Məhkəmə qərarları › İş №1(074)-2/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-2/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-2/2025 10.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib, idarə etdiyi açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 27 aprel 2024-cü il tarixində saat 16 radələrində Şamaxı şəhəri, Babək küçəsində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şamaxı rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 17:40da rayon polis şöbəsinin inzibati binasının həyətində açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin günlüyünün arasında olan işıq panelinin içərisindən bir ədəd gümüşü falqaya bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,647 (sıfır tam mində altı yüz qırx yeddi) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, 26 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yol kənarında dayanacağa yaxın yerdə gümüşü falqaya bükülmüş büküm görmüş və həmin bükümü götürüb cibinə qoymuşdur. Sonra isə Şamaxı şəhərinə evlərinə gəlmişdir. Şamaxı şəhərində olan zaman həmin falqanı açıb baxan zaman falqanın içərisində tünd qəhvəyi rəngli heroinə oxşar maddə olduğunu görmüşdür. 27 aprel 2024-cü il tarixdə təxminən saat 16 radələrində o, yaşadığı Şamaxı şəhəri, Babək küçəsində özünə məxsus açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib yerdən tapdığı falqada olan heroindən bir qədər istifadə edən zaman kənardan iki nəfər mülki geyimdə olan şəxsin onun avtomobilinə tərəf yaxınlaşdığını görüb həmin şəxslərin polis əməkdaşı olmasından şübhələndiyindən, dərhal istifadə etdiyi heroini əlində sıxıb yararsız hala gətirərək yola tökmüş, heroini istifadə etdiyi falqanı isə cibində gizlətmişdir. Bu zaman həmin iki nəfər mülki geyimdə olan şəxs avtomobilə yaxınlaşmış və onların polis əməkdaşları olmalarını dəqiqləşdirdiyi üçün, onların onu tuta bilməməsi üçün dərhal avtomobilin qapısının şüşəsini qaldırıb qapını bağlamışdır. Həmin şəxslər avtomobilin şüşəsindən qapını açmağını işarə etmişdirlər. O, ilk əvvəl qapını açmaq istəməsə də, daha sonra məsuliyyətinin ağırlaşacağından ehtiyat etdiyi üçün qapını açmış və həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdirlər. Lakin o, onlara etiraz edərək, üzərində hər hansısa bir narkotik vasitə olmadığını və narkotik vasitədən istifadə etmədiyini söyləmişdir. Həmin şəxslər onu polis şöbəsinə dəvət etdikləri üçün o, ilk əvvəl getmək istəməsə də, polis əməkdaşları ona tabesizlik göstərəcəyi təqdirdə fiziki güc tətbiq edəcəklərini bildirdikləri üçün onlarla razılaşmış və polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla video görüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibində gümüşü falqaya bükülü olan tünd qəhvəyi heroinə oxşar kütlənin izləri aşkar edilərək götürülmüşdür. Bundan sonra avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilinin salon hissəsində günlüklərin arasında olan işıq panelinin içərisində olan gümüşü falqa aşkar olunub götürülmüş, falqa açılıb baxılan zaman içərisindən tünd qəhvəyi rəngli heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Avtomobilindən çıxan narkotik vasitə çəkilmiş və 0,6 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra hər iki büküm polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİNnin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. O, bir ilə yaxın müddətdir ki narkotik vasitə istifadə etdiyinə görə, əvvəllər də narkotik vasitə tapanda müəyyən vaxt sonra istifadə etmək üçün həmin narkotik vasitəni özünə məxsus açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin günlüyünün arasında olan işıq panelinin içərisində gizlətmişdir və bir müddət keçdiyinə görə həmin narkotik vasitəni gizlətməsi fikrindən çıxmış, avtomobilinin günlük hissəsində narkotik vasitə olmasını unutduğuna görə həmin yerə baxmamışdır. Polis əməkdaşları da avtomobilinə baxış keçirən zaman həmin narkotik vasitənin avtomobilin günlük hissəsinin arasındakı boşluq hissədə olmasını xatırlamadığı üçün avtomobilində narkotik vasitə olmamasına əmin olmuş, polis əməkdaşları da avtomobilinə baxış keçirərkən bütün hissələrinə baxdıqlarından həmin narkotik vasitəni də tapmış, ilk əvvəl narkotik vasitəni həmin yerdə gizlətməyini xatırlamadığı üçün, həm də məsuliyyətdən yayınmaq üçün ona aid olmadığını bildirmişdir. Sonradan xatırlamışdır ki, həmin narkotik vasitə onundur, özü istifadə etmək üçün avtomobilində saxlamışdır və ona məxsusdur. O, ümumiyyətlə narkotik vasitələrdən heroin istifadə edir. Başqa növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş falqada olmuş heroini o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl istifadə etmək istəmiş, yəni həmin falqada olmuş heroini istifadə edən zaman polislərin gəldiyini gördüyündən narkotik vasitə olan heroini yerə tökmüş, heroini istifadə etdiyi falqanı isə cibində gizlətmişdir. Lakin zənn edir ki, polis əməkdaşları bunu görməmişdir. O, adətən tapanda narkotik vasitə istifadə edir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət və ona qarşı zor tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 27 aprel 2024-cü il tarixdə ona Şamaxı rayon sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən onlar tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü günortadan sonradan başlayaraq o və rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri Babək küçəsi ərazisində və ətrafında əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri 27 aprel 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Babək küçəsində idarə etdiyi açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilində şübhəli hərəkət etdiyini görüb onun avtomobilinə tərəf yaxınlaşmışlar, əvvəlcə Təqsirləndirilən şəxs, avtomobilin qapısını bağlayıb şüşələrini də qaldırmış, onlar bu səbəbdən qapını aça bilməmiş və özlərini ona təqdim edib əl işarəsi ilə Təqsirləndirilən şəxs avtomobilin şüşəsi aşağı salıb qapını açmasını bildirsələr də, əvvəlcə Təqsirləndirilən şəxs qapını açmasa da, daha sonra qapını açmış, daha sonra onun üzərində və avtomobilində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Təqsirləndirilən şəxs onlara üzərində və avtomobilində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs, avtomobili ilə birlikdə RPŞ-nə dəvət etmişlər, o da onlara heç bir müqavimət göstərməmiş və onu avtomobili ilə birlikdə RPŞ-nə gətirmişlər. Həmin vaxt avtomobil RPŞ-nin həyətində saxlanılmış və qapısı Təqsirləndirilən şəxs iştirakı ilə bağlanılmışdır. Daha sonra, RPŞ-də Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Telman Xasayevin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulub, daha sonra dəvət edilmiş müdafiəçi, o və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş 01 ədəd büküm aşkar edilmiş, bükümdə narkotik vasitə olan heroinə oxşar izlər aşkar edilmiş, daha sonra, Müdafiəçi, o və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-PK-*** nömrəli avtomobilində baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilinin günlüklərinin arasında olan işıq olan panelin içərisində olan boşluqdan bir ədəd gümüşü rəngli falqaya bükülmüş 01 ədəd bükümdə saxladığı tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilmiş, həmin bükümdə olan qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilində baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 şahid Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyati üzrə Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 17:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində narkotik vasitənin əlamətləri olan izlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümü tapdığını və ona məxsus olduğunu bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürmə haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-PK-*** nömrəli avtomobilə baxış zamanı baxış zamanı avtomobilin günlüklərinin arasında işıq panelinin içərisində olan boşluqdan gümüşü rəngli falqaya bükülü büküm aşkar edilmişdir. Bükümə baxdıqda içərisində tünd qəhvəyi rəngli heroinə oxşar vasitə olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs avtomoildə aşkar edilmiş bükümün ona məxsus olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2331 nömrəli rəyindən görünür ki, - üzərində "Şamaxı Şəhəri ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd gümüşü rəngli falqa kağızında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. - üzərində Şamaxı şəhəri ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs avtomobilindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinin ümumi çəkisi – 0,647 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,597 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi 12” markalı mobil telefonun “smartfon” funksiyalı, sensorlu (ekrana toxunuşla işləyən), mobil proqramlarına, mesaj qutusuna baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyə edilməmişdir. 01 may 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi 12l” markalı sadə mobil telefonu təhvil almışdır. “Maddi sübut kimi tanıma və saxlanca verilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi - 0,597 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə olan heroinlə saxlanıldığı yeri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı Şamaxı şəhəri Babək küçəsində evinin qarşısında ağacın altında özünə məxsus açıq göy rəngli “Opel Astra” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib tapdığı falqada olan heroindən bir qədər istifadə edən zaman kənardan iki nəfər mülki geyimdə olan şəxsin onun avtomobilinə tərəf yaxınlaşdığını görüb həmin şəxslərin polis əməkdaşı olmasından şübhələndiyindən, dərhal istifadə etdiyi heroini əlində sıxıb yararsız hala gətirərək yola tökmüş, heroini istifadə etdiyi falqanı isə cibində gizlətmişdir. İstintaq hərəkəti zamanı təqdim etdiyi yerdə polis əməkdaşları tərəfindən 27 aprel 2024-cü il tarixdə saat 16 radələrində saxlanılmışdır. İstintaq hərəkəti zamanı, hadisə yerində və ətrafda narkotik vasitə olan heroin aid izlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 may 2024-cü il tarixli, 3581 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 may 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Atayev X2 şəhəri, ünvan 2 ünvanda yaşayır, orta təhsillidir. Onun barəsində ailə üzvləri və qonşuları tərəfindən RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-nə gətirilməsi ilə bağlı video görüntü yoxdur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(074)-2/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq təcridxanasının 12 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-352 nömrəli 28 sentyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-172/2018 nömrəli 09 fevral 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-642/2017 saylı 12 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-352 saylı 28 sentyabr 2017-ci il tarixli qərarı ilə cəzası 6 ilə endirilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının müddəti 5 il 9 ay həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 may 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 6 ilə endirilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 9 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarında miqdarda əldə edib, üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,597 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri – 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 20 saat hüquqi yardım göstərməsinə görə 120 manat, xx.xx.2025-ci il tarixdən sonra 8 saat hüquqi yardım göstərməsinə görə görə 88 manat, cəmi 208 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,597 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 20 saat hüquqi yardım göstərməsinə görə 120 manat, xx.xx.2025-ci il tarixdən sonra 8 saat hüquqi yardım göstərməsinə görə görə 88 manat, cəmi 208 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar