Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-22/2023 22.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyətilə özgənin əmlakını, yəni "xxxx" mağazalar şəbəkəsinin Şamaxı şəhəri, X2 küçəsində yerləşən 3342 saylı mağazasından 12 (on iki) ədəd bir kiloqramlıq kərə yağlarını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 12 avqust 2022-ci il tarixdə, günorta saatlarında, təxminən bir saat vaxt ərzində iki dəfə vətəndaşların azad girib-çıxa biləcəyi həmin mağazaya alıcı qismində daxil olub, yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşaraq, oradan birinci dəfə hər birinin çəkisi 01 (bir) kiloqram olmaqla, dəyəri 19,95 (on doqquz manat doxsan beş qəpik) manat olan 04 (dörd) ədəd, ikinci dəfə isə 05 (beş) ədəd olmaqla, cəmi 09 (doqquz) ədəd “Anchor” markalı kərə yağını, 13 avqust 2022-ci il tarixdə, saat 14 radələrində eyni qaydada qeyd olunan mağazadan hər birinin çəkisi 01 (bir) kiloqram olmaqla, dəyəri 17,67 (on yeddi manat altmış yeddi qəpik) manat olan 03 (üç) ədəd “Novaya Zellandiya” markalı kərə yağını götürüb, əynindəki geyiminin altında gizlədərək, mağazadan çıxıb getməklə, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 232,56 (iki yüz otuz iki manat əlli altı qəpik) manat məbləğində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyətilə özgənin əmlakını, yəni "xxxx" mağazalar şəbəkəsinin Şamaxı şəhəri, X4 küçəsində yerləşən 3621 saylı mağazasından 06 (altı) ədəd bir kiloqramlıq kərə yağlarını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə, vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 24 avqust 2022-ci il tarixdə, günorta saatlarında vətəndaşların azad giribçıxa biləcəyi həmin mağazaya alıcı qismində daxil olub, yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşaraq, oradan hər birinin çəkisi 01 (bir) kiloqram olmaqla, dəyəri 19,95 (on doqquz manat doxsan beş qəpik) manat olan 03 (üç) ədəd “Anchor” markalı kərə yağını, 25 avqust 2022-ci il tarixdə, saat 10 radələrində isə eyni qaydada qeyd olunan mağazadan hər birinin çəkisi 01 (bir) kiloqram olmaqla, dəyəri 19,95 (on doqquz manat doxsan beş qəpik) manat olan 03 (üç) ədəd “Anchor” markalı kərə yağını götürüb, əynindəki geyiminin altında gizlədərək, mağazadan çıxıb getməklə, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 119,70 (bir yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını, yəni "xxxx" mağazalar şəbəkəsinin Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 3304 saylı mağazasından 06 (altı) ədəd bir kiloqramlıq kərə yağlarını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə, vahid niyyətlə əhatə olunan qəsdlə, 28 avqust 2022-ci il tarixdə, saat 10 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi həmin mağazaya alıcı qismində daxil olub yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşaraq, oradan hər birinin çəkisi 01 (bir) kiloqram olmaqla, dəyəri 19,95 (on doqquz manat doxsan beş qəpik) manat olan “Anchor” markalı kərə yağından 04 (dörd) ədədini göy rəngli sellofan torbaya qoymaqla, 02 (iki) ədədini isə əynindəki geyiminin altında gizlədərək, mağazadan çıxıb getməklə, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 119,70 (bir yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, Cabanı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmədiyindən və maddi cəhətdən çətinlik yarandığından, mağazalardan yağ məhsullarını oğurlayıb sataraq, pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, 12 avqust 2022-ci il tarixdə, günorta saatlarında Şamaxı şəhəri, X2 küçəsində yerləşən "xxxx" mağazasına daxil olmuş, bir qədər mağazada müştəri kimi gəzdikdən sonra, orada mağazanın işçiləri və digər müştərilərin ona fikir verməməsindən istifadə edərək, mağazanın yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşmış və heç kimin mane olmayacağına əmin olub, vitrindəki 04 ədəd bir kiloqramlıq “Anchor” yağlarını götürərək, köynəyinin altında gizlətmişdir. Daha sonra, sakitcə oğurladığı yağlarla birlikdə mağazadan çıxmışdır. O, həmin yağları evinə aparıb, soyuducuya qoymuş və bundan sonra, yenidən həmin mağazaya qayıdaraq, mağazada az adam olmasından istifadə edib, eyni qayda ilə 05 ədəd bir kiloqramlıq “Anchor” markalı yağları götürüb, köynəyin altında gizlədərək, mağazadan çıxmışdır. Həmin yağları da evinə aparıb, soyuducuya qoymuşdur. Növbəti gün, yəni 13 avqust 2022-ci il tarixdə, günorta saatlarında yenidən Şamaxı şəhəri, X2 küçəsində yerləşən "xxxx" mağazasına getmiş, bir qədər mağazada müştəri kimi gəzdikdən sonra, orada mağazanın işçiləri və digər müştərilərin ona fikir verməməsindən istifadə edərək, mağazanın yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşmış və vitrindəki 03 ədəd bir kiloqramlıq “Novaya Zellandiya” yağlarını götürərək, köynəyinin altında gizlədib, 02 ədədini isə əlinə götürüb gizlətmiş, mağazadakı satıcının başqa müştəriyə başının qarışmasından istifadə edərək, gizlincə mağazadan çıxıb evinə getmişdir. Evdə soyuducuda saxladığı digər 09 ədəd yağları da götürüb, bazara getmiş və orada tanımadığı şəxsə 12 ədəd yağları ucuz qiymətə satmış, əldə etdiyi pulu isə öz xərclərinə sərf etmişdir. Bundan sonra da, yenidən yağ oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə, 24 avqust 2022-ci il tarixdə, günorta saatlarında Şamaxı şəhəri, X4 küçəsində yerləşən "xxxx"ə daxil olmuş, mağzada müştəri kimi bir qədər gəzdikdən sonra, yağ oğurlamaq üçün orada heç kimin ona fikir verməməsindən istifadə edərək, mağazanın yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşib, vitrindəki 03 ədəd bir kiloqramlıq “Anchor” yağlarını götürərək, köynəyinin altında gizlətmiş və sakitcə mağazadan çıxıb yaşadığı evə getmişdir. Növbəti gün, 25 avqust 2022-ci il tarixdə yenidən həmin mağazaya getmiş, yenidən bir qədər mağazada müştəri kimi gəzdikdən sonra, orada mağazanın işçiləri və digər müştərilərin ona fikir verməməsindən istifadə edərək, mağazanın yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşmış, 03 ədəd bir kiloqramlıq “Anchor” yağlarını götürərək, 02 ədədini köynəyinin altında, 01 ədədini isə qoltuğunun altında gizlətmiş və götürdüyü 03 ədəd yağları gizlincə mağazadan çıxarıb, evinə getmişdir. Evdə saxladığı digər 03 ədəd yağları da götürüb, bazara getmiş və bazarda tanımadığı şəxsə 06 ədəd yağları ucuz qiymətə satmışdır. Bundan sonra, yenidən yağ oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 28 avqust 2022-ci il tarixdə, səhər saatlarında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən "xxxx" mağazasına daxil olmuşdur. Bir qədər marketdə müştəri kimi gəzdikdən sonra, yağ oğurlamaq üçün orada mağazanın işçiləri və digər müştərilərin ona fikir verməməsindən istifadə edərək, mağazanın yağ məhsullarının yığıldığı vitrinə yaxınlaşmış, əvvəlcə mağazanın içərisindən bir ədəd sellofan torba götürüb, vitrindəki 04 ədəd bir kiloqramlıq “Anchor” yağlarını həmin torbaya yığaraq, digər vitrinlərin yaxınlığında gizlətmiş, daha sonra yenidən yağ vitrininə yaxınlaşıb, vitrindəki yağlardan 02 ədəd bir kiloqramlıq “Anchor” yağlarını götürərək, köynəyinin altında gizlətmişdir. Daha sonra, sakitcə üzərində və sellofan torbada oğurladığı yağlarla birlikdə mağazadan çıxıb, Şamaxı şəhərinə gədərək, bazarda tanımadığı şəxsə 06 ədəd yağları ucuz qiymətə satmış, əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Yağları satdığı şəxslərə mağazalarda fəhlə kimi işlədiyini və pul əvəzinə həmin yağların mağaza müdirləri tərəfindən ona verildiyini bildirmişdir. Etdiyi oğurluqlar barədə heç bir yaxınına məlumat verməmişdir. Zərərçəkmiş mağazalara vurduğu ziyanı hazırda ödəmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, "xxxx" MMC-də ümumi bölgə müdiridir. "xxxx" mağazalar şəbəkəsinin Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən 3621 saylı, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3342 saylı və Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən mağazalarına nəzarət edir. Ona daxil olmuş məlumata görə, 25 avqust 2022-ci il tarixdə S.Ə.Şirvani küçəsində yerləşən 3621 saylı mağazadan, hər birinin qiyməti 19,95 manat olan 06 ədəd "Anchor" yağının oğurlanmış və ümumillikdə 119,70 manat maddi ziyan dəymişdir. Müşahidə kameralarına baxış keçirilən zaman, həmin tarixdə bir nəfər naməlum şəxsin marketə daxil olaraq, satıcının məşğul olmasından istifadə edərək, yağ oğurlaması müəyyən edilmişdir. Həmçinin, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3342 saylı mağazada işləyən əməkdaşlar tərəfindən baxış keçirilən zaman, 13 avqust 2022-ci il tarixdə 01 ədədi 19,95 manat və bir kiloqramlıq 09 ədəd “Anchor” yağı, 03 ədəd bir kiloqramlıq olan, bir ədədi 17,67 manat olan “Novaya Zellandiya” yağı oğurlanmış və nəticədə ümumillikdə 232,56 manat maddi ziyan dəymişdir. Bundan başqa, 28 avqust 2022-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən mağazada işləyən əməkdaşlar tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, hər birinin çəkisi 01 kiloqram olmaqla, bir ədədinin dəyəri 19,95 manat olan 06 ədəd “Anchor” markalı kərə yağları oğurlanaraq, ümumilikdə 119,70 manat məbləğində ziyan dəymişdir. Ümumillikdə nəzarət etdiyi mağazalardan edilmiş oğurluqlar nəticəsində 471,96 manat maddi ziyan dəymişdir. Müşahidə kamerasına baxış keçirən zaman, oğurluq edən şəxsi tanımamışdır. Sonradan, polis əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayonunun ərazisində yerləşən "xxxx" mağazalarından oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. "xxxx" MMC-yə dəymiş ziyan hazırda tam şəkildə ödənilmiş, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx"in 3342 nömrəli mağazasında satıcı işləyir. 19 avqust 2022-ci il tarixdə, saat 03 radələrində iş yoldaşları ilə birlikdə marketdə olan malların sayını nəzərdən keçirən zaman, bir ədədinin dəyəri 19,95 manat olan, hər biri bir kiloqram olan 09 ədəd “Anchor” yağı, 03 ədəd hər biri bir kiloqram olan, bir ədədinin dəyəri 17,67 manat olan “Novaya Zellandiya” yağı əksik gəlmişdir. Yağların oğurlandığına şübhə yarandığı üçün, Şahid4 adlı əməkdaş tərəfindən marketin təhlükəsizlik kameralarına baxış keçirilmişdir. Baxış zamanı, sonradan adını bildikləri Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə marketə daxil olaraq, satıcının gözündən yayınaraq, 03 ədəd hər biri bir kiloqram çəkidə “Novaya Zellandiya” yağını götürərək, marketdən çıxmasını görmüş, artıq həmin vaxt digər 09 ədəd “Anchor” yağının da həmin şəxs tərəfindən oğurlanmasını düşünmüşdür. Həmin yağların oğurlanması ilə bağlı Şahid4 Nihad Qasımov adlı şəxsin anasına bildirsə də, yağların oğurlanması nəticəsində dəymiş ziyan ödənilmədiyindən, 25 avqust 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə digər şahidlər Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, o, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 3304 nömrəli "xxxx"də müdir vəzifəsində işləyir. 28 avqust 2022-ci il tarixdə, saat 10:40 radələrində marketdə içməli şirələri soyuduculara yığan zaman, müştərilər "Anchor" yağı olubolmamasını soruşmuş və 01 ədəd həmin “Anchor” yağından götürüb kassaya doğru getmişdir. Bundan sonra vitrinə baxan zaman, "Anchor" yağlarının olmadığını görüb, yağların bu dərəcədə tez satılmasından şübhələnib, təhlükəsizlik kamerasına baxmışdır. Həmin vaxt bir nəfər şəxsin əlində göy rəngli sellofanla küçəyə çıxıb getməsini görmüş, lakin həmin vaxt ondan şübhələnməyib müşahidə kamerasına baxmağa davam etmişdir. Müşahidə kamerasına baxan zaman, həmin tarixdə bir nəfər naməlum kişi cinsindən olan şəxsin marketə daxil olaraq, bir ədədi 19,95 manata və hər biri bir kiloqram olan 06 ədəd "Anchor" yağının iki ədədini şalvarının içinə, 04 ədədini isə göy rəngli sellofana yığıb oğurlamasını müəyyən etmiş və hadisə barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları marketə gəldikdən sonra, hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Müraciətdən sonra rayon ərazisində "xxxx" mağazalarında da yağ oğurluqlarının olmasından məlumatı olmuş, nəzarət kameralarına baxan zaman, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3342 saylı mağazadan oğurluq edən şəxsin onun müdir kimi işlədiyi mağazadan oğurluq edən şəxslə eyni olmasını müəyyən etmişdir. Həmin vaxt 3342 saylı mağazanın müdiri Şahid4 oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu ona bildirmişdir. Oğurlanmış 06 ədəd "Anchor" yağlarının hər biri 1 kiloqram çəkidə olmaqla, 19,95 manata satılır. Həmin 06 ədəd yağların ümumi dəyəri 119,70 manatdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 göstərmişdir ki, o, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən "xxxx"in 3621 saylı mağazasının müdiri vəzifəsində işləyir. 25 avqust 2022-ci il tarixdə, saat 10:30 radələrində marketdə olan zaman, yağlar satılan vitrində 01 ədədi 19,95 manata və hər biri bir kiloqram olan 03 ədəd "Anchor" yağının olmadığını aşkar etmişdir. Bundan sonra, mağazada olan kompüter vasitəsilə sistemə baxmış və ümumilikdə 06 ədəd hər biri 1 kiloqram olan "Anchor" yağının olmadığını görüb, marketin təhlükəsizlik kameralarına baxış keçirmişdir. Kameralara baxış keçirən zaman, həmin tarixdə, saat 10:11-də bir nəfər naməlum kişi cinsindən olan şəxsin marketə daxil olaraq, satıcının məşğul olmasından istifadə edərək, 03 ədəd "Anchor" yağını oğurlamasını müəyyən etmişdir. Artıq yağların oğurlandığını dəqiq bildiyi üçün, digər 03 ədəd yağın nə vaxt oğurlnmasına baxmamış və hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Oğurlanmış 09 ədəd "Anchor" yağının hər biri 1 kiloqram ağırlığında olmaqla, 19,95 manata satılır. Həmin 06 ədəd yağların ümumi dəyəri 119,70 manatdır. Kameraya baxış keçirən zaman, 03 ədəd yağı oğurlamış şəxsi görən zaman, həmin şəxsi tanımamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görüünr ki, cinayət işində olan hadisələrin baş verdiyi yerlərin, yəni mağazaların təhlükəsizlik kameralarından götürülmüş 3 ədəd diskdə olan görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx"in 3342 saylı mağazasının təhlükəsizlik kameralarından götürülmüş görüntüyə baxış keçirilmişdir. Baxış zamanı, 13 avqust 2022-ci il tarixdə, saat 14:33-də qeydə alınmış görüntülərdə əynində qara rəngli köynək və göy rəngli şalvar olan bir nəfər şəxsin mağazada kərə yağları satılan vitrindən hər biri bir kiloqram olan üç ədəd “Novaya Zelandiya” yağını gizli yolla götürüb, bir ədədini göy rəngli şalvarın içərisinə qoyması, iki ədəd yağları isə əlinə alaraq gizli yolla götürüb, marketdən çıxması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əynində qara rəngli köynək və göy rəngli şalvar olan şəxs özüdür və yuxarıda qeyd olunan üç ədəd “Novaya Zelandiya” yağlarından gizli yolla bir əynindəki qara rəgli şalvarın içərisinə qoyararaq, iki ədədini isə əlində gizli yolla marketdən çıxararaq oğurlamışdır. Digər görüntüdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən "xxxx"in 3621 saylı mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış hadisənin 25 avqust 2022-ci il tarixdə, saat 10:11-də baş verdiyi müəyyən edilir. Həmin görüntüdə əynində boz rəngli köynək və göy rəngli şalvar olan bir nəfər şəxsin mağazada kərə yağları satılan vitrindən, hər biri bir kiloqram olan üç ədəd “Anchor” yağını gizli yolla götürüb, iki ədəd yağı göy rəngli şalvarın içərisinə, bir ədəd yağı isə qoltuq hissəsinə qoyaraq, gizli yolla götürüb, marketdən çıxması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əynində boz rəngli köynək və göy rəngli şalvar olan şəxs özüdür və yuxarıda qeyd olunan üç ədəd “Anchor” yağını gizli yolla götürərək, iki ədəd yağları əynindəki qara rəgli şalvarın içərisinə, bir ədəd həmin markalı yağı isə qoltuq hissəsinə qoyaraq oğurlamışdır. Həmçinin, digər diskdə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən "xxxx"in 3304 saylı mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülər əks olunmuşdur. Həmin görüntüdə əynində boz köynək və qara rəngli şalvar olan bir nəfər şəxsin əynindəki mağazada kərə yağları satılan vitrindən, hər biri bir kiloqram olan iki ədəd “Anchor” yağını əynindəki qara rəngli şalvarın içərisinə, digər dörd ədəd həmin markada olan yağı isə göy rəngli sellofan paketə qoyaraq, gizli yolla götürüb, oğurlaması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əynində boz köynək və qara rəngli şalvar olan şəxs özüdür, 28 avqust 2022-ci il tarixdə, saat 10 radələrində yuxarıda qeyd olunan 06 ədəd “Anchor” yağını gizli yolla götürərək, dörd ədədini sellofan torbaya, iki ədəd yağları isə əynindəki qara rəgli şalvarın içərisinə qoyaraq oğurlamışdır. İş materiallarında olan "xxxx" MMC-nin Şamaxı Rayon Polis Şöbəsinə ünvanladığı müraciətində şirkətə məxsus Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3342 saylı, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən 3621 saylı və Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 3304 saylı mağazalarından xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə naməlum şəxs (şəxslər) tərəfindən yağ çeşidlərinin oğurlandığı, oğurluq nəticəsində şirkətə ümumi 471,96 manat dəyərində ziyan dəydiyini göstərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, onun 3 (üç) ay 9 (doqquz) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şamaxı Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 18 (on səkkiz) günü 5 (beş) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 17 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il təvəllüdlü üç uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 06 oktyabr 2022-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 136 (bir yüz otuz altı) gün həbsdə saxlanıldığı müddət 272 (iki yüz yetmiş iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şamaxı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-22/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-22/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver