Məhkəmə qərarları › İş №1(074)-18/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-18/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-18/2025 30.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1970-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə, xx.xx.1972-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 11 noyabr 2021-ci il tarixli 206 nömrəli əmək müqaviləsi əsasında, Xidmətin Şamaxı ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilərək, həmin vəzifədə işləyərkən, Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, Ağsu çayının Ağsu rayonundan keçən hissəsində yer təkinin istifadəyə verilməsinə icazənin verilməsi üçün 2024cü ilin iyul ayında özlərinə müraciət etmiş Şahid6 aralarında aparılmış rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 öz işlədiyi xidmət üzrə öz qulluq mövqeyindən istifadə etməklə, özünün həqiqi təsir imkanlarından istifadə edərək, Ağsu Rayon İcra Hakimiyyətinin yer təkinin istifadəyə verilməsinə icazənin verilməsi, özü isə öz işlədiyi xidmət üzrə öz qulluq mövqeyindən istifadə etməklə, özünün həqiqi təsir imkanlarından istifadə edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, eləcə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin eyni məsələ ilə bağlı qərarına təsir etmək imkanına malik olmalarını bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 2024-cü ilin iyul ayında Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən inzibati binasında olan xidməti otağında qeyd edilən məsələ ilə bağlı əvvəlcə 15.000 (on beş min) manat, daha sonra 2024-cü ilin iyul ayında özü vasitəsi ilə 20.000 (iyirmi min) manat, eləcə də, qeyd edilən məsələ ilə bağlı 55.000 manat məbləğində pul vəsaitini istəməklə, Şahid6 razılığını alıb, cinayətkar niyyətlərinə davam edərək, həmin niyyətlə sonuncudan xx.xx.2024-cü ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Zirinc” restoranında 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, xx.xx.2024-cü il tarixdə isə Şamaxı rayonunda yerləşən “Şamaxı” kafesində 6.000 (altı min) manat məbləğində pul vəsaitini alarkən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmaqla, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, Ağsu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, eləcə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, Ağsu Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2020-ci il tarixli, 118 nömrəli əmri ilə Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilərək, həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, Ağsu çayının Ağsu rayonundan keçən hissəsində yer təkinin istifadəyə verilməsinə icazənin verilməsi üçün, 2024-cü ilin iyul ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət etmiş Şahid6 aralarında aparılmış rol bölgüsünə əsasən, özü öz işlədiyi xidmət üzrə öz qulluq mövqeyindən istifadə etməklə, özünün həqiqi təsir imkanlarından istifadə edərək, Ağsu Rayon İcra Hakimiyyətinin yer təkinin istifadəyə verilməsinə icazənin verilməsi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 isə, öz işlədiyi xidmət üzrə öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi təsir imkanlarından istifadə edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, eləcə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin eyni məsələ ilə bağlı qərarına təsir etmək imkanına malik olmalarını bildirib, özü 2024-cü ilin iyul ayında Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən inzibati binasında olan xidməti otağında qeyd edilən məsələ ilə bağlı əvvəlcə 15.000 (on beş min) manat, daha sonra 2024-cü ilin iyul ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə 20.000 (iyirmi min) manat, eləcə də, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 qeyd edilən məsələ ilə bağlı 55.000 manat məbləğində pul vəsaitini istəməklə, Şahid6 razılığını alıb, cinayətkar niyyətlərinə davam edərək, həmin niyyətlə sonuncudan xx.xx.2024-cü ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Zirinc” restoranında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə 9.000 (doqquz min) manat məbləğində pul vəsatini alıb, şəxsi ehtiyaclarına sərf edərək, xx.xx.2024-cü il tarixdə isə Şamaxı rayonunda yerləşən “Şamaxı” kafesində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə 6.000 (altı min) manat məbləğində pul vəsaitini alarkən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 saxlanılmaqla, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, Ağsu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, eləcə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi vəzifəsində işləyir. 2024-cü ilin iyul ayında Natiq və Əli adlı şəxslər onun yanına gələrək, əhəng bişirmək üçün daş lazım olduğunu, həmin daşı Ağsu çayından götürmək istədiklərini bildirmişlər. O, bir neçə dəfə həmin daşı Girdiman çayı sahilində karyerlərdən götürməyi təklif eləsə də, onlar Ağsu çayından götürülən daşın əhəng bişirilməsi üçün çox keyfiyyətli olduğunu bildirmişlər. Bundan sonra onlara çay hövzəsindən torpaq sahəsinin ayrılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də razılığının tələb olunduğunu bildirərərk, bu məqsədlə onların yanında nazirliyin İsmayıllı regional idarəsinin Babək adlı əməkdaşını çağırmışdır. Babək gələrək, Əli və Natiqin ondan xahişinə qulaq asıb, qeyd olunanların qanunsuz olduğunu bildirib getmişdir. Bundan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı regional idarəsinin Rauf adlı digər əməkdaşı ilə danışmış, sonuncu da Babək kimi göstərilən işin qanunsuz olduğu üçün həmin məsələnin həllindən imtina etmişdir. Bundan sonra o, Natiq və Əli birlikdə 2017-ci ildən tanıdığı Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 qəbuluna getmişdirlər. O, Əli və Natiqi Təqsirləndirilən şəxs1 təqdim edərək, tanışı olduqlarını, əhəng üçün Ağsu çayından daş götürmək istədiklərini bildirmişdir. Bundan sonra, Natiq və Əli onun iştirakı ilə Təqsirləndirilən şəxs1lə daşınma və digər məsələlərlə əlaqədar söhbət etmiş, sonuncu Ağsu çayından çay daşlarının daşınmasına icazə verilməsindən ötrü Natiq və Əlidən 300 maşın daşa görə hər maşına 50 manat olmaqla, 15.000 manat pul tələb etmişdir. Lakin, Sənan həmin məbləğin yekun məbləğ olmadığını, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı ilə danışıb yekun məbləği bildirəcəyini demişdir. Elə həmin gün Sənan ona məxsus mobil telefon nömrəsinə zəng edərək, ümumilikdə 20.000 manata daşın daşınmağına razılıq verəcəklərini bildirmiş, 18.000 manatın rayon icra hakimiyyətinin başçısına, 2.000 manatın isə özünə çatacağını qeyd etmişdir. O da, öz növbəsində Natiqə zəng edərək, rayon icra hakimiyyətinin 20.000 manata razılıq verdiyini, bundan əlavə, özünün də 20.000 manat tələb etdiyini bildirmiş, sonuncu da, həmin məbləğə razılıq vermişdir. O, bundan əlavə Şahid6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı ilə də danışdığını və sonuncunun da həmin məsələ ilə əlaqədar 35.000 manat tələb etdiyini bildirsə də, əslində həmin pulu da özü üçün istəyərək, karyerdən daş alınmasına və onun maşınlara yüklənməsinə sərf etməyi nəzərdə tutmuşdur. O, Ağsu çayından çay daşlarının daşınması üçün heç bir sənəd olmadığı üçün həmin daşı Girdiman çayı ətrafında olan karyerlərdən alıb Natiq və Əliyə verməyi nəzərdə tutmuş, lakin bu barədə sonunculara məlumat verməmişdir. O, qeyd edilən daşın daşınması üçün icarə müqaviləsi və digər prosedurların həyata keçirilməsi qaydasını özü və Təqsirləndirilən şəxs1 bildiyini, pul vəsaitini qeyd olunanların prosedurdan kənar həyata keçirilməyi üçün istədiyini bildirmişdir. 27 avqust 2024-cü il tarixdə Natiqlə Bakı şəhərində görüşmüş, görüş zamanı özü ilə birlikdə yaxın dostu Şahid2 də gətirmişdir. Görüşdən əvvəl Zaura özünü Təqsirləndirilən şəxs1 yaxın tanışı kimi təqdim etməyi tapşırmış və görüş zamanı X7 tanışı olaraq təqdim etmişdir. Həmin görüşdə Natiqin ona verdiyi 9.000 manat pul vəsaitindən 3.000 manatını guya Təqsirləndirilən şəxs1 çatdırması üçün Zaura təqdim etsə də, görüşdən sonra həmin pulu sonuncudan almışdır. Geridə qalan puldan 3.000 manatını özü üçün, 3.000 manatını isə guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına vermək adı ilə almışdır. Əslində həmin puldan 3.000 manat Təqsirləndirilən şəxs1 çatası olsa da, şəxsi xərcləri olduğu üçün həmin pulu öz xərclərimə sərf eləmiş, gələcəkdə veriləcək puldan Təqsirləndirilən şəxs1 pulunu verməyi nəzərdə tutmuşdur. Bundan təxminən bir həftə sonra Əli ona zəng edərək, yük maşını ilə Ağsu rayonunda olduğunu və daşı yükləmək istədiyini bildirmiş, o, da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Babəkə müraciət edərək Girdiman çayında daş karxanası olan Şahid5 2 maşın daş verməyi xahiş etməyi və pulunu da özünün ödəyəcəyini bildirmiş, Babək də Hacağa ilə danışaraq sonuncunun razılıq verdiyini bildirmişdir. Bundan sonra o, Əlini həmin karxanaya yönləndirmiş və Əli karxanadan 2 maşın daş götürmüşdür. Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə zəng edərək, məsələnin nə yerdə olduğu ilə maraqlanmış, o, isə hələ ki, Əli və Natiqin gəlmədiklərini, gələndə xəbər edəcəyini bildirmişdir. Bundan sonra, Natiq onunla xx.xx.2024-cü il tarixdə yenidən əlaqə saxlayaraq, geridə qalan puldan ödəniş etmək istədiyini bildirdikdə, onu görüş üçün Şamaxı rayonunda yerləşən, Şamaxı restoranına dəvət etmişdir. Natiqlə qeyd edilən yerdə ikilikdə görüşmüş və sonuncu geridə qalan puldan 6.000 manatı ona vermişdir. Həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 çatdırmalı olduğunu bildirmişdir. Ona qarşı irəli sürülmüş “qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi” ittihamını qəbul etmir. Belə ki, o, hər hansı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməmiş və belə bir niyyəti də olmamışdır. Eyni zamanda, hazırda Şahid6 dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və həmçinin, dəymiş ziyanın 25 faizini təşkil edən 3750 manat pulu dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. 2024-cü ilin iyul ayında tanışı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ona zəng edərək, bir məsələ ilə əlaqədar onunla görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 iki nəfər şəxslə onun yanına gələrək, onları öz tanışı kimi təqdim edib, həmin şəxslərin Ağsu çayından çay daşı yığmaq istədiklərini bildirmişdir. Həmin şəxslər əhəng istehsalı üçün 300 maşın çay daşına ehtiyac olduğunu dedikdə, qeyd edilən sahə barədə anlayışı olmadığı üçün, simvolik hər maşına icazə üçün 50 manat pul istəmişdir. Lakin, rəhbərliklə bu barədə maraqlanıb dəqiq cavab deyəcəyini bildirmişdir. Bundan sonra, Ağsu Rayon İcra Hakimiyyətinin başçısına məlumat vermiş, ona vətəndaşın əhəng bişirmək üçün Ağsu çayının hövzəsindən çaylaq icarəyə götürmək istədiyini qeyd etmişdir. Başçı həmin çaylağın icarəyə verilməsi qaydasını dəqiq bilmədiyini, bir çox idarə və təşkilatdan icazələrin alınmalı olduğunu bildirərək, bu məqsədlə prosedur qaydaları öyrənməyi ona tapşırmışdır. Daha sonra, Vüqara zəng edərək, bir çox dövlət idarələrindən razılıq tələb edildiyi üçün rüsum və digər xərclərin də nəzərə alınmağını istəmişdir. Təqsirləndirilən şəxs2 isə vətəndaşa 20.000 manat deyəcəyini bildirmişdir. O, da məsələyə baxılacağını qeyd etmişdir. Bu söhbətdən Ağsu Rayon İcra Hakimiyyətinin başçısının məlumatı olmamışdır. Bundan sonra, bəzi tanışlardan bu işlə bağlı maraqlanmış və çaylağın icarəyə verilməsinin çox uzun prosedurunun olduğunu öyrənmiş, eləcə də, həmin vətəndaşlar da ciddi təəsurat bağışlamadıqları üçün, həmin məsələ ilə maraqlanmamışdır. Belə ki, bir-iki dəfə söhbət əsnasında Vüqarla məsələ ilə əlaqədar maraqlanmış, sonuncu isə həmin şəxslərdən xəbər olmadığını bildirmişdir. O da, həmin şəxslərin qeyri-ciddi olduqlarını düşünüb, həmin məsələ ilə maraqlanmamışdır. O, Təqsirləndirilən şəxs2 Şahid6 adlı şəxsdən 6.000 və 9.000 manat pulun almasından məlumatı olmamışdır. Ona qarşı irəli sürülmüş “qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi” ittihamını qəbul etmir. Belə ki, o, maddi nemət almaqla, hər hansı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməmiş və belə bir niyyəti də olmamışdır. Eyni zamanda, hazırda Şahid6 dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanın tam şəkildə ödənildiyini və həmçinin, dəymiş ziyanın 25 faizini təşkil edən 3750 manat pulun dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində əhəng istehsalı ilə məşğul olan sexlərə çay daşı satmaq qərarına gəlmiş, lakin bunun üçün müəyyən dövlət idarələrindən icazə alınmasının vacib olduğunu öyrənəndə, dövlət orqanlarında tanışları olan Şirvan şəhər sakini Əli adlı tanışına ona bu sahədə köməklik göstərməsi üçün müraciət etmiş, sonuncu da maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra, Əli ona zəng edərək, çay daşı yığılması üçün icazəni verən şəxslə danışdığını və həmin şəxsin onları gözlədiyini deyərək, Ağsu rayonuna getməli olduqlarını bildirmişdir. Əli ilə birlikdə Ağsu rayonuna getmiş, sonuncu ona Əmlak Məsələləri Dövlət xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi işləyən Təqsirləndirilən şəxs2 ilə danışdığını və bu işdə həmin şəxsin onlara köməklik göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la Ağsu rayonunda yerləşən kafedə görüşləri zaman, Vüqara 300 maşın çay daşı lazım olduğunu demişdir. Sonuncu isə icazənin ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, daha sonra Ağsu rayon İcra Hakimiyyəti və sonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətinin Şamaxı Ərazi şöbəsindən almaq lazım olduğunu, həmçinin yol vərəqəsini də özünün təşkil edəcəyini bildirərək, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Babək adlı əməkdaşına zəng edərək, onu olduqları kafeyə dəvət etmişdir. Sonuncu kafeyə gəlsə də, qeyd edilən məsələyə qanunsuz olduğunu deyərək, razılıq verməyib getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 zəng edərək, ona məsələ ilə əlaqədar məlumat vermiş, sonuncu onları xidməti otağına dəvət etmişdir. Təqsirləndirilən şəxs1 xidməti otağındakı söhbət zamanı, sonuncu hər maşını 50 manatdan olmaqla, ümumilikdə 15.000 manata Ağsu çayından daş yığılmasına icazə verəcəklərini, lakin rayon icra hakimiyyətinin başçısı ilə danışıb dəqiq məlumat verəcəyəni bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 xidməti otağında olarkən, Təqsirləndirilən şəxs1 zəng edərək, məsələnin həlli üçün 15.000 manat deyil, 20.000 manat lazım olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Babək adlı şəxslə də danışıb məlumat verəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Vüqar zəng edərək, Babəklə danışdığını, sonuncunun 35.000 manat pul istədiyini və yol vərəqəsi xərcinin də həmin pula aid olduğunu demişdir. Təqsirləndirilən şəxs2 həmçinin işlədiyi idarədə müəyyən şəxslərlə danışdığını və bu işə görə 20.000 manat pul alacağını bildirmişdir. O, bundan sonra, həmin faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermək qərarına gəlmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət edilərək, üzərinə videokamera yerləşdirilməklə Vüqara təqdim etməyi üçün 9.000 manat pul verilmişdir. Bundan sonra, Vüqara zəng etmiş və sonuncu ilə Bakı şəhərində yerləşən “Zirinc” restoranında görüşmüşdür. Söhbət zamanı, Vüqara bu işi hissə-hissə görəcəyini bildirərək, pulu da hissə-hissə, yəni 3.000 manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Babək adlı şəxsə verilməsi üçün, 3.000 manatı Sənan adlı şəxsə verilməsi üçün, 3.000 manatı isə ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd edilən şərtlərlə razılaşmış və 9.000 manat pulu götürüb, həmin puldan Sənana verilməsi üçün yanına gələn Zaur adlı şəxsə 3.000 manat pul vermişdir. 11 sentyabr 2024-cü il tarixdə razılaşdıqları kimi, daş çıxarılması üçün Əli adlı tanışını Ağsu çayına göndərmiş və sonuncu 2 maşın çay daşı yığmışdır. Bundan sonra, Vüqar pulun geridə qalan hissəsini istədiyi üçün 18 sentyabr 2024-cü il tarixdə Vüqarla telefonda danışaraq, növbəti gün görüşməyə razılaşmışlar. 19 sentyabr 2024-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yenidən üzərinə videokamera yerləşdirilmiş və Vüqara təqdim etməyi üçün 6.000 manat pul təqdim olunmuşdur. Bundan sonra, Vüqarla Şamaxı rayonu ərazisində yerləşən Şamaxı restoranında görüşmüş, həmin vaxt 2.000 manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Babək adlı şəxsə verilməsi üçün, 2.000 manatı Sənan adlı şəxsə verilməsi üçün, 2.000 manatı isə onun özünə olmaqla, ümumilikdə 6000 manatı Vüqara təqdim etmişdir. Vüqar pulu götürüb cibinə qoyduqdan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, Vüqarı tutmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, adı Faiq olsa da, hamı onu Əli kimi tanımışdır. 2024-cü ilin iyul ayında tanışı Şahid6 ona müraciət edərək, əhəng bişirmək üçün çay daşına ehtiyacı olduğunu bildirmişdir. Bunun üçün, o, tanışı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi işləyən Təqsirləndirilən şəxs2 zəng edərək, Ağsu çayından çay daşı təşkil edib-edə bilməyəcəyini soruşmuş, sonuncu da, Ağsuya gələrək, ona yaxınlaşmaqlarını istəmiş və təşkil edəcəyini bildirmişdir. Natiqlə birlikdə Ağsu rayonu ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs2la görüşmüş, söhbət zamanı Vüqara 300 maşın çay daşı lazım olduğunu bildirmiş, sonuncu ona çay daşının çıxarılması üçün icazənin alınmasını ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaq, sonra Ağsu rayon İcra Hakimiyyəti və sonda Əmlak Məsələləri Dövlət xidmətinin Şamaxı Ərazi şöbəsi ilə razılaşdırmaq lazım olduğunu, eləcə də, yol vərəqəsini özü təşkil edəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Babək adlı şəxsə zəng etmiş və sonuncunu həmin kafeyə dəvət etmiş, Babək adlı şəxs kafeyə gəlmiş, onunla tanış olduqdan sonra istəklərini ona da bildirmişlər. Babək həmin məsələnin alınan məsələ olmadığını bildirmiş və etiraz edib getmişdir. Bundan sonra, Vüqar onların yanında adını sonradan öyrəndiyi Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 zəng etmiş və məsələ barədə danışdıqdan sonra, birlikdə Ağsu Rayon İcra Hakimiyyətinə gedərək, Sənanla sonuncunun xidməti otağında görüşmüşlər. Natiq Sənan adlı şəxsə 300 maşın çay daşı lazım olduğunu bildirdikdə, sonuncu çay daşının çaxarılmasına icazə verilməsi üçün hər maşına 50 manat, ümümilikdə 15.000 manat pul istəmişdir. Həmçinin, rayon icra hakimiyyətinin başçısı ilə danışıb tam dəqiq məlumat verəcəini demişdir. Bundan sonra, Sənan Vüqara zəng etmiş və danışdıqdan sonra Vüqar Sənanın 15.000 manat deyil, 20.000 manat pul istədiyini bildirmişdir. Bundan sonra, Vüqar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Babək adlı şəxslə də, danışıb məlumat verəcəyini demişdir. Daha sonra, Vüqar Natiqə zəng edərək, Babək adlı şəxslə danışdığını və sonuncunun 35.000 manat pul istədiyini və yol vərəqəsi xərcinin də, həmin pula aid olduğunu, eləcə də, özünün də işlədiyi idarədə müəyyən şəxslərlə danışdığını və bu işə görə 20.000 manat pul alacağını bildirmişdir. Bundan sonrakı proseslərdə o, iştirak etməmiş, işi Vüqar və Natiqi bir-biri ilə əlaqələndirmək olmuşdur. 2024-cü ilin sentyabr ayında Vüqar ona zəng edərək, nə səbəbə gedib daşı götürmədiklərini soruşmuş, o da, bu barədə Natiqlə danışmağını bildirmişdir. Lakin sonradan Natiq ona zəng edərək, uşağının xəstə olduğunu, bu səbəbə onun əvəzinə Ağsuya gedərək, daşı götürməyini istəmişdir. O, da Şəkidən yük maşını sürən tanışları ilə əlaqə saxlamış və onları Ağsuya çağırmışdır. Vüqarla əlaqə saxlamış və sonuncu ona Girdiman çayının ətrafında olan daş karyerlərindən birini işlədən İlkin adlı şəxsdən daşı götürəcəyini bildirmişdir. O, da soruşasoruşa gedib İlkini tapmış, İlkin əvvəl daşın pulunu istəmiş, lakin daşın pulu əvvəldən Vüqara verildiyi üçün sonuncu ilə əlaqə saxlamış, Vüqarın tapşırığı ilə İlkinə onu ora Vüqar və Hacıağanın göndərdiyini demiş, bundan sonra İlkin daşı yükləməyə icazə vermişdir. O, da daşı maşınlara yükləyib Şirvana gətirərək, Natiqə təhvil vermişdir. O, Şahid6 çay daşlarına görə Təqsirləndirilən şəxs2 9.000 və 6000 manat pul verməsindən məlumatının olmadığını, sonuncuların ondan xəbərsiz görüşdüklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayından Ekologiya və Təbii Sərvət Nazirliyinin 6 X4 və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi, mühafizə yegeri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır. 2024-cü ilin iyul ayında Vüqar ona zəng edərək, Ağsu rayonunda yerləşən kafelərdən birinə dəvət etmişdir. Həmin yerə çatdıqda, Vüqarın yanında daha iki nəfərin olduğunu görmüş, sonuncu onları tanış edəndən sonra, həmin şəxslərin Ağsu çayından çay daşı yığmaq istədiklərini bildirmişdir. O, bunun qanunsuz olduğunu, bunun üçün X2 Agentliyinə müraciət etməli olduqlarını və digər prosedur qaydalarını izah etmişdir. Bundan əlavə, onlara bunun üçün karxanalara müraciət etmələrini bildirmişdir. Çünki, onların istədikləri çaqıl daşları karxanalarda demək olar ki, istifadə edilməyən daşlardır və karxanaların özlərinin marağındadır ki, həmin daşları satsınlar. Həmin şəxslər onlara köməklik etməyi təkid etsələr də, o fikrində dayanmışdır. Sonradan Vüqar zəng edərək, ondan kömək istədikdə, sonuncuya yenə bunun ən məsləhətli yolunun karxanalardan almaq olduğunu, hətta lazım olarsa, tanış karxanalarla onu əlaqələndirə biləcəyini də bildirmişdir. 2024-cü ilin sentyabr ayında Vüqar ona zəng edərək, tanış karxanalardan hansından qeyd edilən çınqıl götürə biləcəyini soruşmuş, o da Girdiman çayın kənarında olan Hacıağa Hacıyevin karxanasına müraciət etməsini bildirmişdir. Vüqar çınqılın pulunu özünün ona verəcəyini bildirmişdir. O, da Hacıağaya zəng edərək tanış adamın karxanadan çınqıl götürəcəyini, pulunu isə özünün verəcəyini demişdir. Hacıağa da razılıq vermişdir. Sonradan onda olan məlumata görə karxanadan 2 maşın çınqıl götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1997-ci ildən o, Ekologiya və Təbii Sərvət Nazirliyinin 6 X4 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçimüfəttiş, mühafizə yegeri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi uzun illərdir tanıyır. 2024-cü ilin iyul ayında Vüqar ona zəng edərək, tanışlarının Şamaxıda çay daşlarını yığmaq istədiklərini bildirmiş və ondan köməklik etməsini istəmişdir. O, bunun qanunsuz olduğunu, bunun üçün X2 Agentliyinə müraciət etməli olduqlarını və digər prosedur qaydalarını izah etmiş, bundan əlavə, bunun ən rahat qanuni yolunun isə karxanalara müraciət etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la bir daha əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağsu və İsmayıllı rayonunun ərazisində daş karxanaları var. Daş karxanaları Ağsu rayonunda Girdiman çayın Küllü kəndin şərq istiqamətində və İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşir. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi tanıyır. 2024-cü ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 Saylı Regional idarəsinin əməkdaşı Şahid3 ona zəng edərək, iki maşın ballas daşının lazım olduğunu və pulunu özünün verəcəyini bildirmişdir. Özü Bakı şəhərində olduğu üçün, qardaşı İlkinə zəng edərək, iki yük maşının gələcəyini bildirib, onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Babəkin adına nisyə ballas daşı verməyi tapşırmışdır. Bundan sonra, İlkin ona zəng edərək, həmin şəxslərin karxanaya yaxınlaşaraq, daşı yığıb apardığını bildirmişdir. Həmin daşın pulu hələ də verilməmiş, pul verilmədiyi üçün də, qaimə tərtib edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi - vəkil Müdafiəçi4 vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə toplanmış materialları və verilmiş ifadələri əsas götürərək, cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi - vəkil Müdafiəçi3 vəkil Müdafiəçi4 tərəfindən verilmiş vəsatəti müdafiə edərək, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına görə, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə, özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi (nüfuz alveri) ittihamı verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə, özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş materiallarından göründüyü kimi, iş üzrə zərərçəkən Şahid6 məqsədi Ağsu çayındakı çay daşlarının hasilatı deyil, onların alqı-satqısı ilə məşğul olmaq olmuşdur. Şahid6 Təqsirləndirilən şəxs2 Şahid4 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs2 onların işini həll edəcəyi ilə bağlı onlara vədlər verərək, özünə qarşı inam yaratmışdır. Şahid6 Vüqara 300 maşın çay daşı lazım olduğunu qeyd etmiş, sonuncu isə icazənin ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, daha sonra Ağsu Rayon İcra Hakimiyyətindən icazə almaq lazım olduğunu, həmçinin yol vərəqəsini də, özünün təşkil edəcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs2 ilk yol vərəqəsini özünün təşkil edəcəyini desə də, Şahid6 ondan yol vərəqəsinin verilməsini istədikdə, Təqsirləndirilən şəxs2 ona yanlış məlumatar verərək, yol vərəqəsinə ehtiyac olmadığı, özünün yol idarəsi ilə danışdığını və artıq verilmədiyini bildirmişdir. Nəticədə isə iş üçün tələb olunan sənədlərin heç biri tərtib olunmamış, Şahid6 aid hər hansı bir texnika Ağsu rayonunda yerləşən çay yatağına getmədən, ona iki maşın daş verilmiş və o da, bu məsələ ilə əlaqədar hər hansı bir etiraz etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məqsədi yalnız çay daşlarının alqı-satqısından qazanc əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağsu çayının Ağsu rayonundan keçən hissəsində çaydan Şahid6 300 maşın çay daşının verilməsi üçün 2024-cü ilin iyul ayında özlərinə müraciət etmiş Şahid6 ümumilikdə 75.000 manat pul vəsaiti tələb etmişdirlər. Təqsirləndirilən şəxs2 həmin şəxslə Bakı şəhərində görüşmüş, görüş zamanı özü ilə birlikdə yaxın dostu Şahid2 də aparmış, görüşdən əvvəl Zaura özünü Təqsirləndirilən şəxs1 yaxın tanışı kimi təqdim etməyi tapşırmış və görüş zamanı X7 tanışı kimi təqdim etmişdir. Həmin görüşdə Natiqin ona verdiyi 9.000 manat pul vəsaitindən 3.000 manatını guya Təqsirləndirilən şəxs1 çatdırılması üçün təqdim etsə də, görüşdən sonra həmin pulu sonuncudan almışdır. Geridə qalan puldan 3.000 manatını özü üçün, 3.000 manatını isə guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına vermək adı ilə almışdır. Növbəti dəfə Şamaxı rayonunda görüş zamanı, Təqsirləndirilən şəxs2 Şahid6 6.000 manat pul vəsaiti almışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 niyyəti zərərçəkmiş Şahid6 aldatma yolu ilə, həmin şəxsə məxsus pul vəsaitini ələ keçirməsi olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nüfuz alveri cinayət əməlini törətməmiş, onların niyyəti zərərçəkənin pul vəsaitinin ələ keçirməsi olmuşdur. İş materiallarındakı sübutlarla təqsirləndirilən şəxslər tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə, özləri üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi niyyətinin olması müəyyən olunmamış və ittiham tərəfi həqiqətən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməsini təsdiq edən, bu ehtimalları aradan qaldıran mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi isə ehtimal əsasında şəxsin təqsirli bilinməsini qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlər zəminində məhkəmə hesab edir ki, verilən ittiham üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsilə təqsirli olmasında əsaslı şübhələr yaranır ki, ittiham tərəfi də, bu şübhələri mötəbər sübutlarla aradan qaldıra bilməmişdir. Belə olan halda, qanuna görə ittiham tərəfindən aradan qaldırılmayan bu şübhələr hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublkası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 351.3.1, 351.3.2, 351.3.3 və 351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tətbiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə hesab edir ki, mötəbər və birmənalı şəkildə ittiham olunduğu əməldə təqsirli olmasına dəlalət edən sübutlar olmadığından, verilən ittihama görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmələri nəticəsinə gəlinməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsi cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən daha yüngül cinayət əməli olan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməsi özlərinin etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və onların barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən, eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarında olan zərərçəkmiş Şahid6 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, həmin şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş və müdafiəçiləri tərəfindən təsdiq edilmiş ərizələrdə qeyd olunur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdıqlarından, həmin şəxsə dəymiş ziyanı tam olaraq ödədiklərindən və dəymiş ziyanın 25 faizi məbləğini dövlət büdcəsinə ödədiklərindən, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarını təşkil edən 3750 manat pul xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəllər zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad edilməsi halları olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və onların barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan – Şahid6 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk, əməliyyat çəkilişinin əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – Şahid6 alınmış 60 ədəd 100 manatlıq əsginas olmaqla, ümumilikdə 6000 manat pul vəsaiti sahibinə təhvil verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 570 (beş yüz yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.11, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri ləğv edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan – Şahid6 tərəfindən təqdim edilmiş 1 ədəd CD disk, əməliyyat çəkilişinin əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – Şahid6 alınmış 60 ədəd 100 manatlıq əsginas olmaqla, ümumilikdə 6000 manat pul vəsaiti sahibinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 570 (beş yüz yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar