Məhkəmə qərarları › İş №1(074)-21/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-21/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-21/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Xırdalan şəhər Vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 02 iyun 1988-ci ildə Laçın rayonu, Mişni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olmaqla, Zərdab rayonu, 51 saylı qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonu, Dədəgünəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Dədəgünəş kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 03 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində idarə etdiyi “Lada Niva” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayon Çuxuryurd kəndində yerləşən fermaya gəlib həmin fermanın saxlanc yeri olan pəyənin (tövlənin) qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra oradan hər birinin dəyəri 550 (beş yüz əlli) manat olan 02 (iki) baş iri buynuzlu buzovu gizli olaraq oğurlayıba həmin avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs məxsus 1100 (min yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən əldə edilmiş razılığa əsasən Zərərçəkmiş şəxs məxsus fermada iri buynuzlu heyvanları oğurlamaq məqsədi ilə cinayətin icraçısı olan Təqsirləndirilən şəxs1 bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərək onun tərəfindən heyvanların oğurlandığı təqdirdə həmin heyvanları satacağı barədə vədlər verib yaşadığı evin həyətində onu gözləmiş, sonuncu isə ümumi razılıq əsasında 03 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində idarə etdiyi “Lada Niva” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayon Çuxuryurd kəndində yerləşən fermaya gələrək həmin fermanın saxlanc yeri olan pəyənin (tövlənin) qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra oradan hər birinin dəyəri 550 (beş yüz əlli) manat olan 02 (iki) baş iri buynuzlu buzovu gizli olaraq oğurlamaqla istifadəsində olan Niva markalı avtomobilə yükləyib onun yaşadığı evin həyətinə gətirib saxlamaqla Zərərçəkmiş şəxs məxsus 1100 (min yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2023-cü ilin sentyabr ayının əvvəllərinədək Şahid1 işlədiyi fermada xırdabuynuzlu heyvanlara - qoyunlara baxmış, həmin fermanın yanında Xəyal adlı şəxs də fermada yaşamışdır. Xəyal iribuynuzlu heyvanlar saxlayır. Xəyal ilə onun saxlamış olduğu heyvanlar ümumilikdə Mirzə Xəlilova məxsusdur. Həmin heyvanlar ümumilikdə ona məxsus olsa da, o, xırda buynuzlu heyvanları mövsümə uyğun olaraq qış aylarında Masazır qəsəbəsinə aparmış, yay aylarında isə Şamaxı rayonu Pirbəhli kəndi yaxınlığında yaylağa gətirib saxlamışdır. O, heyvanları bir müddət yaylaqda saxladıqdan sonra və həmin ərazidə ot azaldığından heyvanları Şamaxı rayon Çuxuryurd kəndinə gətirib Xəyalın olduğu fermanın yaxınlığında saxlamışdır. Daha sonra, yəni 03 sentyabr 2023-cü il tarixdə əvvəllər fermada nəzarətçi kimi işləyən Əli adlı şəxsə bildirmişdir ki, “yaylaqda at qalıb və gedib həmin atı gətirək”. Bundan sonra onlar həmin tarixdə idarə etdiyi **-PJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə Pirbəhli kəndi yaxınlığında yerləşən yaylağa getmişdirlər. Onlar yaylağa çatdıqdan sonra o, avtomobildən enib atı təkbaşına Şamaxı rayon Çuxuryurd kəndinə gətirmiş, Əli isə avtomobili idarə edib öz evinə gəlmişdir. O, Çuxuryurd kəndinə gəldikdən sonra qoyunların yanına gəlmiş və qoyunlara baxdıqdan sonra onları heyvanlar üçün düzəltdiyi çəpərlənmiş əraziyə salıb Əliyə mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, gəlib onu aparsın. Əli gəldikdən sonra onlar “Niva” markalı avtomobil ilə yolda gedən zaman Xəyal adlı şəxsdən söhbət etməyə başlamış və Əliyə bildirmişdir ki Xəyal onun işdən çıxmağını istəyir, həmçinin Əliyə söyləmişdir ki “sənin işdən çıxmağında Xəyal sevinir”. Bundan sonra Əli ona təklif etmişdir ki, Xəyalın olduğu fermadan iki baş iri buynuzlu buzov oğurlayıb gətirib ona versin və o da həmin buzovları satsın. O, ona həmin buzovları kimə satacağını soruşan zaman Əli ona həmin buzovları satmaq üçün müştəri tapacağını söyləmişdir. Xəyal adlı şəxs onun pulunu vermədiyindən və o da bundan qəzəbli olduğu üçün Əli ilə razılaşmış və 03 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində o, idarə etdiyi “Niva” markalı avtomobil ilə Xəyalın olduğu fermaya gəlmiş və ilk əvvəl ətrafa baxıb heç kimi görmədiyindən fermada olan tövləyə daxil olub qapını açıb tövlədən iki baş iri buynuzlu təxminən hər birinin çəkisi 30 kq olan buzov götürüb avtomobilin baqaj hissəsinə qoyub avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin vaxtı Əli adlı şəxs onu evlərində gözləmiş, o, heyvanları gətirib Əliyə təhvil vermiş və onlar birlikdə həmin heyvanları onun evinin yaxınlığında çəpərlənmiş yerə aparmışdır. Əli adlı şəxs həmin yerin qapısını açdıqdan sonra onlar heyvanları həmin çəpərlənmiş əraziyə salmış və bundan sonra o, evə getmişdir. Təxminən saat 10 radələrində o, polislərin ərazidə olduğunu görmüş, lakin heç bir biruzə verməmişdir. Daha sonra bilmişdir ki, Əli adlı şəxs ərazidə polisləri görüb qorxduğu üçün heyvanları açıb “Star” otelin yaxınlığında əraziyə buraxmışdır. Onlar həmin heyvanları oğurlayan zaman aralarında hər hansısa bir pul bölgüsü ilə bağlı söhbət olmamışdır. Sadəcə olaraq Əli adlı şəxs heyvanları satdıqdan sonra həmin heyvanlardan əldə etdiyi pulu adi qaydada aralarında bölüşdürəcəkdilər. O, şəxsən həmin heyvanları oğurlayan zaman başqa hər hansısa bir şəxsə məlumat verməmişdir. O, həmin heyvanlardan başqa heç bir oğurluq etməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, hadisədən təxminən 10-15 gün əvvələ kimi Çuxuryurd kəndində fermada işləmiş, sonradan isə işdən çıxarılmışdır. 03 sentyabr 2023-cü il tarixdə həmin fermadan tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən ona söyləmişdir ki, “digər fermada işləyən Şahid1 sənin fermadan çıxmağına sevinir”. Kürdoğlu həm də bildirmişdir ki, “Xəyal onun qoyununu fermanın ərazisinə getdiyi üçün saxlayıb və ona bildirib”. Buna görə də onlar, Xəyalın iki baş iri buynuzlu buzovlarını götürmək qərarına gəlmişdir. Bu məqsədlə, 03 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə keçən gecə Kürdoğlu fermaya məxsus olan idarə etdiyi “Niva” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Xəyalın fermasına gedib orada fermanın tövləsindən Xəyalın iki baş iri buynuzlu buzovlarını avtomobilin arxa yük yerinə yükləyib onun Kürdoğluna bildirdiyi yerə, yəni Çuxuryurd kəndində yaşayış olmayan evin həyətinə həmin heyvanları gətirmişdir. O da orada Kürdoğlu ilə görüşüb həmin heyvanları qeyd etdiyi evin həyətindəki ətrafı bağlı yardımçı tikiliyə salıb orada saxlamışdır. Kürdoğlu da avtomobil ilə çıxıb getmiş, o da qaldığı evə getmişdir. Həmin günün sabahısı səhər vaxtı o, həmin evin yanına gedib evin həyətindəki ətrafı bağlı yardımçı tikilidən qeyd edilən iki baş dana heyvanlarını çıxarıb yaxınlıqdakı “Star” otelin yaxınlığında boş sahəyə buraxmışdır. Xəyalın onun fermadan çıxmağına sevinməsi barədə Kürdoğlunun dediklərinə görə və Xəyalında Kürdoğlunun qoyunlarını fermada saxlamasına görə onlar da Xəyaldan acıq çıxmaq üçün onun heyvanlarını oğurlamaq qərarına gəlmişdir. Onlar məhz heyvanları oğurlamaq üçün deyil, Xəyaldan acıq çıxmaq üçün aparmağı danışmış, yəni o, heyvanları oğurladığı təqdirdə satacağı ilə bağlı hər hansısa bir vəd verməmişdir. Kürdoğlu həmin heyvanları oğurlayıb gətirdikdən sonra o, həmin heyvanları həyətdə saxlayan zaman səhər saatlarında polislərin ərazidə olmasını görüb polislər tərəfindən saxlanılmağından ehtiyat edərək həmin heyvanları “Star” otelin yaxınlığına buraxmışdır. Onların fikri həmin heyvanları oğurlamaq olmamış, sadəcə olaraq həmin heyvanların itməsini təşkil edib Xəyal adlı şəxsə maddi ziyan vurmaq olmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, özünə məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ferması vardır. Həmin fermada o, iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlayır. İri buynuzlu heyvanlara ayrı çobanlar, xırda buynuzlu heyvanlara isə ayrı çobanlar nəzarət edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əmək müqaviləsi ilə onun fermasında işləmiş, daha sonra isə o, həmin şəxsləri işdən kənarlaşdırmışdır. O, özü mütəmadi olaraq Sabirabad rayonunda olduğundan və ara bir gəlib həmin fermaya nəzarət etdiyindən bütün fermanın nəzarətini və həmin heyvanlar üzərində məsuliyyəti fermasında işləyən və yaxını olan Şahid1 həvalə etmişdir. Şahid1 xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona telefon vasitəsi ilə zəng edərək fermadan iki baş iri buynuzlu heyvanların oğurlandığını bildirmişdir. O da bundan sonra tanışı Mamed adlı şəxsə söyləmişdir ki, gedib həmin fermada nələr olması ilə maraqlansın və bu barədə ona məlumat versin. Bundan sonra Mamed fermaya getdikdən sonra ona söyləmişdirlər ki, gecə saatlarında kimsə fermasından gəlib iki baş iri buynuzlu heyvanları oğurlamışdır. O da bu səbəbdən Şahid1 söyləmişdir ki, gedib Şamaxı RPŞ-nə rəsmi ərizə ilə müraciət etsin. O, bundan sonra Şamaxı RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Daha sonra müəyyən edilmişdir ki, həmin heyvanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və heyvanlar da tapılaraq Xəyala təhvil verilmişdir. Həmin heyvanlar ona məxsus olsa da, bütün məsuliyyət Şahid1 üzərində olmuşdur. Yəni hər hansısa bir maddi ziyan dəydiyi təqdirdə o, cavabdehlik daşıyır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə arasında hər hansısa bir narahatçılıq olmamışdır. Həmin şəxslər işlədiyi müddət ərzində o, daima onların əmək haqqını ödəmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əmək müqaviləsi bağlamış və müqavilə əsasında həmin şəxslər onun fermasında işləmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fermada işdən çıxartdıqdan sonra onlara istədikləri vaxt onun fermasına gəlməyə və tövləyə daxil olmağa icazə verməmişdir. Heyvanların oğurlandığı tövləyə sadəcə Şahid1 cavabdehlik daşımışdır. Yəni həmin heyvanların olduğu tövləyə ancaq Xəyal daxil olub hər səhər heyvanları sayıb çıxarmışdır. Axşam saatlarında isə heyvanları sayaraq tövləyə buraxır. O, iri və xırda buynuzlu heyvanları ayrı ayrı tövlələrdə saxlayır. Hər tövləyə başqa bir şəxs nəzarət edir və həmin tövlələrdə olan heyvanlarada həmin şəxslər cavabdehlik daşıyır. Oğurluq olan tövlədə yalnız iri buynuzlu heyvanlar olmuşdur. Həmin heyvanların hər biri ona məxsusdur. Onun Şahid1 ilə arasında əmək müqaviləsi yoxdur. O, müqavilə olmadan fermada işləmişdir. Onun sahibi olduğu fermada Şahid2 və Şahid3 işləsə də, həmin şəxslərlə onun arasında əmək müqaviləsi bağlanmamışdır. Son olaraq zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də müvafiq qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, əvvəllər traktor sürücüsü kimi fəaliyyət göstərsə də, təxminən iki ilə yaxındır ki heyvandarlıqla məşqul olur. Yəni ki 2021-ci ildən etibarən Sabirabad rayon sakini Zərərçəkmiş şəxs məxsus fermada işləyir. Həmin şəxs fermada olan heyvanları və təsərrüfatı ona həvalə etdiyindən 2021-ci ildən etibarən o, Şamaxı rayonu Çuxuryurd kəndində Zərərçəkmiş şəxs məxsus fermada aylıq 700 manat əmək haqqı müqabilində işləyir. Zərərçəkmiş şəxs qohumu Mirzəcan Xəlilov isə tez-tez gəlib həmin fermaya nəzarət edib gedir. O, həmçinin işlədiyi kənddə traktor sürücüsü kimidə fəaliyyət göstərib lazım olduqda başqa-başqa şəxslərin pul müqabilində işlərini görür. İşlədiyi fermada təxminən 180 baş iri buynuzlu heyvan vardır. Həmin heyvanlardan on iki başı buzovdur. Həmçinin Zərərçəkmiş şəxs özünün xırda buynuzlu heyvanlarıda vardır. Lakin onun həmin xırda buynuzlu heyvanlarına isə Eldəniz və onun yanında çoban kimi işləyən Kürdoğlu adlı şəxs nəzarət edir. Həmin şəxslər qış aylarında xırda buynuzlu heyvanları qışlağa, yay aylarında isə Şamaxı rayonunda yaylaqlara gətirib saxlayırlar. Artıq havalar soyuq olduğundan həmin şəxslər yaylaqdan enmiş və müvəqqəti olaraq heyvanları Qışlaqa aparanadək onların fermasının yaxınlığında saxlamağa başlamışdırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində o, fermada olan zaman bir baş xırda buynuzlu heyvanın fermanın yanında olduğunu görüb bu barədə Kürdoğlu adlı şəxsə zəng edib ondan həmin heyvanın onlara məxsus olub-olmadığını soruşmuşdur. O, ondan həmin heyvanın qoca olub-olmamasını soruşduqda o, ona həmin heyvanın qoca olub-olmamasını bilmədiyini söyləmişdir. O, isə ona bildirmişdir ki, həmin heyvan ona məxsusdur. Bu səbəbdəndə o, ona heyvanı tövləyə salacağını, növbəti gün gəlib götürməsini söyləmişdir. O, da onunla razılaşdığı üçün o, həmin heyvanı tövləyə salmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 06:00 radələrində fermanın tövləsinin qapısını açıb buzovları sayan zaman həmin heyvanlardan iki başının olmadığını görmüşdür. O, bu səbəbdən dərhal fermanın yuxarı istiqamətinə qalxaraq otlaq olan əraziyə baxmış və həmin otlaq sahəsində xırda buynuzlu heyvanların otladığını, həmin heyvanların arasında isə qeyd olunan iki baş iri buynuzlu buzovların olmadığını görmüşdür. Daha sonra o, heyvanların oğurlandığını bilib bu barədə Şamaxı rayon Çuxuryurd kəndində yaşayan və hazırda onların fermasına nəzarət edən Məmməd adlı şəxsə məlumat vermişdir. Həmin vaxtı Məmməd adlı şəxsdə gəlmiş və onlar bir qədər heyvanı axtardıqdan sonra o, Şamaxı RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Onun işlədiyi ferma Zərərçəkmiş şəxs məxsusdur və həmin fermada olan heyvanlar, həmçinin oğurlanmış iki baş iri buynuzlu heyvanlarda həmin şəxsə məxsusdur. Onlar iri və xırda buynuzlu heyvanları ayrı ayrı tövlələrdə saxlayır. Hər tövləyə başqa bir şəxs nəzarət edir və həmin tövlələrdə olan heyvanlarada həmin şəxslər cavabdehlik daşıyır. Oğurluq olan tövlədə yalnız iri buynuzlu heyvanlar olmuşdur və həmin tövləyə o nəzarət etmişdir. Onun Zərərçəkmiş şəxs ilə arasında əmək müqaviləsi yoxdur. O, müqavilə olmadan fermada işləmişdir. Həmin buzovlardan birinin təmiz ət çəkisi təxminən 30 kqdır. Dəyəri isə təxminən 600 manatdır. Həmin buzovların rəngi ağ-qırmızı rəngdədir, yəni qarışıqdır. Hündürlüyü təxminən bir metrdir. O, ilk əvvəl həmin heyvanların kim tərəfindən oğurlanmasında heç kimdən şübhə etməsədə sonradan polis şöbəsinə müraciət edən zaman müəyyən olmuşdur ki, həmin heyvanlar Kürdoğlu və Əli adlı şəxslər tərəfindən oğurlanmışdır. Onun Kürdoğlu və Əli adlı şəxslərlə arasında hər hansısa bir narahatçılıq olmamışdır. Onların nə məqsədlə onun heyvanlarını oğurlaması barədə heç bir fikri yoxdur. Onun həmin şəxslərlə münasibətləri heç bir vaxt pis olmamışdır. Hər zaman münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər onun işlədiyi fermada işləmiş, lakin son vaxtlar həmin şəxslər işdən çıxarıldığından onlar onun işlədiyi fermada işləmir. Kürdoğlu və Əli işdən çıxarıldıqdan sonra onlara fermaya, həmçinin tövlələrə icazəsiz daxil olmaq üçün heç kim razılıq verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şamaxı rayonunda yerləşən Mamed adlı şəxsə məxsus fermada işləyir və hər ay 430 manat əmək haqqı alır. O, heyvanların dəqiq sayını bilməsədə təxminən həmin fermada 97- 98 baş iri buynuzlu heyvanların olmasını bilir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında onlara məlum olmuşdur ki, həmin fermadan iki baş iri buynuzlu buzov oğurlanmışdır. Bundan sonra isə Xəyal adlı şəxs Şamaxı RPŞ-nə məlumat vermiş və RPŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, həmin heyvanlar Kürdoğlu tərəfindən gecə saatlarında oğurlanmışdır. Polislər tərəfindən həmin heyvanlar tapılan zaman onlar “Star” otelin yanına getmiş və orada olan heyvanlara baxmışdırlar. Həmin vaxtı Əlida oraya gəlmiş və onlara bildirmişdir ki, həmin oğurlanmış heyvanlar həmin heyvanlardır. Çünki Əli uzun müddətdir ki, həmin fermada işlədiyindən heyvanları tanımışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şahid1 yaşadığı Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fermaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xəyal Zeynalovun yaşadığı Çuxuryurd kəndində yerləşən fermanın tövləsindən iki baş iri buynuzlu heyvan oğurlanmış, hadisə yerində maddi sübut kimi götürüləcək hər hansısa bir əşya qalmamışdır. Bu barədə fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 sentyabr 2023-cü il tarixdə saat 22:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Maddi sübut kimi tanıma haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus fermadan oğurlanmış iki baş iri buynuzlu heyvan iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 05 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iki baş iri buynuzlu heyvanı təhvil almışdır. “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 sentyabr 2023-cü il tarixdə saat 11:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 oktyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Laçın rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə cəzası şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 06 ay sınaq müddəti cəzasını xx.xx.2015-ci il tarixdə çəkib qurtarmış, üzərində çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 17 oktyabr 2023-cü il tarixdə sorğuya alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 2004-cü il, 2006-cı il və 2008-ci il təvəllüdlü üç uşağı vardır. Şamaxı RİH Başçısının Dədəgünəş kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilimişdir ki, o kənd sakinləri arasında hörmət və nüfuz qazanmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 sentyabr 2023-cü il tarixdə Azərnaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddədləri ilə təqirləndirilən şəxs qismində cəlb olunmuşdur. Laçın rayon İHB-nın Mişni kənd İƏD-si üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarilxi 64/30-3-2-161/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı 13 yanvar 1997-ci il təvəllüdlü X3, 09 iyul 2013-cü il təvəllüdlü qızı X4, oğlu 15 oktyabr 2015-ci il təvəllüdlü X9 ilə Ağcabədi rayonu Taxtakörpü Mişni qış obasında müvəqqəti qeydiyyatdadırlar, hazırda Zərdab rayonu 52 saylı qəsəbədə müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 25 oktyabr 2023-cü il tarixli, 9/7880 nömrəli rəyindən görünür ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş 4 aylıq, təmiz çəkisi təxminən 30 kiloqram, xırda buynuzları olan, rəngi ağ qırmızı, hündürlüyü təxminən bir metr inəyin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 550 (beş yüz əlli) manat müəyyən edilir”. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 06 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut oğurlanmış iki baş iri buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 13 saat hüquqi yardım göstərməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Zərdab rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 06 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - oğurlanmış iki baş iri buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 13 saat hüquqi yardım göstərməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar