Məhkəmə qərarları › İş №1(074)-27/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-27/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-27/2022 16.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Ağsu rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, məhkum olunmamış, Ağsu rayonu, Ərəbsarvan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 10 noyabr 2021-ci il tarixdə saat 21:10 radələrində Şamaxı şəhərində avtovağzal dairəsi yaxınlığında yerləşən “Şamaxı” restoranının həyətində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 22:36-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 6,145 (altı tam mində yüz qırx beş) qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dəqiq tarixi yadında deyil, həbs olunandan on gün əvvəl iş axtarmaq məqsədilə yaşadığı Ağsu rayonu, Ərəbsarvan kəndindən Bakı şəhərinə getmişdir. Həmin tarixdə günorta saatlarında tanımadığı bir taksi ilə Bakı şəhəri avtovağzalının yaxınlığına gedib körpünün altında taksidən düşmüş və piyada avtobus dayanacağına doğru getməyə başlamışdır. Körpünün altında gedərkən yerdə bir ədəd kibrit qutusu görüb maraqlı gəldiyindən həmin kibrit qutusunu götürmüşdür. Həmin kibrit qutusunu açaraq içərisinə baxdıqda, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşdür. Həmin yerdən tapdığı kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı istifadə etmək üçün cibinə qoymuşdur. Həmin kibrit qutusunu o, üzərində gəzdirmişdir. Bakı şəhərində bir gün qaldıqdan sonra yaşadığı Ağsu rayonu, Ərəbsarvan kəndində yerləşən evinə getmişdir. Belə ki, 10 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində yenidən Bakı şəhərinə getmək üçün yaşadığı evdən çıxıb Ağsu şəhərinə getmişdir. Həmin vaxt içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Ağsu şəhərinin girişinə gəlib taksi gözləməyə başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra sonradan adını bildiyi, taksi sürücüsü X3 idarə etdiyi "VAZ-2109" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş və Bakı şəhəri istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Həmin tarixdə artıq saat 21:10 radələrində Şamaxı rayonuna daxil olmuşlar. Şamaxı şəhəri ərazisində yerləşən avtovağzal deyilən yerə yaxın olan “Şamaxı” restoranının yaxınlığındakı çay evinin yanında taksi sürücüsü Seymurdan avtomaşını saxlamasını xahiş etmişdir. Seymur həmin yerdə avtomobili saxladıqdan sonra avtomobildən düşüb sanitar qovşağına getmişdir. Sanitar qovşağından çıxıb çay evinə doğru gedərkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. O, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir adəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməldaşları həmin kibrit qutusunu açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin qurudulmuş marixuananı bəzi vaxtlar istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 10 noyabr 2021-ci il tarixdə, saat 21:10 radələrində polis əməkdaşları Şahid3 və Şahid1 ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən avtovağzal deyilən yerə yaxın olan “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində hər hansısa bir narkotik vasitənin olmadığını dedikdə, onlar həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzünün yuxarı hissəsində “safety matches” yazısı, orta hissəsində təyyarə şəkli, aşağı hissəsində “made in victory Russia” yazılmış, digər tərəfində isə kiril əlifbası ilə “Spiçki” sözləri və ünvan yazılmış kibrit qutusu aşkar edilmişdir. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yuxarı hissəsində “safety matches” yazısı, orta hissəsində təyyarə şəkli, aşağı hissəsində “made in victory Russia” yazılmış, o biri üzündə isə kiril əlifbası ilə “spiçki” sözləri və ünvan yazılmış kibrit qutusu aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 7/1165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqata təqdim edilmiş, bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,145 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 6,145 qram, tədqiqata sərf olundu 0,02 qram və qalıq 6,125 qramdır. Aparılmış tədqiqatın dəyəri 66,46 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsinə dair” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi – 6,125 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir.. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Ş.T.Quliyev adına Ağsu rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 22 noyabr 2021-ci il tarixli 2713 nömrəli məktubundan görünür ki, Ağsu rayonu, Ərəbsarvan kəndində yaşayan Təqsirləndirilən şəxs Ağsu RHŞ-də ruhi-əsəb və narkoloji xəstəliklərinə görə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 noyabr 2021-ci il tarixli, 4645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı 14 noyabr 1992-ci il təvəllüdlü X4, oğlu 01 aprel 2011-ci il təvəllüdlü X5 və qızı 13 fevral 2013-cü il təvəllüdlü X6 ilə Ağsu rayonu, Ərəbsarvan kəndində yaşayır. Təqsirləndirilən şəxs kənd sakinləri arasında intizamlılığı ilə gənclərin dərin hörmətini qazanmış, ailədə və valideynlərinin hörmətini qazanmış, idman yarışlarında iştirak etmiş, gənclərin bir araya gəlməsində fəal iştirak etmişdir. İcra nümayəndəliyinin və kənd bələdiyyəsinin yaxın köməkçisidir. Onun barəsində nümayəndəliyə heç bir mənfi xarakterli şikayət və məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2013 və 2011-ci il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olmaqla, himayəsində azyaşlı uşaqlarının olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağsu rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir, ekspertiza tədqiqatının dəyəri – 66,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,125 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağsu rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 66,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 6,125 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar