Məhkəmə qərarları › İş №1(074)-28/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-28/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-28/2025 09.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1968-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 13 yanvar 2025-ci il tarixində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:53-də Şamaxı şəhəri, Avtovağzal dairəsinin yaxınlığında saxlanılaraq saxlanıldığı yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üstü yoxlanılarkən əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içində - 01 ədəd təmiz çəkisi 1,54 qram; 01 ədəd təmiz çəkisi 1,45 qram; 01 ədəd təmiz çəkisi 1,31 qram; 01 ədəd təmiz çəkisi 1,28 qram; 01 ədəd təmiz çəkisi 1,14 qram olmaqla ümumilikdə 05 (beş) ədəd falqaya bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 6,72 (altı tam yüzdə yetmiş iki) qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 10 ildir ki, nakotik vasitə olan qurudulmuş marixuana istifadə edir, digər narkotik vasitə növlərindən istifadə etməmişdir. Təxminən bir ay əvvəl axşam saatlarında Şamaxı şəhəri Şirvani küçəsində “Cümə Məscidi”nin yaxınlığında yolda piyada hərəkət edərkən yerdə qabarıq formada siqaret qutusu görmüş və ona maraqlı gəldiyi üçün qutunu yerdən götürmüş, qutuya baxdıqda içərisində “nəşə” adı ilə tanıdığı qurudulmuş marixuana olduğunu görmüş və qutunu cibinə qoymuşdur. Daha sonra evə gələrək siqaret qutusunda olan marixuananı şəxsi istifadəsi üçün kiçik hissələrə ayıraraq təxminən 10 bükümə bölmüş və müxtəlif vaxtlarda həmin bükümlərdən götürərək istifadə etmişdir. 13 yanvar 2025-ci il tarixdə saat 11:53 radələrində o, Şamaxı şəhəri Avtovağzal dairəsi yaxınlığında yerləşən gözətçisi işlədiyi "icra və probasiyə" şöbəsinin qarşısında olan zaman ona mülki geyimdə olan üç nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslərdən ikisi anidən qollarından tutmuş və o, həmin vaxt bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək onu bir qədər kənarda dayanmış avtomobilin yanına gətirmişlər və üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt artıq polis əməkdaşları tərəfindən aşkar olunduğu üçün etiraz etməyib, üzərində narkotik vasitənin olmasını polis əməkdaşlarına etiraf etmiş, içərisində narkotik vasitə olan bir ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları siqaret qutusunu açıb içərisinə baxdıqları zaman içərisində olan beş ədəd falqaya bükülmüş büküm aşkar olunmuş, həmin bükümlərin hər birinin içərisində marixuana olmuşdur. Bundan sonra üzərində əlavə narkotik vasitə olub-olmamasını yoxlamaq üçün polis əməkdaşları üzərinə baxış keçirmişlər, baxış zamanı üzərindən bir ədəd “İtel” markalı sadə mobil telefon, bir ədəd konfet, bir ədəd saqqız, bir ədəd təsbeh, iki ədəd batareya, bir ədəd cib dəsmalı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, kağız və pul aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşlarının ona yaxınlaşması, onun üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyi anlar orada olan bir nəfər mülki geyimdə olan şəxs tərəfindən videoçəkilişlə qeydiyyata alınmışdır. Onun üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan 5 ədəd büküm polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, marixuananın çəkisi 7,62 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinin inzibati binasına getmiş, orada ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına seçdiyi vəkilin iştirakı ilə möhürlənmiş kağız zərf yenidən videogörüntüyə çəkilməklə açılıb içərisində olan beş ədəd bükümə baxış keçirilmiş, baxış zamanı beş ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana çəkilmiş və 7,58 qram çəkidə olmuşdur. Həmin beş ədəd büküm yenidən çəkildikdən sonra onun, polis əməkdaşları və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o üzərindən aşkar edilən qurudulmuş marixuananı ancaq özü istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış və heç vaxtı narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni təxminən bir ay əvvəl Şamaxı şəhəri Şirvani küçəsində yerləşən “Cümə Məscidi”nin yaxınlığında yolda piyada hərəkət edərkən yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamış və ətrafda da onun həmin narkotik vasitəni götürməyini kiminsə görməsini dəqiq bilmir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu və ailəni dolandıran şəxs olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 12 yanvar 2025-ci il tarixdə ona Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, 13 yanvar 2025-ci il tarixdə səhər saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və rayon Polis Şöbəsinin KTQ-nin kiçik inspektoru, polis baş serjantı Elton Vahidoğlu ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı şəhəri, Avtovağzal dairəsinin yaxınlığına getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində 05 ədəd bükümdə qurudulmuş marixuana olan siqaret qutusunu onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindən bir ədəd “İtel” markalı sadə mobil telefon, bir ədəd konfet, bir ədəd saqqız, bir ədəd təsbeh, iki ədəd batareya, bir ədəd cib dəsmalı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, kağız və pul aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Beş ədəd gümüşü kağıza bükülmüş bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 7,62 qram müəyyən olunmuşdur. Aşkar edilmiş bir ədəd “İtel” markalı sadə mobil telefon, bir ədəd konfet, bir ədəd saqqız, bir ədəd təsbeh, iki ədəd batareya, bir ədəd cib dəsmalı, bir ədəd alışqan, bir ədəd siqaret qutusu, kağız və pul iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Həmin bükümlərdə olan qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı Mehdi Mikayılova tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd gümüşü kağıza bükülmüş bükümləri elektron tərəzidə çəkən zaman elektron tərəzini ərazidə olan nahamar səthli daş sütunun üzərinə qoymuşlar. Təhqiqatçı isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında 0,04 qram fərq olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahid Şamaxı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, şahid Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyati üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 13 yanvar 2025-ci il tarixdə saat 11:53-dən başlayaraq Şamaxı şəhəri Avtovağzal dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən - əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisindən beş ədəd falqaya bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisinə baxıldıqda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin siqaret qutusunda olan qeyd edilən 05 ədəd büküm narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 13 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 13 yanvar 2025-ci il saat 11:53 hesab edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusu açılaraq içərisinə baxıldıqda qutunun içərisindən beş ədəd falqaya bükülmüş bükülər aşkar edilmiş, həmin bükümlər açılmış və içərisinə baxıldıqda, içərisindən yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlə və digər cibindən bir ədəd mobil telefon aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş, bir ədəd siqaret qutusunun içərisində plan bükülmüş bükümlərin içərisindəki kütlə narkotik vasitə olan marixuana ona məxsusdur. Götrülmüş bükümlər elektron tərəzi ilə çəkilmiş, marixuanaya oxşar kütlələr ümumilkdə 7,62 qram gəlmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ciil tarixli, 7/65 nömrəli “məhkəmə-bioloji” ekspertiza rəyindən görünür ki, təqdim edilmiş kağız paketdə beş ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,54 qram, 1,45 qram, 1,31 qram, 1,28 qram, 1,14 qram, ümumi çəkisi 6,72 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi – 6,72 qram tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,02 qram), qalıq 6,62 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “İtel” markalı mobil telefonun yaddaşına, mobil proqramlarına, mesaj qutusuna baxış keçirilmiş və Təqsirləndirilən şəxs hər hansı bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, hər hansı məlumat, foto və digər video görüntü, mesaj və SMS aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. 15 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “İtel” markalı sadə mobil telefonu təhvil almışdır. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş beş ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,54 qram, 1,45 qram, 1,31 qram, 1,28 qram, 1,14 qram, ümumi çəkisi 6,72 qram olan qurudulmuş marixuananın qaytarılmış 6,62 qram qalığı işin faktiki hallarını müəyyən etmək üçün əhəmiyyət kəsb etdiyinə görə iş üzrə maddi sübut qismində tanınmış və Şamaxı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 07 fevral 2025-ci il tarixli, 18-1-72/2-235/2025 saylı məktubundan görünür ki, xx.xx.1968-cii il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi Əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2025-ci il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. Yaşadığı yer üzrə onun barəsində ailə üzvləri və qonşuları tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16 fevral 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 fevral 2025-ci il tarixli, 821 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 72 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,62 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 10(on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 9 (doqquz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 6,62 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar