğunu, cəmi 3000 manat pul olduğunu görüb, Tahirdən cibindən 3400 manat pul götürdüyünü deyərək, əksik 400 manatı da, tələb etmişdir. Tahir isə onun cibindən pul götürdüyünü etiraf edərək, ona götürdüyü pulun bunlar olduğunu, cibindən başqa pul götürmədiyini, ola bilsin ki, əksik olan 400 manatı cibindən saldığını demişdir. O, Tahir və Səlvərə polisə şikayət edəcəyini dedikdə, onlar polisə şikayət etməməyi üçün, əksik 400 manat pulun əvəzində mobil telefonlarını ona verə biləcəklərini, hətta sonradan 400 manatı kartına göndərə biləcəklərini demişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına həmin şəxslərin onun cibindən 3400 manat pul oğurladıqlarını bildirmişdir. Polislər onu və pulunu oğurlayan Tahirlə Səlvəri polis şöbəsinə aparmışlar. Tahirin ona qaytardığı 3000 manat pul 3 ədəd 200 manatlıq, 24 ədəd 100 manatlıq əsginas şəklində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində “Heyvan bazarı” adlanan yerə heyvan alıbsatmaq üçün getmişdir. Həmin gün, saat 07 radələrində bazarın arxa tərəfində tünlük olduğunu görmüş və həmin yerə çatanda ona məlum olmuşdur ki, iki nəfər tanımadığı şəxs tanışı Zərərçəkmiş şəxs cibindən 3400 manat pul oğurlayıbdır. Sonradan adının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxslər Zərərçəkmiş şəxs demişdir ki, “sənin cibindən götürdüyümüz 3400 manat puldan əksik olan 400 manatı qaytaracağıq”, lakin 400 manatın əvəzinə öz mobil telefonlarını verməyi təklif etmişlər. Zərərçəkmiş şəxs isə onlarla razılaşmamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. İş üzrə digər Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, Ağsu rayonu, Qaraməmmədli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində 4 baş iribuynuzlu heyvanı satmaq üçün, atası Zərərçəkmiş şəxs ilə birlikdə atasının idarə etdiyi “QAZEL” markalı yük avtomobili ilə Ağsu rayonu, Qaraməmmədli kəndindən Şamaxı rayonu Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Heyvan bazarı” adlanan yerə gətirmişdir. Həmin gün atası bazarda 4 baş heyvandan 3 başını ümumilikdə 3400 manata tanımadıqları bir nəfər şəxsə satmış və pulu alıb dəstə formasında əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibinə qoymuş, digər bir baş heyvanın ipi isə onun əlində olmuşdur. Təxminən saat 06 radələrində atası ona heyvanın yanında qalmağını deyib, oradan uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sonra atasının ətrafına çoxlu şəxslərin toplaşdığını görüb, o da, atasının olduğu yerə getmişdir. Həmin vaxt adını sonradan bildiyi Tahir adlı şəxs dəstə formasında olan pulu əynindəki şalvarın yan cibindən çıxardıb, atasına vermişdir. Atası pulu saydıqdan sonra, 3400 manat puldan 400 manatının əksik olduğunu, cəmi 3000 manat pul olduğunu görmüşdür. Atası həmin Tahir adlı şəxsə cibindən 3400 manat pul götürdüyünü deyərək, əksik 400 manatı da tələb etmişdir. Tahir isə onun atasının cibindən pul götürdüyü etiraf edərək, atasına götürdüyü pulun bunlar olduğunu, cibindən başqa pul götürmədiyini, ola bilsin ki, əksik olan 400 manatı cibindən saldığını demişdir. Atası həmin şəxsə polisə şikayət edəcəyini dedikdə, şikayət etməməsi üçün əksik 400 manat pulun əvəzində mobil telefonlarını atasına verə biləcəklərini, hətta sonradan 400 manatı kartına göndərə biləcəklərini demişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Şamaxı rayonu Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Heyvan bazarı” adlanan yerdir. Hadisə yerinə baxış zamanı, Zərərçəkmiş şəxs hadisəni baş vermə ardıcıllığı ilə göstərərək, xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində heyvan bazarında olduğu vaxt sonradan adlarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslərin, onun əynindəki şalvarın arxa cibində olan pulu çıxartmaqla oğurladıqlarını, bundan sonra, həmin şəxslər oradan uzaqlaşarkən, onları yaxaladığını bildirdi. Baxış zamanı, hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Salmanov X2 Tahir Qasım oğlu ilə birlikdə Zərərçəkmiş şəxs üzərindən, yəni əynində olan şalvarın sağ arxa cibindən oğurladığı 3000 manat pulu istintaqa təqdim etmiş, təqdim edilmiş pul 03 ədəd 200 manatlıq, 24 ədəd 100 manatlıq əsginaslardan ibarət olmaqla, cəmi 3000 manatdır, həmin pula baxış keçirilməklə, sübut əhəmiyyətə malik olduğundan götürülmüş, istintaq hərəkəti videoya çəkilmiş, bu barədə protokol tərtib edilməklə, iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 3000 manat məbləğində pul iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 2 (iki) ay 12 (on iki) gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarından göründüyü kimi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs1 cəzanın çəkilməmiş hissəsi müddəti ərzində qəsdən az ağır cinayət törətmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən, əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus cəmi 3000 manat məbləğində pulun sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin 1(057)-127/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 12 (on iki) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus cəmi 3000 manat məbləğində pulun sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-17/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-17/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver