Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-26/2025 12.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə saat 18 radələrində içkili vəziyyətdə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən “Eldorado” marketə daxil olub spirtli içki aldıqdan sonra, icarə müqaviləsi əsasında həmin marketi işlədən əvvəldən tanıdığı Zərərçəkmiş şəxs əvvəlcə marketin qarşısına çağırmış, Zərərçəkmiş şəxs marketdən çölə çıxdıqda o, “sən mənə əvvəllər hörmət edirdin, hazırda nə üçün hörmət etmirsən?” deyərək sonuncu ilə marketin qarşısında sözlü mübahisə etməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs onun spirtli içkinin təsirində olduğunu görüb mübahisə etməkdən yayınmaq məqsədi ilə marketə daxil olduqda o da, Zərərçəkmiş şəxs arxası ilə gələrək marketə daxil olub giriş qapısının qarşısında sonuncu ilə mübahisəyə davam edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib hədələmiş, bu vaxt Zərərçəkmiş şəxs ona “sən kimsənki məni hədələyirsən, sən mənim üçün heç kimsən” deməsindən qəzəblənərək əsaslı bir səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək anidən sol əli ilə boğazından tutub sağ əli ilə isə sifət nahiyəsindən yumruq zərbəsi vurmaqla və əybəyaxa olub marketdən çölə çıxartmaqla sonuncuya sağ gözün alt səthinin və boynun sağ yan səthinin qançırları, burun kökünün sıyrıqları kimi ümumulikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra ətrafda olan şəxslərin onları sakitləşdirmək istəməsinə məhəl qoymayaraq “Eldorado” marketin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlib yenidən sonuncunu vurmağa cəhd etmiş, lakin ətrafda olan vətəndaşların səyi nəticəsində o, öz qanunsuz hərəkətlərini davam etdirə bilməmiş və nəticədə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik göstərən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Çuxuryurd kəndində usta kimi işləsə də, hal-hazırda heç bir yerdə işləmir. Onun xalası oğlu Murad adlı şəxsin səhhətində narahatçılıq olduğundan, yəni ki, onun gözləri görmədiyindən o, 21 noyabr 2024-cü il tarixdə onunla taksiyə əyləşərək “Almarketə” getmişdir. Onlar Almarketin qarşısında taksini saxlatdırmış və o, avtomobildən enərək marketə daxil olmuş və marketdən bəzi ərzaq məhsullarını aldıqdan sonra avtomobilə əyləşmişdir. Almarketdə günəbaxan tumları olmadığından o, taksiyə söyləmişdir ki “Eldorado” marketə sürsün və oradan həmin tumları alsın. Bundan sonra o, Çuxuryurd kəndində yerləşən “Eldorado” marketin qarşısında avtomobildən enmiş və təxminən saat 18 radələrində marketə daxil olmuş və marketdən günəbaxan tumu alaraq pulunu ödəyib taksiyə getmiş və taksinin qapısını açan Murad ona söyləmişdir ki, onun üçün bir ədəd spirtli içki olan araq alsın. Bundan sonra o, marketə qayıtmış və marketdə bir ədəd araq götürən zaman Ruslan adlı şəxsin marketdə oturub bir qıznan söhbət etdiyini və güldüklərini görmüşdür. O, da bundan əsəbləşmiş və Ruslana əli ilə işarə edərək onu çağırmış və marketin qarşısına çıxmasını söyləmişdir. Bundan sonra Ruslan onunla marketin qarşısına çıxmış və o, Ruslana nə üçün özündən razı olduğunu və hörmətsizlik etdiyini soruşmuşdur. Ruslan isə ona nə hörmətsizlik etdiyini soruşduqda o, Ruslana bildirmişdir ki, “əvvəllər kassir işləyən zaman bundan hörmətli idin lakin indi hörmətsizsən” Ruslan isə özündən razılıq edərək belə olduğunu bildirmişdir. Bundan sonra Ruslan marketə daxil olmaq istədikdə o, Ruslanın arxası ilə gələrək ona söyləmişdir ki “sənin belə etməyin mənim vecimə deyil” o, bu sözləri ona söyləyən zaman kobud şəkildə nalayiq sözlərlə söyləmişdir. Ruslanda ona cavab olaraq nalayiq formada söyləmişdir ki “sənində hərəkətlərin mənim vecimə deyil”. Bundan sonra o, Ruslanın bu sözündən qəzəblənərək onun yaxasından tutaraq əlinin içi ilə onun sifətindən vurmuş və onlar dartışmağa başlayaraq marketin qarşısına çıxmışlar. Marketin qarşısında dartışan zaman orada olan şəxslər onları ayırmışdır. Bu zaman Ruslan onu, o da Ruslanı nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra orada işləyən qız onu marketdən çıxardaraq taksiyə aparan zaman Ruslan onu nalayiq ifadələrlə təhqir etdiyindən o, onun üzərinə getmək istədiyindən onu tutub saxlamışlar və taksiyə əyləşdirmişdirlər. Bundan sonra isə o, taksi ilə çıxıb evinə getmişdir. Onun heç vaxt Ruslan adlı şəxslə heç bir mübahisəsi olmamışdır. O, marketdə olan zaman onunla heç kim orada mübahisə etməmişdir. Sadəcə olaraq Ruslanın hərəkətləri onu qəzəbləndirmişdir. O, xx.xx.2024-cü il tarixdə marketə gələn zaman spirtli içki qəbul etməmişdir. O, ara bir spirtli içki qəbul etsədə həmin vaxtı hadisə baş verənə kimi ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Həmin hadisə zamanı Ruslan onu vurmamışdır və o, həmin vaxtı hər hansısa bir xəsarət almamışdır. Hadisə zamanı ona orada heç kim xəsarət yetirməmişdir. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı Ruslan onu nalayiq ifadələrlə təhqir etmişdir. O, taksiyə əyləşən zaman Ruslan onu kobud şəkildə nalayiq ifadələrlə təhqir etdiyindən o, onun üzərinə gedərək nə üçün onu təhqir etməsinin səbəbini bilmək istəmişdir. Lakin orada olan şəxslər onu sakitləşdirmişdirlər. O, Ruslanı öldürməklə hədələməmiş və onu öldürmək kimi bir niyyətidə olmamışdır. Sadəcə Ruslanın sözləri onu əsəbləşdirdiyi üçün o, Ruslanı əli ilə vurub xəsarət yetirmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən “Eldorado” marketi 2023-cü ilin avqust ayından etibarən icarəyə götürərək işlədir. Sərvər adlı şəxsi o, uzun müddətdir ki, tanıyır və həmin şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, aralarında ədavət və davadalaş olmamışdır. 21 noyabr 2024-cü il tarixində saat 18 radələrində “Eldorado” marketdə olduğu zaman Sərvər adlı şəxs oraya gələrək ilk əvvəl marketdən araq götürmüş və kassaya yaxınlaşaraq arağın pulunu ödəmişdir. Daha sonra isə marketdə bir qədər gəzərək bir ədəd günəbaxan tumu götürmüş və kassaya yaxınlaşmışdır. Lakin sonra o, götürdüyü günəbaxan tumunu aparıb götürdüyü yerə qoymuş və ona onunla birlikdə marketin qarşısına çıxmasını söyləmişdir. O, da onunla birlikdə marketdən çölə, marketin qarşısına çıxmışdır. Marketin qarşısında olduğu zaman Sərvər içkili halda ona söyləmişdir ki, “mənə əvvəllər hörmət edirdin indi nə üçün hörmət etmirsən”. O isə cavabında ona hər zaman hörmət etdiyini bildirmişdir. Lakin o, yenidən eyni sözləri təkrar edərək söyləmişdir ki “əvvəllər kassir işləyən zaman mənə hörmət edirdin ancaq indi mənə hörmət etmirsən”. Həmin vaxtı Sərvərin ağzından spirtli içki qoxusu gəlmiş və sərxoş olduğu açıq aşkar bilindiyindən o, Sərvərlə mübahisə etməyərək ona Çuxuryurd kəndində heç kimə hörmətsizlik etmədiyini və hər kəsə hörmətlə yanaşdığını bildirmişdir. Lakin o, mübahisə etməyə davam etmək istəsədə o, Sərvərdən kənarlaşmaq məqsədi ilə onun sözlərinə fikir verməyərək marketə daxil olmuşdur. Sərvər isə onun arxası ilə gələrək marketin giriş hissəsində onun ünvanına nalayiq ifadələr işlədərək onu öldürməklə hədələmişdir. O isə cavabında ona “sən kimsənki məni hədələyirsən, sən mənimçün heç kimsən” demiş, bu sözündən sonra Sərvər sol əli ilə onun boğazından tutataq anidən sağ əli ilə sifətindən yumruqla bir dəfə zərbə vurmuş və o, marketin qapısına dəymişdir. Sərvərin sifətindən vurduğu yumruq zərbəsi onun sağ gözünə və burnuna dəymişdir. Bundan sonra onlar əlbəyaxa olmuş və dartışaraq marketdən çölə çıxmışlar. Marketin qarşısında onlar dartışmağa başlamış və orada olan işçilər onları ayırmışdır. Həmin vaxtı Sərvər onu vurmaq istədiyi üçün o, özünü müdafiə etmək məqsədi ilə ona təpik atmış, lakin bildiyi qədəri ilə təpik ona dəyməmişdir. Orada olan şəxslərdən Famil Novruzov, Kamal, Əfsanə adlı şəxslər onları aralaşdırmaq və sakitləşdirmək istəsələrdə Sərvər, onu nalayiq ifadələrlə təhqir edərək qəzəbləndirməyə davam etmişdir. Bu səbəbdəndə o, Sərvərin üzərinə gedərək qışqırmışdır ki, söyüş söyməsin. Lakin Sərvər, ətrafda vətəndaşların olmasına baxmayaraq marketin daxilində onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Daha sonra Sərvər marketdən çıxaraq yenidən onu təhqir edib üzərinə gəlmək istədikdə orada olan şəxslər onu kənarlaşdırıb taksiyə əyləşdirərək yola salmaq istəmişdir. Lakin Sərvər, taksidən enərək onun üzərinə gəlmək istəsədə onu yenidən sakitləşdirib taksiyə əyləşdirərək yola salmışdırlar. Bundan sonra o, baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat verərək Şamaxı Rayon Polis Şöbəsinədə gəlib ərizə ilə müraciət etmişdir. Sərvər əvvəllər onun işlədiyi marketdə onunla və ya başqa hər hansısa bir şəxslə mübahisə etməmişdir. Sadəcə olaraq Sərvər, mütəmadi olaraq spirtli içki qəbul etdiyindən o, hər zaman çalışmışdır ki, ondan kənar gəzsin, eyni zamanda onunla ünsiyyətdə olmasın. Sərvər, əvvəllər dəfələrlə olmuşdur ki, o işlədiyi marketə gələrək spirtli içki almış və pulu çatmadığından ondan xahiş etmişdir ki, növbəti günlərdə həmin içkinin pulunu ödəsin. O, da münaqişə olmaması üçün onunla razılaşmış və Sərvər, növbəti günlərdə gətirib pulu ödəmişdir. Hadisə təxminən saat 18 radələrində baş vermişdir. Hadisə zamanı marketin daxilində müştərilər olmuşdur. Lakin onların dəqiq olaraq kim olmasını bilmir. Hadisə yerində onun tanıdıqları ondan başqa Sərvər, Famil Novruzov, Kamal, Əfsanə olmuş, əlavədə onun bildiyi qədəri ilə heç kim olmamışdır. Baş vermiş hadisə təxminən üç-beş dəqiqə ərzində davam etmişdir. Sərvər ona söyləmişdir ki, “səni öldürərəm burda heç kimdə əlimdən ala bilməz” lakin hədənin həyata keçirilməsi üçün real nəsə etməmişdir. Sadəcə olaraq onunla dava etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində o, hər hansısa bir əşya görməmiş və Sərvər hər hansısa bir əşya ilə onu vurmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən “Eldorado” marketində satıcı kimi fəaliyyət göstərir. Sərvər adlı şəxsi o, Çuxuryurd kəndindən tanıyır. Onunla Sərvərin hər hansısa bir münasibəti olmamış eyni zamanda aralarında hər hansısa bir ədavət və dava-dalaş olmamışdır. 21 noyabr 2024-cü il tarixində saat 18 radələrində Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən Eldorado marketinin daxilində olduğu zaman Sərvər adlı şəxs marketə daxil olmuş, həmin vaxtı o, marketdən simiçka götürüb bir qədər gəzdikdən sonra Ruslanı orada görüb götürdüyü simiçkanı aparıb yerinə qoyaraq Ruslanı marketin qarşısına çağırmışdır. Ruslanda onunla birlikdə getmiş və marketin yanında olduğu zaman içkili halda sözdə Ruslanı öldürməklə hədələyib nalayiq söyüşlər söyə-söyə bildirmişdir ki “sən öl səni öldürərəm”. Ruslan isə nə üçün ona belə danışdığını söylədikdə o, Ruslana ona əvvəllər hörmət etdiyini, indi niyə etmədiyini söyləmişdir. Ruslan onun içkili olduğunu görüb onunla mübahisə etməmiş və içəri daxil olmuşdur. Sərvərdə onun arxası ilə gələrək həmin vaxt marketin girişində onu hədələmiş və nalayiq ifadələr işlədərək Çuxuryurd kəndində heç kimi vecinə almadığını söyləyən zaman Ruslanda cavabında onun heç kim olduğunu dediyi anda Sərvər yumruqla Ruslanın sifət nahiyyəsindən vurub boğazından yapışmışdır. Bu zaman onlar dartışaraq marketin qarşısına çıxmış və marketin qarşısında onlar dartışmağa başlamışlar. Həmin vaxt onlar Ruslan və Sərvərin arxası ilə qaçaraq onları araşalaşdırmış və Ruslanı onunla birlikdə digər şəxslər marketin yan tərəfinə, Sərvəri isə marketə aparmışdırlar ki, onlar sakitləşsin. Lakin Sərvər sakitləşməyərək Ruslanın ünvanına nalayiq ifadələr işlədərək onu qəzəbləndirməyə çalışmışdır. Onlar isə Ruslanı sakitləşdirərək ona fikir verməməsini və içkili olduğu üçün nə danışdığını bilmədiyini söyləmişlər. Bundan sonra o, marketin qapısına yaxınlaşaraq Sərvəri marketdən çıxarmış və onu tutub yol kənarı istiqamətinə aparmağa başlamışdır ki, uzaqlaşsın. Lakin o, yenidən nalayiq söyüşlər söyərək Ruslanın üzərinə gedib onu vurmaq istədikdə onlar Sərvəri tutub saxlamışlar və onu oradan uzaqlaşdıraraq taksiyə əyləşdirib yola salmaq istəmişlər. Lakin o, avtomobildən enərək yenidən Ruslanın üzərinə gəlmək istəmişdir. O, yenidən onu avtomobilə əyləşdirəndə Sərvər yenidən avtomobildən ensədə o, Sərvəri tutub saxlamış və yenidən avtomobilə əyləşdirmiş və taksi sürücüsü onu avtomobillə aparmışdır. Bundan sonra Ruslan hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat verib Şamaxı Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sərvər adlı şəxsin tez-tez spirtli içki qəbul etdiyini hər kəs bilir. Lakin Sərvər əvvəllər onun işlədiyi marketə gələrək hər hansısa bir münaqişə yaratmamışdır. Eyni zamanda o, çox vaxt gəlib Ruslandan nisyə olaraq spirtli içki almışdır ki, bunuda hər kəs bilir. Həmin hadisə zamanı Sərvər adlı şəxs yalnız Ruslan ilə dartışaraq onu vurmuşdur. Onlar sadəcə onları ayırmışlar. Eyni zamanda onlardan kimsə Sərvərə qarşı hər hansısa bir qanunsuz hərəkət etməmiş və ona hər hansısa bir formada xəsarət yetirməmişdir. Onlar sadəcə onu sakitləşdirib oradan uzaqlaşdırmışdırlar ki, həmin münaqişə davam etməsin. Baş vermiş hadisə zamanı Ruslan adlı şəxs orada sadəcə özünü müdafiə etmiş, Sərvəri vurmamışdır. Lakin Sərvər onu nalayiq ifadələrlə təhqir edən zaman o, qəzəblənərək Sərvərin üzərinə getmək istəsədə onlar onu tutub saxlamışlar. Həmin hadisə zamanı hadisə yerində ondan başqa Sərvər, Əfsanə, Ruslan, Kamal olmuşdur. Eyni zamanda hadisə zamanı marketin daxilində müştərilərdə olmuşdur ki, onlarda marketin daxilində həmin hadisəni görmüşdür. Lakin marketdə olan müştəriləri o, dəqiq olaraq tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1-1399/24 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi və video görüntünün götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 21 noyabr 2024-cü il tarixdə Şamaxı rayonu Çuxuryurd kəndində “Eldorado” marketin qarşısında baş vermiş hadisə yeri üzrə təqdim etdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı, hadisə yerinin ictimai yer olması, ətrafda yaşayış evlərinin olması və vətəndaşların mütəmadi olaraq gediş gəlişli ərazi olması müəyyən edilmiş, hadisə yerində fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2024-cü il tarixli 384 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ gözün alt səthinin və boynun sağ yan səthinin qançırları, burun kökünün sıyrıqları küt əşya təsirindən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. “Video görüntüyə baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Şamaxı rayonu Çuxuryurd kəndində Eldorado marketin qarşısında ilk əvvəl Zərərçəkmiş şəxs ilə mübahisə edir. Daha sonra isə Zərərçəkmiş şəxs marketə daxil olan zaman Təqsirləndirilən şəxs onun arxası ilə gedərək marketin giriş hissəsində onunla mübahisə edərək onun sifət nahiyyəsindən yumruqla vurur və onlar dartışmağa başlayaraq marketin qarşısına çıxırlar. Marketin qarşısında onlar dartışan zaman ətrafda olan şəxslər onları ayırmağa çalışır və həmin vaxtı Zərərçəkmiş şəxs təpiklə Təqsirləndirilən şəxs vurmaq istəyir. Bu zaman orada olan şəxslər onları ayırır və Zərərçəkmiş şəxs marketin yan tərəfinə, Təqsirləndirilən şəxs isə marketə aparırlar.Daha sonra Təqsirləndirilən şəxs marketdən çıxardaraq uzaqlaşdırmaq istədikdə o, yenidən Zərərçəkmiş şəxs üzərinə getmək istəyir. Lakin orada olan şəxslər onu tutub saxlayırlar. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 16 yanvar 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı RİH Başçısının Çuxuryurd kəndi ərazi dairəsi üzrə nümayəndəliyinin 22 yanvar 2025-ci il tarilxi 5-75-21/2-17\2025 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olaraq Şamaxı rayonu, Çuxuryurd kəndndə müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs orta təhsillidir, subaydır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xüliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt ətrafda olan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-26/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-26/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver