Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-29/2022 16.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı X1, Müdafiəçi, Zərərçəkmiş şəxs Ağabala oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1956-cı ildə Şamaxı rayonu, Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Şamaxı şəhəri, M.Hadi küçəsi, 2 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Manafov Ağasəfər Ağacəfər oğlu 10 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində fərdi yaşayış evlərinin əhatəsində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq təxminən 15 dəqiqədən artıq müddət ərzində səs-küy yaratmaqla Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı sonuncunu qəsdən itələyib yerə yıxaraq ona sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, alının tüksüz hissəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə və daha sonra yerdən götürərək silah qismində istifadə etdiyi əlamətləri istintaqa məlum olmayan daş parçası ilə Zərərçəkmiş şəxs məxsus olmaqla oğlu Ağababa Ağababazadənin idarə etdiyi “VAZ 21010” markalı üzərində Rusiya Federasiyasının dövlət qeydiyyat nişanı olan avtomobilin ön şüşəsini vurub sındıraraq 35 manat məbləğində maddi ziyan vurmaqla, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Rafiq onun qonşusu olmaqla aralarında hər hansı bir dava-dalaş olmasa da, yaxın münasibətləri də olmamışdır. Rafiqin iddiasına görə, o, bir il bundan qabaq onlara 1000(min) manat pul vermişdir. 10.06.2021-ci il tarixində o, işdən gələn zaman Rafiqin həyat yoldaşının onların qapısının qarşısında dayanaraq söyüş söydüyünü görmüş, Rafiq isə öz qapısının qarşısında əlində bıçaqla dayanmışdır. O, Rafiqdən yoldaşının onların evinin qarşısında nə üçün səs-küy saldığını soruşmuş, həmin vaxtı Rafiq sərxoş vəziyyətdə olduğundan söyüş söyərək onun suallarına cavab verməmişdir. O, yenidən Rafiqdən nə üçün söyüş söydüklərini soruşduqda, Rafiq ona qarşı söyüş söydüyündən, o da Rafiqə söyüş söyməməsini deyərək üzərinə gedən zaman Rafiq ona üstünə gəlməməsini, gələcəyi təqdirdə onu vuracaqını bildirmişdir. O, Rafiqin üzərinə getmək istəməsə də, Rafiq söyüş söyməyə davam etdiyindən və onun evinin qarşısında olduğundan o, Rafiqə yaxınlaşan zaman Rafiq bıçaqla onu vurmaq istədiyindən, o da Rafiqin bıçaq olan əlini tutub həmin bıçağı əlindən almaq istəmiş, lakin Rafiq bıçağı buraxmadığı üçün o, bir əli ilə Rafiqin bıçaq olan əlini tutmuş, digər əli ilə isə onun sinə nahiyəsinə vuraraq bıçağı buraxmasını istəmişdir. Onlar təxminən 5-10 dəqiqə dartışmış, dartışan zaman Rafiq onu, o da Rafiqi itələdiyindən və onun evi tərəfə dartışaraq getdiklərindən bir neçə dəfə divara dəymişlər, sonda isə o, Rafiqin sinəsindən itələyəndə, Rafiq onun əlindən çıxaraq sağ tərəfi üstə yerə yıxılmışdır. Rafiq yıxılan zaman qonşular onu tutaraq evə aparmış, Rafiq isə sürünərək evinə getmişdir. Həmin vaxtı Rafiqin oğlu Ağopba adlanan şəxs avtomobilini onun üzərinə sürdüyündən o, özünü müdafiə üçün yerdən daş götürərək həmin şəxsin avtomobilinə atmış və onun avtomobilinin qabaq şüşəsini sındırdığından həmin şəxs oradan avtomobil iə qaçaraq uzaqlaşmışdır. Onlar dava edən zaman oğlu Nazim adlı şəxs evdə olmuş və davaya hər hansısa bir müdaxilə etməmiş, o, evə gələn zaman oğlu Nazim küçəyə çıxmışdır. Onlar dava edən zaman o, Rafiqi itələdiyindən Rafiq yerə yıxılmış və baş nahiyəsindən xəsarət aldığı üçün alın nahiyəsi qanamağa başlamışdır. Onların arasında hazırki vaxtadək dava-dalaş olmamış, lakin Rafiqin oğlu iki il bundan əvvəl yol nəqliyyat hadisəsi törətdiyindən və həmin hadisədə onun oğlunun da adı hallandığından onların münasibətləri pozulmuşdur. Həmçinin o, Rafiq ilə dartışan zaman ətrafda kimlərin olduğuna ilk əvvəl fikir verməmiş, çünki o, evinə yaxınlaşan zaman Rafiq və yoldaşının onların evinin qarşısında nalayiq söyüşlər söydüyünü görmüş və ətrafda olan vətəndaşlara diqqət etməmişdir. Onun sadəcə məqsədi Rafiqin əlindən bıçağı almaq olmuşdur. Həmin vaxtı onun Rafiqə qarşı hər hansısa bir xəsarət yetirmək niyyəti olmamışdır. Onun oğlunun adının hallanmasına səbəb isə bir neçə il əvvəl yol nəqliyyat hadisəsində onun oğlu şərləndiyindən və hal hazırda da ilkin mübahisəni əvvəlcədən Rafiq başlatdığı üçün və təqsirli olduğunda görə yenidən onu və onunla birlikdə oğlunu şərləmək istəmişdir. Məhkəmədən əməlindən peşmançılığını, yaşını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanın ödənilməsini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmasına baxmayaraq, əvvəllər münasibətləri normal olsa da, son iki ildə Ağasəfərin oğlunun polis əməkdaşları ilə mübahisəsi yarandığı üçün onların münasibətləri pisləşmişdir. Münasibətin pisləşməsinə səbəb isə Ağasəfərin oğlu polis şöbəsində məsuliyyətə cəlb edilən zaman Ağasəfərin onun yanına gəlib oğlunun onun oğluna görə işə düşdüyünü söyləyərək cəriməsinin onun ödəməsini bildirməsi olmuşdur. Həmin vaxtı Ağasəfər ondan 900 manat pul almış və 1100 manatını da sonra verməsini tələb etmişdir. Bundan sonra onların münasibətləri pisləşmiş və mütəmadi olaraq mübahisələri yaranmışdır. 10.06.2021-ci il tarixində o, evdə olan zaman yemək yeyib bir qədər spirtli içki içərək dincələrkən evinin qapısı döyülmüş və Ağasəfər yüksək səslə qışqıraraq onu çağırmış, o, küçəyə bir az gec çıxdığından, Ağasəfər dayanmadan qışqıraraq onu çağırdığından, o, küçəyə çıxmış və həmin vaxtı Ağasəfərin onun evinin qarşısında dayandığını görmüşdür. Bu zaman Ağasəfər onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o isə Ağasəfərdən nə olduğunu soruşduqda, sonuncu ona pul verməli olduğunu bildirmişdir. Həmin vaxtı o, Ağasəfəri sakitləşdirmək istəmiş, lakin Ağasəfər onun üzərinə gələrək əl qol atıb onun qollarını tutmuş, bu zaman Ağasəfərin yanındakı oğlu Nazim adlı şəxs əlində bıçaqla onun alın nahiyəsindən vurmuşdur. Bundan sonra o, Ağasəfərin əlindən çıxaraq evə daxil olmuş, lakin Ağasəfər və oğlu Nazim adlı şəxs küçədə onun ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşusudur. Onlarla münasibətləri daim normal olmuş, aralarında hər hansısa bir ədavət və düşmənçilik olmamışdır. 10.06.2021-ci il tarixində axşam təxminən saat 19 radələrində o, özünə məxsus olan evin həyətində oturub çay içən zaman qonşusu Rafiq adlı şəxsin həyat yoldaşı onu çağırmış və o küçəyə çıxmışdır. Bu zaman həmin qadın ona, Rafiqin əlində bıçaqla küçəyə çıxaraq Ağasəfərin evinin qarşısına getdiyini, onu gedib gətirməsini istəmişdir. O da evdən çıxaraq Ağasəfərin evinin qarşısına getmiş, həmin vaxtı Rafiqin əlində mətbəx bıçağının olduğunu və Rafiqin yüksək səslə Ağasəfərin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Bu zaman o, Rafiqi sakitləşdirərək evinə gətirmiş, onu evinə gətirən zaman isə Ağasəfər və oğlanları küçədə olmamışdır. Bundan sonra o çıxıb getmişdir. Ağasəfər ilə Rafiqin arasında yaranmış davanın evdə olmadığı üçün şahidi olmamış, sadəcə olaraq o, Rafiqin ilk əvvəl Ağasəfərin evinin qarşısında əlində bıçaq olduğunu, həmin vaxtı küçədə Rafiq, onun həyat yoldaşı, Ağasəfərin həyat yoldaşı və qızı olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır. Həmin şəxslər aralarında hər hansısa bir davadalaş olmasa da, münasibətləridə normal olmamışdır. Buna səbəb isə təxminən iki il bundan əvvəl onun qardaşı Ellər ilə Rafiqin oğlu Ağopba adlanan şəxsin arasında mübahisə olması olmuşdur. Onun səhhətində yaranmış narahatçılıqla bağlı 10.06.2021-ci il tarixində saat 19:00 radələrində işdən evə gəlmiş və dərman içərək yatmışdır. Saat təxminən 21:00 radələrində küçədən səs gəldiyini eşitmiş və yuxudan ayılaraq həyətə düşmüş, həyət düşən zaman qonşuları Rəşad ilə Rəmzinin atası Ağasəfəri qolundan tutaraq evə gətirdiyini görmüş, bu səbəbdən də atasından nə olduğunu soruşduqda, atası ona Rafiqin həyat yoldaşının onların qapısınının qarşısında söyüş söydüyünü, Rafiqin isə sərxoş vəziyyətdə əlində bıçaqla küçədə onların qapılarında dayanıb söyüş söydüyünü bildirmiş və sakit olaraq qapını bağlamasını söyləmişdir. Həmin hadisə baş verən zaman o küçədə olmamış və Rafiqə qarşı hər hansısa bir müdaxilə etməyək ona bıçaqla hansısa bir xəsarət yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda veridiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Rafiq adlı şəxs onun qonşusudur. Onlarla münasibətləri hər zaman normal olmuş, aralarında hər hansısa bir düşmənçilik və ədavət olmamışdır. 10.06.2021-ci il tarixdə axşam saatlarında o, evə gəldikdən sonra səsküy olduğunu eşidib küçəyə çıxmış, küçədə olan zaman Ağasəfər ilə Rafiqin mübahisə etdiyini və bir-birini dartaraq itələdiyini, həmçinin Ağasəfər adlı şəxsin Rafiqə nə üçün onun evinə gəlməsini söyləməsini eşitmiş və görmüşdür. O, onları sakitləşdirmək məqsədi ilə yaxınlaşan zaman Ağasəfər adlı şəxs Rafiqi itələmiş və Rafiq yerə yıxılaraq xəsarət almışdır. Həmin vaxtı onlar dərhal Ağasəfər və Rafiqi sakitləşdirmək üçün aralamış və Ağasəfərin uşaqları onun qoluna girərək evlərinə gətirib ailəsinə təhvil vermişdirlər. Ağasəfər və Rafiq dartışan zaman onların əlində hər hansısa bir bıçaq görməmiş, onları sakitləşdirən zaman isə Ağasəfəri evlərinə aparan zaman Nazimin evdən çıxmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərdiklərini xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid5 Soltanəhməd qızı məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Rafiq onun qonşusu olmaqla aralarında hər hansı bir dava-dalaş olmasa da, yaxın münasibətləri də olmamışdır. Rafiq iddia edir ki onlara bir il bundan qabaq 1000(min) manat pul vermişdir. 10.06.2021-ci il tarixində təxminən günorta saatlarında Rafiq əlində bıçaqla onların evinin qarşısına gələrək küçədə Ağasəfərin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxtı o, küçəyə çıxaraq nə üçün söyüş söydüyünü soruşduqda, onun içkili olduğunu hiss etdiyindən və deməsinə görə guya onların ona borcu olduğundan, həmçinin evdə yoldaşı və oğlanları olmadığından o, Rafiqə qarşı hər hansısa bir söz söyləməmiş və evə daxil olmuşdur. Onun küçədə səs-küy saldığını həyətdən eşitmiş, daha sonra isə küçədə olan qonşulardan onu sakitləşdirmək istədiklərini və evə aparmaq istədiklərini eşitmişdir. Bundan sonra o, evə daxil olmuş, lakin həmin gün təxminən saat 21:00 radələrində Rafiq ilə onun həyat yoldaşının yenidən küçədə səs-küy saldığını və onların ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, həmin vaxtı oğlu Nazim evdə olduğundan və səs-küyə müdaxilə etməsin deyə o, küçəyə çıxaraq nə üçün Rafiqin yoldaşına onların ünvanına söyüş söydüyünü soruşduqda, Rafiq ona onların pul borclu olduğunu, pulu verməklərini söyləyərək ünvanlarına hər ikisi nalayiq söyüşlər söyməyə başlamış, bu ərəfələrdə həyat yoldaşı Ağasəfər evə gələrkən o, Rafiqdən yoldaşının onların evinin qarşısında nə üçün səs-küy saldığını soruşmuş, həmin vaxtı Rafiq sərxoş vəziyyətdə olduğundan söyüş söyərək onun suallarına cavab verməmişdir. Ağasəfər yenidən ondan nə üçün söyüş söydüklərini soruşduqda, o Ağasəfərə söydüyündən Ağasəfər ona söyüş söyməməsini deyərək üzərinə getdikdə, o, Ağasəfərə “gəlmə üstümə, səni vuracam” sözlərini söyləmiş, bu zaman Ağasəfər ona yaxınlaşarkən, o, bıçaqla Ağasəfəri vurmaq istədiyindən Ağasəfər onun bıçaq olan əlini tutub həmin bıçağı əlindən almaq istəmiş, lakin o, bıçağı buraxmadığı üçün bir əli ilə onun bıçaq olan əlini tutub, digər əli ilə isə onun sinə nahiyəsinə vurmuşdur ki, bıçağı buraxsın. Onlar təxminən 5-10 dəqiqə dartışmış, dartışan zaman Ağasəfər onu, o da Ağasəfəri itələdiyindən onun evi tərəfə dartışaraq getdikdə bir neçə dəfə divara dəymişdirlər. Sonda isə Ağasəfər onun sinəsindən itələyəndə, Rafiq onun əlindən çıxaraq sağ tərəfi üstə yerə yıxılmış, yıxılan zaman baş nahiyəsi daşa dəydiyindən alın nahiyəsi qanamağa başlamışdır. Bu zaman qonşular Ağasəfəri tutaraq evə gətirmiş, Rafiq isə sürünərək evinə getmişdir. Dava olan zaman oğlu Nazim evdə olmuş, o, küçəyə çıxan zaman Nazim evdə yatmışdır. Daha sonra qonşular Ağasəfəri evə gətirərkən Nazim qapıya qapıya yaxınlaşmış, bu zaman Ağasəfər ona qarışmamağı bildirmişdir. İş üzrə Şahid5 Soltanəhməd qızı məhkəməyə teleqram göndərərək, xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şahid6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 10.06.2021-ci il tarixdə səhhəti ilə bağlı küçəyə çıxmamışdır. Həmin gün təxminən saat 21:00 radələrində Ağasəfər adlı şəxsin küçədə səs-küy saldığını eşitmiş, həmin vaxtı həyat yoldaşı Zərərçəkmiş şəxs küçəyə çıxmış, lakin o, evdə olduğundan küçədə hər hansısa hadisənin baş verməsinin şahidi olmamışdır. Həmin vaxtı bir qədər sonra həyat yoldaşı Rafiq evə daxil olan zaman onun alın nahiyəsinin qanadığını görmüş, nə olduğunu soruşduqda, Rafiq ona Nazim adlı şəxsin bıçaqla baş nahiyəsindən vurduğunu bildirmişdir. Bundan sonra Rafiqi Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Hadisə baş verən günü o, küçəyə ümumiyyətlə çıxmamış, küçədə hər hansısa bir şəxsin ünvanına təhqiramiz ifadə işlətməmişdir. İş materiallarında olan 28 noyabr 2021-ci il tarixli avtomobilə baxış protokolundan görünür ki, 10.06.2021-ci il tarixində hadisə baş verdikdən dərhal sonra Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ 21010” markalı Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsi təmir edilmiş, bu səbəbdən də baxış zamanı avtomobildə hər hansısa bir zədə müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ-21010” markalı Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı Şamaxı Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən həmin avtomobilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, “VAZ-21010” markalı Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 35 (otuz beş) manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 11.06.2021-ci il tarixli, 167 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs Ağabala oğlunun almış olduğu xəsarətlər – sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, alnın tüksüz hissəsinin kəsilmiş yarası deşicikəsici alət təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 10.06.2021-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05.10.1985ci il tarixdə Şamaxı rayon xalq məhkəməsi tərəfindən AZ SSR CM-nin 207.3, 189-1.1, 190-1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə, 14.10.1994-cü il tarixdə Şamaxı rayon xalq məhkəməsi tərəfindən CM-nin 207.2 və 215-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, 19.02.1998-ci il tarixdə Şamaxı rayon xalq məhkəməsi tərəfindən CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, 07.09.2005-ci il tarixində isə Ağır Cinayətlətə Dair İşlər üzrə Məhkəmə tərəfindən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09.08.2007-ci il tarixdə Bakı şəhər, Əzizbəyov rayon məhkəməsinin 20.07.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 13 noyabr 2021-ci il tarixli 4173 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri, M.Hadi küçəsi, 2 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, təqaüdçü olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə onun həmin cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəza şərti olaraq tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il azadlıqdan məhrumetmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-29/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-29/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver