Məhkəmə qərarları › İş №1(074)-28/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-28/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-28/2023 15.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İHakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Şamaxı rayonu, Nağaraxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində Şamaxı şəhəri, Avtovağzal dairəsi yaxınlığında “Göylər yolu” adlanan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 1-ci kilometrliyində yerləşən Şamaxı Şirvan Ticarət Kompleksinin Şamaxı heyvan bazarına aid iri və xırda buynuzlu heyvanların alqı-satqısı bazarında olarkən Zərərçəkmiş şəxs cibində pul olmasını görərək oğurlamaq qərarına gəlib bazarda elektrik enerjisinin kəsilməsi nəticəsində yaranan qaranlıqdan istifadə edərək sonuncuya yaxınlaşıb əynindəki qara rəngli klassik tipli şalvarın sol yan cibindən 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini hiss etdirmədən çıxarmaqla oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus özgənin əmlakını cibindən çıxarmaqla gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, fəhlə kimi fəaliyyət göstərir, həmçinin nisyə heyvan alıb satır. xx.xx.2022-ci il tarixində Şamaxı rayonu Kərkənc kənd sakini Ələsgər adlı şəxsin oğlundan iki baş iri buynuzlu heyvanı 800 (səkkiz yüz) manata nisyə almışdır. Həmin şəxsdən aldığı iri buynuzlu heyvanları o, xx.xx.2022-ci il tarixində saat 02 radələrində Şamaxı rayonunda yerləşən heyvan bazarına gətirərək İsmayıllı rayon sakini Türk vətəndaşı kimi tanıdığı lakin adını bilmədiyi həmin şəxsə iki baş iri buynuzlu heyvanı ümumilikdə 560 (beş yüz altmış) manata satmışdır. Daha sonra orada olan alıcılara köməklik göstərərək ümumilikdə 50 (əlli) manat da əlavə olaraq pul qazanmışdır. Onun ümumilikdə heyvan aldığı şəxslərə 2900 (iki min doqquz yüz) manat pul borcu olmuşdur. Həmin borc sahibləri ondan borclarını qaytarmağını tələb etdiklərindən, o, onların borclarını qaytarmaq üçün bazarda bir neçə şəxsə yaxınlaşaraq borc istəmiş, lakin heç kim ona borc pul verməmişdir. Əvvəllər tanıdığı Zərərçəkmiş şəxs həmin günü heyvan bazarında olmuşdur. O, onun yanında olan zaman bir nəfər şəxsin ona 1700 (min yeddi yüz) manat pul verdiyini görmüşdür. O, sadəcə olaraq ona yaxınlaşıb borc istəmək istəsə də, utandığından ondan borc istəyə bilməmişdir. Gecə saatlarında təxminən saat 05:00 radələrində o, gətirdiyi heyvanları 560 (beş yüz altmış) manata satdığından və həmin şəxsdə heyvanların müqabilində ona 600 (altı yüz) manat verdiyindən o, həmin puldan 40 (qırx) manat həmin şəxsə qaytarmalı olmuşdur. Həmçinin borc sahibləri ondan bazarda pullarını tələb etdiklərindən yəni ki o, onlara xx.xx.2022-ci il tarixində pulu verməli olduğundan, həmçinin Zərərçəkmiş şəxs şalvarının sol cibində 1700 (min yeddi yüz) manatı gördüyündən o, Nurəlinin cibindən pulu oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdəndə o, ona yaxınlaşmış, həmin vaxtı işıqlar sönmüşdür. O, Nuralıya yaxınlaşan zaman onun pulu cibində görsəndiyindən ona hiss etdirmədən sol cib hissəsinə yaxınlaşıb əli ilə onun pulunu cibindən oğurlamışdır. Həmin pul rezinlə bağlandığından o, dərhal oğurladığı pulu cibinə qoymuşdur. Daha sonra isə 100 (yüz) manatı xırdalamaq üçün bir neçə şəxsə yaxınlaşsada onlar həmin pulu xırdalamadığından o, Zərərçəkmiş şəxs yaxınlaşaraq 100 manat pulu xırdalamağını istəmişdir. O, da həmin pulu xırdalayaraq ona 5 (beş) ədəd 20 (iyirmi) manatlıq pul əskinazı qaytarmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs cibindən oğurladığı həmin pulu Şamaxı rayonu heyvan bazarında itirmişdir. Daha sonra isə bazardan çıxaraq taksiyə əyləşərək Qobustan RPŞ istiqamətinə getmişdir. Acıdərə kəndi istiqamətində olan zaman qardaşı oğlu Səxavət adlı şəxs ona zəng edərək söyləmişdir ki, “Zərərçəkmiş şəxs ona deyir ki guya onun cibindən mən pul oğurlamışam.” O da bu səbəbdən dərhal geri qayıtmış və heyvan bazarına gəlmişdir. O, heyvan bazarına daxil olan zaman Nuralının kafedə çay içdiyini görüb ona yaxınlaşmış və söyləmişdir ki “bu nə söhbətdir mənim barəmdə söyləyirsən?” o da ona söyləmişdir ki “sən tək deyilsən, mənim yanımdan keçmisən və buna görə də səndən şübhələnirəm”. O isə ona and içərək onun pulunu oğurlamadığını bildirmişdir. Nuralı ona polisə müraciət edəcəyini, onların guya 3 nəfər olduğunu bildirmişdir. O da ona gedib şikayət edə biləcəyini bildirmişdir. Bundan sonra o, Qobustan RPŞ-nə getmiş, ondan bir nəfər şəxs pul ilə bağlı şikayət etdiyindən o, aparıb 400 (dörd yüz) manat da ödəmişdir. Polis Şöbəsindən çıxdıqdan sonra o, Şamaxı şəhərinə evinə gəlmiş, evdə olan zaman bir qədər yemək yeyib spirtli içki qəbul edib yatmışdır. Daha sonra isə polis əməkdaşları onun evinə gələrək onu RPŞ-nə dəvət etdiklərindən o, onlarla birlikdə RPŞ-nə gəlmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşıb onun pulu oğurlamaq istəyərkən həmin şəxsin cibində olan pul açıq şəkildə görünmüş, yəni onun pulu cibində sanki yerə düşəcək formada olduğundan, o, ona yaxınlaşaraq pulu rahat şəkildə cibindən oğurlamışdır. Həmin vaxtı Nuralı onun cibindən pul oğurlamağını hiss etməmişdir. O, Nurəli Kərimovun yanında olan zaman Nuralı ona hər hansısa bir söz söyləməmişdir. Nuralının heyvanlarını Türk vətəndaşı almaq istəmiş, lakin o, həmin heyvanları baha qiymətə dediyindən həmin türk vətəndaşı ona yaxınlaşaraq söyləmişdir ki, həmin heyvanları 500 manata ona alsın və o, da ona 10 manat pul versin. Bu səbəbdən də o, vasitəçilik etsə də Nuralı adlı şəxs həmin heyvanı 650 manata satmasını söylədiyindən o, həmin heyvanları almamışdır. Həmçinin o, nisyə aldığı heyvanı 800 manata alıb 560 manata satmışdır. Həmin şəxsdəndə nisyə heyvanı alan zaman ona söyləmişdir ki, bir neçə günə onun pulunu qaytaracaqdır. Həmin heyvanları 800 manata alsada 560 manata satmağına səbəb həmin heyvanları alan olmaması olmuşdur və o, da borcunu qaytarmalı olduğundan məcbur qalaraq həmin heyvanları ucuz qiymətə satmışdır. O, oğurladığı pulu itirdiyindən və həmin pulun harada olmasını bilmədiyindən ilkin ifadə verən zaman yalan ifadə verərək həmin pulu borclu olduğu şəxslərə qaytardığını bildirmişdir. O, bundan başqa hansısa bir oğurluq etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, özü heyvan alqı-satqısı ilə məşğuldur. Yəni başqa şəxslərdən iri buynuzlu heyvanları alıb Şamaxı rayonunda yerləşən heyvan bazarında başqa-başqa şəxslərə satır. O, xx.xx.2022-ci il tarixində Qobustan rayonu Xilmilli kəndində yaşayan Elçin adlı şəxsdən 1660 (min altı yüz altmış) manata iki baş iri buynuzlu heyvanları iki baş buzovları ilə birlikdə almış, daha sonra həmin kənd sakini adını bilmədiyi, lakin əvvəllər tanıdığı Anar adlı şəxsin qardaşından 1450 (min dörd yüz əlli) manata 3 baş iri buynuzlu heyvan almışdır. Bundan sonra həmin tarixdə Xilmilli kənd sakini adını xatırlamadığı lakin Elçin adlı şəxsin qonşusundan 700 (yeddi yüz) manata bir baş iri buynuzlu heyvan almışdır. Lakin o, həmin heyvanları aldıqdan sonra onları Şamaxı şəhərinə gətirməmiş və həmin kənddə QAZ 53 markalı yük avtomobilinin sürücüsünə 50 (əlli) manat vermişdir ki, həmin heyvanları xx.xx.2022-ci il tarixində Şamaxı rayonunda yerləşən heyvan bazarına gətirsin. O, xx.xx.2022-ci il tarixdə həmin heyvanları saat 02:00 radələrində Şamaxı rayonunda yerləşən heyvan bazarına gətirərək ona təhvil vermişdir. O, 1660 (min altı yüz altmış) manata aldığı iki baş iri buynuzlu heyvanın bir başını Sabirabad sakini Həsən adlı şəxsə 900 (doqquz yüz) manata, digərini isə həmin şəxsə 930 (doqquz yüz otuz) manata satmışdır. Daha sonra 1450 (min dörd yüz əlli) manata aldığı 3 baş iri buynuzlu heyvanları Cəbirli kənd sakini üzdən tanıdığı lakin adını bilmədiyi şəxsə ümumilikdə 1600 (min altı yüz) manata satmışdır. Həmin şəxs ona 1000 (min) manat verərək 600 (altı yüz) manat borclu qalmışdır. 700 (yeddi yüz) manata aldığı heyvanı isə sata bilmədiyindən həmin heyvanları “QAZEL” markalı avtomobil ilə Dağ Bağırlı kəndinə göndərmişdir. O, heyvanları satdıqdan sonra 2830 (iki min səkkiz yüz otuz) manat pulu şalvarının sağ cibinə qoymuşdur. Əvvəldən ona borclu qalan Həsən və Ağa adlı şəxslər ona heyvan alqı-satıqısından 1700 manat borclu olduqlarından, Həsən adlı şəxs ona 1700 manat, Ağa adlı şəxsdə 1700 manat pul vermiş və o, həmin pulu şalvarının sol cibinə qoymuşdur. Həsən və Ağa adlı şəxs ona ümumilikdə 3400 (üç min dörd yüz) manat borclarını qaytaran zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onun yanında dayanmış və onun onlardan pul aldığını görmüşdür. O, hara gedirdisə Fəxrəddində onun arxasınca gələrək onu izləmiş və yanında dayanmışdır. Təxminən saat 05:00 radələrində heyvan bazarının işıqları sönmüş və qaranlq olduğundan o, Fəxrəddinə söyləmişdir ki “nə fırlanırsan mənim yanımda işin gücün yoxdur?” o isə ona söyləmişdir ki “işim yoxdu dayanmışam burda”. Bundan təxminən 15 dəqiqə sonra işıqlar yanmış və həmin vaxtı o, ona 100 manat verərək həmin pulu xırdalamağını istəmişdir. O, da sağ cibindəki pulnan onun ona verdiyi pulu xırdalamışdır. O, ondan kənarlaşıb getdikdən təxminən 10 dəqiqə sonra o, sol cibinə əlini salaraq baxan zaman 3400 (üç min dörd yüz) manat pulunun oğurlandığını bilmiş, dərhal səs-küy salaraq pulunun oğurlanmasını hər kəsə söyləmişdir. Lakin oğurlayan şəxsi tapa bilməmişdir. O, Fəxrəddin adlı şəxsdən şübhələndiyi üçün onu axtarsada bazarda tapa bilməmiş, o, Fəxrəddin adlı şəxsin qardaşı oğlu Səxavəti görüb Fəxrəddinin harada olmasını soruşmuş, o, isə bilmədiyini və nə üçün soruşduğunu söylədikdə o, ona Fəxrəddinin onun cibindən pulunu oğurladığını söyləmişdir. O, ona söyləmişdir ki, Fəxrəddinin cinayətkar əməllərinə görə heç bir qardaşı onunla danışmır. Bundan sonra Səxavət adlı şəxs Fəxrəddinə zəng etmiş və o, yarım saat sonra bazara gəlmişdir. O, kafedə oturan zaman o, onun yanına gəlmiş və nə üçün ondan şübhələndiyini söylədikdə o, ona bildirmişdir ki, “mənim yanımda gəzən sən olmusan, bu səbəbdəndə səndən şübhələnirəm. Məni izləyən yalnız sən olmusan.” Fəxrəddin isə ona onun pulunu oğurlamadığını, Qobustan RPŞ tərəfindən çağrıldığı üçün oraya gedəcəyini söylədikdə o, ondan şikayət edəcəyini bildirmişdir. O, isə gedib hara istəyirsə şikayət edə biləcəyini bildirmiş, bundan sonra o, Şamaxı RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs bildirdi ki, hal-hazırda təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, heyvandarlıqla məşğuldur. Fəxrəddin adlı şəxsi uzun illərdir ki tanıyır, həmin şəxslə münasibətləri normal olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə Fəxrəddin adlı şəxs qardaşı Vaqif Omarovla birlikdə onların evinə gələrək ondan heyvan satıb-satmadığını soruşmuşdur. O, iki baş iri buynuzlu dananı satmaq istədiyini bildirmiş, Fəxrəddin ona həmin heyvanları nisyə satmağını təklif etmiş, əvvəl razı olmasa da, sonrdan o, xx.xx.2022ci il tarixədək pulunu qaytaracağını bildirdiyindən, onunla bir baş heyvanı 400 manata razılaşmış və ona heyvanları nisyə satmışdır. O, həmin heyvanları “Qazel” markalı avtomaşına yükləyib aparmışdır. Fəxrəddin danaların pulunu ona 06 noyabr 2022-ci il tarixdə qaytaracağını desə də verməmişdir. Sonradan Fəxrəddinə neçə dəfə zəng etmiş, onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Fəxrəddin adlı şəxs onun əmisi qızının həyat yoldaşıdır. Onların münasibətləri daim normal olmuşdur. Təxminən 2007-ci ildə o, Fəxrəddin adlı şəxs ilə birlikdə heyvan oğurluğunda ittiham olunduğundan məhkum olmuşdurlar. xx.xx.2022-ci il tarixində o, kartof-soğan almaq məqsədi ilə Şamaxı rayonunda yerləşən heyvan bazarına gəlmişdir. Orada Fəxrəddin adlı şəxsi görmüş, ona söyləmişdir ki, Qobustan RPŞ-nə gedir. Onunla Qobustana gedib gəlməyi ondan xahiş etmişdir. O da onunla razılaşmış və birlikdə taksi ilə Qobustan RPŞ-nə getmişlər. Yolda gedən zaman Fəxrəddin ona söyləmişdir ki, Səxavət ona zəng edərək söyləmişdir ki, Bağırlı kənd sakininin deməsinə görə, pulu oğurlanıb və ondan şübhələnir. Yol boyu o, həmin puldan məlumatının olmadığını və kimin oğurlamasını bilmədiyini söyləmişdir. Onlar Qobustan RPŞ-nə getdikdən sonra o avtomobildən enərək RPŞ-nin inzibati binasına daxil olmuşdur. Təxminən yarım saat sonra gəlmiş və onlar Qobustanda kafedə əyləşib yemək yedikdən sonra o, Şamaxı şəhərinə gəlmişdir. Şamaxı şəhərində meşə idarəsinin yanında avtomobildən enərək Fəxrəddin adlı şəxsin evinə getmişlər. Fəxrəddin adlı şəxsin evində də bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra o, öz evinə gəlmişdir. Fəxrəddin adlı şəxs onun yanında həmin pul oğurluğu ilə bağlı başqa hər hansısa bir söz işlətməmişdir. Sadəcə olaraq o, söyləmişdir ki, Bağırlı kənd sakini ona bildirmişdir ki, gedib polisə şikayət edəcəkdir. O da bu səbəbdən söyləyib ki gedib polisə şikayət edə bilərsən. O, sadəcə avtomobilin günlüyündə 200 manatlıq görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, özünə məxsus “Lada 21015” markalı **-NT-*** qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-cil il tarixdə o, səhər saatlarında heyvan bazarına gedərək həmin bazardan kartof almışdır. Həmin gün onu Fəxrəddin adlı şəxs görərək ondan telefon nömrəsini istəmişdir ki, Qobustan rayonuna getməli olsa ona zəng etsin və onunla birlikdə getsin. O, əvvəlcə onu bir dəfə Qobustan rayonuna aparmış, sadəcə olaraq ona söyləmişdir ki, 20 manat müqabilində onu aparacaqdır. O isə ona 18 manat pul verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Bundan sonra o, evinə gəlmişdir. O, təxminən saat 10 radələrində 9 nömrəli məktəbin yanında onun idarə etdiyi taksiyə əyləşərək onu Qobustan rayonuna aparmağını söyləmişdir. Onlar Acıdərə kəndi istiqamətində gedən zaman bir nəfər şəxs ona zəng edərək kiminsə cibindən 3700 (üç min yeddi yüz) manat pul oğurlandığını və həmin pulu oğurlanan şəxsin ondan şübhələndiyini bildirmiş, o da təəcüblə bundan xəbərinin olmadığını bildirmiş və daha sonra ona söyləmişdir ki, “geriyə qayıdaq, heyvan bazarına gedək.” O, gətirib onu heyvan bazarında avtomobildən endirdikdən sonra çıxıb evi istiqamətinə getmişdir. Təxminən 40 dəqiqə sonra Fəxrəddin yenidən ona zəng edərək gəlib onu Qobustan rayonuna aparmağını söyləmişdir. O, gəlib onu götürən zaman sonradan adı ona məlum olan Feyzulla adlı şəxsin də onun yanında olduğunu görmüşdür. Onlar hər ikisi avtomobilə əyləşmişlər. Yolda olan zaman Fəxrəddin adlı şəxs Feyzullaya söyləmişdir ki, başına iş gəlmişdir. Deməsinə görə bir nəfər şəxsin pulu oğurlanıb, ondan şübhələnirlər. Feyzulla isə ona söyləmişdir ki, “əgər götürmüsənsə boynuna al.” O isə həmin puldan xəbərinin olmadığını bildirmişdir. O, onları Qobustan RPŞ-nə gətirmiş, Fəxrəddin adlı şəxs avtomobildən enmiş və Polis Şöbəsinə daxil olmuşdur. O isə Feyzulla ilə birlikdə onu gözləmişdir. Fəxrəddin təxminən 20 dəqiqə sonra gəlmiş, onlar kafedə bir qədər yemək yedikdən sonra o, onları Şamaxı şəhərinə gətirmiş və hər ikisini meşə idarəsinin yanında avtomobildən endirmişdir. Fəxrəddin adlı şəxs ona cibindən 20 manat pul çıxardıb vermiş, o da ona 2 manat qaytarmışdır. Həmin vaxtı onun cibində təxminən 30-40 manat pul olduğunu görmüşdür. Fəxrəddin adlı şəxs yolda olan zaman oğurluğun kim tərəfindən törədilməsi ilə bağlı hər hansısa bir söz işlətməmiş, sadəcə olaraq o, həmin oğurluqdan məlumatının olmadığını, Qobustan RPŞ-də işinin araşdırıldığı müddətdə belə bir problemin də yarandığını bildirmişdir. Həmçinin o, söyləmişdir ki, pulu oğurlanan şəxs əsassız olaraq ondan şübhələnir. Onlar Acıdərə kəndi istiqamətindən heyvan bazarına qayıtdıqdan sonra o, ona bir ədəd 200 manatlıq əskinaz, bir ədəd 50 manatlıq əskinaz verərək saxlamağını istəmiş, lakin o, həmin pulu götürmədiyindən o, pulu günlüyə qoyaraq avtomobildən enmişdir. Daha sonra o, onu Qobustan RPŞ-nə aparan zaman yolda o, həmin pulu avtomobilin günlüyündən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 2010-cu ildən qəssab kimi fəaliyyət göstərir. Bakı şəhərində Zabrat Kürdəxanı yolu üzərində qəssab dükanı vardır. O, hər həftə heyvan almaq məqsədi ilə Şamaxı şəhərində yerləşən heyvan bazarına gəlib heyvan alıb gedir. xx.xx.2022-ci il tarixində o, heyvan bazarında olan zaman Nuralı adlı şəxs ona yaxınlaşaraq iki baş iri buynuzlu heyvanını sata bilmədiyini, onun həmin heyvanları almağını istədiyini bildirmiş, o isə heyvan aldığını, pulunun qalmadığını ona söyləmişdir. O isə onu tanıdığından ona nisyə olaraq heyvanı verə biləcəyini bildirmişdir. Bu səbəbdən də o, ondan 1700 manata iki baş iri buynuzlu heyvan almışdır. Həmin heyvanları aparıb Bakı şəhərində satdıqdan sonra xx.xx.2022-ci il tarixində yenidən heyvan bazarına gələn zaman o, həmin şəxsin pulunu qaytarmışdır. Fəxrəddin adlı şəxsi də o, uzun müddətdir ki, həmin bazardan tanıyır. Onunla münasibətləri normal olmuşdur. Yəni ki o, bazarda vasitəçilik edərək onlar üçün ucuz qiymətə heyvan alır. Onlarda əvəzində ona 30-40 manat pul verir. Həmin gün o, bir baş iri buynuzlu inək alaraq ona satmış və o, 300 manat heyvan sahibinə, 40 manat isə onun özünə vermişdir. Daha sonra isə onunla hər hansısa bir ünsiyyəti olmamışdır. O, yenidən bazardan heyvan alaraq Bakı şəhərinə qayıtmışdır. O, 1700 manat pulu Nuralı adlı şəxsə verən zaman Fəxrəddin adlı şəxsi görməmişdir. Ola bilər ki, kənarda dayanıb onun Nuralıya pul verdiyini görmüşdür. Fəxrəddin adlı şəxs ondan heç vaxt heyvan almamışdır. Həmçinin Fəxrəddin adlı şəxsin ona pul borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, halhazırda heyvandarlıqla məşğul olur, yəni heyvan alıb satır. Zərərçəkmiş şəxs onun şərikidir. xx.xx.2022-ci il tarixində o, təxminən saat 01 radələrində Şamaxı rayonu Göylər kəndində yerləşən heyvan bazarına gəlmişdir. Ağa və Həsən adlı şəxslər ona hər biri 1700 manat pul borclu olduqlarından həmin tarixdə o, Ağa və Həsən adlı şəxslərlə ayrı-ayrılıqda görüşmüşdür. İlk əvvəl Ağa adlı şəxs Fəxrəddin ilə birlikdə ona yaxınlaşmış və 1700 manat pul borcunu ona ödəmişdir. Həmin pulu Ağa adlı şəxs ona verən zaman onun yanında dayanan Fəxrəddin adlı şəxs əlindəki alışqanın fanarı ilə işıq tutmuşdur ki o, pulu saysın. O, 1700 manat pulu saydıqdan sonra onlardan kənarlaşmışdır. Daha sonra isə Həsən adlı şəxs Fəxrəddin ilə birlikdə ona yaxınlaşmışdır. Həsən ona 1700 manat pulu verdikdən sonra o, Həsən və Fəxrəddinin yanında ondan aldığı pulu sayaraq cibinə qoymuşdur. Fəxrəddin adlı şəxsin hər dəfəsində Ağa və Həsən adlı şəxslərin yanında olmasının əsas səbəbi isə, onun heyvan alqı-satıqısında vasitəçilik etməsidir. Bundan sonra Fəxrəddin adlı şəxs 2 dəfəsində ona yaxınlaşaraq Zərərçəkmiş şəxs bazara gəlib gəlməməsini soruşmuşdur. O, ilk dəfə gəlmədiyini bildirmiş, ikinci dəfə ondan soruşan zaman o da qəzəblənərək ona kinayəli cavab vermişdir. Zərərçəkmiş şəxs bazara gəldikdən sonra təxminən 04:20 radələrində o, Nuralıya yaxınlaşaraq görüşmüş və həmin şəxsə 3400 manat pul vermişdir. O, pulu verən zaman Fəxrəddin adlı şəxs onlardan təxminən 1 metr kənarda onlara baxmış, onun Nuralıya pul verməyini görmüşdür. O, Nuralıya pul verdikdən sonra heyvan bazarında olan kafeyə getmişdir ki, bir qədər çay içsin. O, kafeyə daxil olan zaman işıqlar sönmüş və təxminən 15 dəqiqə sonra işıqlar yanmışdır. O, çay içib bazara çıxan zaman görmüşdür ki, Zərərçəkmiş şəxs qışqırır ki, pulu oğurlanıb. Onlar bir qədər onu sakitləşdirmək istəmiş və ola bilər ki, pulunu düşürməsini ehtimal etmişlər. Lakin həmin pulu tapa bilməmişdirlər. Həmin vaxtı Zərərçəkmiş şəxs onlara söyləmişdir ki, o, Fəxrəddin adlı şəxsdən şübhələnir. Çünki işıqlar sönən zaman Nuralının deməsinə görə Fəxrəddin adlı şəxs 3 dəfə gəlib ona sürtünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, Fəxrəddin adlı şəxs onun qardaşıdır. O, ümumuilikdə 2 dəfə məhkum olunmuşdur. İlk dəfə heyvan oğurladığından ona şərti cəza verilmiş, daha sonra isə dələduzluq etdiyindən o, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra mütəmadi olaraq onlar ona maddi və mənəvi köməklik göstərmişlər ki, o yenidən qanunsuz işlər görməsin. O və övladları heyvandarlıqla məşqul olduqlarından mütəmadi olaraq ona nəzarət edirlər. Qardaşı da onlarla birlikdə bazara gəlib digər heyvan alıb-satanlara vasitəçilik edir və onlar da qardaşına bunun əvəzində pul verirlər. xx.xx.2022-ci il tarixində o, eşitmişdir ki, Şamaxı rayon heyvan bazarında Nuralı adlı şəxsin pulu oğurlanmışdır. O da hamı kimi həmin pulun kim tərəfindən oğurlanmasını maraqlanarkən xx.xx.2022-ci il tarixində eşitmişdir ki, həmin pulun oğurlanmasında qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qardaşı həmin pulu oğurladığını, lakin itirdiyini bildirdiyindən, o, bu oğurluğun onun tərəfindən həyata keçirilməsində ilk əvvəl şübhələnmişdir. Daha sonra isə qardaşı özü şəxsən ona söyləmişdir ki, xx.xx.2022-ci il tarixində içkili olduğundan həmin pulu oğurlamış, lakin pulu itirmişdir. Bu səbəbdən də o, qardaşının həmin pulu oğurlamasını bilib, onun xahişi ilə dəymiş ziyanı tam həcmdə ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Şamaxı rayonu Göylər kənd yolu istiqamətində yerləşən heyvanların satış bazarı ərazisində yerləşir, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 3400 (üç min dörd yüz) manat pulu təqdim edilmiş həmin ərazidə cibindən çıxarılmaqla oğurluq hadisəsini törədən şəxs naməlum istiqamətə getmişdir, hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet, eləcə də əl-iz nümunələri aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə saat 15:10-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cianyəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsinin baş verdiyi yeri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi yerə - Şamaxı rayonu Göylər kənd yolu üzərində yerləşən heyvan bazarına daxil olan zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində gecə saatlarında həmin bazara gəldiyini və özü ilə gətirdiyi iki baş iri buynuzlu heyvanı satdığını, həmçinin borc sahibləri ondan bazarda pullarını tələb etdiklərindən, yəni ki o, həmin şəxslərə xx.xx.2022-ci il tarixində pulu verməli olduğundan, həmçinin Zərərçəkmiş şəxs şalvarının sol cibində 1700 (min yeddi yüz) manat pulu gördüyündən, o, onun cibindən pulu oğurlamaq qərarına gəldiyini, bu səbəbdən də o, Nuralıya yaxınlaşdığını, həmin vaxtı işıqların söndüyünü, o, Nuralıya yaxınlaşan zaman onun pulu cibində görsəndiyindən ona hiss etdirmədən sol cib hissəsinə yaxınlaşıb əli ilə onun pulunu cibindən oğurladığını, həmin pul rezinlə bağlandığından o, dərhal oğurladığı pulu cibinə qoyduğunu, daha sonra isə 100 (yüz) manatı xırdalamaq üçün bir neçə şəxsə yaxınlaşsa da, onlar həmin pulu xırdalamadığından o, Zərərçəkmiş şəxs yaxınlaşaraq 100 manat pulu xırdalamağını istədiyini, o da həmin pulu xırdalayaraq ona 5 (beş) ədəd 20 (iyirmi) manatlıq pul əskinazı qaytardığını, bundan sonra o, həmin pulu Şamaxı rayonu heyvan bazarında itirdiyini söyləyərək, ifadələrində bildirdiklərini hadisə yerində bir daha göstərməklə təsdiq etmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 01 noyabr 2022-ci il tarilxi qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 177.2.5-ci maddəsi ilə davam etdirilmişdir. “Təqsirləndirllən şəxs qismində cəlb etmək haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 4(074)-70/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 30 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16 noyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.4-cü maddələri ilə şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə edilmiş, Şamaxı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixində cəzanın sonu ilə azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 25 may 2006-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cianyət əməlini törətməkdə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 6 ay müddəti nəzərə alınaraq üzərində şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş məktubundan görünür ki, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən iş üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs cibindən pulunun Təqsirləndirilən şəxs tərəfindən Şamaxı rayonunda yerləşən heyvan bazarında oğurlanması zamanı, sonuncuya başqa hər hansı şəxs və ya şəxslərin köməklik etməsi, cinayətin törədilməsində başqa hansı şəxslərin iştirakı müəyyən edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs oğurlamış olduğu pulu bazarda itirməsini bildirsə də, bununla bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamış, onun həmin pulu konkret olaraq hara və kimə verməsi, həmin pulun hazırda harada olması müəyyən edilməmişdir. Eyni zamanda, əməliyyat-axtarış tədbirləri zamanı, qeyd edilən hadisəni başqa hansı şəxs və ya şəxslərin görməsi, həmin oğurluq hadisənin baş verdiyi ərazidə təhlükəsizlik və ya müşahidə kameralarının olması, Təqsirləndirilən şəxs başqa hansı cinayət əməllərini törətməsi müəyyən edilməmişdir. Şamaxı RİHB-nın Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli 19 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Nağaraxana kəndində qeydiyyatdadır, lakin həmin kənddə yaşamır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdən 15 mart 2023-cü il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı ümumilikdə 4 ay 15 gün gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdən 15 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 9 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 3(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 04:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar