Məhkəmə qərarları › İş №1(074)-24/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-24/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-24/2025 12.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:30-da Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 9 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq, dərhal üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin sağ yan cibindən açıq qəhvəyi rəngli bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6.66 qram olan açıq yaşıl rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı şəhərində yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evin yerləşdiyi küçədə gəzən zaman, yolun kənarında, səkinin üzərində kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu onda maraq yaratdığından, kibrit qutusunu götürüb içərisinə baxmış və içərisində narkotik vasitə olan marixuana aşkar edərək, həmin qutunu gödəkçəsinin cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Şamaxı şəhəri ərazisində yerləşən 9 saylı tam orta məktəbin yanı ilə üzü əsas yola doğru piyada hərəkətdə olarkən, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və Şamaxı RPŞ-nin əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona demişdirlər. Həmin vaxt qarşıda dayanmış avtomobildən bir nəfər polis əməkdaşı düşüb, kamera ilə onu çəkməyə başlamışdır. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə, hər hansı qadağan olunmuş əşya olub-olmamasını soruşmuşdur. O, isə artıq yaxalandığını, oradan uzaqlaşa bilməyəcəyini başa düşüb, polislərə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki gödəkçənin cibindən kibrit qutusunu çıxardıb, polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı kibrit qutusunu açaraq, ondan içərisində olan maddənin nə olduğunu soruşmuş o isə, kibrit qutusunun içərisindəkinin marixuana olduğunu və özünə məxsus olduğunu söyləmişdir. Daha sonra polislərdən biri üzərini yoxlamış və üzərində qadağan olunmuş başqa hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra, aşkar edilmiş narkotik vasitə olan marixuana bükümü polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılmışdır. O və orada olan polislər zərfi imzalamış, daha sonra polis əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinə gətirmişdirlər. Orada protokol tərtib edilmiş və protokolla tanış olaraq imzalamışdır. O, yalnız bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Sadəcə olaraq üzərindən aşkar olunub götürülmüs narkotik vasitə olan marixuananı yerdən tapdığından, nə vaxtsa istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri T.Zahidov küçəsi 16-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, həmçinin narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və xx.xx.2024-cü il tarixdə CABnin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 9 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman, əlamətləri həmin şəxsə oxşar bir nəfərin Şamaxı şəhəri, N.Nərimanov küçəsi istiqamətinə gəlməsi müəyyən edilmişdir. Bu səbəbdən də, onlar videoçəkiliş vasitəsi ilə həmin şəxsə yaxınlaşmış və həmin şəxsi saxlayaraq, özlərini təqdim edib, həmin şəxsin həqiqətəndə, Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, hüquq və vəzifələrini izah etmişdirlər. Daha sonra isə üzərində narkotik vasitə olub-olmamasını soruşaraq, üzərində olan qanunsuz əşyaları çıxardıb təqdim etməsini bildirmişdirlər. Təqsirləndirilən şəxs bundan sonra üzərində olan kibrit qutusunu çıxardıb təqdim etmiş və onlar həmin şəxsin iştirakı ilə videoçəkiliş aparmaqla, kibrit qutusuna baxış keçirmişdirlər. Baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kibrit qutusunun içərisindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra, protokol tərtib edilməsi məqsədi ilə, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə, yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin onun özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra, həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə, saat 22:30-dan başlayaraq, Şamaxı şəhəri 9 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə, polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki açıq qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusu açılaraq, içərisinə baxıldıqda, qutunun içərisindən açıq yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin kibrit qutusunda olan qeyd edilən narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, həmin gün saat 23:40-dan başlayaraq, Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya baxış keçirilmiş, həmin şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananın onun özünə məxsus olduğunu bir daha bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq - 6,64 qramdır. İş materiallarından görünür ki, 6,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olubdur. Lakin, hazırda müayinə zamanı, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 6,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 6,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar