Məhkəmə qərarları › İş №1(074)-25/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-25/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-25/2022 09.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı şəhəri, Rəsul Rza küçəsi, 12 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən tanışı Şahid2 ilə birgə topladıqları 120 (yüz iyirmi) manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitənin 7,812 (yeddi tam mində səkkiz yüz on iki) qramını 01 (bir) ədəd kibrit qutusunda 12 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında sonuncuya verdikdən sonra digər hissəsini Şamaxı şəhəri ərazisində üzərində saxlamaqla daşımış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2021-ci il tarixdə, saat 03:30 radələrində Şamaxı şəhəri, Avtovağzal dairəsi yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 04:30 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,477 (doqquz tam mində dörd yüz yetmiş yeddi) qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, dostu Şahid2 ilə 11 oktyabr 2021-ci il tarixdə görüşüb söhbət edən zaman qərara gəlmişlər ki, narkotik vasitə olan marixuana alıb bəzi vaxtlar istifadə etsinlər. O, Namiqin həmişə Şamaxı rayonunda olduğunu, Bakı şəhərinə isə az-az getdiyini, onun özünün isə tez-tez Bakı şəhərinə gedib özü istifadə etmək üçün Bakı şəhərindən tanımadığı şəxslərdən narkotik vasitəni aldığını bildirmişdir. Bu səbəbdən də əlaqələri geniş olduğu üçün onlar razılaşıb hərəsi bir qədər pul qoyub özləri üçün narkotik vasitə olan marixuana alıb istifadə etsinlər. Namiq özündə olan 50 manat pulu ona vermiş, onun özü isə həmin pulun üstünü düzəltmək üçün 70 manat pulu həmin 50 manatın üstünə qoymuşdur. Həmin günü o, Bakı şəhərinə gedib və tanımadığı şəxsdən 120 manat pulun müqabilində narkotik vasitə olan marixuana almışdır. Həmin günün səhəri, yəni 12 oktyabr 2021-ci il tarixdə özü və dostu Şahid2 onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüş, o, Bakı şəhərindən tanımadığı şəxsdən aldığı narkotik vasitə olan marixuananın təxminən 7 qramını kibrit qutusunda dostu Namiqə vermiş, qalan hissəsini isə özü istifadə etmək üçün kibrit qutusunda özündə saxlamışdır. Belə ki, 13 oktyabr 2021ci il tarixdə, saat 03:30 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan yerdə olarkən Bakı şəhərindən aldığı bir ədəd kibrit qutusundakı narkotik vasitə əynindəki gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi 01 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunu açdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən götürdükləri içərisində narkotik vasitə olan qurudulmuş marixuana bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərindən tanımadığı şəxsdən almışdır. Həmin vaxt Namiq ona da narkotik vasitə alması üçün pul verdiyindən narkotik vasitənin bir qismini istifadə etmək üçün dostu Namiqə vermiş, dostu Namiqə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadə verib göstərdi ki, Şamaxı şəhərində ailəsi ilə birlikdə yaşayır. O, əvvəllər mütəmadi olaraq narkotik vasitə qəbul etməmiş, son zamanlar narkotik vasitə olan marixuanadan bəzi vaxtlarda istifadə etmişdir. O, barəsində soruşulan dostu Təqsirləndirilən şəxs ilə 11 oktyabr 2021-ci il tarixdə görüşüb söhbət edərkən qərara gəlmişlər ki, narkotik vasitə olan marixuana alıb bəzi vaxtlar istifadə etsinlər. Dostu Təqsirləndirilən şəxs əlaqələri geniş olduğu üçün razılaşmışlar ki, hərəsi bir qədər pul qoyub özləri üçün narkotik vasitə olan marixuana alıb istifadə etsinlər. Veyis də onunla razılaşmış və o, özündə olan 50 manat pulu Veyisə vermiş, Veyis özü də pulun üstünü düzəltmək üçün 70 manat pulu həmin 50 manatın üstünə qoymuşdur. Həmin günün səhəri, yəni 12 oktyabr 2021-ci il tarixdə özü və dostu Təqsirləndirilən şəxs dostunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüşlər. Həmin vaxt Veyis Bakı şəhərində onun tanımadığı yerdən aldığı narkotik vasitə olan marixuananın təxminən 7 qramını kibrit qutusunda ona vermiş, çox hissəsini isə özü götürmüşdür. Veyisdən aldığı həmin kibrit qutusunda olan marixuananı şalvarının sağ yan cibinə qoymuşdur. Belə ki, 13 oktyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan yerdə olarkən həmin içərisində narkotik vasitə marixuana olan kibrit qutusu üstündə olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Həmin vaxt polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunu açdıqda, içərisindən tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuna aşkar edilmişdir. O, həmin vaxt fikirləşmişdir ki, dostu Təqsirləndirilən şəxs onu polisə satıb, bu səbəbdən də narkotik vasitə olan marixuananı haradan əldə etməyi ondan soruşulduqda bildirib ki, həmin narkotik vasitəni Şamaxı şəhər sakini Veyis adlı şəxsdən 50 manata alıb. Ancaq əslində onun özü və dostu Təqsirləndirilən şəxs birlikdə pul qoyub həmin narkotik vasitə olan marixuananı almışlar, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməkdə məqsədi yalnız istifadə etmək olmuş, başqa heç bir məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 13 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, R.Rza küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13 oktyabr 2021-ci il tarixdə, saat 03:30 radələrində Şamaxı RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3 ilə birlikdə Şamaxı rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirib, onlarla birlikdə Şamaxı RPŞ-nə getməyini bildirdikdə, Veyis etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki gödəkçəsinin sağ yan cibində olan 01 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 04:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibində bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmin aşlar olunmuş büküm açılaraq içərisində baxıldıqda bükümün içərisindən yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və ona məxsusdur. Baxış keçirmə prosesi videogörüntüyə çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 7/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kibrit qutusunda olan çəkisi 9,477 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 9,477 qram, tədqiqata sərf olundu 0,02 qram və qalıq 9,457 qramdır. Aparılmış tədqiqatın dəyəri 66,46 manatdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 4(074)-91/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30 oktyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 dekabr 2021-ci il tarixli 3948 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 1953-cü il təvəllüdlü X2 və anası 1958-ci il təvəllüdlü X5 ilə Şamaxı şəhəri, R.Rza küçəsi, 12 saylı evdə yaşayır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 dekabr 2021-ci il tarixli 1214 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, R.Rza küçəsində yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli, 7/1157 nömrəli rəyindən görünür ki, Şahid2 götürülmüş 1(bir) ədəd kibrit qutusundakı marixuana ilə Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd kibrit qutusunda olan marixuana tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 66,46 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 09.12.2021-ci il tarixli, 4996 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilməklə, ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs üstündən götürülmüş və tədqiqata təqdim edilmiş, tədqiqatdan sonra qalıq çəkisi - 9,457 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi tanınıb saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 13 oktyabr 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 26 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 7 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, ekspertiza tədqiqatının dəyəri – 132,92 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 9,457 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 26 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 7 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 10(on) ay 8(səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 132,92 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 9,457 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar