Məhkəmə qərarları › İş №1(074)-27/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-27/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-27/2025 06.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri ərazisində yerləşən “VİP” marketdə tanış olduğu xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, Kür-Araz qəsəbəsində görüşərək, sonuncunu həmin qəsəbədə yerləşən, Şahid5 məxsus həyətyanı sahəyə apardıqdan sonra, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində həmin ərazidə olan bir otaqlı tikilidə əvvəlcə Zərərçəkmiş şəxs üzündən öpmüş, daha sonra Zərərçəkmiş şəxs “hər şey yaxşı olacaq”, “narahat olma” kimi sözlər deyib ələ alaraq, əynindəki məktəbli formasının yaxa düyməsini açıb, sinəsindən bir neçə dəfə öpməklə, sonuncunun sol süd vəzinin bir ədəd qançırı xəsarəti almasına səbəb olaraq, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayında Şamaxı şəhərində yerləşən “VİP” marketdə tanış olmuşdur. Həmin vaxt o, Ləmana yaxınlaşaraq, “İnstagram” sosial şəbəkəsində əlaqə saxlamağı təklif etmişdir. Bundan sonra o, Ləman ilə “İnstagram” sosial şəbəkəsində yazışmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında evdə olduğu zaman, Ləman tanımadığı nömrədən ona zəng edərək, təcili Şamaxı rayonu, Kür-Araz qəsəbəsində yerləşən su idarəsinin yanına gəlməyini istəmişdir. Bundan sonra, o, piyada hərəkət edərək, Şamaxı rayonu, Kür-Araz qəsəbəsində yerləşən su idarəsinə tərəf getmişdir. Həmin yerə çatdıqda, Ləmanın Kür-Araz qəsəbəsində yerləşən “şəhid bulağı”nın yanında olduğunu görmüşdür. O, Ləmana yaxınlaşıb, nə baş verdiyini soruşmuş, Ləman isə ona evdən təzyiqlər edildiyini, özünü gölə atacağını demişdir. O, Ləmana sakit olmasını, evə zəng edib valideynləri ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra, Ləman onun mobil telefonu ilə atasına zəng vuraraq, “məni axtarmayın, mən istədiyim oğlanın yanındayam” demişdir. Daha sonra, tanımadığı digər nömrədən Ləmanın anası ona zəng etmiş, o da, sonuncuya “bibi, narahat olma” demişdir. Ləmanın anası isə ona “yerinizi deyin, gəlim qızımı evə gətirim, yaşı azdı, yaşı tamam olandan sonra, gəlib üzük taxarsan, evlənərsiz” demişdir. O, “bibi, sən gəlmə, səbrli ol, mən axşam özüm hər şeyi yoluna qoyacam, Ləmanı axşam geri gətirəcəm” demiş və telefonu söndürmüşdür. O, Ləmanın həyəcanlı olduğunu görüb, sonuncunu yaxınlıqda yerləşən əmisinin qaynatası Xalıq adlı şəxsin bostanına aparmışdır. Xalıq adlı şəxsə Ləmanı qaçırdığını demiş, Xalıq da onlara içəri keçmələrini bildirmişdir. Bundan sonra, onlar birlikdə çay içmiş və bir qədər sonra, Xalıq işinin olduğunu və gedəcəyini, onların burada qala biləcəyini bildirmişdir. Daha sonra, Ləman bostanın həyətindəki kiçik tikiliyə keçmiş, o da, Xalıqı yola saldıqdan sonra, Ləmanın olduğu tikiliyə daxil olmuşdur. Tikilidə olan zaman, telefonunu açmış və çoxlu sayda tanımadığı nömrədən zəng gəldiyini görmüşdür. O, nömrələri Ləmana göstərərək, onları tanıyıb-tanımamağını soruşmuş, Ləman da, nömrələrdən bir neçəsinin ailə üzvlərindən olduğunu demişdir. O, Ləmanın ailə üzvlərinin onları axtardığını başa düşmüşdür. Ləmanla birlikdə tikilidən çıxıb, qardaşı Saleh Qədimova zəng vuraraq, vəziyyətin necə olduğunu soruşmuşdur. Saleh ona “sən niyə qız qaçırmısan, yerini de mən gəlib sizi gətirim” demiş, o isə, Salehə narahat olmamasını, Ləmanla birlikdə evə gədəcəklərini demişdir. Evə çatdıqdan sonra, baş verən hadisəni ailə üzvlərinə danışmışdır. Bacısı Aygün öz paltarlarından Ləmana vermişdir ki, Ləman üzərində olan məktəbli formasını dəyişsin. Bundan sonra, evlərinin həyətində polis əməkdaşlarının gəldiyini görüb, qorxduğu üçün evdən qaçmışdır. Həmçinin, o, Ləmanın yaşını dəqiq bilməmiş, lakin görüşən zaman, əynində məktəbli forması olmuşdur. Ləmanı yaşadığı evə gətirən zaman, evdə anası Şahid4, nənəsi Nailə Manafova, bacısı Şahid3 və qardaşı Saleh Qədimov olmuşdur. Zərərçəkmiş şəxs ilə onun arasında heç bir şey olmamış, o, Ləmanın üzündən, sinəsindən öpməmişdir. Bu səbəbdən də, verilmiş ittihamla bağlı özünü təqsirli bilmir. Qeyd olunanları nəzərə alıb, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsla Şamaxı şəhərində yerləşən “VİP” marketdə tanış olmuşdur. Belə ki, marketdə olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, “mən səni çoxdan görmüşəm, xoşum gəlir səndən, özüm yaxınlaşmırdım ki, adına söz çıxmasın” demiş, o da, cavabında Səxavətə ona yaxınlaşmamasını demişdir. Həmin söhbətdən sonra o, Səxavəti bir neçə dəfə görsə də, Səxavət ona yaxınlaşmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, xalasının azyaşlı nəvəsi ilə “VİP” marketdə olan zaman, Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, şirniyyat vermişdir. Həmin zaman, Səxavət ona “İnstagram” sosial şəbəkəsinə daxil olaraq, adını yazmağını, həmin şəbəkədə adını axtarışa verən zaman ilk olaraq onun adı çıxacağını və orada mobil nömrəsini qeyd etdiyini bildirmişdir. Həmçinin, Səxavət danışıq zamanı ona zəng etməyini, əks təqdirdə başına oyun açacağını, Şamaxı şəhərində yaşadığı üçün onu rahatlıqla tapacağını demişdir. O, həmin gün evə gələrək, anasına məxsus mobil telefonla “İnstagram” sosial şəbəkəsinə daxil olaraq, axtarış bölməsində Səxavətin adını yazmış və qarşısına ilk çıxan profildə Səxavətin adı və nömrəsi qeyd olunmuşdur. O, həmin profildən nömrəni götürüb özündə saxlamışdır. Növbəti gün yəni, xx.xx.2024-cü il tarixdə oxuduğu Şamaxı şəhər 6 saylı tam orta məktəbdə 13:50-də sonuncu dərsdən çıxdıqdan sonra, Səxavətin ona hədə-qorxu gəlməsindən qorxaraq, ilk olaraq Şamaxı rayonu ərazisində yerləşən “Yeddi Günbəz” qəbirstanlığına gedərək, babasının qəbirini ziyarət etmişdir. Daha sonra, Kür-Araz qəsəbəsi istiqamətində gedərək, orada yerləşən su idarəsinin yaxınlığında tanımadığı orta yaşlı bir kişidən valideynləri ilə əlaqə saxlamaq adı ilə həmin şəxsin mobil telefonunu almış və Səxavətin istifadəsində olan nömrəyə zəng etmişdir. Səxavət telefona cavab verən zaman o, özünü təqdim etmişdir. Səxavət ondan harada olduğunu soruşmuş, o da, Səxavətə Kür-Araz qəsəbəsində olduğunu demişdir. Təxminən 10 dəqiqə sonra Səxavət piyada tək onun olduğu yerə gəlmişdir. Yaxınlaşdıqda o, Səxavətə nə sözü olduğunu demiş, Səxavət də ona cavab olaraq “mən sənin arxandayam, hara getsən gələcəm, nə istəsəm edəcəm, heç kimdən qorxmuram, yığ ata-anana de ki, polisə şikayət etməsin, əks təqdirdə başına oyun açacam” demişdir. O da, cavab olaraq yaşının 15 olduğunu, məktəbdə oxuduğunu Səxavətə bildirmiş, Səxavət də, cavab olaraq ona yaşının 24 olduğunu demişdir. O, Səxavətə çıxıb getməsini, onu narahat etməməsini bildirmiş, Səxavət isə valideynlərinə zəng etməyini bildirib, “əks halda olan sənə olacaq” demişdir. Bundan sonra o atasının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, atasına “mənəm Ləman” demişdir. Həmin zaman Səxavət telefonu alaraq, ona “istədiyim adamın yanında olduğumu, evə gəlməyəcəyimi” valideynlərinə deməyini bildirmişdir. Yenidən Səxavət telefonu ona vermiş və o da, Səxavətin ona dediyi qaydada atasına Səxavətin dediklərini demişdir. Səxavət bundan sonra telefonu ondan alaraq söndürmüşdür. Həmin vaxt o həyəcanlı olmuş və əlləri əsirmiş, Səxavət də onun əllərinin əsdiyini görüb, evə getməklərini bildirmişdir. Səxavət ona su idarəsinin arxasında bostanda tikili olduğunu bildirmiş və ora gedəcəklərini demişdir. Onlar həmin ərazidə olan zaman, Səxavət orada olan yaşlı kişini ona əmisinin qayınatası kimi təqdim etmiş və həmin şəxsə qız qaçırdığını demişdir. Həmin kişi də, onlara içəri keçmələrini bildirmişdir. Bundan sonra, o və Səxavət bir qədər həyətdə oturmuş, təxminən 5-10 dəqiqə sonra həmin kişi onlara yaxınlaşaraq, həyətdə olan tikiliyə keçmələrini bildirmişdir. Həmin tikiliyə yalnız o daxil olmuş, Səxavətlə həmin kişi çöldə gözləmiş, bir qədər sonra, Səxavət onu yenidən çölə çağırmış və ailə üzvlərinə zəng edərək onlara “ailə olduğumuzu” deməyini bildirmişdir. O razı olmadığını bildirən zaman, Səxavətin telefonuna onun anası Aynurə zəng etmiş, Səxavət telefonda anasına “ailə olduğumuzu” bildirmiş və hər şeyi yoluna qoyacağını deyərək, telefonu söndürmüşdür. Təxminən 1-2 saat orada qaldıqdan sonra, həmin kişi onlara yaxınlaşaraq, işi olduğunu və harasa gedəcəyini bildirmişdir. Həmin yaşlı kişi getdikdən sonra, Səxavət mobil telefonunu açmış və çoxsaylı zənglərin gəldiyini demiş, həmin zənglərdən birinin polisdən olduğunu demişdir. Bundan sonra, Səxavət otaqda ona yaxınlaşaraq, əvvəl üzündən öpmüş, daha sonra məktəbli formasının yaxasındakı düyməni açmaq istəyən zaman o, Səxavətin əlindən tutaraq, buna icazə verməmiş, lakin Səxavət onun əlini aşağı salaraq, ona dayanmağını bildirmiş və köynəyinin yaxasını açaraq, sinəsindən bir neçə dəfə öpmüşdür. O, isə qorxduğu və ərazidə heç kim olmadığı üçün qışqıra bilməmişdir. Həmin proses təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan sonra, Səxavət telefonu açaraq, taksi sürücüsü ilə danışıb sonuncudan harada olduğunu soruşmuşdur. Təxminən 5 dəqiqə sonra olduqları yerə avtomobil gəlmiş və Səxavət onunla birlikdə həmin avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobildə olan zaman, Səxavət həmin taksi sürücüsündən məhəllədə polisin olub-olmadığını soruşmuş, taksi sürücüsü də, cavab olaraq məhəllədə heç kimin olmadığını demişdir. Bundan sonra, onlar Səxavətin yaşadığı məhəllədə onların evinə getmişdir. Onlar evə çatan zaman, orada Səxavət ona nənəsi, anası və bacısını təqdim etmiş və onlar evə keçmişdir. Səxavət daha sonra ailə üzvləri ilə söhbət etmiş, lakin o, evdə olduğu üçün hansı məzmunda söhbətin getməsindən xəbəri olmamışdır. Təxminən 5 dəqiqə sonra, Səxavətin əvvəlcədən tanıdığı, eyni məktəbdə oxuduqları 11-ci sinif şagirdi Günay adlı bacısı onun olduğu otağa gələrək, ona yemək təklif etmiş, o da, cavab olaraq iştahının olmadığını demişdir. Bir qədər sonra, Günay ona öz geyimlərini gətirmiş və paltarlarını dəyişməyi təklif etmişdir. O da, içəri otaqda paltarlarını dəyişib, Günayı verdiyi paltarları geyinmişdir. Bir qədər sonra, polis əməkdaşları həmin evə gəlmişlər. Həmin vaxt polis əməkdaşı o olan otağa gəlib, Səxavətin ona zor tətbiq edib-etməməyini, xəsarətinin olub-olmadığını soruşmuşdur. O da, cavab olaraq, xəsarətinin olmadığını demiş və orada qalacağını düşündüyü üçün qorxmuş və polisə ona heç kimin hədə-qorxu gəlmədiyini demişdir. Bundan sonra, polis əməkdaşı çölə çıxmış və bir qədər sonra digər polis əməkdaşları ora gələrək, onu rayon polis şöbəsinə aparmışdır. Göstərilənlərə əsasən, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada ədalətli cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə işdən çıxaraq, nahar fasiləsi üçün evə getmişdir. Evdə olan zaman, oğlu Elvin məktəbdə 6-cı dərsdən çıxaraq, evə gəlmişdir. Evə gələn zaman, Elvindən bacısı Ləmanın harada olduğunu soruşmuş, Elvin də, cavabında ona Ləmanın daha bir dərsi olduğunu demişdir. Belə ki, Ləmanın dərsi 13:45-də bitməli idi. Yaşadıqları ev Ləmanın oxuduğu 6 nömrəli məktəbə yaxın olduğu üçün, Ləmanın dərsdən çıxaraq evə gəlməsi təxminən 10 dəqiqə çəkir. Saat 14 radələrində Ləman evə gəlmədiyi üçün, oğlu Elvini Ləmanın arxasınca məktəbə göndərmişdir. Təxminən 10 dəqiqə sonra, Elvin evə geri qayıdaraq, Ləmanın sinif yoldaşlarını gördüyünü, sinif yoldaşlarının ona Ləmanın dərsdən çıxdığını, lakin Ləmanın harada olması barədə məlumatlarının olmadığını bildirdiklərini demişdir. Bundan sonra, o, özü oğlu Elvinlə birlikdə yenidən məktəbə getmiş və orada Ləmanın sinif yoldaşlarını görmüş, onlardan Ləmanın harada olduğunu soruşanda, sinif yoldaşları Ləmanın 7-ci, yəni sonuncu dərsdə sinifdə olduğunu, dərsdən çıxdıqdan sonra görmədiklərini demişlər. Daha sonra o, məktəblə üzbə-üz yaşayan qohumları Qədir İsmayılovun evinə gedərək, Ləmanın onlara gəlib-gəlmədiyini soruşmuşdur. Bundan sonra, yaşadığı evə gəlmiş və qohumlara zəng edərək, Ləmanla maraqlanmışdır. Onlar da, Ləmanı görmədiklərini, onlara gəlmədiyini bildirmişlər. Bundan sonra, əri Elnurla birlikdə sonuncuya məxsus avtomobillə ara küçələri gəzərək, Ləmanı axtarmağa başlamış, lakin tapa bilməyib evə qayıtmışlar. Təxminən bir neçə saat sonra, əri Elnurun telefonuna zəng gəlmiş, əri cavab verdikdə, danışanın Ləman olduğunu bilmişdir. Ləman “məni axtarmayın, mən istədiyim oğlanla gəlmişəm” demiş, lakin səs zəif gəldiyi üçün, Ləmanla çox danışa bilməmişlər. Bundan sonra, həmin nömrəyə bir neçə dəfə zəng etsələr də, cavab verən olmamış, nəhayət bir neçə dəfə zəng etdikdən sonra, telefona bir oğlan cavab vermiş və ona “bibi darıxma, qızın artıq mənim ailəmdi, sən sakit dayan” demişdir. O, həmin oğlana “yerinizi deyin, mən gəlim qızımı götürüm evə gətirim, yaşı azdı, yaşı tamam olandan sonra, gəlib üzük taxarsan və evlənərsiz” demişdir. Oğlan telefonda ona “yox, bibi sən gəlmə, səbirli ol mən axşam hər şeyi yoluna qoyacam” demiş ve telefonu söndürmüşdür. Bundan sonra, bir neçə dəfə həmin nömrəyə zəng etsələr də, zəng çatmamışdır. Daha sonra, o, qardaşı Şahid2 çağırıb, hər şeyi danışmışdır. Qardaşı polis şöbəsinə gedərək, Ləmanın qaçırılması ilə bağlı məlumat vermişdir. Bir neçə saatdan sonra, qardaşı evə qayıtmış və onlara zəng edən nömrənin Ləmanı qaçıran şəxsə yox, başqa şəxsə məxsus olmasını bildirmişdir. Onlar bir gün əvvəl Ləmanın Şamaxı şəhərində yerləşən “VİP” adlı marketə getdiyini bildikləri üçün, qardaşı polis əməkdaşı ilə birlikdə həmin marketə gedərək, orada quraşdırılmış kameralar tərəfindən qeydə alınmış görüntülərə baxmışdır. Həmin görüntülərdə qızı Ləmanın marketə getdiyini, Səxavət adlı oğlanın marketdə onun arxasınca getdiyini, marketdə bir neçə şey alaraq, Ləmana verdiyini və Ləmanın çıxıb ev istiqamətində gəldiyini görmüşlər. Bundan sonra onlara məlum olmuşdur ki, qızı Ləmanı Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs adlı oğlan qaçırmışdır. Polis əməkdaşları Səxavət yaşayan evə getmiş, lakin Səxavət qaçdığı üçün onu tuta bilməmişdirlər. Qızı Ləmanı isə götürüb polis şöbəsinə gətirmişlər. Ləmanı polis şöbəsinə gətirəndə o və qardaşı Sahib də, polis şöbəsində olmuşlar. Polis şöbəsində olduqları vaxt, qızı Ləmanın deməsindən bilmişdir ki, Səxavət bir gün əvvəl Ləmana söyləyib ki, dərsdən çıxanda ona zəng etsin, Ləman da bir nəfər tanımadığı şəxsdən mobil telefonu götürərək, Səxavətə zəng etmişdir. Səxavət Ləmanın olduğu yerə gedərək, əvvəlcə onu Kür-Araz qəsəbəsində adını bilmədiyi əmisinin qayınatasına məxsus evə aparmış, əmisinin qayınatası çöldə bir neçə saat Səxavətlə birlikdə oturmuş, Ləman özü isə evin içərisində oturmuş və yuxuya getmiş, ayıldıqda Səxavətin onun olduğu otaqda ayaq üstə pəncərənin qarşısında dayanıb, siqaret çəkdiyini görmüş və Ləmana çay dəmləmiş, çıxaq çöldə çay içək demişdir. Bir müddət sonra, Səxavətin əmisinin qayınatası həmin evdən getmişdir. Səxavət mobil telefonuna polisin zəng etdiyini gördükdə, Ləmanı öz evinə aparmaq üçün taksi çağırmış, taksi gələnədək, evin yataq otağında Ləmanın sinəsindən və dodaqlarından öpərək, Ləmana qarşı əxlaqsız hərəkətlər törətmişdir. Həmçinin, polis şöbəsində polis əməkdaşlarının iştirakı ilə qızının bədəninə baxış keçirilmiş və baxış keçirən zaman, qızının sinəsinin sol döşünün üzərində göyərtilər olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Qanuni nümayəndə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəninin qardaşı oğludur. Onun Şamaxı şəhəri, Kür-Araz qəsəbəsi adlanan ərazidə həyətyanı sahəsi var və orada iri buynuzlu heyvanlar saxlayır. Eyni zamanda, meyvə ağacları və bostan bitkiləri yetişdirir, həyətyanı sahədə kiçik bir tikili də var ki, yay aylarında oradan istirahət etmək üçün istifadə edir. O, hər gün səhər saatlarında yaşadığı Ü.Hacıbəyov küçəsindəki evdən çıxaraq, Kür-Araz qəsəbəsindəki həyətyanı sahəyə gedir, orada işlərini yekunlaşdırdıqdan sonra, təxminən saat 20 radələrində evə qayıdır. xx.xx.2024-cü il tarixdə də, həmişə olduğu kimi, yaşadığı evdən çıxaraq, Kür-Araz qəsəbəsindəki həyətyanı sahəyə getmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs yanında tanımadığı bir nəfər azyaşlı qızla onun olduğu yerə gəlmiş, həmin qızın əynində məktəbli forması olmuşdur. O, Səxavətdən qızın kim olmasını soruşduqda, sonuncu ona qızı qaçırdığını demişdir. Bundan sonra o, Səxavətlə qızı içəri dəvət etmişdir. Bundan sonra o, samovarda çay dəmləmiş və birlikdə həyətdə çay içmişlər. Bir müddət sonra o, Səxavətə bostanda işləməyə gedəcəyini deyib, geri qayıdana qədər çıxıb getmələrini istəmiş, Səxavət isə ona hava bir qədər qaraldıqdan sonra, qızı öz yaşadığı evə aparacağını demişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs həmin tikilidə Ləman adlı həmin qıza qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük övladıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə əvvəllər hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında oğlu Səxavətin mobil telefonuna zəng gəlmiş, Səxavət həmin vaxt evdə olmuş, Səxavət telefonda danışdığı şəxsə “narahat olma, orada gözlə, gəlirəm” demiş və evdən çıxmışdır. Həmin gün saat 20 radələrində qayınanası Nailə Manafova evlərinin qarşısında polis əməkdaşlarının olduğunu görmüş və polislərdən nə üçün burada gözlədiklərini soruşmuşdur. Polis əməkdaşları qayınanasına Səxavətin qız qaçırdığını demişlər. Bundan sonra, qayınanası onların yaşadıqları evə gəlib, ondan Səxavətin harada olduğunu soruşmuşdur. Onların yaşadığı evlə qayınanasıgilin yaşadığı ev üzbə-üz yerləşir. O, nə məsələ olduğunu aydınlaşdırmaq üçün, yaşadığı evdən çıxıb qaynıgilə getmişdir. Bir müddət sonra həmin evin qarşısında bir taksi dayanmış və arxa oturacaqdan Səxavət və adını sonradan öyrəndiyi Ləman adlı şəxs düşmüşdür. Ləman onların yaşadığı evin darvazasından içəri keçmiş və içəri daxil olmuşdur. Ləmandan burada nə işi olduğunu soruşmuş, Ləman ona cavabında anası və atasının məsələdən xəbəri olduğunu, eyni zamanda, Səxavətin 24 yaşının olduğunu bildiyini də söyləmişdir. Həmin vaxt digər oğlu Saleh də evdə olmuş, Ləmanı görüb onun burada nə işi olduğunu soruşmuş və əsəbi halda evdən çıxıb getmişdir. O, Salehin özünə nəsə edə biləcəyindən qorxduğu üçün, ardınca evdən çıxmışdır. Bir müddət sonra evə qayıtmışdır. O, Salehin arxası ilə evdən getdiyi vaxt ərzində, Səxavət bacısı Günaya demişdir ki, “öz paltarlarından Ləmana ver, əynini dəyişsin”. Qızı Günay da, öz paltarlarından Ləmana vermişdir. Belə ki, Zərərçəkmiş şəxs onların evinə gələndə əynində məktəbli forması olmuşdur. Bir müddət sonra polis əməkdaşları onların yaşadığı evə gəlmişdir. Səxavət polis əməkdaşlarının gəldiyini görüb evdən qaçmış, Zərərçəkmiş şəxs isə polis əməkdaşları polis şöbəsinə aparmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 351 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs sol süd vəzinin bir ədəd qançırı küt alət təsirindən törənməklə, kənar şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə öpülməsi zamanı alınması mümkündür. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bəkarət pərdəsinin tamlığı pozulmayıb, onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri yoxdur. İş materiallarında olan İttiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, 1 (bir) il 3 (üç) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılıbdır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar