Məhkəmə qərarları › İş №1(074)-25/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-25/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-25/2023 15.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə 10 (on) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 19 oktyabr 2022ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla, Şamaxı şəhəri, Şərifzadə küçəsində yerləşən yaşayış olmayan evin saxlanc yeri olan zirzəmisinə qanunsuz daxil olmaqla, oradan dəyəri 300 (üç yüz) manat olan 01 (bir) ədəd gümüşü rəngli samovarı gizli olaraq oğurlayıb apararaq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 300 (üç yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 04 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsindəki evin həyətindən ayaqları dəmir, üst hissəsi isə taxtadan olan 01(bir) ədəd, dəyəri 70 (yetmiş) manat olan masa, diametri 12 (on iki) millimetr uzunluğu 05 (beş) metr olan bir ədədi 04 (dörd) manat, 09 (doqquz) ədədinin dəyəri 36 (otuz altı) manat olan armatur, 06 (altı) metr uzunluğunda, təxmini çəkisi 130 (yüz otuz) kiloqram olan 01 (bir) ədəd dəyəri 130 (yüz otuz) manat olan dəmir barmaqlıq, çəkisi təxminən 40 (qırx) kiloqram olan bir ədədi 40 (qırx) manat, 03 (üç) ədədinin dəyəri 120 (yüz iyirmi) manat olan pəncərə setkası, uzunluğu 06 (altı) metr olan, bir ədədi 15 (on beş) manat, 02 (iki) ədədinin dəyəri 30 (otuz) manat olan dəmir listi gizli olaraq oğurlayıb apararaq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 386 (üç yüz səksən altı) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, topladığı metal əşyaların satışı ilə məşğul olur. 18 oktyabr 2022-ci il tarixində, səhər saatlarında tanıdığı Hüseyn adlı şəxsə məxsus Şamaxı şəhəri, Şərifzadə küçəsində yerləşən yanmış evində uzun müddətdir yaşayışın olmadığını görüb, həmin evə daxil olaraq, oradan qarşısına çıxarsa hansısa dəmir əşya götürüb, satmaq qərarına gəlmişdir. O, həmin evin hasarına yaxınlaşmış, nəzər yetirib, evdə heç kimin olmadığını müəyyən etdikdən sonra, evin hasarının üzərindən həyətə daxil olmuşdur. Evin zirzəmisinin içərisində olan qədim samovarı götürmək istəyəndə, ev sahibi Hüseynin darvazanı açıb həyətə daxil olduğunu görərək samovarı götürməmiş və zirzəmidə gizlənmişdir. Fikirləşmişdir ki, Hüseyn gedəndən sonra samovarı götürüb çıxıb gedər. Lakin, Hüseyn gəlib onu zirzəmidə görən zaman, onun nə səbəbdən orada olmasını soruşduqda, o, samovarı götürməmiş və dərhal qaçaraq, oradan uzaqlaşmışdır. Bundan sonra, fikirləşmişdir ki, Hüseyn olmayanda həmin evin zirzəmisində həmin samovarı oğurlayar. O, yenidən 19 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Hüseynə məxsus evin hasarının üzərindən qalxaraq, həyətə daxil olmuş və evdə kiminsə olmadığına əmin olub, daha cəld hərəkət edərək, evin zirzəmisindəki samovarı götürüb, hasardan keçməklə samovarı evinə aparmışdır. Həmin vaxt onu heç kim görməmişdir. O, samovarı evinə aparıb, həyətdə gizlin yerdə gizlətmişdir ki, bir müddət sonra müştəri tapıb satar. Bundan başqa, 04 dekabr 2022-ci il tarixdə, günorta saatlarında evinə gedərkən, Gülər adlı qadına məxsus Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində yerləşən evində heç kimin olmadığını və həyətində dəmir əşyalar olduğunu görüb, fikirləşmişdir ki, həmin əşyaları satıb, pul əldə edə bilər. Bu məqsədlə, oğurlayacağı dəmirləri daşımaq üçün, əvvəlcə bir tanımadığı “VAZ 2106” markalı taksini saxlatdıraraq, sürücüyə özünə məxsus evindən bəzi dəmir əşyaların lazımsız olmasına görə, aparıb metal qəbul edən şəxslərə satmaq istədiyini demişdir. Bundan sonra, həmin taksi sürücüsünə, sonradan adını öyrəndiyi Samir adlı şəxsə evinin həyətində olan lazımsız dəmirləri taksiyə yükləyib, aparmaq istədiyini bildirmişdir. Bu məqsədlə həmin taksi ilə Gülərin evinin qarşısına gəlmiş, sürücü avtomobilin yanında qalmış, özü isə Gülərin evində kiminsə olmadığına əmin olub, evin həyətinə daxil olmuş, həyətdə olan köhnə dəmirləri və evin bağça hissəsindən taxta stolu götürərək, avtomobilin yanına daşıyıb oğurladığı əşyaları avtomobilin üst hissəsinə və yük yerinə yükləmişdir. Həmin oğurladığı dəmirləri yüklədikdən sonra, avtomobil ilə Şamaxı şəhərində yerləşən dəmir alqı-satqısı ilə məşğul olan Soltan kimi tanıdığı şəxsin yanına gətirərək, sonuncuya da evində bəzi dəmir əşyaların və stolun lazım olmadığına görə satmaq istədiyini bildirmişdir. Soltan adlı şəxs ondan həmin dəmirlərin kimə məxsus olmasını soruşduqda, həmin şəxsə dəmirlərin özünə məxsus olduğunu bildirmişdir. O, həmin dəmirləri ümumilikdə 65 manata Soltana satmış və daha sonra 4 manat pulu taksi sürücüsünə verib, qalan pulu cibinə qoyub, oradan uzaqlaşmışdır. Samovarı isə daha yaxşı müştəri tapanda bir qədər baha qiymətə satmaq üçün saxlamışdır. Lakin, polis əməkdaşları tərəfindən tutulduğundan, həmin samovarı istintaqa təqdim etmişdir. Gülər adlı qadının evindən oğurladığı əşyaları metal alan şəxsə satdığından, həmin şəxs də dəmirləri metaləritmə yerlərinə satmışdır. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 27 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ona məxsus evdə yanğın baş vermiş və nəticədə həmin evdə baş verən yanğına görə yaşayış mümkün olmamışdır. Buna görə də, ailə üzvləri ilə birlikdə başqa bir ünvanda yaşamağa başlamışdır. Lakin mütəmadi olaraq yanğın baş vermiş evinə gedib, nəzarət etmişdir. Belə ki, evindəki əşyaların bəzilərini aparsa da, bir sıra əşyalar həmin evdə qalmışdır. 18 oktyabr 2022-ci il tarixdə növbəti dəfə nəzarət etmək məqsədilə, təxminən saat 12 radələrində evinə gedib, küçə qapısını açaraq həyətə daxil olmuş, həyətdə özünə aid işlərini görüb, başqa yerdə təmir işləri görmək üçün, həmin evdəki özünə aid dreli götürüb, həyətə son dəfə nəzarət üçün baxan zaman, evin zirzəmisinin qapısının açıq olduğunu görüb, qapını bağlamaq üçün oraya yaxınlaşdıqda, qapını bağlamağa çalışmış, lakin qapı bağlanmadığı üçün, qapının arasında nəsə qaldığını düşünüb, qapının qarşısına keçmişdir. Həmin vaxt rayon ərazisində “Anar Basqallı” ləqəbi ilə tanınan şəxsin zirzəmidə gizləndiyini görüb, burada nə etdiyi, haradan həyətinə girdiyini soruşmuşdur. “Anar Basqallı” ləqəbi ilə tanıdığı şəxs gizlənmək üçün zirzəmiyə girdiyini, qonşu ilə onun evinin arasında olan boş sahədən keçdiyini demişdir. Həmin vaxt Anar onu kənara itələyib, qaçaraq küçəyə çıxaraq, ona məlum olmayan istiqamətə getmişdir. Bundan sonra, həmin şəxsin onun evində hər hansı əşyanı oğurlayıb-oğurlamadığını bilmək üçün ətrafa baxsa da, heç nə müəyyən etməmiş və buna görə darvaza qapısını bağlayıb çıxıb getmişdir. 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 11 radələrində yenidən nəzarət etmək məqsədilə, həmin ünvandakı yanğın baş vermiş evinə gedib, darvazanı açaraq həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə əşyalarına nəzarət edərkən müəyyən etmişdir ki, həyətdə zirzəmidə saxladığı orta ölçülü, gümüşü rəngli samovarı oğurlanmışdır. O, bundan bir gün əvvəl evinə daxil olan “Anar Basqallı” ləqəbli şəxsdən şübhələnmişdir. Bir neçə gün sonra, baş vermiş hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı, onun evindən oğurluğu həqiqətən də “Anar Basqallı” ləqəbli Təqsirləndirilən şəxs adlı şəxsin törətdiyi müəyyən edilmişdir. Hazırda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində özünə məxsus fərdi yaşayış evi vardır. Şamaxı şəhərində 2019-cu ildə baş vermiş zəlzələ ilə əlaqədar, evində divarlarda təhlükəli çatlar əmələ gəlmiş və bu səbəbdən bir neçə ildir ki, həmin evdə yaşamır. Həmin evin həyətində özünə məxsus masa, armaturlar, dəmir borular və barmaqlıqlar, pəncərəyə vurmaq üçün setkalar olmuşdur. Həmin evdə yaşamdığından, mütəmadi olaraq gedib həmin evə baxış keçirirmiş. 07 dekabr 2022-ci il tarixdə yenidən gedib, həmin evə baxış keçirdən zaman, evinin həyətindəki bağçadan bir ədəd ayaqları dəmir, üst hissəsi isə taxta olan masanın, həyətdən 9 ədəd armaturun, 6 metr uzunluğunda ağır çəkidə dəmir barmaqlığın, 3 ədəd pəncərəyə vurmaq üçün dəmir setkaların, 2 ədəd uzunluğu 2 metr olan dəmir listlərin oğurlandığını aşkar etmişdir. Sonradan qonşuluqda yaşayan, lakin adını bilmədiyi şəxsin evinin qarşısındakı müşahidə kamerasına baxarkən, evindən oğurluğu 04 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilyini müəyyən etmiş və bununla bağlı sonradan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun evindən bir qədər aralıda yerləşən küçədə olan evdə yaşayırdır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən evində dəmir alqı-satqısı ilə məşğul olur. Rayon ərazisində “Basqal Anar” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ümumiyyətlə əlaqəsi olmamışdır. “VAZ-2106” markalı avtomobilin sürücü olan, adı sonradan ona məlum olan Şahid1 adlı şəxsi əvvəllər tanımamışdır. 04 dekabr 2022-ci il tarixdə evində olarkən, küçə qapısının döyüldüyünü eşidib, müştəri gəldiyini düşünərək, küçəyə çıxmış və Təqsirləndirilən şəxs ilə Şahid1 görüb, nə lazım olduğunu soruşmuşdur. Anar cavabında avtomobilin banındakı üzəri taxta, qalan hissələri isə dəmirdən olan masanı, 09 ədəd armaturu, dəmir barmaqlığı, 03 ədəd dəmir setkaları və iki ədəd dəmir listi göstərərək, satmaq istədiyini demişdir. Anardan həmin dəmirləri haradan gətirməsini və oğurluq olub-olmadığını soruşduqda, sonuncu həmin dəmirlərin öz evindən gətirdiyini və lazım olmadığı üçün satmaq istədiyini bildirmişdir. O, hər ehtimala qarşı avtomobilin sürücüsü ilə birlikdə avtomobilin üzərindəki əşyaların fotoşəklini çəkmişdir. Samir adlı şəxs heç bir problem olmayacağını, həmin əşyaların Anarın özünün dediyinə görə evindən götürüb, avtomobilə qoyduğunu bildirmişdir. Bundan sonra, dəmir əşyaları almağa razılaşmış və Anar avtomobilin banına yığılmış dəmirləri boşaldıb tərəziyə qoymuşdur. Həmin dəmirlər 140 kiloqram olduğundan, hər bir kiloqramına görə 45 qəpik hesablayıb, ümumilikdə 65 manat pulu Anara vermişdir. Dəmirləri aldıqdan iki gün sonra həmin və digər aldığı dəmirləri Bakı şəhərində yerləşən metaləritmə zavoduna satmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Şahid1 məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, özünə məxsus köhnə “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 04 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Şamaxı şəhəri, N.Nərimov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində işıqforun qırmızı işığında dayanan zaman, əvvəllər tanımadığı və sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs avtomobilinin qapısını açıb bildirmişdir ki, evində lazımsız dəmir əşyaları var və həmin dəmirləri metal alan şəxslərə satmaq istədiyi üçün, dəmirləri ora neçəyə apara biləcəyini soruşmuşdur. O da, Anar adlı şəxsə dediyi məsafəyə görə dəmirlərini beş manata apara biləcəyini demiş, Anar adlı şəxs beş manat yox, dörd manat verə biləcəyini dedikdən sonra, həmin şəxslə razılaşmış və Anarın göstərdiyi yol ilə avtomobili idarə edib, Niyazi Nəcəfov küçəsində avtomobili göstərdiyi yerdə yolun kənarında saxlamışdır. Anar adlı şəxs avtomobildən düşmüş və avtomobilinin saxladığı istiqamətdə sağ tərəfdə olan yoldakı evi göstərib, həmin yerin özünə məxsus ev olduğunu və oradan dəmirlər gətirəcəyini deyib, tanımadığı evin həyətinə daxil olub, həyətdən 01 ədəd üzəri taxta, qalan hissələri isə dəmirdən olan masa, dəmir barmaqlıq və həmin vaxt əlamətlərinə fikir vermədiyi bir neçə dəmir məlumatı avtomobilin yanına daşımış və həmin əşyaları avtomobilin ban hissəsindəki yük yerinə və baqajına yerləşdirmişdir. Həmin vaxt Anar adlı şəxsdən həmin dəmirlərin kimə məxsus olmasını və oğurluq olub-olmadığını soruşmuş, Anar isə cavabında öz evindən gətirdiyi əşyalar olduğunu deyib, yoldan keçən tanımadığı şəxsləri göstərib, günün-günorta vaxtı insanların gözü qabağında necə oğurluq edə biləcəyini soruşmuşdur. O, Anar adlı şəxsin doğru dediyini düşünmüş və dəmirləri “Azər” şadlıq sarayının yaxınlığında Soltan adlı şəxsin dəmir-metal alışı məntəqəsinə aparmışdır. Orada olan zaman hər ehtimala qarşı Anarın və avtomobilin üzərindəki dəmir əşyaların fotoşəkillərini çəkib, özündə saxlamışdır. Dəmirlər avtomobildən boşaldıqan sonra, yol pulu kimi 4 manat pulunu alıb, oradan tək avtomobilinə əyləşib uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd diskin yaddaşında 14 ədəd fotogörüntü vardır. Həmin fotogörüntülərdən müəyyən edilir ki, fotogörüntülərdə xx.xx.2022-ci il tarixdə, saat 16:08də bir nəfər şəxs “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerinin yaxınlığında, yolun kənarında avtomobili saxlamış, avtomobilin yanında bir nəfər şəxs yaxınlıqda evin həyətindən masa, dəmir barmaqlıq və bir neçə dəmir əşyaları daşıyıb avtomobilə yığıb, hadisə yerindən uzaqlaşır. Diskə baxış zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, taksi avtomobilini özü sifariş verib saxlatdırmış, həmin sürücüyə yaxınlıqda özünün evində təmir işləri ilə əlaqədar bəzi dəmir əşyaların lazım olmadığına görə, satmaq üçün aparmaq istədiyini bildirmiş, buna görə də, həmin vaxt Zərərçəkmiş şəxs2 məxsus Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsindəki evin həyətindən oğurladığı dəmir əşyalarını taksiyə yükləmişdir. Taksi sürücüsü həmin əşyaların oğurluq olmasını bilməmiş, əşyaları da o, özü daşımış, görüntüdə görünən şəxs də onun özüdür. Baxış keçirildikdən sonra 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Baxış zamanı görüntülərdəki fotoşəkillər çıxarılaraq, iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş üzrə şahid qismində cəlb edilmiş Şahid2 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd fotoşəkilə baxış keçirilib müəyyən edilmişdir ki, həmin fotoşəkildə Şahid1 “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobililə gətirilmiş dəmir əşyalar əks edilmişdir. Həmin fotoşəkil əhəmiyyət kəsb etdiyindən, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa oğurluğun predmeti olan əşyalardan 01 ədəd samovar təqdim edilmiş və müəyyən edilmişdir ki, həmin samovar istifadə edilmiş vəziyyətdədir, samovarın qulpunun biri sınmış vəziyyətdədir, üzərində müəyyən nişanlar vardır, samovar nikkel materialındandır. Ona görə də, həmin 01 ədəd samovar iş üçün sübuti əhəmiyyətə malik olduğundan götürülmüşdür. Bu barədə fotoçəkiliş aparılmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, oğurluğun predmeti olan bir ədəd samovar cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğundan, cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şamaxı RPŞdə olan maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9160 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən, fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 686 manat müəyyən olunur. O cümlədən: ayaqları dəmir, üst hissəsi isə taxtadan olan 01 ədəd masanın dəyəri 70 manat, diametri 12 mm, uzunluğu 05 metr olan 09 ədəd armaturun bir ədədi 04 manat olmaqla, cəmi dəyəri 36 manat, 06 metr uzunluğunda, təxmini çəkisi 130 kq olan 01 ədəd dəmir barmaqlığın dəyəri 130 manat, çəkisi təxminən 40 kq olan 03 ədəd pəncərə setkasının bir ədədi 40 manat olmaqla, cəmi dəyəri 120 manat, uzunluğu 06 metr olan 02 ədəd dəmir listin bir ədədi 15 manat olmaqla, cəmi dəyəri 30 manat, 01 ədəd orta ölçülü, 1920-ci ildə istehsal edilmiş samovar dəyəri 300 manat hesablanmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 4(074)-73/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 (on) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən altı il keçmədən hazırki cinayət əməlini törətmişdir. İş materiallarında olan Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020 və xx.xx.2022-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd orta ölçülü samovar sahibinə verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd orta ölçülü samovar sahibinə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar